Məhkəmə qərarları › İş №1(074)-31/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-31/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-31/2023 29.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - X5, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1979-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 246-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 və 67.1-ci maddələrinə əsasən, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarda cərimə cəzaları təyin edilmiş, cəzalarını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tamah niyyətilə, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində X2 Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinin hasarından həyətyanı sahəsinə keçdikdən sonra, əvvəlcə həyətdə yerləşən qış otağı kimi istifadə edilən yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 600 (altı yüz) manat dəyərində “LG” markalı 82 diaqonallı bir ədəd televizor, 450 (dörd yüz əlli) manat dəyərində olan çay dəstinə aid bir ədəd çaydan, altı ədəd stəkan, altı ədəd nəlbəki, bir ədəd şirniyyat qabını götürüb otaqdan çıxаraq, həmin həyətdə yerləşən əsas yaşayış evinin qapısını əlamətləri istintaqa məlum olmayan alətlə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla, oradan ümumi dəyəri 200 (iki yüz) manat olan on səkkiz ədəd xrustal stəkan dəstini götürdükdən sonra, həyətdə yerləşən saxlanc yeri kimi istifadə olunan yardımçı tikili-hamam otağına qanunsuz daxil olaraq, oradan 150 (bir yüz əlli) manat dəyərində bir ədəd elektrik ət maşını, 250 (iki yüz əlli) manat dəyərində bir ədəd elektrik samovarı, hər biri 20 (iyirmi) manat dəyərində olan iki ədəd kiçik aliminium tavanı, 30 (otuz) manat dəyərində bir ədəd böyük aliminium tavanı, ümumi dəyəri 130 (bir yüz otuz) manat olan beş dəst çuğun qazan dəstini, hər birinin dəyəri 20 (iyirmi) manat olan iki ədəd dəmir çaydanı oğurlayıb aparmaqla, ümumilikdə zərərçəkmiş şəxs X3 məxsus 1890 (bir min səkkiz yüz doхsan) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən yaşayış sahəsində yaşayır. Qonşuluqda yaşayan Firəngiz adlı qadını uzun illərdir ki, tanıyır, həmin şəxslə həmişə normal qonşuluq münasibətləri olmuşdur. Firəngiz uzun illərdir ki, evində yaşamır, Bakı şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında evdə yemək yeyərək, bir qədər spirtli içki qəbul etmişdir. Daha sonra, o, oğurluq məqsədi ilə Firəngizə məxsus evin çöl qapısının üzərindən evin həyətinə daxil olmuş və ilk əvvəl evin mətbəxinə daxil olmuşdur. Mətbəxdə bir ədəd bükülü vəziyyətdə televizor qutusu görmüşdür. Həmin qutunun içərisində “LG” markalı televizor aşkar etmişdir. O, həmin televizoru qutudan çıxardaraq yerə qoymuşdur. Digər otaqlara baxdıqda, plasmas stəkanlar və həmin stəkanın nabor dəstlərini götürüb evdən çölə çıxmışdır. Bundan sonra, evin həyətindəki hamama daxil olmuş və orada torbanın içərisində olan dəmir materialdan olan uqolnikləri götürərək, evin çöl qapısının yanına getmişdir. Daha sonra, götürdüyü “LG” markalı televizoru evin çöl qapısının qarşısına qoymuş və yenidən həyətə daxil olaraq, dəmirlərin yığıldığı torbanı, həmçinin stəkanları qapıdan çölə ataraq, özüdə küçəyə çıxmışdır. O, küçəyə çıxdıqdan sonra, oğurladığı televizoru, stəkan naborunu və dəmirləri küçənin yuxarı hissəsində zibil qutularının arxasında gizlətmişdir. Həmin əşyaların anasının görməməsi üçün evə aparmamışdır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında evdən çıxaraq, oğurladığı əşyaları götürməyə getdikdə, həmin əşyaları gizlətdiyi yerdə aşkar etməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, onun Şamaxı rayonu, Şəhriyar qəsəbəsində evi var, lakin həyat yoldaşı Şamaxı şəhərində iş tapa bilmədiyindən, ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşamağa başlamışdır. 2022-ci ilin may ayında o, Şamaxı rayonuna gəlmiş və evinə baxış keçirərək, əşyalarının hər birinin yerində olmasına əmin olmuşdur. Bundan sonra, yenidən Bakı şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə yenidən Şamaxı rayonu Şəhriyar qəsəbəsindəki evinə gəlmişdir. Evinə baxış keçirdikdə, daha əvvəl kənar şəxslərin evə daxil olduğunu və evdə olan əşyalarını oğurladıqlarını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi barədə polis şöbəsinə məlumat vermişdir. Onun evindən “LG” markalı bir ədəd televizor, bir ədəd ət maşını, bir ədəd elektrik samovar, bir ədəd çaynik, bir ədəd stəkan-nəlbəki naboru, şirniyyat qabı olan çay dəsti, iki ədəd kiçik aliminium tava, bir ədəd böyük aliminium tava, xrustal stəkan naboru, beş dəst çuğun qazan dəsti, iki ədəd dəmir çaynik oğurlanmışdır. Polis şöbəsində araşdırma zamanı müəyyən olunmuşdur ki, evindən əşyalarını oğurlayan Şəhriyar qəsəbəsində qonşuluqda yaşayan Müşfiq adlı şəxs olmuşdur. Müşfiq və ailə üzvləri ilə onun arasında heç bir vaxt ədavət və düşmənçilik olmamışdır. Oğurlanmış əşyaları və ya onların dəyəri hal-hazıradək ona qaytarılmamışdır. Bu səbəbdən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 zərərçəkmiş şəxs X5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Şamaxı Rayon Polis Şöbəsinin baş inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə vətəndaş X2 müraciəti əsasında, Şamaxı RPŞ-nin əməkdaşları ilə birlikdə Şəhriyar qəsəbəsinə getmişdir. O, oğurluq hadisəsinin baş verdiyi evə baxış keçirib, oğurluğun olduğu yerlərdən müəyyən olunmuş əl-barmaq izlərini götürməyə başlamışdır. Həmin əl-barmaq izlərinin kimlərə məxsus olmasını müəyyən etmək məqsədi ilə, götürülmüş nümunələr qablaşdırılaraq, DİN-nin Kriminalistika İdarəsinə göndərilmişdir. Sonradan məlum olmuşdur ki, əl-barmaq izlərinin bir nümunəsi Təqsirləndirilən şəxs adlı şəxsə məxsusdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Firəngiz Şixaliyeva onun bacısıdır. Firəngizin Şamaxı rayonu, Şəhriyar qəsəbəsində evi var, lakin həmin evdə yaşamır və hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Bacısı Bakı şəhərində olduğu üçün, həmin evin açarı yalnız onların özlərində olmuşdur. xx.xx.2022-ci il tarixdə bacısı ona zəng edərək, evindən oğurluq olduğunu bildirmişdir. O, dərhal bacısıgilə getmiş və həmin gün polis əməkdaşları gəlib evə baxış keçirtmişdirlər. Sonradan məlum olmuşdur ki, bacısının evindən bəzi əşyalar oğurlanmış və oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Həyat yoldaşı xx.xx.2022-ci il tarixdə qonşuları olan Firəngiz Şixaliyevaya məxsus evə daxil olaraq, oğurluq etmiş, lakin oğurladığı əşyaları evə gətirməmiş və həmin vaxt oğurluq barəsində ona hər hansı bir məlumat verməmişdir. Sonradan Müşfiq ona bu barədə məlumat verərək, utandığını, Firəngiz ilə onun danışmağını, tez bir zamanda dəymiş ziyanı ödəyəcəyini söyləməyini bildirmişdir. O da, bununla bağlı Firəngiz Şixaliyeva ilə danışaraq, dəymiş ziyanı ödəyəcəyini, bu səbəbdən də, şikayətini geri götürməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə X3 məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki evə baxış zamanı müəyyən edilmişdir ki, Firəngiz Şixaliyevanın evindən bir ədəd “LG” markalı 82 diaqonallı televizor, bir ədəd ət maşını, bir ədəd elektrik samovarı, bir ədəd çaynik, altı ədəd stəkannəlbəki, şirniyyat qabı olan çay dəsti, iki ədəd kiçik alüminium tava, bir ədəd böyük alüminium tava, içərisində on səkkiz ədəd olan xrustal stəkan naboru, beş dəst çuğun qazan dəsti, iki ədəd dəmir çaynik oğurlanmış, hadisə yerindən əl-barmaq izləri götürülmüş və bu barədə fotoşəkillər çəkilərək, protokol tərtib edilmişdir. İş materiallarında olan “Nihad” İstehsalat Kommersiya firmasının xx.xx.2022-ci il tarixli, 54 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, bir ədəd “LG” markalı 82 diaqonallı televizor 600 (altı yüz) manat, bir ədəd ət maşını 150 (bir yüz əlli) manat, bir ədəd elektrik samovarı 250 (iki yüz əlli) manat, içərisində bir ədəd çaynik, altı stəkan, altı nəlbəki, şirniyyat qabı olan çay dəsti 450 (dörd yüz əlli) manat, iki ədəd kiçik alüminium tavanın hər biri 20 (iyirmi) manat, bir ədəd böyük alüminium tava 30 (otuz) manat, içərisində on səkkiz ədəd xrustal stəkan olan nabor 200 (iki yüz) manat, beş dəst çuğun qazan dəsti 130 (bir yüz otuz) manat, iki ədəd dəmir çaynik hər biri 20 (iyirmi) manat olmaqla, ümumilikdə 1890 (bir min səkkiz yüz doxsan) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-11836-1222 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində vətəndaş X3 məxsus həyət evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində, əl izlərindən bir ədədi xx.xx.1979-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/39 nömrəli ekspert rəyində qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan X4 məxsus həyət evində baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı götürülərək, tədqiqata təqdim edilmiş bir ədəd kağız parçasının üzərinə yapışdırılmış bir ədəd şəffaf yapışqanlı lent kəsiyi və dörd ədəd fotokağız parçasından ibarət şəkillər üzərində olan iki ədəd ovuc və üç ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən bir ədədi xx.xx.1979-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. İş materiallarından görünür ki, bir ədəd kağız parçasının üzərinə yapışdırılmış bir ədəd şəffaf yapışqanlı lent kəsiyi və fotokağız parçasından ibarət şəkil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, qətimkan tədbirinin şərtlərini pozan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, dərhal saxlandığı Şamaxı Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-2 və 246-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən, qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzaları təyin edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası qazancından dövlət nəfinə 10 faiz tutulmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 49.3-cü maddəsinə əsasən, 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş 6 (altı) ay 12 (on iki) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən, iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla, 3 (üç) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. İş materiallarında olan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını məhkum Təqsirləndirilən şəxs çəkərək, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Müşviq Soltanovun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd kağız parçasının üzərində yapışdırılmış bir ədəd şəffaf yapışqanlı lent kəsiyi və fotokağız parçasından ibarət şəkil cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd kağız parçasının üzərində yapışdırılmış bir ədəd şəffaf yapışqanlı lent kəsiyi və fotokağız parçasından ibarət şəkil cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar