Məhkəmə qərarları › İş №1(074)-31/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-31/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-31/2022 02.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 26 yanvar 1994-cü ildə Şamaxı rayonu, Sis kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Şamaxı rayonu, Qaleybuğurd kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 09 may 2021-ci il tarixdən 2021-ci ilin may ayının sonunadək olan müddət ərzində mühafizəçi işlədiyi Şamaxı rayonu Avaxıl kəndi ərazisində yerləşən “Şəlalə” restoranının həyətindən hər metrinin qiyməti 2 manat 50 qəpik olan 8 ədəd, divarının qalınlığı 2 millimetr, 100-lük diametrdə olmaqla 3 metrlik kauçuk turbaları, hər metrinin qiyməti 1 manat 20 qəpik olan 310 ədəd 16 mm-lik diametrdə, 06 metr uzunluğunda armaturları, hər metrinin qiyməti 7 manat olan 40 ədəd 10/10,2 sm ölçülü, 06 metr uzunluğu olan dəmir profilləri, hər metrinin qiyməti 3 manat olan 165 ədəd 3x15 sm. ölçülü, 06 metr uzunluğu olan taxtaları, dəyəri 350 manat olan 01 ədəd işıq aparatını, hər birinin qiyməti 10 manat, qalınlığı 18 millimetr, 1x52 metr olmaqla 50 ədəd diktləri və bir qutusunun qiyməti 6 manat olan 11 qutu dubil mismarları özünə məxsus əmlak olmasını deyib vahid niyyətlə oğurlamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla ümumilikdə 7858 (yeddi min səkkiz yüz əllə səkkiz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 20 sentyabr 2018-ci ildə “Şəlalə” restoranına mühafizəçi işinə qəbul olunmuş və hər ay restoranın mühafizəsini həyata keçirdiyi üçün 150(yüz əlli) manat əmək haqqı almışdır. Ölkədə müharibə başladığı vaxt o, könüllü olaraq müharibəyə getmək üçün müraciət edib 27 sentyabr 2020-ci il tarixdə müharibəyə yollanmış və 31 dekabr 2020-ci ildə müharibədən geri qayıtmışdır. Bundan sonra, yəni 2021-ci ilin aprel ayından müharibəyə getməmişdən əvvəl işlədiyi “Şəlalə” restoranına gedərək yenidən orada mühafizədə işləməyə başlamışdır. Həmin ərəfələrdə müharibə dövrü keçirdiyi streslərdən bərk xəstələndiyi üçün müalicəsinə sərf etmək üçün pula ehtiyacı olduğundan mühafizəçi işlədiyi “Şəlalə” restoranının həyətindəki Teyyub adlı şəxsə məxsus işıq aparatını, xeyli sayda olan kauçuk turbaları, dəmir armaturları, dəmir profillərin hamısını oğurlamaq məqsədilə hissə-hissə həmin materialları müxtəlif şəxslərə satmışdır. Həmin materialların bəzilərini satdığı adamları tanıyır, bəzilərini isə tanımır. Mühafizəçi işlədiyi “Şəlalə” restoranında Şamaxı rayonu, Sis kənd sakini Baloğlan adlı tanışı ona həmin restorandan varsa işlənmiş dəmir profil lazım olduğunu demişdir. Baloğlanla razılaşmış və ondan həmin dəmir profillərin kimə lazım olduğunu soruşmuş, Baloğlan həmin profillərin digər həmkəndlisi və tanışı Kamal adlı şəxsə lazım olduğunu deyib Kamal adlı şəxslə danışmış, Kamal ona bildirmişdir ki, varsa dəmir profil, armatur və kauçuk turbalar lazımdır. O, Kamalın istədiklərinin olduğunu və həmin materialların əvəzində Kamaldan 150 manat pul alacağını Baloğlana bildirmişdir. Baloğlan da bunları Kamala demiş, Kamal razılaşdıqdan sonra 2021-ci ilin may ayının 09-da Şamaxı rayonu, Sis kənd sakini Vüqar adlı şəxsin “UAZ” markalı avtomobili ilə həmin Şəlalə restoranına gedib 5 ədəd kauçuk turbaları, 8 ədəd armaturları və 4 ədəd dəmir profilləri “UAZ” avtomobilə yüklədikdən sonra Kamalgilin Şamaxı rayonunun Sis kəndindəki evlərinə gedib ora boşaltmışlar. Bundan sonra Baloğlan Kamaldan satdığı materialların əvəzində 150 manat pulu alıb ona vermiş, o da həmin puldan 20 manatını Vüqar adlı həmkəndlisinə yol haqqı kimi vermiş, sonra öz evlərinə getmişlər. Həmin günün səhəri Şamaxı rayonu Çuxuryurd kəndində, yolun kənarında yerləşən kafeyə gedərək orada istirahət edib, spritli içki olan pivə içərkən oradakı maşınyuma məntəqəsində işləyən Səməd adlı şəxslə tanış olmuşdur. Onların söhbətləri əsnasında Səməd ona bildirmişdir ki, tikinti materialları, yəni taxta və sair materiallar lazımdır. O, Səmədə taxta təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxt onlar razılaşıb qərara gəlmişlər ki, Səməd ona 120 manat verər və əvəzində Səmədə material verər. Həmin günü, yəni 2021-ci ilin may ayının 10-da Əhəd adlı taksi sürücüsünə zəng edərək Çuxuryurd kəndində yolun kənarında yerləşən kafenın qarşısına çağırıb, sonuncunun “UAZ” markalı avtomobilinə əyləşib Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Şəlalə” restoranına getmişlər. Orada Əhədə məxsus olan “UAZ” avtomobilinə 8-10 ədəd arasında taxta yükləyib Şamaxı rayonu Məlhəm kəndində yaşayan Səməd adlı şəxsin evinə gətirmiş və danışdıqları kimi Səməddən 120 manat pul almış, həmin pulun 60 manatını Əhədə yol haqqı kimi vermişdir. Həmin günün səhəri, yəni 11 may 2021-ci il tarixdə yenidən Əhədlə əlaqə saxlayıb sözügedən restorana gedib 8-10 ədəd taxta götürüb Əhədin özünə 80 manata satmış və yenə həmin qayda ilə yol haqqı olaraq 60 manat Əhədə vermişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs göstərdikləri ilə razılaşmış, göstərdiyi kimi 5 ədəd kauçuk turbanı, 8 ədəd armaturu və 4 ədəd dəmir profili “UAZ” markalı avtomobilə yüklədikdən sonra Kamalgilin Şamaxı rayonunun Sis kəndindəki evinə, 8-10 ədəd arasında taxda yükləyib Şamaxı rayonu Məlhəm kəndində yaşayan Səməd adlı şəxsin evinə, 8-10 ədəd taxta götürüb Əhədin özünə satmışdır. O, qalan 3 ədəd kauçuk turbaları, 302 ədəd dəmir armaturları, 36 ədəd dəmir profilləri, 145 ədəd taxtaları, 1 ədəd işıq aparatını, 50 ədəd dikti və 11 karobka dubil mismarların da özünə məxsus əmlak olmasını deməklə, 2021-ci ilin may ayının sonunadək yadında qalmayan şəxslərə xatırlamadığı məbləğlərə satıb pul əldə edib özünün müalicəsi üçün xərcləmişdir. “Şəlalə” restoranından və ya başqa bir yerdən hər hansı bir əlavə tikinti materialları oğurlamamışdır. Oğurladığı materiallardan 5 ədəd kauçuk turbanı, 8 ədəd armaturu və 4 ədəd dəmir profili “UAZ” markalı avtomobilinə yüklədikdən sonra Kamalgilin Şamaxı rayonunun Sis kəndindəki evinə, 8-10 ədəd arasında taxda yükləyib Şamaxı rayonu Məlhəm kəndində yaşayan Səməd adlı şəxsin evinə aparmış, 8-10 ədəd taxtanı isə Əhədin özünə satmaqla həmin şəxslərdən ümumillikdə 290 (iki yüz doxsan) manat pul əldə etmişdir. Tikinti materiallarının qalan hissəsini isə hansı məbləğə satması yadında deyil. Həmin pulların hamısını əməliyyat olunmasına istifadə etmiş və etdiyi oğurluqları tək etmiş, bundan heç kimin məlumatı olmamışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, vətən müharibəsində iştirak etməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, təxminən 2 il bundan öncə, yəni 2019-cu ildə nəzarətçi işlədiyi Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Şəlalə” restoranının həyətində özünə məxsus xeyli miqdarda tikinti materialları olmuşdur. Həmin dövrlərdə restoranın mühafizəsini Şamaxı rayonu Sis kənd sakini Təqsirləndirilən şəxs həyata keçirmişdir. Bir ilə yaxın müddətdir ki, Təqsirləndirilən şəxs orada işləsə də, sonradan müharibəyə getmiş, müharibəyə getməsinə baxmayaraq Nurlanın əmək haqqı verilmişdir. Təqsirləndirilən şəxs müharibədən gələndən sonra 2021-ci ilin aprel ayından həmin ilin may ayına qədər, təxminən bir aya yaxın müddət ərzində “Şəlalə” restoranında yenə mühafizəçi kimi işləmiş, daha sonra isə səhhətində problemlərin yarandığını deyib işdən çıxmışdır. 2021-ci ilin may ayının əvvəllərində özünə məxsus xeyli miqdarda tikinti materialları Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Şəlalə” restoranının həyətində qoyduğu yerdə olmuşdur. Həmin ərəfələrdə, təxminən 8-9 may 2021-ci il tarixlərdə restoranda olan özünə məxsus tikinti materiallarına baxış keçirən zaman orada olan tikinti materiallarından 08 ədəd 3 metrlik kauçuk turbaların, 310 ədəd 16-lıq 6 metrlik armaturların, 40 ədəd 10/10 6 metrlik dəmir profillərin, 165 ədəd 6 metrlik taxtaların, 01 ədəd işıq aparatının (dvijokun), 50 ədəd diktlərin və 11 qutu dubil mismarların oğurlandığını aşkar etmişdir. Bundan sonra restoranın mühafizəsini həyata keçirən Təqsirləndirilən şəxs çağıraraq ondan bu barədə soruşsa da, Nurlan restoranın həyətində olan tikinti materiallarını oğurlamadığını bildirmişdir. Daha sonra bir neçə gün öz yaşadığı Şamaxı rayonu Avaxıl kəndini, həmçinin kəndlərinə qonşu olan digər kəndləri axtarsa da nəticə əldə edə bilməmiş və Şamaxı RPŞ-nə gələrək rəsmi ərizə ilə müraciət edib nəzarət etdiyi “Şəlalə” restoranından tikinti materiallarının oğurlandığını bildirmişdir. Həmin özünə məxsus materialların 2021-ci ilin aprel ayından təxminən 8-9 may 2021-ci il tarixədək Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Şəlalə” restoranının həyətində olduğunu bildirmişdir. İlk izahatında və ifadəsində ola bilsin ki, həyacanlı olduğundan ona məxsus oğurlanmış materialların sayını fərqli, yəni ilkin olaraq 05 ədəd 3 metrlik kauçuk turbanın, 08 ədəd 16-lıq 6 metrlik armaturun, 04 ədəd 10/10 6 metrlik dəmir profilin, 20 ədəd 6 metrlik taxtanın, 01 ədəd işıq aparatının (dvijokun) və 05 ədəd diktin oğurlandığını göstərsə də, nəzarətçi olduğu Şamaxı rayonu Avaxıl kəndi ərazisində yerləşən “Şəlalə” restoranının həyətindən özünə məxsus 08 ədəd 3 metrlik kauçuk turbalar, 310 ədəd 16-lıq 6 metrlik armaturlar, 40 ədəd 10/10 6 metrlik dəmir profillər, 165 ədəd 6 metrlik taxtalar, 01 ədəd işıq aparatı (dvijok), 50 ədəd dikt və 11 qutu dubil mismarlar oğurlanmışdır. Nəzarət etdiyi Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Şəlalə” restoranından tikinti materiallarının oğurlanması nəticəsində ona təxminən 7800 (yeddi min səkkiz yüz) manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs tərəfindən ödənilməmiş ziyanın məbləği 7377,90 manatdır. Bundan əvvəl nəzarət etdiyi Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Şəlalə” restoranından heç bir oğurluq hadisəsi baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, onun özünə məxsus “UAZ” markalı avtomobili vardır. Təqsirləndirilən şəxs artıq 3 aydır ki tanıyır, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 2021-ci ilin may ayının əvvəllərində Nurlan onunla əlaqə saxlayaraq demişdir ki, Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Şəlalə” restoranına gedib oradan ona məxsus olan “UAZ” avtomobili ilə 8-10 ədəd arasında taxta yükləyib Şamaxı rayonu Məlhəm kəndində yaşayan Səməd adlı şəxsin evinə gətirmək lazımdır. O, da onunla razılaşmış və Nurlanla birlikdə Avaxıl kəndinə gedərək həmin taxtaları yükləyib Şamaxı rayonu Məlhəm kəndinə gətirmişdir. O, taxtaları gətirmək üçün Nurlandan yol haqqı olaraq 60 manat pul almışdır. Həmin günün səhəri onun özünə də taxta lazım olduğundan Nurlandan xahiş etmişdir ki, ona da həmin taxtalardan satsın. Nurlan da onunla razılaşıb birlikdə sözügedən restorana gedib 8-10 ədəd taxta gətirib onun həyətinə boşaltmış və o, əvəzində 80 manat Nurlana vermiş, Nurlan da ona yol haqqı 60 manat pul vermişdir. O, qeyd etdiyi vaxtlardan başqa Nurlan adlı şəxsdən hər hansısa bir material almamışdır. Həmin taxtaların oğurluq olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, onun özünə məxsus “UAZ” markalı avtomobili olmuş, o, həmin avtomobili artıq 1-2 ay bundan əvvəl satmışdır. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 09 may 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb, tikinti materiallarının olduğunu, həmin tikinri materiallarını Şamaxı rayonu Avaxıl kəndi ərazisində yerləşən “Şəlalə” restoranının həyətindən Şamaxı rayonu Sis kənd sakini Kamalgilin evinin həyətinə aparmaq lazım olduğunu demişdir. O da Təqsirləndirilən şəxslə razılaşmış və həmin tarixdə, yəni 09 may 2021-ci il tarixdə Nurlanla birlikdə özünə məxsus “UAZ” markalı avtomobili ilə Şamaxı rayonu Avaxıl kəndi ərazisində yerləşən “Şəlalə” restoranına getmişlər. Həmin əraziyə çatdıqdan sonra “Şəlalə” restoranının həyətində olan 5 ədəd kauçuk turbaları, 8 ədəd armaturları və 4 ədəd dəmir profilləri özünə məxsus “UAZ” markalı avtomobilə yükləmiş, həmin tikinti materiallarını yüklədikdən sonra oradan Şamaxı rayonu Sis kənd sakini Kamalgilin evinin həyətinə aparıb boşaltmışlar. Bunda sonra o, Nurlandan 20 manat pulunu alıb öz evinə getmişdir. O, Nurlanın xahişi və sifarişi ilə başqa hər hansısa bir tikinti materialları aparmamış, həmin tikinti materillarının oğurluq olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 2021-ci ilin may ayında həmkəndlisi Təqsirləndirilən şəxslə görüşüb söhbət edərkən ona bildirmişdir ki, Nurlanın mühafizəçi işlədiyi “Şəlalə” restoranında varsa işlənmiş dəmir profil lazımdır. Həmin vaxt həmkəndlisi Nurlan onunla razılaşıb ondan həmin dəmir profillərin kimə lazım olduğunu soruşmuş, o, Nurlana profillərin digər həmkəndliləri və tanışları Kamal adlı şəxsə lazım olduğunu deyib Kamal adlı şəxslə danışmışdır. Həmin vaxt Kamal ona bildirmişdir ki, əgər varsa dəmir profil, armatur və kauçuk turbalar lazımdır. O, bunları Nurlandan soruşduğunu, Nurlan digər həmkəndliləri Kamalın istədiklərinin olduğunu və həmin materialların əvəzində Kamaldan 150 manat pul alacağını bildirmişdir. O da bunları Kamala demiş, Kamal onunla razılaşdıqdan sonra 09 may 2021-ci il tarixdə Şamaxı rayonu Sis kənd sakini Vüqar adlı şəxsin “UAZ” markalı avtomobili ilə “Şəlalə” restoranına gedib 5 ədəd kauçuk turbaları, 8 ədəd armaturları və 4 ədəd dəmir profilləri “UAZ” markalı avtomobilə yüklədikdən sonra Kamalgilin Şamaxı rayonunun Sis kəndindəki evlərinə gedib ora boşaltmışlar. Bundan sonra Kamaldan 150 manat pulu alıb Təqsirləndirilən şəxs vermişdir. Həmin tikinti materiallarının oğurluq olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri yoxdur. O, Nurlanla Şamaxı rayonu Çuxuryurd kəndində yolun kənarında yerləşən kafedə tanış olmuşdur. O, Nurlandan xahiş etmişdir ki, ona tikinti materilları lazımdır, ucuz olsa alar. Bu zaman Nurlan ona bildirmişdir ki, onun işlədiyi yerdən taxta verə bilər, əvəzində ondan 120 manat alacaq. O da Nurlanla razılaşmışdır. Nurlan ona bildirmişdir ki, qısa bir vaxtda ona taxtaları çatdıracaq. 2021-ci ilin may ayının əvvələrində Şamaxı rayonu Məlhəm kəndində yaşayan “UAZ” sürücüsü Əhədlə 8-10 ədəd arasında taxta yükləyib Məlhəm kəndinə evlərinin həyətinə gətirmişdir. Daha sonra o, Nurlan adlı şəxslə hər hansısa bir alış-veriş etməmiş, həmin tikinti materillarının oğurluq olmasından heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 27 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraat qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə saat 20:55 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 27 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Tikinti materiallarının qiymətləndirilməsi haqqında «NİHAD» istehsalat kommersiya firmasının 11 avqust 2021-ci il tarixli 45 saylı rəyindən görünür ki, qiymətləndirilməsi üçün təqdim edilmiş 5 ədəd 3 metrlik kauçuk turbanın hər metrini 2 manat 50 qəpiyə, 8 ədəd 16lıq 6 metrlik armaturun hər metrini 1 manat 50 qəpiyə, 4 ədəd 10/10 6 metrlik profilin hər metrini 8 manat, 20 ədəd 6 metrlik taxtanın hər metrini 10 manat, 1 ədəd işıq aparatını 700 manat və 5 ədəd diktin hər birini 50 manat olmaqla ümumilikdə 2451 manat 50 qəpik qiymətləndirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 15 avqust 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 06 sentyabr 2021-ci il tarixli 767 saylı məktubundan görünür ki, Şamaxı rayonu Sis kəndində yaşayan Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Narkoloji və Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası 1957-ci il təvəllüdlü X6, anası 1960-cı il təvəllüdlü X1 ilə Şamaxı rayonu Sis kəndində yaşayır. Cəbiyev X2 yaşadığı müddətdə kənd sakinləri və qohumları ilə yaxşı rəftar etmişdir. İctimai işlərdə, kəndin xeyir şər tədbirlərində fəal iştirak edir. Sakit təbiətlidir, təvazökardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli 9/6244 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və “Nihad” İstehsalat Kommersiya firması tərəfindən tərtib edilən rəyin surətində göstərilən 6 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 516,70 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. “Baxış və götürmə haqqında” 15 oktyabr 2021-ci il tarilxi protokoldan görünür ki, baxış keçirilən zaman X4 evinin həyətinə baxış keçirilən zaman Kamal Kərimov evinin həyətində olan 5 ədəd kauçuk turbaları, 8 ədəd armaturları və 4 ədəd dəmir profilləri göstərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı tikinti materiallarıdır. Kamal Kərimovun evinin həyətinin digər hissələrində iş üçün əhəmiyyət kəsb edən başqa hər hansısa bir əşya və ya tikinti materialları aşkar edilməmişdir. Həmin 5 ədəd kauçuk turbalar, 8 ədəd armaturlar və 4 ədəd dəmir profillər götürülmüşdür. “Baxış və götürmə haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman Şahid1 evinin qarşısına baxış keçirilən zaman Şahid1 evinin qarşısında olan 10 ədəd 6 metr uzunluğunda taxtaları göstərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı tikinti materiallarıdır. Şahid1 evinin qarşısında və ya həyətinin digər hissələrində iş üçün əhəmiyyət kəsb edən başqa hər hansısa bir əşya və ya tikinti materialları aşkar edilməmişdir. Həmin 10 ədəd 6 metr uzunluğunda taxtalar götürülmüşdür. “Baxış və götürmə haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman Şahid3 evinin həyətinə baxış keçirilən zaman Şahid3 evinin həyətində olan 10 ədəd 6 metr uzunluğunda taxtaları göstərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı tikinti materiallarıdır. Şahid3 evinin həyətinin digər hissələrində iş üçün əhəmiyyət kəsb edən başqa hər hansısa bir əşya və ya tikinti materialları aşkar edilməmişdir. Həmin 10 ədəd 6 metr uzunluğunda taxtalar götürülmüşdür. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 20 ədəd 6 metr uzunluğunda taxtalar, 05 ədəd kauçuk turbalar, 08 ədəd armaturlar və 4 ədəd dəmir profillər maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. 16 oktyabr 2021-ci il tarixdə qeydə alınmış qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 05 ədəd kauçuk turbaları, 20 ədəd taxtanı, 8 ədəd armaturu və 10 ədəd dəmir profili təhvil almışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 9/7875 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 6 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 7792,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər istifadə edilməmiş 11 qutu dubil mismar haqqında kifayət qədər məlumat (ölçüsü, istehsal yeri və s.) olmadığı üçün qiymətləndirmə aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. «NİHAD» istehsalat kommersiya firmasının vermiş olduğu 30 noyabr 2021-ci il tarixli, 50 nömrəli mütəxəssis rəyində qiymətləndirməyə təqdim edilən 11 karobka dubil mismarların hər bir karobkası 06 manat olmaqla ümumillikdə 66 manat qiymətləndirildiyi göstərilmişdir. AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Mİ seriyalı 007831 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyin üzvüdür. Müharibə iştiakçısıdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilməklə o, Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə vahid niyyətlə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, müharibə iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan – 20 ədəd 6 metr uzunluğunda taxtaların, 05 ədəd kauçuk turbaların, 08 ədəd armaturların və 4 ədəd dəmir profillərin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 100(yüz) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar