Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-29/2025 29.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 7 (yeddi) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Çağan kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 2024-cü ilin iyul ayının əvvəllərində, yaşadığı Şamaxı rayonu, Çağan kəndi ərazisində naməlum şəraitdə kultivasiya olunmuş, tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yarpaqlarını toplayaraq, qanunsuz olaraq narkotik vasitə əldə etmiş, daha sonra həmin yarpaqları 2024-cü ilin iyul ayı ərzində yaşadığı evin həyətindəki tövlədə qurudub, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb, üzərində saxlamaqla, Şamaxı rayonu Çağan kəndi ərazisində daşımış, 23 iyul 2024-cü il tarixdə, saat 05 radələrində Şamaxı rayon Çağan kəndi ərazisində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 06:35-dən etibarən polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman, əlindəki ağ rəngli sellofan torbadan xeyli miqdarda, təmiz çəkisi 425 qram və həmin sellofan torbada olan 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,10 qram olmaqla, ümumilikdə xeyli miqdarda, təmiz çəkisi 426,10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə istifadəçisidir və çətənə kollarının yarpaqlarını toplayıb qurutmaqla, sonradan həmin marixuanadan istifadə edirmiş. 2024-cü ilin iyul ayının əvvəllərində yaşadığı Şamaxı rayonu, Çağan kəndi ərazisində mal-qara otararkən, ərazidə nəşə kolları bitdiyini görüb, həmin kolların yarpaqlarını toplayaraq, yaşadığı evə aparmışdır. Bundan sonra, heyvanları saxladığı həyətdəki tövlədə həmin nəşə yarpaqlarını qurutmuşdur. Yarpaqlar quruduqdan sonra isə, sellofan torbaya yığmış, hər dəfəsində heyvanları otarmağa apararkən, torbada saxladığı nəşədən bir hissə ayırıb, örüş sahəsində istifadə etmək üçün kibrit qutusuna yığmışdır. Örüş sahəsində olduğu vaxt, kibrit qutusuna yığdığı nəşəni istifadə edib, sellofan torbada olanı isə geri qaytarıb, tövlədə gizlətmişdir. 23 iyul 2024-cü il tarixdə, səhər saatlarında həmişəki kimi tövlədən torbada saxladığı nəşədən bir istifadə üçün ayırıb, kibrit qutusuna yığaraq, örüş sahəsinə aparmaq üçün heyvanları tövlədən çıxardıb, həmin kibrit qutusunu və sellofan torbanı da özü ilə götürmüşdür. Örüş sahəsinə gedən zaman, yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitələrin gəzdirməsində şübhəli olduğunu deyib, onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində olarkən, üzərinə və əlində olan selofan torbaya baxış keçirilmiş və həmin zaman onda olan kibrit qutusuna yığdığı və torbada saxladığı narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar olunmuş narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün üzərində saxlamış və heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdə Şamaxı rayonu, Çağan kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olduğuna görə, bu barədə RPŞ-nin rəhbərliyinə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında, Şamaxı RPŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 23 iyul 2024-cü il tarixdə, gecə saatlarında Şamaxı rayonu, Çağan kəndi ərazisində əməliyyat tədbiri həyata keçirməyə başlamışdır. 23 iyul 2024-cü il tarixdə, təxminən saat 05 radələrində Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi müəyyən edib yaxınlaşaraq, özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, həmin şəxsə üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu deyib, onu Şamaxı RPŞ-nə dəvət etmişdirlər. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilərkən, Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan torbanın içərisində olan kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək, zərfdə qablaşdırılaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı, satış məqsədi ilə əldə edilməsi və bu kimi əlaqələrinin olması barədə heç bir əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əlində olan selofan torbada narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Həmin selofan torba açılaraq, içərisinə baxıldıqda, bir ədəd kibrit qutusu və açıq yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Kibrit qutusundan da, açıq yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş selofan torbanın və bir ədəd kibrit qutusunun özünə məxsus olmasını, həmin torbada və kibrit qutusundakı kütlənin narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1196 nömrəli ekspert rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan karton qutudakı bir selofan torbada təmiz çəkisi 425 qram və həmin selofan torbada bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, tədqiqatdan sonra qalıq - 425,95 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16-2-7/69 nömrəli ekspert rəyində qeyd olunur ki, çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanmış marixuanaların tərkibində olan kannabioidli komponentlərə görə eynilik təşkil edir, tədqiqatdan sonra qalıq - 425,85 qramdır. İş materiallarından görünür ki, 425,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5976 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bitdikdən sonra, o, saxlandığı 3 saylı İstintaq Təcridxanasından azad edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 7 (yeddi) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 425,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 156 (bir yüz əlli altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 3 (üç) ay həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 425,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 156 (bir yüz əlli altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-29/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-29/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver