Məhkəmə qərarları › İş №1(074)-3/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-3/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-3/2022 27.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, Şamaxı rayonu ərazisində özü haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirtmək üçün həmyerlisi Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək onun özünü və oğlu Zərərçəkmiş şəxs1 “Socar” şirkətinə sürücü kimi işə təyin olunacaqlarına dair yalan vəd verib Şamaxı şəhəri ərazisində ondan 16 fevral 2014-cü il tarixdə 4500 (dörd min beş yüz), 10 iyun 2014-cü il tarixdə isə 5000 (beş min) manat məbləğində pul alıb aldatmaqla, ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 məxsus 9500 (doqquz min beş yüz) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni üsulla həmyerlisi Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək “Socar” şirkətinə qaynaqçı kimi işə təyin olunacağına dair sonuncuya yalan vəd verib Şamaxı şəhəri ərazisində ondan 17 avqust 2014-cü il tarixdə 5000 (beş min), 11 noyabr 2014-cü il tarixdə isə 4000 (dörd min) manat məbləğində pul alıb aldatmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs3 məxsus 9000 (doqquz min) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni üsulla xalası oğlu Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək ona X6 Xidmətinə işə təyin olunacağına dair yalan vəd verib Şamaxı rayonunun Həmyəli kəndi ərazisində ondan 07 yanvar 2015-ci il tarixdə 7000 (yeddi min) manat məbləğində pul alıb aldatmaqla, Zərərçəkmiş şəxs2 məxsus 7000 (yeddi min) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni üsulla həmyerlisi Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək ona “Socar” şirkətinə fəhlə kimi işə təyin olunacağına dair yalan vəd verib Şamaxı şəhəri ərazisində ondan 15 fevral 2015-ci il tarixdə 11000 (on bir min) manat məbləğində pul alıb aldatmaqla, Zərərçəkmiş şəxs4 məxsus 11000 (on bir min) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrində törətmiş olduğu cinayətləri tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonunun Həmyəli kəndində ailəsi ilə birlikdə yaşamış, özü də daimi heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, həmkəndliləridir, münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri yoxdur. O, iş tapmaq məqsədilə 27 aprel 2015-ci il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərinə getmək qərarına gəlmişdir. Kiyev şəhərinə getməmişdən əvvəl həmin şəhərdə işlərini qurmaq üçün ona 45000 manat məbləğində pul lazım olduğundan həmin şəxslərdən borc pul istəmişdır. Zərərçəkmiş şəxslər Sənandan 9000 manat, Fərman və Balaşirindən cəmi 9500 manat, Əhməddən 7000 manat və Cabirdən 11000 manat pul almışdır. İşini qura bilmədiyi üçün həmin şəxslərə olan borcunu qaytarmamışdır. Həmin şəxslər pulları bankdan götürdükləri üçün onların yerinə banklara ödənişləri o etmişdir. Lakin sonra borclarını qaytara bilmədiyini və zərərçəkmiş şəxslərin pullarını tələb etməsini görüb Ukrayna Respublikasına getmişdir. Borclarını vaxtında qaytarmadığı üçün əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərlə razılıq əldə etmişdir. Onlara vurulmuş ziyanı qaytarmaq üçün barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. İbtidai araşdırma dövründə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərmişdir ki, Şamaxı rayonunun Həmyəli kəndində ailəsi ilə birlikdə yaşamış, özü də daimi heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, həmkəndliləridir, münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri yoxdur. O, iş axtarıb tapmaq məqsədilə 27 aprel 2015-ci il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərinə getmək qərarına gəlmişdir. O, Kiyev şəhərinə getməmişdən əvvəl həmin şəhərdə işlərini qurmaq üçün ona 45000 manat məbləğində pul lazım olduğundan fikirləşmişdir ki, həmin pulları necə əldə edə bilər. Həmkəndliləri Sənan, Cabir, Balaşirin, Fərman və Əhməd ondan dəfələrlə onları müxtəlif yerlərdə işə düzəltməyini xahiş etmişlər. Ona görə də xeyli fikirləşdikdən sonra həmkəndliləri olan Şamaxı rayonu Həmyəli kənd sakinləri Zərərçəkmiş şəxs3 2014-cü ildə “SOCAR” şirkətinə, Zərərçəkmiş şəxs4 2015-ci ildə “SOCAR” şirkətinə, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 2014-cü ildə sürücü işinə, eləcə də Zərərçəkmiş şəxs2 2015-ci ildə Yanğın Mühafizə işinə düzəltmək adı ilə onları aldadıb Zərərçəkmiş şəxs3 10000 manat lazım olduğunu demiş, Sənanın verdiyi 9000 manat, Zərərçəkmiş şəxs4 15000 manat lazım olduğunu desə də, Cabirin verdiyi 11000 manat, Zərərçəkmiş şəxs5 12000 manat lazım olduğunu desə də, Balaşirinin özü və oğlu Zərərçəkmiş şəxs1 üçün ümumilikdə verdiyi 9500 manat, Zərərçəkmiş şəxs2 8000 manat lazım olduğunu desə də, Əhmədin verdiyi 7000 manat pullarını alıb ələ keçirdikdən sonra yaxın vaxtlarda işlərini düzəldəcəyini deyib göstərdiyi kimi 27 aprel 2015-ci il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərinə getmişdir. O, vətəndaşları Şamaxı rayonu və digər ərazilərdə “SOCAR” şirkətinə, haradasa sürücü işinə, eləcə də Yanğın Mühafizə işinə düzəltməklə məşğul olmamışdır. Şamaxı rayonu Həmyəli kənd sakini Zərərçəkmiş şəxs3 göstərdiklərinin doğru olduğunu deyib, həqiqətən də 2014-cü ilin iyun ayında sonuncunun ona X14 İdarəsində qaynaqçı kimi işlədiyi yerdə əmək haqqının az olduğunu, əlaqəsi varsa onu yaxşı əmək haqqısı olan iş yeri olarsa həmin yerə düzəltdirsin. Həmin vaxtdan sonra, təxminən 2014cü ilin avqust ayının ortalarında o, Sənanla Şamaxı şəhərində rastlaşıb görüşərkən Sənana demişdir ki, “Socar” şirkətində qaynaqçı işi var, əmək haqqı da yaxşıdır, əgər 5000 manat pul versə, onu həmin yerə işə düzəldə bilər. Zərərçəkmiş şəxs3 da fikirləşdikdən sonra onun təklifi ilə razılaşıb, təxminən 2-3 gündən sonra Şamaxı şəhəri ərazisində yerləşən “Azəriqazbank”-dan kreditlə 5000 manat pul götürərək Şamaxı şəhərində onunla görüşüb həmin 5000 manat pulu ona vermişdir. Sənan ona 5000 manat pulu verdiyi vaxtdan xeyli müddət keçdikdən sonra ondan cavab gəlmədiyini görüb onunla görüşüb işlə bağlı söhbət edərkən ona bildirmisdir ki, əlavə olaraq ona 5000 manat da pul verməlidir ki, işini düzəldib qurtarsın. Sənan da işinin xatirinə razı olub bundan sonra 2014-cü ilin noyabr ayında yenidən Şamaxı şəhərində yerləşən artıq başqa bankdan, yəni "xxxx"-dan da 4000 manat pulu kredit kimi götürüb ona vermişdir ki, işini düzəltsin. Həmin pulu da verdikdən sonra dəfələrlə onunla əlaqə saxlasa da, o, Sənanı işə düzəltməmiş, aldığı pulları da həmin vaxtdan bu günə qədər qaytarmamışdır. Sənan ayrı-ayrı vaxtlarda 5000 manat və 4000 manat olmaqla ümumillikdə ona 9000 manat məbləğində pulu işə düzəlməsi üçün Şamaxı şəhərində vermişdir. Beləliklə Zərərçəkmiş şəxs3 göstərdikləri doğrudur, həqiqətən də yuxarıda qeyd etdiyi kimi Zərərçəkmiş şəxs3 ümumillikdə 9000 manat məbləğində pulu işə düzəltmək üçün alıb qaytarmamışdır. Şamaxı rayonu Həmyəli kənd sakini Zərərçəkmiş şəxs4 göstərdikləri tamamilə doğrudur. Belə ki, 2014-cü ilin avqust ayının ortalarında Cabir onunla Şamaxı şəhərində rastlaşarkən ona demişdir ki, istəyirsə “Socar” şirkətində fəhlə işi var, 15000 manat pul versə, onu həmin şirkətə işə düzəldər. Cabir də heç bir yerdə işləmədiyinə görə 2015-ci ilin fevral ayında işə düzələcəyinə inanıb 11000 manat pulu Şamaxı şəhərində görüşüb ona vermişdir ki, onu işə düzəltsin. Cabir bir müddət gözləsə də, sonradan ondan heç bir cavab gəlmədiyindən onunla işlə bağlı söhbət edən zaman o, demişdir ki, tələsmə, yaxın vaxtlarda işi düzələcək. Zərərçəkmiş şəxs4 xeyli vaxt sonra məlum olmuşdur ki, Zahid onun kimi başqa həmkəndlilərini də aldadıb işə düzəldəcəyini deməklə pullarını almısdır. Cabir həmin vaxtdan sonra dəfələrlə Zahidlə görüşməklə və telefon əlaqəsi saxlamaqla nə vaxt onu işə düzəldəcəyini soruşsa da onu işə düzəltməmiş və verdiyi 11000 manat pulu həmin vaxtdan qaytarılmamışdır. Şamaxı rayonu 2-ci Çaylı kənd sakini Zərərçəkmiş şəxs5 göstərdikləri tamamilə doğrudur, həqiqətən də 2014-cü ilin təxminən fevral ayında onunla Şamaxı şəhərində rastlaşarkən Balaşirindən soruşmusdur ki, haradadır, nə işlə məşğul olur, sonuncu da ona demişdir ki, heç bir yerdə işləmir, işsizdir. Zərərçəkmiş şəxs5 bu cavabından sonra o, bildirmisdir ki, 6000 manat pul versə onu yüksək əmək haqqı olan sürücü işinə düzəldə bilər. Balaşirin ona inanıb 4500 manat pulu axtarıb taparaq düzəltmiş və 2014-cü ildə ona vermişdir. Bundan sonra o, Balaşirinə demisdir ki, istəsə oğlu Fərmanı da işə düzəldə bilər, ona görə də Balaşirin bundan sonra 2014-cü ilin yay aylarında əlavə olaraq 5000 manat pul da düzəldib ona vermişdir ki, oğlu Fərmanı da yaxşı əmək haqqı olan bir işə düzəltsin. Həmin vaxtdan bir müddət keçdikdən sonra Zahiddən bir xəbər gəlmədiyinə görə Balaşirin onunla işlə bağlı söhbət edən vaxtı ona deyib ki, tələsməsin, yaxın vaxta onu və oğlunu işə düzəldəcək. Bundan xeyli vaxt sonra Balaşirin dəfələrlə Zahidlə əlaqə saxlasa da nə onu, nə də ki, oğlu Fərmanı heç bir işə düzəltməmis, həmin vaxtdan da verdiyi pulunu qaytarmamışdır. Balaşirin 2014-cü ilin mart ayında ona özünü işə düzəldəcəyinə görə 4500 manat, 2014-cü ilin yay aylarında isə oğlu Fərmanı işə düzəldəcəyi üçün əlavə olaraq 5000 manat pul vermiş, ancaq həmin vaxtdan Zahid nə onu, nə də ki, oğlu Fərmanı işə düzəltməmiş, bu günə qədər verdiyi 9500 manat pulunu qaytarmamışdır. Şamaxı rayonu Həmyəli kənd sakini Zərərçəkmiş şəxs2 göstərdikləri tamamilə doğrudur, həqiqətən də, Əhməd X14 idarəsində operator işləməklə onun xalası oğludur, münasibətləri həmişə yaxşı olub, aralarında əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. Əhməd 2014-cü ilin təxminən dekabr ayında onunla yaşadıqları Şamaxı rayonu Həmyəli kəndində rastlaşarkən ona demişdir ki, istəyirsə pul versin onu X7 Xidmətinə işə düzəltsin orada işləsin. Zərərçəkmiş şəxs2 ondan nə qədər pul lazım olduğunu soruşanda 8000 manat pul versə həmin işə düzəldə biləcəyini demişdir. Bundan sonra 2015-ci ilin yanvar ayında Əhməd onunla yaşadıqları kənddə görüşüb ona 7000 manat pul vermişdir ki, onun işini düzəltsin. Bundan xeyli müddət keçdikdən sonra ondan heç bir cavab gəlmədiyinə görə Əhməd onunla işlə bağlı söhbət edən zaman ona demisdir ki, tələsməsin işi düzələcək. Əhməd onunla dəfələrlə əlaqə saxlasa da, onu müxtəlif bəhanələrlə aldadaraq işə düzəltməmiş və verdiyi 7000 manat pulunu ona qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, Şamaxı rayonunun Həmyəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə uşaqları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla onunla və ailəsi ilə münasibətləri həmişə yaxşı olub, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. 2014-cü ilin iyun ayında o, bir kənddə yaşadığı Təqsirləndirilən şəxs demişdir ki, «indi mənim işlədiyim yerdə, yəni X14 İdarəsində qaynaqçı kimi işlədiyim yerdə əmək haqqım azdır, sənin əlaqələrin var, əgər yaxşı əmək haqqısı olan iş yeri olarsa mənə deyərsən, sonra da məni həmin iş yerinə düzəldərsən». Həmin vaxtdan sonra, təxminən 2014-cü ilin avqust ayının ortalarında o, həmkəndlisi Təqsirləndirilən şəxs ilə Şamaxı şəhərində rastlaşıb görüşərkən Zahid ona demişdir ki, “Socar” şirkətində qaynaqçı işi var, əmək haqqı da yaxşıdır, əgər 5000 (beş min) manat pul versə onu həmin yerə işə düzəldər. Bir müddət fikirləşdikdən sonra o, Zahidin təklifi ilə razılaşıb təxminən 2-3 gündən sonra Şamaxı şəhəri ərazisində yerləşən “Azəriqazbank”-dan kreditlə 5000 manat pul götürərək 17 avqust 2014-cü ildə Şamaxı şəhərində xatırlamadığı yerdə Zahidlə görüşüb həmin kreditlə götürdüyü 5000 manat pulu Zahidə vermişdir. O, həmkəndlisi Təqsirləndirilən şəxs 5000 manat pulu verdiyi vaxtdan xeyli müddət keçdikdən sonra Zahiddən cavab gəlmədiyini görüb Zahidlə görüşmüş işlə bağlı söhbət edərkən Zahid ona bildirmişdir ki, əlavə olaraq 5000 manat da pul verməlidir ki, işini düzəldib qurtarsın. O, yenə işinin xatirinə razı olub bundan sonra 2014-cü ilin noyabr ayında yenidən Şamaxı şəhərində yerləşən artıq başqa bankdan, yəni "xxxx"-dan da 4000 manat pulu kredit kimi götürüb 11 noyabr 2014-cü ildə Şamaxı şəhərində xatırlamadığı yerdə həmkəndlisi Zahidə vermişdir ki, onun işini düzəltsin. Həmin pulu da verdikdən sonra o, dəfələrlə Zahidlə əlaqə saxlasa da sonuncu onu işə düzəltməmiş, ona verdiyi pullarını da həmin vaxtdan bu günə qədər qaytarmamışdır. O, bir daha təsdiq etmişdir ki, 2014-cü ildə həmkəndlisi Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 5000 manat və 4000 manat pul verməklə sonuncuya ümumillikdə 9000 manat məbləğində pulu Şamaxı şəhərində vermişdir ki, onu “Socar” şirkətinə yaxşı əmək haqqısı olan işə düzəltsin, ancaq həmkəndlisi Təqsirləndirilən şəxs onun pulunu almasına baxmayaraq qeyd etdiyi vaxtdan hal-hazıra kimi Zahid nə onu işə düzəltməmiş, nə də ki, onun verdiyi 9000 manat məbləğində pulunu geri qaytarmamışdır. O, bundan başqa nə Zahidə, nə də ki, qeyrilərinə heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ilə ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiyini və buna görə onun azadlıqdan məhrum edilməsini istəmədiyini bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Şamaxı rayonunun Həmyəli kəndində ailə uşaqları ilə birlikdə yaşayır, özü də X14 idarəsində operator işləyir. Təqsirləndirilən şəxs onun xalası oğludur. Onun xalası oğlu Zahidlə münasibəti həmişə yaxşı olub, aralarında heç vaxtı ədavət və düşmənçilikləri olmamışdır. 2014-cü ilin təxminən dekabr ayında o, xalası oğlu Təqsirləndirilən şəxs ilə yaşadıqları Şamaxı rayonunun Həmyəli kəndində təsadüfən görüşərkən xalası oğlu Zahid ona bildirmişdir ki, istəyirsə pul versin onu X7 Xidmətinə işə düzəltsin, yaxşı əmək haqqı var, orada işləsin. Bundan sonra o, Zahiddən soruşmuşdur ki, həmin yerə işə düzəlmək üçün nə qədər pul lazımdır, Zahid isə ona cavabında demişdir ki, 8000 manat pul versə onu həmin Yanğından Mühafizə Xidmətinə işə düzəldər, orada işləyər. Həmin vaxtdan sonra o, «Finca» bankdan 2014-cü ilin dekabr ayının 30-da 7000 manat pul götürmüşdür. 2015-ci ilin yanvar ayında o, xalası oğlu Zahidlə yaşadığı kənddə görüşüb həmin 7000 manat pulu ona vermişdir ki, bu qədər pul tapıb onun işini düzəltsin. Həmin vaxtdan xeyli müddət keçdikdən sonra o, xalası oğlu Zahiddən heç bir cavab gəlmədiyini görüb Zahidi tapmış və onunla işlə bağlı söhbət edərkən xalası oğlu Zahid ona bildirmişdir ki, tələsmə, yaxın vaxtlarda onun işini düzəldəcək. Bundan sonra o, xalası oğlu olan Zahidlə dəfələrlə görüşüb əlaqə saxlasa da xalası oğlu Zahid onu müxtəlif bəhanələrlə aldadıb arxayın etsə də işə düzəltməmiş, həmin vaxtdan da verdiyi pulunu ona qaytarmamışdır. O, 2015-ci ilin yanvar ayında xalası oğlu Zahid Ömrəzadəyə yaşadığı kənddə onu işə düzəltmək məqsədilə cəmi 7000 manat pul vermiş, ancaq həmin vaxtdan Təqsirləndirilən şəxs onu işə düzəltməmiş, nə də ki, verdiyi pulunu ona müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. O, əvvəllər nə Təqsirləndirilən şəxs, nə də ki, başqalarına heç bir məbləğdə pul verməmiş, bu birinci dəfə idi ki, onu aldatmışlar. Təqsirləndirilən şəxs ilə ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiyini və buna görə onun azadlıqdan məhrum edilməsini istəmədiyini bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verib göstərdi ki, Şamaxı rayonunun 2-ci Çaylı kəndində ailə uşaqları ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, qonşu kənddə, yəni Şamaxı rayonunun Həmyəli kəndində yaşayır, onunla və yaxınları ilə münasibəti həmişə yaxşı olub, aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 2014-cü ilin təxminən fevral ayında onlara çox yaxın olan qonşu kəndçisi Təqsirləndirilən şəxs ilə Şamaxı şəhərində rastlaşarkən Zahid ondan soruşmuşdur ki, haradasan, nə işlə məşğul olursan. O, da Zahidə demişdir ki, heç bir yerdə işləmir, işsizlikdir. Onun bu cavabından sonra Zahid ona bildirmişdir ki, 6000 manat pul versə onu yüksək əmək haqqı olan sürücü işinə düzəldə bilər, o, da sürücü olduğu üçün fikirləşmişdir ki, maşın sürüb pul qazanar. O, Zahidi qonşu kəndçi kimi çoxdan tanıdığından ona inanıb 4500 manat pulu axtarıb taparaq düzəldib 16 fevral 2014-cü ildə Şamaxı şəhərində, xatırlamadığı yerdə ona vermişdir. Bundan sonra Zahid Ömrəzadə demişdir ki, «istəyirsən oğlun Fərmanı da işə düzəldim», ona görə ki, yaxın kənddə yaşadıqlarından Zahid onun oğlu Fərmanı da tanıyırdı. O, da bundan sonra 10 iyun 2014-cü ildə əlavə olaraq 5000 manat pul da düzəldib Şamaxı şəhərində, xatırlamadığı yerdə Zahidə vermişdir ki, oğlu Fərmanı da yaxşı əmək haqqı olan bir işə düzəltsin. Həmin vaxtdan bir müddət keçdikdən sonra Zahiddən bir xəbər gəlmədiyinə görə o, işlə bağlı söhbət edən vaxtı Zahid ona demişdir ki, «tələsmə, yaxın vaxta səni və oğlunu işə düzəldəcəm». Bundan xeyli vaxt sonra o, dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da sonuncu nə onu, nə də ki, oğlu Fərmanı heç bir işə düzəltməmişdir, həmin vaxtdan da onun verdiyi pulunu qaytarmır. O, 2014-cü ilin fevral ayında Təqsirləndirilən şəxs onu işə düzəldəcəyinə görə 4500 manat, 2014-cü ilin iyun aylarında isə oğlu Fərmanı işə düzəltməsi üçün əlavə olaraq 5000 manat pul vermiş, ancaq həmin vaxtdan Təqsirləndirilən şəxs nə onu, nə də ki, oğlu Fərmanı işə düzəltməmiş, bu günə qədər Zahidə verdiyi 9500 manat pulunu ona qaytarmamışdır. O, əvvəllər bundan başqa nə Zahid Ömrəzadəyə, nə də ki, qeyrilərinə heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ilə ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiyini və buna görə onun azadlıqdan məhrum edilməsini istəmədiyini bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, Şamaxı rayonunun 2-ci Çaylı kəndində ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, Şamaxı rayonunun Həmyəli kəndində yaşayır, onunla və yaxınları ilə münasibəti həmişə yaxşı olub, aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, atası Balaşirinin 2014-cü ilin təxminən fevral ayında qonşu kənddən olan Təqsirləndirilən şəxs ilə Şamaxı şəhərində görüşdükləri zaman Zahid atasından soruşub ki, harada olur, nə işlə məşğuldur. Atası da Zahidə heç bir iş görmədiyini dedikdə Zahid atasına təklif edib ki, onu yüksək əmək haqqı ilə işə düzəltsin və əvəzində 6000 manat pul lazım olduğunu deyib. Atası da Zahidi qonşu kəndçi kimi çoxdan tanıdığından ona inanıb Şamaxı şəhərində xatırlamadığı yerdə 4500 manat pulu düzəldib 16.02.2014-cü ildə Zahidə verib. Bunları ona atası Balaşirin onu da Zahidin vasitəsi ilə işə düzəltmək istədiyini deyəndə bilmişdir. O, da bir qədər, yəni 5000 manat pulu atası Balaşirinə vermiş, atası Balaşirin də qonşu kənddən olan Zahidlə 10.06.2014-cü il tarixdə Şamaxı şəhərində xatırlamadığı yerdə görüşərək 5000 manat pulu Zahidə verib ki, Zahid onu da yaxşı əmək haqqı olan bir işə düzəltsin. Həmin vaxtdan sonra Zahid müxtəlif bəhanələrlə atası Balaşirini aldadıb ki, tələsməsin, yaxın vaxta onu və atasını işə düzəldəcək. Bu günə qədər Təqsirləndirilən şəxs nə onu, nə də ki, atası Balaşirini işə düzəltməyib və atasından aldığı 9500 manat pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ilə ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiyini və buna görə onun azadlıqdan məhrum edilməsini istəmədiyini bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verib göstərdi ki, Şamaxı rayonunun Həmyəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə uşaqları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, bir kənddə, yəni Şamaxı rayonunun Həmyəli kəndində yaşamışlar. Onun Təqsirləndirilən şəxs ilə münasibəti həmişə yaxşı olub, aralarında əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 2014-cü ilin avqust ayının ortalarında o, həmkəndlisi Təqsirləndirilən şəxs ilə Şamaxı şəhərində rastlaşarkən sonuncu ona demişdir ki, «istəyirsənsə “Socar” şirkətində fəhlə işi var, 15000 manat pul ver səni həmin şirkətə işə düzəldim». O, da heç bir yerdə işləmədiyinə görə 2015-ci ilin fevral ayında işə düzələcəyinə inanıb 11000 manat pulu Şamaxı şəhərində həmkəndlisi Təqsirləndirilən şəxs ilə görüşüb vermişdir ki, onu işə düzəltsin. O, bir müddət gözləsə də sonradan həmkəndlisi Zahiddən heç bir cavab gəlmədiyindən onunla işlə bağlı söhbət edən zaman Zahid ona demişdir ki, «tələsmə, yaxın vaxtlarda sənin işin düzələcək». Ona xeyli vaxt sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun kimi başqa həmkəndlilərini də aldadıb onlara da işə düzəldəjəyini deməklə pullarını almışdır. Bundan sonra o, dəfələrlə həmkəndlisi Zahidlə görüşməklə və telefon əlaqəsi saxlamaqla nə vaxtı onu işə düzəldəcəyini soruşsa da Zahid onu bu günə qədər də işə düzəltməyib, nə də ki, ona verdiyi 11000 manat pulunu həmin vaxtdan ona müxtəlif yalanlar deməklə qaytarmamışdır. O, 15 fevral 2015-ci ildə həmkəndlisi Zahidə ümumilikdə 11000 manat pulu Şamaxı şəhərində xatırlamadığı yerdə onu “Socar” şirkətində işə düzəltməsi məqsədilə vermiş, ancaq Zahid həmin vaxtdan onu nə işə düzəltməmiş, nə də ki, ona verdiyi pulunu qaytarmamışdır. O, əvvəllər bundan başqa nə Zahidə, nə də ki, qeyrilərinə heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ilə ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiyini və buna görə onun azadlıqdan məhrum edilməsini istəmədiyini bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 01 aprel 2017-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 05 may 2017-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 may 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 08 may 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. "Cinayət əməlinin tövsif edilməsi haqqında” 08 sentyabr 2017-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Şamaxı rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 4(074)-35/2020 saylı qərarın surətindən görünür ki, Ömərzadə (Ömərli) Zahid Xandadaş oğlunun barəsində 1 ay 23 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. Şamaxı rayon Məhkəməsinin 11 may 2021-ci il tarixli 4(074)-43/2021 saylı qərarın surətindən görünür ki, Ömərzadə (Ömərli) Zahid Xandadaş oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 09 may 2021-ci il tarixdən istintaq müddətinin sonuna, yəni 01 iyul 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 11 may 2021-ci il tarixli 17/40-1826 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə Ukrayna Respublikasında tutularaq, 11 may 2021-ci il tarixdə saxlanması üçün 3 saylı İT-na gətirilmişdir. Şamaxı rayon Polis Şöbəsinin 19 may 2021-ci il tarixli 188-7386-1221 saylı məktubundan görünür ki, barəsində 09 may 2017-ci il tarixdə 830080 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində tutularaq, 11 may 2021-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Şamaxı RİHB-nın Həmyəli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 iyun 2021-ci il tarixli 107 saylı arayışından görünür ki, X3 arvadı X1, oğlu 31 iyul 2008-ci il təvəllüdlü X4, qızı 18 avqust 2010-cu il təvəllüdlü X8 və oğlu 20 iyul 2012-ci il təvəllüdlü X9 ilə Şamaxı rayonu, Həmyəli kəndində yaşayır. Şamaxı RİHB-nın Həmyəli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, uzun müddət kənddə yaşamadığı üçün onun barəsində müsbət və yaxud mənfi xasiyyətnamə vermək mümkün deyildir, lakin 6-7 il əvvəl kənddə yaşadığı müddətdə özünü normal aparmışdır. Şamaxı RMX-sı publik hüquqi şəxsin 16 iyun 2021-ci il tarixli 424 saylı məktubunda göstərilir ki, Ömərzadə (Ömərli) X5 RMX-nın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. "xxxx" ASC-nin 11 mart 2022-ci il tarixli 15700/2-1156 saylı məktubunda göstərilir ki, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs adına kredit müqavilələri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 adlarına kredit müqavilələri mövcuddur. Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş kredit üzrə 03 mart 2016-cı ildə Zərərçəkmiş şəxs1 tərəfindən nağd şəkildə ödəniş olunmuşdur. Zərərçəkmiş şəxs3 Əlikran oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 Rasul oğlu və Zərərçəkmiş şəxs1 məxsus kredit müqavilələri üzrə ödənişlərin bir hissəsi terminal vasitəsilə olduğundan ödənişi etmiş şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. "xxxx" ASC-nin 18 mart 2022-ci il tarixli 121302/850 məktubu ilə Şamaxı rayon məhkəməsinə göndərilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs kreditlər ayrılmışdır. “Finca Azerbaijan MMM” QBKT-nın 17 mart 2022-ci il tarixli 2022/999/5329 saylı məktubla məhkəmə göndərilmiş kredit sənədlərindən görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 adına kredit ayrılmışdır. Lakin həmin şəxslərin adına borc mövcud deyildir. Təqsirləndirilən şəxs ilə 23 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən məhkəməyə müraciət olunmuş və Şamaxı rayon məhkəməsi tərəfindən 2(074)-549/2016 saylı məhkəmə əmri qəbul edilmişdir. ƏSF ləğv prosesində olan "xxxx" ASC-nin 30 mart 2022-ci il tarixli **********819 saylı məktubu ilə Şamaxı rayon məhkəməsinə göndərilən sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs3 kredit ayrılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 oğlunun ərizələrindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə ziyanın ödənilməsi ilə əlaqədar razılığa gəldiklərindən onun azadlıqdan məhrum edilməsini istəmirlər, onun azadlıqda qalaraq borclarını ödəməsini istəyirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini boynuna almasa da, onun tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində törətmiş olduğu cinayətləri tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələri, xüsusən təqsirləndirilən şəxsin həm ilkin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Xandadaş oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 16.03.2021-ci il tarixdən 27.04.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 1 ay 11 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 2 il 2 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalında həbsdən dərhal azad edilməli, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmaldıır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 maddi ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16.03.2021-ci il tarixdən 27.04.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 1 ay 11 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü madəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 2 il 2 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında həbsdən dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 maddi ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar