Məhkəmə qərarları › İş №1(074)-4/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-4/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-4/2022 04.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Şamaxı şəhəri, Xaqani küçəsi 14 ünvanında yerləşən evin qarşısında anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində başlanmış münaqişə zamanı üzərində saxladığı, əlamətləri istintaqa məlum olmayan bıçaqla sonuncunun baş nahiyəsindən qəsdən vuraraq ona başın təpə nahiyəsinin yarası ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 17 sentyabr 2021-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanda yerləşən yaşadığı evdə anası Zərərçəkmiş şəxs ilə aralarında özlərinə aid məsələ ilə bağlı mübahisə olmuş, həmin mübahisə vaxtı o, anası Zərərçəkmiş şəxs ilə mübahisə etsə də, həmin mübahisə zamanı o, anası Zərərçəkmiş şəxs vurmamışdır. Sadəcə anası ilə aralarında sözlə mübahisə olmuşdur, həmin mübahisədə dalaşma baş verməmişdir. Lakin ikinci mübahisə həmin gün, yəni 17 sentyabr 2021-ci il tarixdə saat 12:50 radələrində yaşadıqları Şamaxı şəhəri, Xaqani küçəsi 14 ünvanında yerləşən evin qarşısında baş vermişdir, həmin mübahisə vaxtı o, anası Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Mübahisə zamanı anası ilə bir qədər höcətləşdikdən sonra o, əsəbiləşib anası Zərərçəkmiş şəxs baş nahiyəsindən zərbə vurmuşdur. Hadisə vaxtı özünün əlində həmin vaxtı bıçaq və digər əşya olmamışdır. O, hadisə vaxtı anası Zərərçəkmiş şəxs bıçaqla vurmamışdır, bıçaqla anasına xəsarət yetirməmişdir. Ancaq həmin vaxtı o, əli ilə anası Zərərçəkmiş şəxs vurmuşdur. Həmin mübahisələr vaxtı yanlarında heç kim olmamışdır. Ətrafda isə kiminsə olmasını görməmişdir. Təqsirləndirilən şəxs ərizə təqdim edərək, etdiyi əmələ görə çox peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, oğlu Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin təxminən dörd-beş ildir ki, münasibətləri pozulmuşdur. Belə ki, oğlu Təqsirləndirilən şəxs bir neçə dəfə onu, mərhum atası İsa Əmirovu döymüş, bununla bağlı bir neçə dəfə mərhum əri İsa Əmirov ilə birlikdə Şamaxı rayon polis şöbəsinə müraciət etmişlər. Təqsirləndirilən şəxs düzgün həyat tərzi keçirmir, belə ki, mütəmadi olaraq oğlu Təqsirləndirilən şəxs ondan pul istəyir, pul olmadığını dedikdə, oğlu Təqsirləndirilən şəxs onu evdən qovur, onu hədələyir, onu təhqir edir. Sonuncu dəfə 17 sentyabr 2021-ci il tarixdə saat 09:00 radələrində qonşudan evinin həyətinə daxil olub, ev işləri görüb, təmizləməyə başlamışdır. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs yaşadıqları evdə qaldığı otaqdan həyətə çıxaraq onun yanına gəlib, onu təhqir etməyə başlamışdır. Daha sonra isə sol qolundan yapışaraq, sürüyüb küçəyə çıxarmaq istəmiş, lakin o, oğlu Təqsirləndirilən şəxs heç yerə getməyəcəyini demişdir. Bundan sonra oğlu Təqsirləndirilən şəxs əgər evdən çıxmasa evi yandaracağı ilə onu hədələmişdir. Buna görə də məcbur olub evdən çıxmışdır. Bir neçə dəfə evə girmək istəmiş, lakin oğlu Təqsirləndirilən şəxs onu təhqir edib, evə buraxmamışdır. Buna görə də məcbur qalıb, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. Oğlu Təqsirləndirilən şəxs polislərin gəldiyini görüb, qaçaraq naməlum istiqamətə getmişdir. Daha sonra o, hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, bununla bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizasında tibbi müayinədən keçib, Şamaxı RPŞ-də izahat vermiş və evinə tərəf qayıtmışdır. 17 sentyabr 2021-ci il tarixdə saat 12:50 radələrində o, qonşuları X1 evinə tərəf getmişdir. Həmin evin qarşısına çatıb, küçə qapısını döymüşdür. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs üzərinə gəldiyini görmüş, oğlu Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək onu öldürəcəyini deyib, əlindəki bıçaqla baş nahiyəsinə vurub ona xəsarət yetirmiş, oğlu Təqsirləndirilən şəxs əlindəki bıçağı yenidən baş nahiyəsinə vumaq istəyəndə, həmin vaxt küçədən keçən üç nəfər tanımadığı şəxslər Amidi tutub ona yenidən xəsarət yetirməsinə imkan verməmişlər. O, dərhal digər qonşusu Nürəngiz Bəbirovanın evinin həyətinə daxil olmuşdur. Həyətə girdikdən dərhal sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, daha sonra təcili tibbi yardıma zəng edib məlumat vermişdir. Oğlu Təqsirləndirilən şəxs isə hara getdiyini və bıçağı da hara atmasını bilməmiş, lakin əmin olmuşdur ki, ona xəsarət yetirdiyinə görə oğlu Təqsirləndirilən şəxs barəsində şikayət edəcəyini bilib harasa qaçıb getmişdir. O, təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon mərkəzi xəstəxanasına getmiş, orada həkimlər xəsarət almış nahiyəsinə tikiş vurub, ambulator müalicə üçün evə buraxmışlar. Bundan sonra o, bu hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, bununla bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizasında tibbi müayinədən keçib, Şamaxı RPŞ-də izahat vermişdir. Bildirmişdir ki, o, bu hadisədən sonra artıq evinə getməyə qorxmuşdur. Oğlu Təqsirləndirilən şəxs onu öldürmək üçün izləyir, hadisədən sonra oğlu Təqsirləndirilən şəxs harasa qaçıb getmişdir, lakin onun ona qarşı hər hansı bir qanunsuz hərəkətlərini davam etdirəcəyindən qorxmuşdur. Birinci hadisə 17 sentyabr 2021-ci il tarixdə, saat 09:00 radələrində yaşadıqları evin həyətində baş vermişdir, həmin vaxtı kimsə olmamışdır, həmin hadisə 3-5 dəqiqə ərzində davam etmişdir. İkinci hadisə isə 17 sentyabr 2021-ci il tarixdə, saat 12:50 radələrində qonşuları X1 evinin küçə qapısının yanında baş vermişdir, həmin vaxtı küçədən keçən 3 nəfər tanımadığı şəxs Amidi tutub ondan aralaşdırmışlar, lakin, o, həmin şəxsləri tanımamış, ikinci hadisə də 3-5 dəqiqə ərzində davam etmişdir. Həmin hadisə vaxtı Amidin onun başına bıçaqla xəsarət yetirməsindən sonra həmin şəxslər gəlib Amidi ondan aralaşdırmışlar, həmin vaxtı o, başından bıçaq xəsarəti aldığından üzü, gözü qan içində olmuş, buna görə də həmin 3 nəfər şəxsin hansı əlamətlərdə olmasına fikir verə bilməmişdir. Buna görə də, bu barədə heç nə deyə bilmir. Həmin iki hadisə zamanı o, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, oğlu Təqsirləndirilən şəxs döyməmiş, ümumiyyətlə o, oğlu Təqsirləndirilən şəxs heç nə etməmişdir. Hadisələr vaxtı o, ancaq özünü oğlu Təqsirləndirilən şəxs müdafiə etmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, 17 sentyabr 2021-ci il tarixdə saat 12:50 radələrində baş vermiş hadisə zamanı oğlu Təqsirləndirilən şəxs anidən bıçaqla onu vurduğundan, o oğlunun əlindəki bıçağın əlamətlərini görə bilməmişdir, hadisə vaxtı Amid onu bıçaqla vurduğundan həyəcanlı olduğuna görə Amidin əlindəki bıçağın əlamətlərini və necə olmasını görə bilməmişdir. Həmin vaxtı yoldan keçən 3 nəfər şəxs Amidi ondan aralaşdırmışlar, həmin şəxsləri o, tanımamışdır, ilk dəfə həmin şəxsləri görmüşdür. Eyni zamanda ətrafda da hadisə vaxtı kimsə hadisəni görməmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır, Təqsirləndirilən şəxs isə doğma nəvəsidir. Hər ikisi ilə münasibəti yaxşı olmuşdur. 0, 83 yaşlı qoca qadın olmaqla xəstəliyinə görə evdə yataq şəraitində qalır, yeriməkdə çətinlik çəkdiyinə görə həyətə və küçəyə çıxa bilmir. 17 sentyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində yaşadıqları evin içərisində öz otağında olarkən həyətdə səs-küy eşitmiş, az sonra bilmişdir ki, qızı Zərərçəkmiş şəxs nəvəsi Təqsirləndirilən şəxs döymüş və hədələmişdir, qızı Zərərçəkmiş şəxs da bu barədə polisə müraciət etmişdir. Həmin gün saat 12 radələrində qızı Zərərçəkmiş şəxs polisə müraciət edib evə tərəf qayıtmışdır. Həmin vaxtı o, yenə də küçədə səs eşitmiş və sonradan müəyyən etmişdir ki, nəvəsi Təqsirləndirilən şəxs yenə də onun qızı Zərərçəkmiş şəxs küçədə döymüş və Solmazın deməsinə görə Təqsirləndirilən şəxs onu bıçaqla başından vurub xəsarət yetirmişdir və üç nəfər tanımadığı şəxslər onları aralaşdırmışdır. Buna görə də, qızı Zərərçəkmiş şəxs polisə Təqsirləndirilən şəxs barəsində yenidən şikayət etmişdir. Təqsirləndirilən şəxs isə harasa qaçıb getmişdir. O, özü isə bu hadisələrin hər ikisi zamanı evin içərisində olmaqla sadəcə səs-küyü eşitmişdir. Hadisələrin şahidi olmamışdır və hadisələrin hansı şəraitdə baş verməsini, Təqsirləndirilən şəxs konkret olaraq Zərərçəkmiş şəxs necə xəsarət yetirməsini görməmişdir. Zərərçəkmiş şəxs özü ona demişdir ki, Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 18.09.2021-ci il tarixli 370 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – başın təpə nahiyəsinin yarası deşici-kəsici alət təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 17.09.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 oktyabr 2021ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 oktyabr 2021-ci il tarixli 3217 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlanları 21 mart 2007-ci il təvəllüdlü X5, 11 iyun 2008-ci il təvəllüdlü X4 və 28 noyabr 2009-cu il təvəllüdlü X3 ilə Şamaxı rayonu, Xaqani küçəsi 14 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 1(074)-4/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 28-ci hissəsinə əsasən, müdafiə tərəfinin yazılı razılığı olduğundan, cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 14-cü hissəsində göstərilir ki, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 28-ci hissəsində göstərilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pul fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar