Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-34/2025 04.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 10 fevral 2025-ci il tarixində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:03-də Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Günbəz” adlanan qəbiristanlıqda saxlanılaraq, saxlanıldığı yerdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən videogörüntüyə çəkilməklə üstü yoxlanılarkən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbaya bükülmüş bükümdə, xeyli miqdarda təmiz çəkisi 1,237 (bir tam mində iki yüz otuz yeddi) qram kristal formada ağ rəngli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, təxminən 3-4 aydır ki, nakotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin istifadə edir, digər narkotik vasitə növlərindən istifadə etmir. 09 fevral 2025-ci il tarixdə saat 15:00 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerdən folqaya bükülmüş büküm tapmış, həmin bükümün içərisinə baxmış və görmüşdür ki, içərisində psixotrop madddə olan metanfetamin var və həmin bükümü şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır. 10 fevral 2025-ci il tarixində Şamaxı rayonuna istirahət etmək məqsədi Bakı şəhərindən tanımadığı taksi ilə gəlmiş, həmin tarixdə səhər saat 11:00 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən "Yeddi Günbəz" adlanan qəbiristanlığa getmiş və qəbiristanlıqda olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, digər bir nəfər şəxs isə videoçəkiliş aparmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər və ondan üzərində qanunsuz olan hər hansısa predmet varsa könüllü təqdim etməyini bildirmişlər. O, bir gün əvvəl Abşeron rayonu Hökməli qəsəbəsində tapdığı folqaya bükülmüş bir ədəd bükümü şalvarının sağ cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və üzərində qanunla qadağan edilmiş hər hansısa predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metafetamin olmuş, büküm polis əməkdaşları tərəfindən tərəzi ilə çəkildikdən sonra polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişlər. Üzərindən aşkar edilmiş psixotrop maddə çəkilmiş və 1,58 qram çəkidə olmuşdur. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o və baxışda iştirak edən polis əməkdaşlarla imzalamışdır. Daha sonra onlar Şamaxı rayon polis şöbəsinə gəlmiş, Şamaxı rayon polis şöbəsinə gəldikdən sonra ona vəkil təyin edilmiş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə təkrar baxış keçirilmiş, yenə üzərindən heç bir narkotik vasitə çıxmamışdır. Şamaxı rayon polis şöbəsində keçirilmiş baxış videogörüntüyə alınmışdır. Üzərində gəzdirdiyi psixotrop maddəni istifadə etmək məqsədi ilə Şamaxı rayonuna gəlmişdir və satmaq məqsədi olmamışdır, onun məqsədi Şəhriyar qəsəbəsinə getmək olmuş və yolu qısa olsun deyə "Yeddi Günbəz" qəbiristanlığından keçmişdir. O, üzərindən aşkar edilən həmin metamfetamini ancaq özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır və o heç vaxtı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərindən aşkar edilən həmin narkotik vasitəni təxminən bir neçə gün əvvəl yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yolda piyada hərəkət edərkən yerdən tapmış, həmin vaxt tək olmuş, yanında heç kim olmamış və ətrafda da onun həmin narkotik vasitəni götürməyini kiminsə görməsini dəqiq bilmir. O, Şamaxı RPŞ-nə gətirilən zaman hər hansısa bir polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olmasını və Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin cinayətaxtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirdi ki, 09 fevral 2025-ci il tarixdə ona Abşeron rayonu, Hökməli qəsəbə sakini Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o, həmin vaxt Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarından başlayaraq, o, rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və rayon polis şöbəsinin KTQ-nin baş inspektoru, polis kapitanı X8 ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamış və əməliyyat qrupu ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Günbəz” qəbiristanlığına getmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumat olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını, hüquq və vəzifələrini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmiş, Təqsirləndirilən şəxs üzərində içərisində metamfetamin olan şəffaf selofanı onlara təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindən əlavə narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Şəffaf selofanda olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,58 qram müəyyən olunmuşdur. Həmin bükümdə olan qeyd edilən psixotrop maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı, polis baş leytenantı Mehdi Mikayılova tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən onun üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin onun özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saat 11:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni polis əməkdaşları tərəfindən faktiki saxlanıldığı 10 fevral 2025-ci il saat 11:03 hesab olunmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli, 6/598 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,237 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,237 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 1,187 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manatdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin ibtidai istintaqının həmin Məcəllənin 234.2-ci maddəsi ilə davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 4(074)-8/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 1,237 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış metamfetaminin qaytarılmış 1,187 qram qalığı maddi sübut kimi tanınaraq Şamaxı RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03 mart 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Abşeron rayonu İHB-nın Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X1, bacısı X3 və bacısı X2 ibarət ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Onun barəsində yaşadığı müddətdə yaşadığı ərazidən nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 1281 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə, o, həmin Məcəllənin 234.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Vətən müharibəsində iştirak etməsini nəzərə alır və Vətən müharibəsində iştirak etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni cəzanı yüngülləşdirən hallar və ağırlaşdırıcı halların olmaması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 10 fevral 2025-ci il tarixdən 11 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 07:00-dək və yaşadığı Abşeron rayonun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 1,187 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək 2 saat hüquqi göstərməsinə görə 12 (on iki) manat, xx.xx.2025-ci il tarixədən sonra 8 saat hüquqi yardım göstərməsinə görə 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdən 11 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 07:00-dək və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 1,187 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək 2 saat hüquqi göstərməsinə görə 12 (on iki) manat, xx.xx.2025-ci il tarixədən sonra 8 saat hüquqi yardım göstərməsinə görə 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-34/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-34/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver