Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-4/2024 28.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və Şamaxı şəhəri, 48 A məhəlləsi ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 17 sentyabr 2022-ci il tarixdə, saat 17:20 radələrində Şamaxı şəhəri, 48 A məhəlləsində, fərdi yaşayış evlərinin əhatəsində, ictimai yer hesab olunan küçədə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq, təxminən 15 dəqiqədən artıq müddət ərzində səs-küy yaratmaqla, Zərərçəkmiş şəxs1 və onun ətrafında olan şəxslərin ünvanına ucadan yüksək səslə nəlayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs2 sinə nahiyəsindən tutaraq, yerə yıxıb bədəninin müxtəlif nahiyələrindən vurmaqla, ona boynun sol tərəfinin sıyrıqları, bədənin bəzi nahiyyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin olunmayan xəsarətlər yetirdikdən sonra, qərəzli hərəkətlərini davam etdirib, əlində olan silah qismində istifadə etdiyi, uzunluğu 50 (əlli) sm, diametri 06 (altı) sm olan ağac parçası ilə Zərərçəkmiş şəxs1 vurub, ona hər iki əllərin arxa səthlərinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin olunmayan xəsarətlər yetirdikdən sonra, qərəzli hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs3 onun üzərinə gəldiyini görüb, əlindəki silah qismində istifadə etdiyi həmin ağac parçası ilə sonuncunun sol qol nahiyəsindən vuraraq, ona sol saidin ön səthinin sıyrıntıları və qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin olunmayan xəsarət yetirdikdən sonra, qərəzli hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs4 hadisə yerinə gəlməsini görüb, əlindəki silah qismində istifadə etdiyi həmin ağac parçası ilə sonuncunu vurub yerə yıxdıqdan sonra, həmin ağac parçası ilə onu vurmağa davam edərək, hər iki göz altı nahiyyələrin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə, silah qismində istifadə olunan əşyadan istifadə edib, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında böyük oğlu Asif onun mobil telefonuna zəng edərək bildirmişdir ki, Adəm adlı şəxs öz uşaqlarına onun kiçik oğlu Muradı döydürmüşdür. Həmin gün axşam saatlarında o, evinə getmiş və evə çatan zaman oğlu Asifə zəng edərək, onu Təvəkgül adlı şəxsin mağazasının yanına çağırtdırmışdır. Oğlu gəldikdən sonra, o, Təvəkgül adlı şəxsi oraya çağırmışdır. Həmin vaxt Təvəkgül, Adəm və digər tanımadığı iki nəfər şəxs ilə birlikdə oraya gəlmişdir. O, həmin şəxslərdən uşağını nə üçün döymələrini soruşduqda, Adəm onun sinəsindən itələmiş və getməsini tələb etmişdir. Adəmin atası Təvəkgül isə, onu tutduğundan, Adəm onu vurmağa başlamışdır. Həmin vaxt onlar tərəfdən Bahadur, iki nəfər onun oğlu və Cəmil adlı şəxs oraya gələrək, əllərində olan ağac parçaları və daş ilə onu vuraraq, xəsarət yetirməyə başlamışlar. Onlar onu döyən zaman, qonşular səs-küyə küçəyə çıxaraq, onu həmin şəxslərin əlindən almış və bu zaman həmin yerə polis əməkdaşları gəlmişdir. Daha sonra, onları Şamaxı Rayon Polis Şöbəsinə aparmışdırlar. Hadisə zamanı o, sağ və sol qollarından, həmçinin sağ diz nahiyyəsindən xəsarət almışdır. O, şəxsən kiməsə xəsarət yetirməmiş, sadəcə olaraq, hadisə zamanı, o, üzərinə gələn şəxsləri itələmişdir. Polis şöbəsində ona təqdim olunmuş taxta parçası hadisə zamanı onun əlində olmamış və o, ümumiyyətlə hadisə zamanı taxta parçasından istifadə etməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında evdə olan zaman, ona dedilər ki, nəvələri küçədə uşaqlar ilə savaşmışdırlar. O da, nəvələrini çağırıb, nəyə görə savaşdıqlarını soruşduqda, məlum olmuşdur ki, Akif adlı şəxsin uşaqları onların üzərinə su tökmüşdür. Bu səbəbdən də o, evdən çıxdıqda, Akifin uşaqları ilə birlikdə küçədə olduğunu görmüşdür. O, Akif ilə söhbət edən zaman, mübahisə baş vermiş və həmin vaxt Akif onun nəvəsi Cəmilin yaxasından yapışaraq, qalxızıb yerə vurmuşdur. O da, bunu görüb, Akifi itələmişdir. Həmin vaxt Akifin uşaqları əllərində daş ilə onları daşlamağa başlamışdır. Daha sonra, Akif onun həyat yoldaşının sağ bilək nahiyyəsinə vuraraq, xəsarət yetirmişdir. O, Akifi sakitləşdirmək istəyən zaman, Akif onun əllərinin üstündən vuraraq, ona xəsarət yetirmişdir. Bundan sonra, o, əsəbləşərək, yumruq və təpiklə Akifi vurmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları oraya gəlmiş və onları sakitləşdirib, Şamaxı Rayon Polis Şöbəsinə aparmışdır. Hadisə yerində adam çox olduğundan o, dəqiq olaraq orada onları kimin vurmasını bilmir. Çünki səs-küyə ətrafda olan qonşular və digər şəxslər toplaşmışdır. Hazırda isə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxslə barışdığını və həmin şəxsə qarşı şikayətinin olmamasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında eşitmişdir ki, qonşuluqda yaşayan Akifin oğlu Murad və Akifin baldızı oğlu Eltac onun qardaşı Emili döyüblər. Buna görə də, o, Murad və Eltaca iradını bildirmişdir. Həmin gün axşam saatlarında Akif və oğlu Asif onun qaldığı babasının evinin qarşısına gəlmişdirlər. Həmin vaxt babası Təvəkgül də yanında olmuşdur. Akif onun yanına çatan kimi, yaxasından yapışıb onu yerə yıxmışdır. Buna görə, babası Təvəkgül Akifi kənara itələmişdir. Həmin vaxt Akifin qohumları hadisə yerinə gəlib, onlara daş atmağa başlamışdırlar. Səs-küyə qonşular toplaşmış, daha sonra polis əməkdaşları da gəlmişdir. Hazırda isə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxslə barışdığını və həmin şəxsə qarşı şikayətinin olmamasını nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi X2 məhkəməyə ünvanladıqları müraciətlərində, təqsirləndirilən Təqsirləndirilən şəxslə barışdıqlarını, həmin şəxsə qarşı heç bir tələb və şikayətlərinin olmamasını göstərmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə atası Şəmsi və iş yoldaşı Pünhan ilə birlikdə Şamaxı şəhərinə gələn zaman, avtovağzal dairəsi yaxınlığında qardaşının avtomobilinin küçədə dayandığını və ətrafda çoxlu sayda insanların toplaşdığını görmüşdür. İlk əvvəl yol-nəqliyyat hadisəsinin baş verməsini zənn edib, dərhal avtomobildən enmiş və həmin istiqamətə atası ilə birlikdə getmişdir. Oraya çatan zaman, qardaşı, Adəm, Bahadur, Təvəkgül və digər şəxslərin bir-biri ilə dava etdiyini görmüşdür. Həmin vaxtı Bahadurun əlində taxta parçası olmuş və qardaşının qol nahiyyəsinə vururmuş, Adəm isə kənardan dayanıb qardaşına daş atırmış. Onlar dərhal həmin şəxsləri sakitləşdirməyə başlamış, həmin vaxt polis əməkdaşları da oraya gəlmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atası, Təqsirləndirilən şəxs isə onun qonşusudur. xx.xx.2022-cu il tarixdə o, eşitmişdir ki, Şamaxı şəhəri, 48A məhəlləsində onların evinin qarşısında atası və Akif adlı şəxsin arasında mübahisə baş vermişdir. Sonradan ona məlum olmuşdur ki, Akif onların evinin qarşısına gələrək, uşaqların dalaşdığını bildirdikdən sonra, nəlayiq ifadələr işlətdiyindən, atası və Akifin arasında mübahisə yaranmış və mübahisə zamanı, Akif onun atasını və onun ailə üzvlərini vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq etməsi ittihamı verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarındakı sübutlarla təqsirləndirilən şəxs tərəfindən sözügedən əşya olan taxta parçasının xuliqanlıq niyyəti ilə tətbiq edilməsi, onun həmin əşyadan silah qismində istifadə etmək və zərərçəkmiş şəxslərə qarşı həmin əşyanın məhvetmə xüsusiyyətlərindən istifadə etmək niyyətinin olması müəyyən olunmamışdır. Həmçinin, zərərçəkmiş şəxslərin aldığı xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən taxta parçasının məhvetmə xüsusiyyətlərindən xuliqanlıq niyyəti ilə istifadə etməsi nəticəsində əmələ gəlməsi, həmin əşyanın tətbiq edilməsi ilə zərərçəkmiş şəxslərin həyat və sağlamlığı üçün real təhlükə yaranması arasında səbəbli əlaqə aşkar edilməmişdir. Eyni zamanda, ittiham tərəfi həqiqətən Təqsirləndirilən şəxs taxta parçasından silah qismində istifadə etməklə, xuliqanlıq cinayətinin törətməsini təsdiq edən, bu ehtimalları aradan qaldıran mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi isə ehtimal əsasında şəxsin təqsirli bilinməsini qadağan edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlər zəminində məhkəmə hesab edir ki, verilən ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirli olmasında əsaslı şübhələr yaranır ki, ittiham tərəfi də, bu şübhələri mötəbər sübutlarla aradan qaldıra bilməmişdir. Belə olan halda, qanuna görə ittiham tərəfindən aradan qaldırılmayan bu şübhələr hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublkası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də, onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 351.3.1, 351.3.2, 351.3.3 və 351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tətbiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, sübuta yetirilmiş hesab edilə bilər. Göründüyü kimi, iş materialları ilə sözügedən əşyadan silah qismində istifadə olunan əşya kimi zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurulması və habelə onların həyat və sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunması sübut olunmamışdır. Məhkəmə hesab edir ki, mötəbər və birmənalı şəkildə ittiham olunduğu əməldə təqsirli olmasına dəlalət edən sübutlar olmadığından, verilən ittihama görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi nəticəsinə gəlinməsi qeyri-mümkündür. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsi cinayətinin, yəni Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən daha yüngül cinayət əməli olan Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 482 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - hər iki əlin arxa səthlərinin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 483 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər - sol saidin ön səthinin sıyrıntıları və qançırı küt əşya təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından, dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 484 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarələr boynun sol tərəfində sıyrıqları, bədənin bəzi nahiyyələrinin sıyrıqları küt əşya təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 485 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlər - hər iki gözaltı nahiyyələrin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, 1 ədəd taxta parçası cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı Rayon Polis X4 Yerindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il və xx.xx.2021-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-4/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-4/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver