Məhkəmə qərarları › İş №1(074)-32/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-32/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-32/2024 04.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs - Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1950-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Şamaxı rayonu, Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 1996-cı ildən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlaması ilə əlaqədar, qanunazidd hərəkətləri ilə bağlı 2015-ci ildən 2020-ci ilədək Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin sədri tərəfindən ona məlumat verilməsinə baxmayaraq, o, Dəmirçi kəndi ərazisində yerləşən 0,50 hektar kənd təsərrüfatı təyinatlı örüş-torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan vahid niyyətlə əhatə olunan qəsdlə özbaşına hasarlamağa davam edərək, həmin torpaq sahəsində 2019-cu ildən etibarən 03 ədəd armud ağacı və 02 ədəd alça ağacı əkib becərməklə, istifadə etmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, atası X3 1990-cı illərin əvvəllərində Şamaxı rayonu Dəmirçi kəndində, çay kənarında 0,49 ha torpaq sahəsini tel və kollarla çəpərləyib, heyvan otarmışdır. Bu kimi hallar Dəmirçi kənd sakinləri arasında çoxdur. Aqrar islahat komisiyyasının qərarına əsasən, kənd sakinlərinin normadan əlavə istifadə etdikləri torpaqlar ölçülərək saxlanılmış, həmin şəxslərdən geri alınmamış, lakin onların əkin pay torpaqlarından ikiqat çıxılmışdır. Həmçinin, atası Əjdər Şükürovdan 1.08 ha torpaq sahəsi tutulmuş, lakin buna baxmayaraq, Dövlət Torpaq və Xirətçəkmə Komitəsi tərəfindən vətəndaşlara bununla bağlı hər hansısa bir sənəd işlənib hazırlanmamışdır. Sözügedən torpaq sahəsi 1987-ci ildən etibarən onlarin ailə üzvləri tərəfindən çəpərlənmiş və həmin torpaq sahəsi onlara verilmiş pay torpağından əvəzlənmiş və bununla bağlı 1998-ci il tarixdə islahat qərarı vardır. Onlarda buna əsaslanıb, hazırki tarixədək həmin torpaq sahəsini çəpərləyib istifadə etmişdirlər. Daha sonra, onlar 2023-cü ilin yanvar ayında Əmlak məsələləri dövlət xidmətinin daşınmaz əmlakın dövlət kadastrı və reyestrinin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişdirlər. Lakin, həmin idarədən qeyd olunan torpaq sahəsinin onların mülkiyyətinə keçməsi ilə bağlı imtina məktubu gəldiyindən, bu barədə onlar Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin olunaraq, Şamaxı rayonu, Dəmirçi kəndində 0,50 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum valideynlərinə məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hazırda həmin qərar qanuni qüvvəyə minmiş və icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Göstərilənlərə əsasən, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin üzvü kimi fəaliyyət göstərir. Şamaxı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarına əsasən, Şamaxı rayonu, Dəmirçi kənd sakini X1 istifadəsində olan 0,54 ha torpaq sahəsi vətəndaşa veriləcək əkin pay torpağından 1,08 ha əvəzlənərək, Təqsirləndirilən şəxs istifadəsində olan 0,10 ha torpaq sahəsi vətəndaşa veriləcək əkin pay torpağından 0,20 ha əvəzlənərək, onlarda saxlanılmışdır. Aqrar İslahat zamanı, Dəmirçi kəndində 45 ailənin istifadə etdiyi təxminən 12,3 ha torpaq sahəsi həmin ailələrə verilən əkin pay torpaqlarından əvəzlənərək, onlarda saxlanılmış və həyətyanı sahə kimi təsdiq olunmuşdur. İslahat qanununa görə, həmin torpaq sahələri vətəndaşlara məxsusdur. Lakin, sənədləri verilmədiyinə görə, şərti olaraq bələdiyyə torpaqları kimi görünür. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş ittihamdan imtina etdiyini bildirərək, bu əsasla cinayət təqibinə xitam verilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, atası X3 1990-cı illərin əvvəllərində Şamaxı rayonu, Dəmirçi kəndində çay kənarında 0,49 ha torpaq sahəsini tel və kollarla çəpərləyib heyvan otarmışdır. Bu kimi hallar həmin vaxt kənd sakinləri tərəfindən çox edilmişdir. 1998-ci ildə yaranmış Aqrar İslahat Komissiyasının qərarına əsasən, kənd sakinlərinin normadan əlavə istifadə etdikləri torpaqlar ölçülərək saxlanılmış, həmin şəxslərdən geri alınmamış, lakin onların əkin pay torpaqlarından iki qat çıxılmışdır. Həmçinin onun atası Əjdər Şükürovdan 1,08 ha torpaq sahəsi tutulmuş, lakin buna baxmayaraq Dövlət Torpaq Komitəsi tərəfindən vətəndaşlara bununla bağlı hər hansısa bir sənəd işlənib hazırlanmamışdır. Onlar həmin torpaq sahəsinin dövlət tərəfindən rəsmi olaraq sənədləşdirilib onalara veriləcəyini gözləmişlər. Lakin nəinki onlara, kənd sakinlərinin heç birinə istifadə etdikləri torpaq sahəsinə dair hər hansı bir sənəd verilməmişdir. Daha sonra, onlar 2023-cü ilin yanvar ayında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişlər. Lakin həmin idarədən qeyd olunan torpaq sahəsinin onların mülkiyyətinə keçməsinə dair imtina məktubu gəldiyindən, bununla bağlı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Sumqayıt İnzibati Məhkməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2346/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs iddiası təmin edilmiş, 0,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X3 və anası X2 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apelyasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. Şamaxı Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3- 21-3-41/2-2219/2024 nömrəli məhktubla da fakt təsdiqini tapmış, ittiham üzrə zəbt edilmiş torpaq sahəsi ilə məhkəmədə qəbul edilmiş qərar üzrə göstərilən torpaq sahəsinin eyni olması inkar edilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlaması və becərməsi, yəni torpaq üzərində mülkiyyət hüququnu pozmasına dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində torpaq üzərində mülkiyyət hüququnu pozma cinayətinin tərkib əlamətləri olmadığından, ona CM-in 188.3-cü maddəsi ilə elan edilmiş ittihamın müdafiəsindən imtina edilməsi məqsədəmüvafiqdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2346/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iddiası təmin olunaraq, Şamaxı rayon Dəmirçi kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında faktiki torpaq sahələrinin qrafasında qeyd edilmiş 0,58 hektardan 0,50 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 və X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi üzərinə qoyulmuşdur. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2346/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra olunması üçün xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, Şamaxı rayonunun Dəmirçi kəndində yerləşən zəbt həyətyanı torpaq sahələrinin qeyd olunduğu siyahıda X1 adı 68-ci sırada olmaqla, sənəd üzrə 0,04 ha və zəbtinə 0,54 ha torpaq sahəsi göstərilmişdir. Zəbt kimi qeyd olunmuş 0,54 ha torpaq sahəsi Dəmirçi kəndi ərazisində torpaq islahatı aparılan zamanı, X3 və onun ailə üzvlərinə verilmiş pay torpaqlarından çıxılmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 84.6.9-cu maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə, bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququna malikdir. 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.4-cü maddəsinə əsasən, şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin qərarına əsasən, cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1, eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 41.3, 43.1.1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi qəbul edilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1, eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar