Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-40/2023 24.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 26 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 122-ci kilometirliyində, yolun sağ tərəfində yerləşən “Şamaxı” restoranının yaxınlığında sахlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin tarixdə saat 21:10-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana bükülmüş bir ədəd bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,251 (beş tam mində iki yüz əlli bir) qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin oktyabr ayının sonlarında o, yaşadığı Sabirabad rayonu Ulacalı kəndi ərazisində çaydan balıq tuturmuş, həmin vaxt yerdə bir ədəd sellofana bükülu büküm tapmış, həmin büküm ona maraqlı gəldiyi üçün sellofana bükülü bükümü götürüb açaraq içərisinə baxdıqda, içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüş, daha sonra narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün bükümü cibinə qoymuş, lakin sonra düşünmüşdür ki, narkotik vasitədən kiminsə məlumatı olar və bu səbəbdən içərisində narkotik vasitə olan sellofanı balıq tutduğu yerdə gizlətmiş, 25 yanvar 2023-cü il tarixdə axşam saatlarında içərisində narkotik vasitə, qurudulmuş marixuana olan həmin sellofanı o, gizlətdiyi yerdən götürərək əynindəki boz rəngli gödəkcənin sol cibinə qoymuş və cibində 26 yanvar 2023-cü il tarixə kimi saxlamış, həmin günü Şamaxıya gedən yol maşınına əyləşmiş və saat 20:00 radələrində Şamaxı şəhərində yerləşən Şamaxı restoranın yaxınlığında taksidən düşərək ayaq yoluna getmiş, bir neçə dəqiqə sonra geri qayıdan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər və polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər, üzərinə baxış keçirərkən onun əynindəki boz rəngli gödəkçənin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd ağ rəngli selofana bükülmüş büküm, sağ yan cibindən isə bir ədəd LD siqareti və alışqan aşkar olunmuş, polis əməldaşları həmin bir ədəd ağ rəngli selofanı açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, onun və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə, qurudulmuş marixuana olan, bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişilər, bununla əlaqədar protokol tərtib edilmişdir. O, bu qurudulmuş marixuananı yalnız istifadə etmək üçün üzərimdə gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailəli olmaqla himayəsində üç övladı olmasını və Sabirabad, İmişli və Saatlı rayonları ərazilərində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinə yeganə qazanc gətirən olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 26 yanvar 2023-cü il tarixdə Sabirabad rayonu Ulacalı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən 26 yanvar 2023-cü il tarixdə gecə saat 20 radələrində o, Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən “Şamaxı” restoranının yaxınlığında, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün sonuncunu Şamaxı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmiş, RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd ağ rəngli selofana bükülmüş büküm aşkar edilmiş və həmin büküm açıldıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd ağ rəngli selofana bükülmüş büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş büküm aşkar olunmuş, həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofana bükülmüş bükümdəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 7/118 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,251 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5,251 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 5,201 qramdır. Aparılmış tədqiqatın dəyəri 78 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli, 7/259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X2, X6 və Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana öz tərkiblərinə görə fərqlənirlər. Marixuananın təmiz çəkisi 5,201 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 5,151 qramdır. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 19 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 5,151 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğundan iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 911 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16 mart 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Sabirabad RİHB-nın Ulacalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, kəndin bütün ictimai işlərində həmişə fəal iştirak etməklə bütün kənd sakinlərinin rəğbətini qazanmışdır. O, kəndin bütün xeyir, şər işlərində də həmişə fəal iştirakı ilə qonşuların hörmətini qazanmışdır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Sabirabad RİHB-nın Ulacalı kənd İƏD üzrə nümayəndəliyinin 10 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı-X3 xx.xx.1986-cı il, qızı-X4 xx.xx.2007-ci il, qızı-X7 xx.xx.2009-cu il və oğlu-X5 xx.xx.2011-ci il təvəllüdlü ibarət ailə üzvləri vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və Sabirabad, Saatlı və İmişli rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, ekspertiza tədqiqatının dəyəri – 78,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 5,151 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və Sabirabad, Saatlı və İmişli rayonlarının ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 78,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 5,151 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-40/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-40/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver