Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-31/2025 02.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilkinib, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə, 14 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən X5 məxsus fərdi yaşayış evinin əvvəlcə daş hasardan aşmaqla, həyətyanı sahəsinə, oradan isə evin pəncərəsini açmaqla, qonaq otağına daxil olub, həmin otaqda olan Dəmir İsmayılovun bacısı Zərərçəkmiş şəxs məxsus 55 inç (140 sm) genişliyində, qara rəngli, “TCL 4L UHD” markalı 550 (beş yüz əlli) manat dəyərində 01 ədəd televizoru gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 550 (beş yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X7 onun qohumudur. Dəmir və ailə üzvləri yay aylarında istirahət etmək məqsədilə, Rusiyadan Azərbaycana gəlirlər. 2024-cü ilin yay ayında həmin şəxslər yenə də, istirahət etmək üçün Azərbaycana gəlmiş, Şamaxı şəhərində yaşamış və 2024-cü ilin noyabr ayında Rusiyaya qayıtmışdırlar. 2024-cü ilin noyabr ayında, axşam saatlarında, o, yaşadığı Şamaxı şəhərindəki evə piyada gedərkən, pula ehtiyacı olduğu üçün, qohumu Dəmirin yaşadığı Şamaxı şəhəri, T.İsmayılov küçəsində yerləşən evdə olmadığını xatırlamış və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, Dəmirin evinin yanına gedib, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, hasardan aşıb evin həyətinə daxil olmuşdur. O, evin plastik pəncərəsini açıb, qonaq otağına daxil olmuş və divardan asılmış qara rəngli, “TCL” markalı televizoru yerindən çıxarıb, həyətə çıxmış, oradan isə hasardan düşərək, yaşadığı evə getmişdir. Bundan sonra, polis əməkdaşları onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Sonradan məlum olmuşdur ki, oğurladığı televizor qohumu Dəmirin bacısı Zərərçəkmiş şəxs məxsusdur. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətində, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir tələb və şikayətinin olmadığını və üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs X9un həyat yoldaşı X1 qardaşı oğlu olmaqla, həmin şəxslə qohum kimi münasibətləri normal olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. ünvan 3 ünvanında X9 və ailə üzvləri yaşamışdır. Həmin şəxslər 2024-cü ilin yay aylarında dincəlmək məqsədilə Rusiya Federasiyasından Şamaxı şəhərinə gəlmişlər və qeyd etdiyi ünvanda yaşamışlar. Dəmir yaşadıqları ünvanda televizor olmadığından, ondan qısa müddətə istifadə etmək üçün televizor verməsini xahiş etmiş, o da, etiraz etməyib, təxminən bir il öncə 1000 manata aldığı, 01 ədəd, 55 inç (140 sm) genişliyində, qara rəngli, “TCL 4L UHD” markalı televizoru müvəqqəti istifadə etməsi üçün qardaşı Dəmirə vermişdir. Qardaşı Dəmir və ailə üzvləri xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına getmişdirlər. X9 gedərkən, nəzarət etmək üçün evin açarlarını ona vermişdir. xx.xx.2024cü il tarixdə, təxminən saat 16 radələrində evə nəzarət etmək və televizorunu götürmək üçün həmin ünvana gedib, evin küçə qapısını açıb həyətə daxil olub, ətrafa baxmış və evin həyətinə baxan pəncərəsinin açıq olduğunu görüb, düşünmüşdür ki, yəqin gedərkən yaddan çıxıb pəncərə açıq qalıbdır. Bundan sonra, pilləkənlərlə qalxıb, evin qapısını açaraq, qonaq otağına daxil olmuş və divardan asılı vəziyyətdə olmuş televizorun yerində olmadığını görüb, pəncərənin yaddan çıxıb açıq qalmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən evə həmin pəncərədən daxil olmaq yolu ilə qeyd etdiyi televizorun oğurlandığını müəyyən edib, dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng etmişdir. Evdən başqa əşyanın oğurlanıb-oğurlanmamasını müəyyən etmək üçün, digər otaqları gəzmiş və əlavə hər hansı əşyanın oğurlanmadığını müəyyən etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və o, hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciət edən vaxt televizorunun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə məlumatı olmamış, lakin sonradan araşdırma nəticəsində, televizorunun həmin şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, o, Şamaxı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 noyabr 2024-cü il tarixdə Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Rusiya Federasiyasında yaşayan qardaşı X2 evindən ona məxsus televizorun naməlum şəxs tərəfindən oğurlanmasını göstərmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd “TCL 4L UHD” markalı televizorun Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Buna görə də, həmin şəxs rayon polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxsin və hal şahidlərinin iştirakı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı, həmin evin dörd otaqdan ibarət olması, naməlum şəxsin evin ön hissəsindən həyətə açılan pəncərəsindən evin qonaq otağına daxil olması müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs pəncərəsi açılan qonaq otağından bir ədəd “TCL 4L UHD” markalı televizorun naməlum şəxs tərəfindən oğurlanmasını bildirdi. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/10563 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspert rəyində qeyd olunur ki, 01 ədəd 55 inç (140 sm) genişliyində, qara rəngli, “TCL 4L UHD” markalı televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 550 manat müəyyən edilir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən, 8 (səkkiz) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə, qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il və xx.xx.2025-ci il təvəllüdlü azyaşlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-31/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-31/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver