Məhkəmə qərarları › İş №1(074)-42/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-42/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-42/2021 19.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1999-cu ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan və Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 25 dekabr 2020-ci il tarixdə saat 07 radələrində Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olan transformatoru elektrik enerjisi ilə qidalandıran sonuncunun şəxsi vəsaiti hesabına çəkilməklə dövlət və ictimai əhəmiyyət daşımayan, kəskin hava şəraiti ilə əlaqədar qırılıb yerə tökülmüş hər metrinin qiyməti 0,30 (otuz qəpik) manat olmaqla 2100 (iki min yüz) metr uzunluğunda elektrik naqillərini oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 630 (altı yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 25 dekabr 2020-ci il tarixində səhər saat 07 radələrində qar yağdığı üçün qarda şəkillər çəkmək məqsədi ilə Şamaxı rayon Nağaraxana kəndi ərazisinə getmiş və orada bir neçə şəkil çəkdirərək geri qayıtmaq istəyərkən yolun kənarında qırılmış məftillər görərək dayanmış, ətrafa, eyni zamanda həmin evə nəzər salarkən heç kəsin olmadığını müəyyən etmişdir. Daha sonra həmin naqillərin qırıq vəziyyətdə olmasını və eyni zmanda elektrik enerjisinin gəlməməsini görmüşdür. Bundan sonra həmin naqilləri yumaq formasında topalayıb evin qarşısına yığaraq yola yaxınlaşmış və yoldan keçən taksilərdən birinə əl edib saxlatdıraraq evinin naqilləri olmasını bildirmiş, 10 manat pul müqabilində naqilləri taksinin yük yerinə yığaraq Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən evi ilə qonşuluqda olan boş evə yığmışdır. Bir neçə gündən sonra məhəllədə metal alan maşına sataraq 126 manat pul əldə etmişdir. Elektrik naqillərini yoldan keçən “Jiquli” markalı taksi ilə gətirmiş və həmin avtomobilin dəqiq modelini və dövlət qeydiyyat nişanını bilməmiş, sürücüsünü tanımamışdır. Əvvəllər heç bir oğurluq cinayəti törətməmiş, cinayəti tək törətmiş, yanında heç kim olmamış, ona heç kim köməklik etməmişdir. Hadisə 25 dekabr 2020-ci il tarixdə saat 07 radələrində Şamaxı rayon Nağaraxana kəndi ərazisində baş vermişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən fərdi yaşayış evində daimi yaşamasa da, mütəmadi olaraq gedib evinə nəzarət etmişdir. Sonuncu dəfə 10 dekabr 2020-ci il tarixdə baş verən sərt hava şəraiti ilə bağlı rayonun Nağaraxana kəndində yerləşən evinə baxmaq üçün getdikdə evin elektrik naqillərinin qırıldığını görüb ustalara məlumat vermiş və hava şəraiti düzəldikdən sonra bərpa etdirmək fikrində olmuşdur. 02 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində Nağaraxana kəndində yerləşən evinə və həyətyanı sahəsinə baxıb geri qayıdan zaman, naqillərin haradan qırıldığını görmək üçün evə gələn işıq dirəkləri tərəfə baxmış və xətlərin yerində olmamasını görüb, işıq naqillərinin oğurlandığını müəyyən etmişdir. Daha sonra elektrik naqillərinin oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları həmin ünvana gəlib hadisə yerinə baxış keçirdərək fotoşəkillər çəkmişlər. Oğurlanmış elektrik kabellərini 20 ilə yaxın müddətdir ki, istifadə etmiş, köhnələrək qırılmaları ilə əlaqədar mütəmadi həmin naqilləri düzəltdirmişdir. Elektrik dirəyinin başlanğıcından transformatora qədər olan məsafə 700 metr olmuş, dirəkdən transformatora üç ədəd aliminium naqil getmiş, hər bir naqilin uzunluğu 700 metr olmaqla ümumilikdə 2100 metr aliminium naqili oğurlanmışdır. Oğurlanmış naqillərin təzəsinin hər bir metrinin qiyməti 1 manat olmuş, lakin oğurlanmış 2100 metr naqilin isə hər bir metrinin maksimum qiyməti 30 qəpik civarında olmuş, həmin naqillərin köhnəlmiş və 20 ilə yaxın müddətdir ki, işlənmişdir. Oğurlanmış 2100 metr uzunluğundakı aliminium materialdan olan naqillərin bir tərəfi qırılmış digər tərəfi isə işıq dayağından aslı vəziyyətdə olmuşdur. Oğurluq olan tarixdə elektrik naqilləri işlək olmamış, həmin evə elektrik enerjisi getməmiş, eyni zamanda həmin naqillər qırıq olmuşdur. Oğurlanmış elektrik naqillərin öz keyfiyyətini itirmiş, eyni zamanda həmin elektrik naqillərinin bağlandığı dirəklərdən biri də aşmışdır. Oğurlanmış olan 2100 metr elektrik naqilinin hər bir metrinin qiyməti 30 qəpik olduğu üçün ona dəymiş ziyan 630 manat dəyərində hesablanmışdır. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib göstərdi ki, Şamaxı rayonu Nağaraxana kəndinin sahə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinə gələn elektrik naqillərinin oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, Şamaxı RPŞ-nin polis sahə rəisi Şahid2la birlikdə həmin oğurluq olan rayonun Nağaraxana kəndinə getmiş, ərazidə bir sira əməliyyat axtarış tədbirləri keçirmiş və müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinə gələn elektrik naqillərini Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan sonra o, Şamaxı RPŞ-nin polis sahə rəisi Şahid2la birlikdə Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşadığını müəyyən etmiş, həmin şəxsi rayon polis şöbəsinə gətirmişdir. Zərərçəkmiş şəxs Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinə gələn elektrik naqillərini oğurlamaqda şübhəli olan Təqsirləndirilən şəxs ilə fərdi söhbətlər etmiş, eyni zamanda o, Təqsirləndirilən şəxs oğurladığı elektrik naqillərini təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs isə bildirmişdir ki, həmin elektrik naqillərini tanımadığı metal qəbul edən şəxsə satmışdır. O, Şamaxı RPŞ-nin polis sahə rəisi Şahid2la birlikdə oğurlanmış elektrik naqillərininin yerinin müəyyən olunması üçün bir sıra tədbirlər keçirsə də yerini və elektrik naqillərini kimin almasını müəyyən edə bilməmişdir. Zərərçəkmiş şəxs Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinə gələn elektrik naqillərini oğurlamış Təqsirləndirilən şəxs heç kim kömək etməmiş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs tək halda törətdiyi müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs oğurladığı elektrik naqillərini kimə satması barədə məlumat əldə etməmiş, Təqsirləndirilən şəxs elektrik naqillərini 126 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı X5 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X10 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini təqdim edib oğurluq olan yeri göstərərək bildirimişdir ki, 10 dekabr 2020-ci il tarixdən 02 yanvar 2021-ci il tarixədək olan müddət ərzində evinə gələn və ona məxsus 2100 metr elektrik naqilləri oğurlanmışdır. Baxış zamanı hadisə yerində oğurlanmış naqillərdən 1 metr uğunluğunda olan hissəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, başqa əşya və predmet götürülməmişdir. “Şübhəli şəxsin tutması haqqında” 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə saat 18:55 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 25.01.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Tikinti materiallarının qiymətləndirilməsi haqqında “Nihad” İstesalat Kommersiya firması tərəfindən verilmiş 30 yanvar 2021-ci il tarixli mütəxəssis rəyindən götünür ki, təqdim olunmuş aliminum materialdan olan kabelin hər bir metrinin qiyməti 0,30 (otuz qəpik) AZN, ümumilikdə oğurlanmış 2100 metr elektrik naqilinin qiyməti 630 (altı yüz otuz) AZN dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 X6 Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi çəxsin 12 fevral 2021-ci il tarixli 96 nömrəli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Poliklinika şöbəsinin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 12 fevral 2021-ci il tarixli 152 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, kənddə yaşadığı müddətdə özünü ictimayiyyət arasında yaxşı aparmış, normal xasiyyətə malik olmuşdur. Kəndin ictimai işlərində fəal iştirak etmişdir. Kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malik olmuşdur. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsi barədə 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində açıq talama, yəni soyğunçuluq cinayətinin və həmin cinayətə cəhdin əlamətləri müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd eidlmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının göndərişindən görünür ki, Təqsirləndirilən şəxs Faiq oğlu 19 dekabr 2016-cı ildə xroniki burusellozun kəskinləşməsi sağ tərəfli orxid dioqnozu ilə müalicələr almışdır. 1 saylı Ruhi-əsəb xəstəxanasının 16 noyabr 2017-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətin isterik tipli pozuntusu dioqnizu ilə müalicə olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə özgə əmlakını gizli olaraq talayaraq oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs Faiq oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsiilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinənşəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi vəhəm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növülərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə tərbiyələdirmə habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 11.01.2021-ci il tarixdən- 13.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün bərabər tutulmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza saxlanımalı, cəza çəkmə müddətinin başanğcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanımalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdən 13.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar