Məhkəmə qərarları › İş №1(074)-34/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-34/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-34/2022 09.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 03 avqust 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində sərxoş vəziyyətdə ictimai yer hesab olunan Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Mədəniyyət Sarayının inzibati binasının qarşısındakı rayon sakinlərinin intensiv istifadə etdiyi şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin dayanacağının yaxınlığında çoxsaylı vətəndaşların gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə təxminən 30 dəqiqə müddət ərzində ona siqaret verməkdən və daha sonra onun üçün siqaret almaqdan imtina edən Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı qəsdən yumruqla və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona sol qaş üstü nahiyənin, sol göz altının hematomaları, sol gözün ağlı qişasının bayır bucağına qansızmalar ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs üzdən tanıyır. Onunla əvvəllər aralarında dava-dalaş və ədavət olmamışdır. xx.xx.2021-ci il tarixində o, Vüsal ilə birlikdə Şamaxı rayonu N.Nərimanov küçəsində yerləşən Mədəniyyət evinin yaxınlığına gəlmişlər. Orada Vüsal ilə onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüsal onun yaxasından tutduğu üçün o, da Vüsalın yaxasından tutmuşdur. Bundan sonra polis əməkdaşları gələrək onu Şamaxı rayon Polis Şöbəsinə aparmışlar. Dayanacaqda olan zaman Vüsal ona səbəbsiz yerə yaxınlaşaraq yaxasından tutduğundan o, da onun yaxasından tutmuşdur. Vüsal onu evdən çağırtdırıb, qardaşını polis şöbəsinə apardıqlarını, onunla gedib qardaşını qurtarmaq istədiyini bildirdiyindən o, da onunla getmişdir. Yolda ona spirt, su, stəkan və mandalin almışdır. O, həmin spirt ilə suyu qarışdırıb içmişdir. O, isə ona söyləmişdir ki, sonra o, da içəcəkdir. O, içki içdikdən sonra evə getmişdir. Vüsal isə onların binasının qarşısına gəlmiş, anası isə onu oradan qovmuşdur. O, isə yenə ondan əl çəkmədiyi üçün zəng etmiş və onlar görüşmüşlər. O, avtomobilini polis şöbəsinin qarşısına sürmüşdür. Onlar avtomobildən enən zaman Vüsal səbəbsiz yerə onun yaxasından tutduğundan o, da onun yaxasından tutmuşdur. Onların arasında orada mübahisə olmuş və dartışmışlar. Lakin Vüsalı vurmamış və təhqir etməmişdir. Onlar dartışan vaxtı polis əməkdaşları gəlmiş və onu RPŞ-nə aparmışlar. Zərərçəkmiş şəxs o, xəsarət yetirməmişdir. Onun hansı formada xəsarət alması ilə bağlı hər hansısa bir məlumatı olmamışdır. Qeyd olunan hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Nurlan adlı şəxsi tanısada onunla əvvəllər aralarında hər hansı bir münasibət olmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində o, Şamaxı şəhəri N.Nərimanov küçəsində Mədəniyyət evinin qarşısında olan dayanacaqda dayanıb avtobus gözləyərkən həmin vaxtı əvvəllər üzdən tanıdığı Nurlan adlı şəxs ona yaxınlaşaraq ondan siqaret istəmiş, o, ona siqaretinin olmadığını bildirmişdir. Nurlan isə gedib ona siqaret almasını söyləmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış, mübahisə zamanı Nurlan onu nalayiq söyüşlərlə söyərək sinə nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxtı orada olan tanımadığı şəxslər araya keçərək onları aralamaq istəsələr də Nurlan onların əlindən çıxaraq yenidən onun üstünə gələrək onun bədəninin və başının müxtəlif nahiyyələrinə yumruqla və təpiklə vurmağa başlamışdır. Bundan sonra o, RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Hadisə dayanacaqın yanında baş verdiyindən və vətəndaşlar avtobus gözləmək üçün dayanacaqda dayandıqlarından hadisə vaxtı təxminən orada ən azı 10-15 nəfər vətəndaş olmuşdur. Hadisə ümumilikdə təxminən 30-35 dəqiqə davam etmişdir. O, Nurlana heç nə etməmişdir. Nurlan onu camaatın arasında təhqir edib döyərək ona xəsarət yetirmişdir. O, həmin vaxt ancaq özünü müdafiə etmişdir. Nurlan ən çox onun sol göz nahiyyəsinə və sol qaş nahiyyəsinə yumruq vurmuş, ən çox xəsarət aldığı nahiyyələrdən sol göz nahiyyəsi olmuşdur. Bədəninin müxtəlif yerlərinə təpiklə vursada xəsarəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərmişdir ki, o, DİOda 2018-ci ildən işləyir. Tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir. Təqsirləndirilən şəxs o, Şamaxı şəhər sakini və içki aludəçisi kimi tanıyır, həmin şəxs bir neçə dəfə spirtli içki qəbul edərək ictimai asayişi pozduğu üçün Şamaxı RPŞ-nə gətirilmişdir. xx.xx.2021-ci il tarixində, təxminən saat 18:00 radələrində o, Şamaxı RPŞ-nin qarşısında olan zaman Təqsirləndirilən şəxs sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs ilə Şamaxı şəhəri N.Nərimanov küçəsində, mədəniyyət evinin qarşısında olan dayanacaqda vətəndaşların yanında dartışdığını və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduğunu görmüşdür. Həmin vaxtı vətəndaşlar onları aralamaq istəsələrdə o, buna məhəl qoymayaraq nalayiq söyüşlər söyüşlər söyməsini davam etdirdiyindən, o və ətrafda olan polis əməkdaşları dərhal oraya getmişlər və onları sakitləşdirərək RPŞ-nə gətirmişlər. Polis şöbəsində olan zaman Zərərçəkmiş şəxs ərizə yazdığından təhqiqat qrupunda araşdırılma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs içkili olduğu müəyyən olunmuşdur. Həmçinin bundan əlavə olaraq onun ilk əvvəl içkili olduğunu onlar hiss edirdilər. Çünki həmin şəxs hər dəfəsində içki içib asayişi pozduğu üçün RPŞ-nə gətirildikdə PŞ-nin daxilində səsküy salaraq polisin iş fəaliyyətinə maneçilik yaratmışdır. Həmin vaxtıda içkili olduğu üçün Polis Şöbəsinin inzibati binasının daxilində səs-küy salaraq nalayiq söyüşlər söyməyə davam edirdi. TQda araşdırma aparıldığı üçün onlar onu sakitləşdirmişlər və içkililiyi müəyyən olunduqdan sonra evinə yola salınmışdır. Zərərçəkmiş şəxs sol göz və qaş nahiyyəsində xəsarətlərin olması açıq aşkar bəlli olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cm-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cianyət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 03 dekabr 2021-ci il tarixli, 430 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol qaş üstü nahiyyənin, sol göz altının hemotomaları, sol gözün ağlı qişasının bayır bucağına qansızmalar yumşaq kənarları küt əşya təsirindən törənməklə xx.xx.2021-ci il tarixdə kənar şəxs tərəfindən əllə vurulması zamanı alınmağa uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 2.299 promildir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şamaxı şəhəri N.Nərmanov küçəsi “Mədəniyyət evinin” qarşısında dayanacağın ətrafına baxış keçirilmişdir. Hadisə yeri ictimai yer olmaqla, vətəndaşların mütəmadi olaraq toplaşdığı, hərəkət etdiyi yerdir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya və predmet, eləcə də sınmış və əzilmiş əşya aşkar edilməmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Şamaxı şəhəri N.Nərimanov küçəsində Mədəniyət evinin qarşısında olan dayanacaqda etdikləri dava zamanı onlara 3-cü bir şəxs müdaxilə etmədiyi müəyyən olunmuşdur. Hadisə baş verən zaman ətrafda vətəndaşlar olmasına baxmayaraq həmin hadisəni görən 2 nəfər şəxsin kimliyi müəyyən edilərək istintaqa təqdim edilmiş, lakin hadisə baş verən ərazidə olan müşahidə kameraları işlək vəziyyətdə olmadığından video görüntülərin götürülməsi və istintaqa təqdim edilməsi mümkün olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şamaxı RİHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən şəhər nüamyəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 27 dekabr 2021-ci il tarixli 1254 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28 dekabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı rayon Məhkəməsinin 13 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69-cu maddəsinə əsasən aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, 23 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Bundan başqa X1 rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 5 ay 28 gün müddəinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 2 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. "xxxx" MMC-nin 19 may 2022-ci il tarixli 989 saylı məktubundan görünür ki, "xxxx" mağazalarında quraşdırılan müşahidə kameralarının video görüntüləri saxlama müddəti ən çox 3 aydır. Həmin müddətdən sonra yeni görüntülər əvvəlki görüntülərin üzərinə yazıldığı üçün əvvəlki görüntülər avtomatik silinir. Odur ki, sorğuda qeyd edilən Şamaxı şəhərində yerləşən "xxxx" mağazasının müşahidə kamerasının 02 dekabr 2021-ci il tarixdə qeydə alınmış görüntülərini təqdim etmək mümkün deyildir. Şamaxı rayon polis Şöbəsinin 21 may 2022-ci il tarixli 188-7358-1222 saylı məktubundan görünür ki, Şamaxı şəhəri N.Nərimanov küçəsində yerləşən şəhər təhlükəsialik kamerasının 02 dekabr 2021-ci il tarixə olan video görüntüsü, həmin hadisədən uzun müddət keçməsi səbəbindən TŞ sisteminin yaddaşından silinmişdir. Şamaxı rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(074)-34/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Şamaxı rayon Polis Şöbəsinin 08 iyun 2022-ci il tarixli 188-8193-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə Şamaxı rayonu ərazisində tutularaq Şamaxı RPŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 10 iyun 2022-ci il tarixli xx/xx-2703 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 10 iyun 2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, zərərçəkmiş şəxsin aldığı xəsarətlər habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt ictimai yerdə olan şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşlar. Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməli cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələdirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 2(iki) ay 1(bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəzanın icrası Şamaxı şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəza çəkmə müddətinin başlanğıcı onların cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 ay 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar