Məhkəmə qərarları › İş №1(074)-39/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-39/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-39/2025 23.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 10 fevral 2004-cü ildə Şamaxı rayonu, Qızmeydan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1ində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 18 aprel 2023-cü il tarixdən hesablanmaqla 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)- 558/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 3(074)- 484/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 19 avqust 2024-cü il, 11 sentyabr 2024-cü il və 15 oktyabr 2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 28 noyabr 2024-cü il tarixinə kimi 3480 manat məbləğində aliment borcunu ödəməyərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini kimi tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2018-ci ildə el adəti ilə ailə həyatı qurmuşlar, 2022-ci ildə evliliklərini rəsmiləşdirmişlər. Evliliklərindən 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra valideynləri ilə birlikdə Şamaxı rayonun Pirbəyli kəndində yaşamışlar. Həmin vaxtlar valideynləri ilə birllikdə fərqli fermalarda təsərrüfat fəaliyyəti ilə məşğul olmuş, yəni çobanlıq etmiş və qazancı kifayət qədər yaxşı olmuşdur. Səbinə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədiklərindən ayrılmaq qərarına gəlmişlər. Bundan sonra Səbinə nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-558/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən ondan 18 aprel 2023-cü il tarixdən hesablanmaqla 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə aliment ödənişləri aparsa da, səhlənkarlıq etdiyindən və maddi imkanı kifayət qədər olmadığından alimenti ödəməmişdir. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 28 noyabr 2024-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 3480 manat təşkil etmişdir. Hazırda valideynləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğuldur. Qobustan rayonu ərazisində yerləşən fermada fərdi əmək və çobanlıq edir. Həmçinin Şamaxı rayonu ərazisində müxtəlif işlərdə fəhləlik edib əlavə qazanc əldə edir. Gündəlik qazancı təxminən 20-30 manat təşkil edir. Daim işlədiyindən Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatda durmamışdır. Yanvar ayında 500 manat aliment borcundan ödəniş etmişdir. Təqdimat verilən gündən sonra aliment borcundan ödənişlər etmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona aliment borcunu tam ödədiyini bildirərək, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, hazırda uşaqları və anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs Şamaxı şəhər sakini kimi tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2018-ci ildə el adəti ilə ailə həyatı qurmuşlar, 2022-ci ildə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Təqsirləndirilən şəxs valideynləri ilə birlkdə Şamaxı rayonun, Pirbəyli kəndində yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs fermalarda fərdi qaydada çobanlıqla məşğul olmuş və yaxşı qazancı olmuşdur. Əvvəllər Məhəbbət ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Məhəbbət tüfeyli həyat tərzi yaşadığından, övladları ilə maraqlanmadığından, dava-dalaş salıb nalayiq sözlərdən istifadə etdiyindən yola gedə bilməmişlər və ayrılmaq qərarına gəlmişlər. Övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-558/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən hesablanmaqla 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs atası fasilələrlə aliment ödəsə də, özünün aliment ödəmək niyyəti olmamışdır. Məhhəbbət Babayevə dəfələrlə aliment ödənilməsi tələb olunsa da, o ödəməyəcəyini, hara gedirsən get şikayət elə deyə bildirmişdir. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 28 noyabr 2024-cü il tarixə ödənməmiş aliment borcu 3480 manat təşkil etmişdir. Məhhəbbət Babayev hazırda yaşadıqları kənddə fərdi əməklə məşğuldur, bundan başqa ailəsinə məxsus xırda və iri buynuzlu heyvanları saxlayaraq kifayət qədər qazanc əldə edir. Lakin, qazancının çox hissəsini spirtli içkilərə və tüfeyli həyatına xərcləyir. Təqsirləndirilən şəxs övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi dayaq durmamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs alimentin ödəməsini tələb etəsə də, hər dəfə ödəməyəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs sonradan hissə-hissə ittiham aktında göstərilən 3480 manat aliment borcunu ödəmişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona aliment borcunun tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadə verib göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-558/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli, icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 aprel 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi 02 oktyabr 2023-cü il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Aliment borcunun ödənildilməsini təmin etmək üçün borclu Təqsirləndirilən şəxs adına hər-hansı daşınar və daşınmaz əmlakın olub-olmamasını müəyyən etməklə bağlı aidiyyəti orqanlara sorğular edilmiş, lakin əmlak aşkar edilməmişdir. Aparılan icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs pasport qeydiyyatında olduğu ünvan 1i ünvanında olmadığı məlum olmuş və bu səbəbdən barəsində müvafiq qərar əsasında Şamaxı rayon Polis şöbəsində axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Şamaxı Rayon Məhkəməsinin 3(074)-484/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarına əsasən o, 10 gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)-15/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq Mərkəzinə müraciət edilməsi təklif olunsada o, həmin təklifdən yayınmış, bu səbəbdən də işlə təmin olunmamışdır. Təqsirləndirilən şəxs 28 noyabr 2024cü il tarixə borcu 3480 manat təşkil etmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs borcunun məcburi ödənilməsi barədə şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə, izahatları alınmasına, onun qüvvədə olan məhkəmə qərarını qərəzli olaraq icra etməməsi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət izah olunmasına baxmayaraq, o borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Şahid Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(074)-558/2023 nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 18 aprel 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb, Zərərçəkmiş şəxs verilməlidir. Şamaxı rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(074)-558/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 28 mart 2022-ci il tarixdə ASAN xidmət mərkəzində bağlanmış, bu barədə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 mart 2022-ci il tarixdə 119 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X3 anası Zərərçəkmiş şəxs himayəsində saxlanılması, Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il təvəllüdlü X1 və 19 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 18 aprel 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 02 oktyabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs tələbin dərhal könüllü icra edilməsi təklif olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 3(074)-484/2023 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 8(074)-15/2024 nömrəli qərardadından görünür ki, 10 fevral 2004-cü il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində anadan olmuş, ünvan 1ində qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şamaxı RİHB-nın Qızmeydan kənd İƏD-si üzrə icra nümayəndəliyi tərəfindən 07 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Qızmeydan kənd İƏD-si üzrə icra nümayəndəliyinə əxlaqa zidd hərəkətləri barədə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 03 mart 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmiş, onunla barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbacan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(074)-558/2023 nömrəli qətnamədən qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə təqsirləndirilir. Azərbacan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin "Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmiş, onunla barışmış, ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən, cinayət işi balana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə cinayət işinin materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 39.1.11 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar