Məhkəmə qərarları › İş №1(074)-3/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-3/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-3/2025 02.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1961-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgə əmlakını ələ keçirmək məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan Ramil adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, müvafiq icra hakimiyyəti orqanlarında yüksək vəzifədə işləyən tanışları olması barədə yalan məlumatlar yayaraq, özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb, etibar qazanmaqla, dələduzluq yolu ilə, özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə, niyyətini həyata keçirmək üçün, cinayətdən xəbərsiz olan tanışı Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun övladı Şahid3 "xxxx" ASC-də işlə təmin olunacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs tərəfindən 28 dekabr 2023-cü il tarixdə özünə məxsus, "xxxx" ASC tərəfindən emisiya edilmiş ********42110647 nömrəli plastik bank kartına köçürülmüş 3000 manat, cinayətdən xəbərsiz olan tanışı Şahid1 məxsus "xxxx" ASC tərəfindən emisiya edilmiş 416973******7851 nömrəli plastik bank kartına köçürülmüş 1000 manat və 02 fevral 2024-cü il tarixdə özünə məxsus, "xxxx" ASC tərəfindən emisiya edilmiş ********42110647 nömrəli plastik bank kartına köçürülmüş 1000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, vədinə əməl etməyib, Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, tanışı Qumru adlı şəxs 2023-cü ilin dekabr ayının sonlarında bir neçə dəfə ona zəng edərək, qohumu Şahid3 "xxxx" ASC-yə və yaxud da, “Azərenerji”də sürücü işinə düzəltməyini xahiş etmişdir. O, isə Qumruya sürücü işinə düzəldə bilməyəcəyini bildirmişdir. Sonradan isə, Qumru qohumu Şahid3 həmin idarədə başqa işə düzəltməyini istəmişdir. O isə, Qumruya bir nəfər tanışının olduğunu bildirib, həmin şəxslə danışıb cavab verəcəyini söyləmişdir. Bundan sonra, o, tanışı Ramil ilə Bakı şəhərində görüşərək, bir nəfər tanışının olduğunu və onu “Azərışıq” və yaxud da, “Azərenerji”yə işə düzəltmək lazım olduğunu demişdir. Ramil özü şəxsən heç bir yerdə işləməsə də, o, bilir ki Ramilin Həsən adlı vəzifədə işləyən tanışı var və Ramil həmin şəxslə müvafiq işlər görür, yəni başqa-başqa şəxsləri pul müqabilində işə düzəldir. Bundan sonra, Ramil ondan bir qədər kənara çəkilərək, adını Həsən kimi bildiyi şəxslə danışmış və daha sonra ona həmin işi düzəldə biləcəyini söyləmişdir. O, Ramildən Şahid3 işə düzəltmək müqabilində nə qədər pul istəyəcəyini soruşduqda, Ramil ona bildirmişdir ki, 4000 manat müqabilində həmin işi düzəldəcəkdir. Deməsinə görə, həmin işin əmək haqqısı yüksək olacaqdır. Bu səbəbdən də o, Qumru adlı şəxsə zəng edərək söyləmişdir ki, 4000 manat işi düzəldən şəxs istəyir. 1000 manatı isə o, özü üçün istəyir. Qumru adlı şəxs də, onlarla, yəni Şahid3 və atası ilə danışmış və həmin şəxslər onlarla razılaşmışdır. Daha sonra, Qumru adlı şəxs onun telefon nömrəsini Şahid3 verdikdən sonra, həmin şəxs onunla telefon əlaqəsi saxlamış və o, ona iş barədə məlumat vermişdir. Bəyalının işi alınacağı təqdirdə 650-700 manat məbləğində əmək haqqı alacaqmış. Həmin şəxslərlə telefonda onlar razılaşdıqdan sonra, xx.xx.2023-cü il tarixdə Bəyalı ona məxsus bank kartına 3000 manat, qohumu Ceyran adlı şəxsin bank kartına isə 1000 manat pul göndərmiş və bir neçə gün sonra, yəni təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində o, həmin pulu aparıb, Bakı şəhərində, Ayna Sultanova heykəlinin yanında Ramil adlı şəxsə vermişdir. Onların razılaşması belə olmuşdur ki, Ramilin deməsinə görə, 3000 manat pulu "xxxx"da işi düzəldən şəxsə veriləcəkmiş, 1000 manat isə onun özünə qalacaqdır. Ramil pulu aldıqdan sonra, qısa müddət ərzində Bəyalının işinin düzələcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra, Ramil ona zəng edərək bildirmişdir ki, Bəyalınıda götürsün və onun dediyi sənədlərlə birlikdə Bakı şəhəri, Bakıxanov küçəsində yerləşən "xxxx"ın binasının qarşısına getsin. O da, Bəyalı ilə danışmış və onlar birlikdə "xxxx"ın binasının qarşısına getmişdir. Orada olan zaman, o, Ramilə zəng edərək, binanın qarşısında olduğunu bildirmişdir. Bir qədər sonra, həmin binadan bir nəfər tanımadığı şəxs çıxaraq, ona yaxınlaşmış və Ramilin göndərdiyi adamların onlar olub-olmadığını soruşmuşdur. O, Bəyalıdan müvafiq sənədləri götürüb, bir-bir baxdıqdan sonra, Bəyalıya söyləmişdir ki, “fevral ayının 27-28-i tarixlərində səninlə əlaqə saxlanılacaq və 01 mart 2024-cü il tarixində əmrin veriləcəyi üçün Bakı şəhərinə gələcəksən”. Bundan təxminən bir neçə gün keçdikdən sonra, o, Qumruya zəng edərək, söyləmişdir ki, ona çatası olan 1000 manatı da göndərsinlər. Qumru da, onlara bu barədə söylədikdən sonra, Bəyalı ona zəng edib soruşduqda o, söyləmişdir ki, həmin pul lazımdır. Bu səbəbdən də, onun kartına 1000 manat pul göndərilmişdir. Lakin, 26 fevral 2024-cü il tarixdə o, Bakı şəhərində olan zaman, Qax Rayon Polis Şöbəsinin əməkdaşları gəlib, onu aparmış və barəsində Qax rayonunda cinayət işinin istintaqı aparıldığı üçün, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən də, onun Ramil ilə əlaqəsi kəsilmişdir. O, aldığı 1000 manat puldan nə Ceyrana, nə də ki, Qumruya hər hansısa bir məbləğdə pul verməmişdir. Hazırda isə iş üzrə zərərçəkmiş şəxs olan Bəyalının atası Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, həmin şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini və eyni zamanda, dəymiş ziyanın 25 faizini təşkil edən 1250 manat pulu dövlət büdcəsinə ödədiyini nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu Şahid3 işsiz olduğundan, oğluna iş axtarırdır. 2023-cü ilin dekabr ayının əvvəllərində qohumu olan Qumru Bayramova ilə telefon danışığı zamanı, sonuncuya oğlunun işsiz olduğunu və köməklik göstərməsini xahiş etmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Qumru onun oğlu Bəyalı ilə telefon əlaqəsi saxlayaraq, Əkbər adlı şəxsin oğluna zəng edəcəyini, işə düzəlməsinə köməklik göstərəcəyini bildirmişdir. 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs adlı şəxs ona zəng edərək, telefon danışığı zamanı, oğlunu Şamaxı rayonunda yerləşən “Azərenerji”yə çilingər olaraq işlə təmin edəcəyini, qarşılığında 5000 manat pul verməyini, göstərdiyi kart hesabına göstərilən məbləği köçürməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bir qədər çox pul istədiyini və maddi vəziyyəti ilə əlaqədar, həmin məbləğə gücü çatmayacağını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs 5000 manat puldan 3000 manatını işə düzəltmək müqabilində müəyyən şəxslərə verəcəyini, 1000 manatının özünə qalacağını, digər 1000 manatının isə müəyyən şəxslərlə bölüşdürəcəyini demiş və təcili olaraq pulu göndərməyini bildirmişdir. Bu səbəbdən, qohumlardan ümumilikdə 5000 manat borc pul almış və həmin pulun 4000 manatını oğlu Bəyalı Şamaxı rayonu Məlikçobanlı kəndində yerləşən marketdə terminal vasitəsi ilə Təqsirləndirilən şəxs söylədiyi kart hesablarına göndərmişdir. Daha sonra, Təqsirləndirilən şəxs oğlunu işə düzəltdikdən sonra əlavə olaraq 1000 manat alacağını söyləmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təkrar oğlu ilə telefon əlaqəsi saxlayaraq, əmrinin veriləcəyini və 1000 manat pulun göndərməsini demişdir. O da, inanıb Şamaxı rayonu, Məlikçobanlı kəndində marketdə yerləşən “Million” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona bilirdiyi kart hesabına əlavə 1000 manat köçürmə etmişdir. Lakin, Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və telefon zənglərinə də, cavab verməmişdir. Bu səbəbdən, o, Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5000 manat məbləğində ziyanın tam olaraq ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla, «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad edilməsi halları olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs ona dəymiş 5000 manat ziyanı tamamilə ödəmiş, həmin şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş və müdafiəçisi Müdafiəçi2 tərəfindən təsdiq edilmiş ərizədə qeyd olunur ki, iş üzrə zərərçəkmiş şəxslə barışdığından, həmin şəxsə dəymiş ziyanı tam olaraq ödədiyindən və dəymiş ziyanın 25 faizi məbləğini dövlət büdcəsinə ödədiyindən, cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarını təşkil edən 1250 manat pulu xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə ödəmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin şikayətinin olmaması barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 178.2.1-ci maddəsinə əsasən, eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə, cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 27 (iyirmi yeddi) saat hüquqi yardıma görə 162 (bir yüz altmış iki) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.11, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 27 (iyirmi yeddi) saat hüquqi yardıma görə 162 (bir yüz altmış iki) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar