Məhkəmə qərarları › İş №1(074)-37/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-37/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-37/2024 24.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1985-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, nəqliyyat vasitəsini idarə etmək üçün hüquqverən vəsiqə hesab edilən - Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra, həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə, saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən, istintaqa məlum olmayan vaxtda və şəraitdə, blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “A, A1, B, B1, C, C1” kateqoriyalı ********** nömrəli sürücülük vəsiqəsini istintaqla müəyyən edilməyən vaxtda və yerdə əldə edib, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə, həmin saxta sürücülük vəsiqəsini xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində fəaliyyət göstərən Şamaxı “ASAN Xidmət” X1 Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə, Azərbaycan Respublikasının “BC 806589” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı şəhərində yerləşən fərdi yaşayış evində yaşayır. Sürücülük vəsiqəsi alaraq, taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Lakin, sürücülük vəsiqəsinin alınması üçün imtahan verib, sürücülük vəsiqəsi ala bilməmişdir. Bu səbəbdən, atası Hüseyn Ağagülov ona asan yolla sürücülük vəsiqəsini əldə edə biləcəyini demişdir. Belə ki, atası ona 600 manat qarşılığında Rusiya Federasiyasına aid saxta sürücülük vəsiqəsi ala biləcəyini demiş və həmin saxta sürücülük vəsiqəsini sonradan “Asan Xidmət” Mərkəzlərinə təqdim edərək, Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi ilə əvəz edə biləcəyini izah etmişdir. O, atasının dedikləri ilə razılaşmış və həmin məbləği atasına vermişdir. Atası pulu ondan aldıqdan bir ay sonra, Rusiya Federasiyasına aid saxta yolla hazırlanmış sürücülük vəsiqəsini ona təqdim etmişdir. O, həmin sürücülük vəsiqəsi saxta olduğu üçün, əvvəlcə həmin sənəddən istifadə etməyə ehtiyyat etmişdir. Lakin, sonradan həmin sürücülük vəsiqəsini dəyişib, Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi almaq fikrinə düşmüşdür. Bunun üçün, Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinə müraciət edib, orada dövlət rüsumunu ödəyərək, saxta olan sürücülük vəsiqəsini təqdim edib, bir illik istifadə üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsini əldə etmişdir. O, həmin zaman “Asan Xidmət” Mərkəzinin əməkdaşlarına təqdim etdiyi sənədin saxta olmasını bildirməmişdir. Həmin saxta və yeni əldə etdiyi sürücülük vəsiqəsindən istifadə etməmiş və atasının kimin vasitəsi ilə və hansı üsulla həmin saxta sürücülük vəsiqəsini aldığını bilmir. Atası həmin sürücülük vəsiqəsini 2017-ci ildə alıb ona vermiş və həmin zaman onun avtomobili olmamışdır. Həmin dövrdə o, Rusiya Federasiyasında olmamışdır. 2023-cü ilin may ayında isə atası vəfat etmişdir. Yeni sürücülük vəsiqəsi aldıqdan sonra, onu polis idarəsinə dəvət etmişdirlər. Polis idarəsində o, əməlini səmimi etiraf etmiş və yeni aldığı sürücülük vəsiqəsini də, təqdim etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə Şamaxı Regional “ASAN Xidmət” Mərkəzinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətinə müraciət etmiş xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təqdim etdiyi Rusiya Federasiyasına aid ********** seriyalı, A, B, C kateqoriyalı sürücülük vəsiqəsinin həqiqiliyi şübhə doğurduğundan, toplanmış sənədlər araşdırılması üçün həmin idarəyə göndərilmişdir. İş materiallarında olan Yoxlamanın nəticəsi haqqında arayışdan görünür ki, ********** seriyalı, xx.xx.2017-ci il tarixli sürücülük vəsiqəsi haqqında məlumatlar aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1443 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına ********** nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsüulu ilə deyil, printerdə çap edilmiş, Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına ********** nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlum sistemdəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. İş materiallarından görünür ki, Rusiya Federasiyasına aid ********** nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BC 806589 nömrəli sürücülük vəsiqəsi maddi sübut kimi tanınaraq, iş materiallarında saxlanılmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il, xx.xx.2019-cü il və xx.xx.2021-ci il təvəllüdlü uşaqları vardır. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqların olmasını və onun vətən müharibəsi iştirakçısı olmaqla, təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Rusiya Federasiyasına aid ********** nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BC 806589 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla, 3 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Rusiya Federasiyasına aid ********** nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BC 806589 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar