Məhkəmə qərarları › İş №1(074)-42/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-42/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-42/2024 08.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat, içərisində 14 ədəd patron olan 1 ədəd darağı əldə edib saxlamış və daşımış, 05 yanvar 2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, H.Məmmədov küçəsi, ev 13-də yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evinin həyətindəki hamamın üstündən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AKM” modelli odlu yivli silah olan avtomat, 14 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan patronlar, zavod üsulu ilə istehsal olunmuş içərisində 30 (otuz) ədəd 7,63x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən beş il öncə yaşadığı Şamaxı şəhəri, H.Məmmədov küçəsi, ev 13-də yerləşən evin yaxınlığında zibil tullantıları atılmış dərədə, yerdə üzərində polietilen paketə bükülmüş büküm görmüşdür. Həmin bükümün içərisində nəsə olduğunu düşündüyü üçün həmin paketi götürüb açmış və içərisinə baxdıqda bir ədəd, nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat və içərisində 14 ədəd patron olan 1 ədəd daraq görüb avtomatı və içərisində 14 (on dörd) ədəd patron olan bir ədəd darağı Şamaxı şəhəri, H.Məmmədov küçəsi, ev 13-də yerləşən evinə aparmış və evinin həyətində olan hamamın üstündə saxlamışdır. Həmin vaxtdan 05 yanvar 2024-cü il tarixə kimi olan müddətdə həmin yerdə saxlamışdır. 05 yanvar 2024-cü il tarixdə, saat 11:30 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Azercell” satış mərkəzinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu, bununla bağlı yaşadığı evə baxış keçirməli olduqlarını deyib, yaşadığı evdə odlu silah olub-olmamasını soruşmuşlar. Həmin vaxt o, polis əməkdaşlarına yaşadığı evdə odlu silah saxlamağını etiraf edib, evə baxış keçirilməsinə icazə verib odlu silahı, içərisində 14 (on dörd) ədəd patron olan darağı gizlətdiyi yeri göstərmişdir. Baxış zamanı Şamaxı şəhəri, H.Məmmədov küçəsi, ev 13-də yerləşən evinin həyətində yerləşən hamamın üstündən bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 (on dörd) ədəd patron olan 1 ədəd daraq aşkar olunmuşdur. Onların iştirakları ilə həmin bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 (on dörd) ədəd patron olan 1 ədəd daraq polis əməkdaşları tərəfindən polietilen torbaya qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin polietilen torbanı və protokolu o, və baxışda iştirak edən digər polis əməkdaşları imzalamışlar. Daha sonra polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir, polis şöbəsinin inzibati binasında olan zaman üzərində odlu silah gəzdirmək ehtimalı olduğundan vəkilinin, onun və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı odlu silah aşkar olunmamış və bununla bağlı protokol tərtib olunmuşdur. Həmin protokolu o, vəkil və baxışda iştirak edən digər polis əməkdaşları imzalamışlar. Yaşadığı evdə gizlətdiyi bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 ədəd patron olan 1 ədəd daraqı saxlamaqda heç bir məqsədi olmamışdır, odlu silahların satışı ilə məşqul olmur. Bu barədə heç kimin heç bir məlumatı olmamışdır. Ailə üzvlərindən heç kimin “Kalaşnikov” markalı avtomat, içərisində 14 ədəd patron olan 1 ədəd darağı tapmağı barədə heç bir məlumatı olmamışdır. O, həmin silahı tapdıqdan sonra evin həyətində gizlətmiş, bu müddət ərzində həmin silahdan istifadə etməmiş və yerini dəyişməmişdir. O, silahı və patronları polisə təhvil vermək istəmiş, ancaq vaxt edib təhvil verə bilməmişdir. Özünü qismən təqsirli, yəni silahı əldə etməkdə və saxlamaqda təqsirli bilmiş, həmin silahı heç vaxt daşımamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirdi ki, 05 yanvar 2024-cü il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə, özünün isə Şamaxı rayonu ərazisində yerləşən “Azercell” satış mərkəzi yaxınlığında olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 05 yanvar 2024-cü il tarixdə, saat 11:30 radələrində Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə birlikdə Şamaxı rayonu ərazisində yerləşən “Azercell” satış mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edib üzərində odlu silahın olub-olmamasını və ya yaşadığı evdə odlu silah saxlayıb saxlamadığını ondan soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində heç bir odlu silahın olmadığını, lakin yaşadığı evdə odlu silah saxladığını onlara bildirmişdir. Həmin vaxt bununla bağlı yaşadığı evə baxış keçirilməli olduqlarını deyib evə baxış keçirilməsi ilə əlaqədar etiraz etməməsi ilə bağlı ərizəsini aldıqdan sonra odlu silahı, içərisində 14 (on dörd) ədəd patron olan darağı gizlətdiyi yeri onlara göstərmişdir. Baxış zamanı Şamaxı şəhəri, H.Məmmədov küçəsi ev 13-də yerləşən evinin həyətində yerləşən hamamın üstündən bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 (on dörd) ədəd patron olan 1 ədəd daraq aşkar olunmuşdur. Onların iştirakları ilə həmin bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 (on dörd) ədəd patron olan 1 ədəd daraq onların tərəfindən polietilen torbaya qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin polietilen torbanı və protokolu Təqsirləndirilən şəxs və baxışda iştirak edən digər polis əməkdaşları imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, polis şöbəsinin inzibati binasında olan zaman üzərində odlu silah gəzdirmək ehtimalı olduğundan dəvət edilmiş vəkilin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı odlu silah aşkar olunmamış və bununla bağlı protokol tərtib olunmuşdur. Həmin protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən digər polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 06 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Baxış və götürmə haqqında” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşayış evinin həyətində yerləşən hamamın üstündən bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 (on dörd) ədəd patron olan 1 ədəd daraq aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 (on dörd) ədəd patron olan 1 ədəd daraq ona məxsusdur, təxminən beş il əvvəl Şamaxı şəhəri ərazisindən tapmışdır. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 (on dörd) ədəd patron olan 1 ədəd darağı evindən təxminən 200 metr məsafədə olan tulantılar atılan ərazidən 5 il əvvəl tapmasını və maraq üçün götürüb evində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs bir ədəd nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 14 (on dörd) ədəd patron olan 1 ədəd darağı tapdığı yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs odlu silahı tapdığı yerin ətrafının kolluq və zibillikdən ibarət olması müəyyən edilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə saat 12:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 yanvar 2024-cü il tarixli, 24/09R nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov kostruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələrin və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 14 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmagla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır ve istifadəyə yararlıdır. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən "güllə-giliz" Kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticə haqqında əlavə məlumat veriləcəkdir. Tədqiqata təqdim edilmiş 14 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarilxli 4(074)-1/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablanmışdır. “Maddi sübutu tanıma və saxlanca vermə haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM model odlu yivli silah olan avtomat, 14 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan patronlar, zavod üsulu ilə istehsal olunmuş içərisində 30 (otuz) ədəd 7,63x39 mm kalibirli patronlar atəş açmaq üçün döyüş sursatlar olması barədə rəy alındığından iş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-1896/2024 saylı məktubundan görünür ki, təqdim edilən 01 ədəd 7,62 mm kalibrli №-si silinmiş AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə ünvan 3 ünvanda yaşayır, onun barəsində qonşuları və ailə üzvləri tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 187 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, əqliintellektual imkanlarının normaya uyğun olduğu aşkar edilir, emosional-iradi sferasında hövsələsizlik müəyyən edilir, nitqi ardıcıl, mühakimələri məntiqlidir, Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə hər hansı psixi xəstəlik qeyd olunmamışdır, hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri qeyd olunur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, məsuliyyətsizlik, inadkarlıq, hirslilik, özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur, Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və özündən uydurmağa meyllilik əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə alınmış 24 yanvar 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halları nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd daraq, 11 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməildir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd daraq, 11 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar