Məhkəmə qərarları › İş №1(074)-31/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-31/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-31/2024 20.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1971-ci ildə Şamaxı rayonu, Məlcək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 186.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 03 noyabr 2023-cü il tarixdə, saat 12:40 radələrində Şamaxı rayonu Məlcək kəndi ərazisində, ictimai yer hesab olunan küçədə, çoxsaylı vətəndaşların gözləri qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, ətrafda olan çoxlu sayda insanların şüurunda özünü müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə, küçədə mübahisə etdiyi Zərərçəkmiş şəxs Mirəli oğluna yaxınlaşaraq, heç bir əsaslı səbəb olmadan, onun ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək, yerdən götürdüyü və silah qismində istifadə etdiyi daş parçaları ilə onun sol qolundan vurub, ona sol qol nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra, Zərərçəkmiş şəxs qaçaraq, öz evinin həyətinə daxil olmasını görüb, sonuncunun arxasınca həmin həyətə daxil olub, həyətdən götürdüyü və silah qismində istifadə etdiyi deşici-kəsici xassəyə malik balta ilə onu öldürməklə hədələyərək, evdən çıxmasını tələb edib, çıxmayacağı təqdirdə onu öldürəcəyini söylədikdən sonra, sonuncunun evdən çıxmadığını görərək, əlindəki balta ilə Zərərçəkmiş şəxs məxsus «VAZ-2106» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kuzası və digər detallarını zədələməklə, avtomobili tam yararsız hala salaraq, 3000 (üç min) manat, sonuncuya məxsus fərdi yaşayış evinə aid pilləkanın kənarlarında olan dəmir tutacaqları (reşotka) zədələməklə, tam yararsız hala salaraq, 300 (üç yüz) manat, mərmərdən olan məzar daşı örtüyünü sındırmaqla, tam yararsız hala salaraq, 250 (iki yüz əlli) manat, hamamın plastik qapısını sındırmaqla, tam yararsız hala salaraq, 160 (yüz altmış) manat, ümumi 50 metr uzunluğunda plasmas su şlanqını bir neçə yerdən kəsməklə, yararsız hala salaraq, 50 (əlli) manat, ümumilikdə 50 ədəd boşqab və stəkandan ibarət dəsti sındırmaqla, tam yararsız hala salaraq, 300 (üç yüz) manat, evin 06 ədəd pəncərəsinin şüşəsini sındırmaqla, tam yararsız hala salaraq, 240 (iki yüz qırx) manat, evin iki taylı giriş qapısının pəncərələrini sındırmaqla, tam yararsız hala salaraq, 200 (iki yüz) manat, evin divarlarına balta ilə zərbələr vuraraq zədələməklə, 400 (dörd yüz) manat, evin həyətində olan qaynaq aparatını zədələməklə, tam yararsız hala salaraq, 350 (üç yüz əlli) manat, “URAL” markalı laqonda aparatını zədələməklə, tam yararsız hala salaraq, 180 (yüz səksən) manat, təzə alınmış vəziyyətdə hava kompressorunu zədələməklə, tam yararsız hala salaraq, 360 (üç yüz altmış) manat, kiçik laqonda aparatını zədələməklə, tam yaratsız hala salaraq, 120 (yüz iyirmi) manat dəyərində olmaqla, sonuncuya ümumilikdə 5910 (beş min doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla, silah qismində istifadə olunan əşyalardan istifadə edilərək, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla, Zərərçəkmiş şəxs öldürməklə hədələmiş, habelə özgənin əmlakını qəsdən zədələməklə və məhv etməklə, sonuncuya xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, eyni zamanda onun bacısının həyat yoldaşıdır. Onunla əvvəllər münasibəti yaxşı olmuş, aralarında dava-dalaş və ədavət olmamışdır. Onun bacısının səhətində problemlər olduğundan, 2021-ci il tarixdə onlar kənddə olan zaman, kiçik məclisdə yemək yeyərkən, Qulam onun bacısına, yəni öz həyat yoldaşına onun yanında sataşdığından, aralarında dava-dalaş olmuş, Qulam və onun yanında olan iki nəfər şəxs onu döymüşdür. Bununla bağlı, onların barəsində Şamaxı RPŞ-də araşdırma aparılmış və hadisə ilə onlar bir-birini bağışdadığından, iş üzrə icraata xitam verilmişdir. Lakin, həmin vaxtdan sonra, onların münasibətləri pozulmuş, aralarında narahatçılıq davam etmişdir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında küçədə gəzərkən, Zərərçəkmiş şəxs ilə qarşılaşmış, onu gördüyü üçün anidən əsəbləşib, onun ünvanına nalayiq ifadələr işlətmiş və yerdən götürdüyü daşlar ilə onu vurmağa başlamışdır. Təxminən 4-5 ədəd daş atmış, lakin atdığı daşların Qulama dəyibdəyməməsini bilmir. Həmin vaxt Qulam qaçaraq, həyətlərinin aşağı hissəsində olan çəpərlənmiş setkanın üzərinən keçib, həyətlərinə daxil olmuşdur. O da, Qulamın arxasınca qaçmışdır. O, qaçaraq Qulamın həyətinə daxil olmuş və onun evinin olduğu yerə gəlib çatan zaman, əsəbi olduğu üçün, həyətdə olan baltanı götürüb, Qulama məxsus “VAZ 2106” markalı avtomobili vurub əzməyə başlamışdır. Lakin, Qulam onun qarşısına çıxmadığından, o, əlində olan balta ilə həyətdə qarşısına çıxan əşyaları, svarka aparatını, hava kompressorunu, laqonda aparatını və digər əşyaları sındırıb, daha sonra, Qulamın olduğu evin qapısını və pəncərələrini sındırmağa başlamışdır. Qapıları əlindəki balta ilə, pəncərələri ilə yerdən tapdığı çəkic və digər dəmir əşyalar ilə sındırmışdır. Daha sonra əlindəki balta ilə pilləkanın dəmir tutacaqlarını sındırıb, həmin dəmirləri evin pəncərəsindən içəri doğru atmışdır. Lakin, Qulam evdən çıxmadığından o, əsəbi olduğu üçün, həyətdə olan plastik qapını, daha sonra, mərməri sındırıb, qışqıraraq, Qulamın evdən çıxmasını tələb etmişdir. Qulam evdən çıxmadığından, o, evə daxil olmaq istəmişdir ki, onu evdə axtarıb, ona xəsarət yetirsin. Həmin vaxtı bacısının səsini eşitdiyi üçün, o, evə daxil olmamışdır ki, bacısının gözünün qarşısında ona hər hansısa bir xəsarət yetirməsin. Təxminən bir saata yaxın o, əlindəki balta və yerdən tapdığı çəkic və digər dəmirlərlə ona məxsus evi vurub zədələdikdən sonra, polis əməkdaşları gəlib həyətə daxil olmuş və o, polisləri görüb əlində olan baltanı yerə qoymuş və polislər onu sakitləşdirib, polis şöbəsinə dəvət etmişdirlər. O, Qulama daş atan zaman, küçədə başqa şəxslər olmuşdur. Lakin kimlərin olmasını xatırlamır. O, Qulamın arxası ilə qaçaraq, onun həyətinə daxil olan zaman, əsəbi olduğundan, həmin vaxt Qulam onun qarşısına çıxsaydı, balta ilə sonuncunu vurub xəsarət yetirə bilərdi. Onun məqsədi Qulamı döyüb xəsarət yetirmək olmuşdur. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Zərərçəkmiş şəxs Mirəli oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Sonuncu ilə əvvəllər münasibəti yaxşı olmuşdur. Lakin, 2021-ci ildə yaşadığı evin həyətində məclis zamanı, o, həyat yoldaşı Nərminə Hacəliyevə zarafatca söyləmişdir ki “gəl 50 qram səndə mənimlə araq iç”. Bundan sonra, Təqsirləndirilən şəxs onun sözlərindən əsəbləşib, “nə üçün bacısına bu sözləri söylədiyini” soruşduqda, aralarında mübahisə yaranmış və onlar bir-birini vurub, xəsarət yetirmişdir. Daha sonra, Şamaxı RPŞ-də müvafiq araşdırma aparılmış və onlar barışdığı üçün, cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra, Məhərrəm fürsət axtarmışdır ki, onu görsün və hər dəfəsində onu görən zaman, nalayiq ifadələrlə onu söyüb, təhqir etmişdir. Lakin o, Məhərrəmlə mübahisə etməmək üçün, hər dəfəsində çıxıb getmişdir. xx.xx.2023cü il tarixdə o, qonşusu Şahid3 evində usta kimi işləyən zaman, bəzi təmir alətləri olmadığından, küçəyə çıxıb evinə getmişdir. Evdən təmir alətləri götürüb, qayıdan zaman, Təqsirləndirilən şəxs onu küçədə görüb, yüksək səslə nalayiq ifadələrlə onu söyüb təhqir etməyə başlamışdır. O isə, Məhərrəmə nə üçün onu hər dəfə təhqir edib onu öldürməklə hədələdiyini və ondan nə istədiyini soruşmuşdur. Həmin vaxt Məhərrəm anidən yerdən götürdüyü daşlarla onu vurmağa başlamışdır. Onun atdığı daşların biri onun baş nahiyyəsinə dəyəcəyini görüb, sol qolu ilə başını tutan zaman, qol nahiyyəsinə dəymişdir. Məhərrəmin atdığı daşlardan bir neçəsi onun sol ayaq nahiyyəsinə dəymişdir. Məhərrəm daş atmağa davam etdiyindən, o, evinə tərəf qaçmağa başlamışdır. Məhərrəm də, onu arxasınca gəlmişdir. O, həyətə daxil olduqdan sonra, qaçaraq həyətdə çəpərin üzərindən atlanaraq, qonşunun həyətinə keçmişdir. Lakin, Məhərrəm zənn etmişdir ki, o, evə daxil olmuşdur. Həmin zaman, Məhərrəm evin həyətində olan baltanı götürüb, həyətdə olan onun “VAZ 2106” markalı avtomobilini yararsız vəziyyətə salmışdır. Həmçinin evin pəncərələri və qapını vurub sındırmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Daha sonra, polis əməkdaşları gəlmiş və onun evinin həyətinə daxil olaraq, onun əlindən baltanı götürüb, onları polis şöbəsinə aparmışdırlar. Avtomobilin yararsız vəziyyətə düşməsi nəticəsində ona təxminən 4000 manat maddi ziyan dəymişdir. Məhərrəm onun evinə hücum edən zaman, əlindəki balta ilə onun qaynaq aparatını, laqonda aparatlarını, hava kompressorunu, pilləkanın kənarlarında olan dəmir tutacaqları, mərmərdən olan məzar daşı örtüyünü, hamamın plastik qapısını, 50 metr uzunluğunda plasmas su şlanqını, 50 ədəd boşqab və stəkanı, evin 6 ədəd pəncərə şüşəsinı, evin giriş qapısında olan iki ədəd qapının pəncərəsinı, evin mətbəx mebelini yararsız vəziyyə salmış, həmçinin, evin divarlarına balta ilə vuraraq, divarları yararsız vəziyyə salmışdır. Məhərrəm orada onun qarşısına çıxsaydı onu öldürəcəkdir. Belə ki, həmin şəxsin niyyəti onu öldürmək olmuşdur. Məhərrəm təxminən bir saata yaxın müddətdə onun evini yararsız vəziyyət salmış, həyətdə sındırdığı əşyaları pəncərədən içəri ataraq, ona xəsarət yetirmək istəmişdir. Məhərrəmin əlində balta olduğundan və onu qışqıraraq, öldürmək üçün axtardığından, qonşular qorxduğu üçün, sadəcə olaraq evlərinin qapısından baxmış, heç kim evə yaxın getməmişdir. Lakin, polislər gəldikdən sonra, bir neçə kənd sakinləri oraya gəlmişdirlər. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğlu, Zərərçəkmiş şəxs isə onun əmisi qızının həyat yoldaşıdır. Onun həmin şəxslərlə münasibətləri hər zaman normal olmuşdur. 2021-ci ildə hər iki şəxs arasında mübahisə olduğundan, onların münasibətləri pozulmuşdur. Həmin vaxtdan sonra, Təqsirləndirilən şəxs hər dəfəsində Qulamı öldürməklə hədələmişdir. O, evində təmir işləri apardığından, Zərərçəkmiş şəxs də, ona köməklik edir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onların evində işləyən zaman, bəzi təmir alətləri lazım olduğundan, Qulam evinə getmişdir. O, səs-küy eşidib, küçəyə çıxan zaman, Təqsirləndirilən şəxs küçədə Zərərçəkmiş şəxs arxası ilə qaçdığını və əlindəki daşları Qulama atdığını, daha sonra onların Qulamın evinin həyətinə daxil olduğunu görmüşdür. O, həmin mübahisəyə müdaxilə etməmək üçün, evinə qayıtmış, lakin Qulamın evinin həyətində səs-küy eşitmişdir. Daha sonra Qulam ona zəng edərək, Mirmövsümün evinə qaçdığını və Məhərrəmin balta ilə evini dağıtdığını bildirmişdir. Həmin vaxt Məhərrəm uca səslə Qulamın ünvanına nalayiq ifadələr işlədib, onu öldürməklə hədələmiş və gizləndiyi yerdən çıxmasını tələb etmişdir. Təxminən 1 saat sonra polislər gəlmiş və həyətə daxil olub, onun əlindən baltanı almış və həmin şəxsləri polis şöbəsinə aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonunun Mirikənd kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir. Məlcək kəndi də, onların nümayəndəliyinin tabeçiliyindədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs o, şəxsən tanıyır. Həmin şəxslərlə münasibətləri normal olmuşdur. Lakin, Təqsirləndirilən şəxs yaşadığı kənddə heç bir şəxslə normal ünsiyyət qura bilmir və çox əsəbi bir insandır. xx.xx.2023-cü il tarixdə eşitmişdir ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs arxası ilə qaçaraq, onu vurmuş və evinə daxil olub, evində olan əşyaları sındırmışdır. O, dərhal Zərərçəkmiş şəxs evinin qarşısına getmiş və kənd sakinlərinin orada toplaşmasının şahidi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs səsini eşitmişdir. Sonuncu qışqıraraq, evin əşyalarını sındırmış və Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Polislər gələnədək, Məhərrəm evin əşyalarını sındırmağa davam etmişdir. Daha sonra, polis əməkdaşları hadisə yerinə gəlmiş və həyətə daxil olmuşdurlar. Həmin vaxt o da, onlarla birlikdə həyətə daxil olmuş və Təqsirləndirilən şəxs əlində balta olduğunu görmüşdür. Məhərrəm polisləri gördükdən sonra baltanı yerə qoymuşdur. Həmin vaxt baxış keçirən zaman, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı avtomobili yararsız vəziyyətə saldığını və evin pəncərlərini və qapısını sındırdığını müəyyən etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 186.1 və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şamaxı rayonu Məlcək kəndində yerləşən Zərərçəkmiş şəxs Mirəli oğluna məxsus evə və evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı, hadisə yerinin Zərərçəkmiş şəxs məxsus yaşayış evi olması, evin həyətində Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, evin pəncərələrinin, həyətdə olan əşyaların yararsız vəziyyətə düşməsi müəyyən olunmuş, hadisə yerinin fotoşəkili çəkilərək, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8813-9/9001 nömrəli ekspert rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 1991-ci il buraxılışlı, “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti nəzəri qaydada təxminən 3000 manat müəyyən olunmuşdur. İş materiallarında olan “X1” MMC-nin xx.xx.2024-cü il tarixli, 10 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Mirəli oğluna məxsus əşyaların orta bazar qiyməti ilə təqribi dəyəri 2910 (iki min doqquz yüz on) manat məbləğində müəyyən edilir, o cümlədən: - hündürlüyü 1 metr, eni 90 sm olan 6 ədəd pəncərə şüşəsi - 240 (iki yüz qırx) manat, - ümumi sahəsi 21 kv.m, hündürlüyü 2.20m olan otağın bərpa dəyəri (işçilik və materialla birlikdə) - 400 (dörd yüz) manat, - 2.0x1.0 metr ölçüdə hamamın plastik qapısı - 160 (yüz altmış) manat, - 30 ədəd 1986-cı il istehsalı boşqab və həmin ilin istehsalı olan 20 ədəd stəkan - 300 (üç yüz) manat, - 2 ədəd hündürlüyü 87 sm, eni isə 30 sm olan giriş qapılarının şüşəsi - 200 (iki yüz) manat, - 1984-cü il istehsalı və hazırda tam yararsız vəziyyətdə olan mətbəx mebelinin qiyməti müəyyən edilmir, - 3.0x1.0 metr ölçüdə dəmir tutacaq (reşotka) - 300 (üç yüz) manat, - mərmərdən olan məzar daşı örtüyü - 250 (iki yüz əlli) manat, - 50 metr uzunluğunda plasmas su şlanqı - 50 (əlli) manat, - qaynaq aparatı - 350 (üç yüz əlli) manat, - “Ural” markalı laqonda - 180 (yüz səksən) manat, - təzə alınmış vəziyyətdə hava kompressoru - 360 (üç yüz altmış) manat, - kiçik laqonda - 120 (yüz iyirmi) manat. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 358 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Mirəli oğlunun almış olduğu xəsarət - sol said nahiyyəsinin qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs Mirəli oğlunun almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3350 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatrik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs təlqin qapılmağa, özündən uydurub danışmağa meyillilik əlamətləri aşkar olunmadı. İş materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi balta və evin pəncərələrini sındırdığı çəkiclər iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs Mirəli oğluna təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(074)- 72/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu andan yəni, xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 2 hissəsi və 227 maddəsinin 1 hissəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2 maddəsinə əsasən, əməyə mütləq cəlb olunmaqla, 01 il 05 ay 23 gün şərti olaraq azad olunubdur. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 186.1 və 221.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, “ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, həmin cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməllərini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan zərərçəkmiş Zərərçəkmiş şəxs Mirəli oğluna məxsus bir ədəd baltanın və iki ədəd çəkicin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 66.2-ci maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan zərərçəkmiş Zərərçəkmiş şəxs Mirəli oğluna məxsus bir ədəd baltanın və iki ədəd çəkicin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar