Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-43/2022 20.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2 uşaq anası, taksi sürücüsü işləyən, məhkum olunmamış, Ucar şəhəri, Vaqif küçəsi, 29 saylı evdə qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıltəpə qəsəbəsi, Hüseyn Cavid küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə saat 11:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF park” yaşayış kompleksi 25-ci küçə, ev 12, mənzil 43-də yaşayan X1 həmin ünvanda satış məqsədi olmadan qanunsuz olaraq 50 (əlli) manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, bir qədər istifadə etdikdən sonra üzərində saxlamaqla Şamaxı rayonu ərazisinə daşımış, 27 yanvar 2022-ci il tarixdə, saat 17:30 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 123cü kilometrliyində yerləşən “Şamaxı” restoranında tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 18:50 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,667 (sıfır tam mində altı yüz altmış yeddi) qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 yanvar 2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAF park” yaşayış kompleksində yaşayan, Şaka kimi tanınan X1 50 manata bir ədəd siqaret kağızına bükülmüş bükümdə metamfetamin almış, həmin bükümü istifadə etmək üçün qara rəngli idman gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi bükümü üzərində gəzdirmiş, 27 yanvar 2022-ci il tarixdə, taksi ilə Ucar rayonuna gedən zaman saat 18:10 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında çay içmək üçün dayanmış, bir qədər çay içdikdən sonra ayaqyoluna getmək istəyən zaman ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişdirlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara söyləmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, polis işçiləri ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmiş, üzərinə baxış keçirilərkən əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaret kağızına bükülmüş büküm və gödəkçənin sol yan cibindən bir ədəd qəbz, iki ədəd adi dəftər vərəqi aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda, içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. O, üzərində aşkar olunan metamfetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Narkotik vasitəni istifadə etməkdə məqsədi taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən 2021-ci ilin dekabr ayının əvvəllərində idarə etdiyi “Canqan” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Fatoş adlı qadın ilə adını bilmədiyi bir nəfər kişi əyləşdikdən sonra o, onları 20 yanvar dairəsindən Hökməli dairəsinə aparan zaman yolda söhbət əsasında o, həmin şəxslərə arıqlamaq istədiyini bildirmiş, bu zaman Fatoş ona əgər arıqlamaq istəyirsə, psixotrop maddə olan metamfetamindən arabir istifadə etməsini, istifadə edəcəyi təqdirdə iştahının kəsiləcəyini və arıqlayacağını söyləmişdir. O da Fatoş kimi tanıdığı şəxsə metamfetaminin ziyanının olub-olmamasını soruşduqda, Fatoş ona heç bir ziyanının olmadığını bildirmişdir. Bundan sonra Fatoş adlı şəxs ona şəxsi istifadə üçün bir büküm psixotrop maddə olan metamfetamin vermiş, daha sonra isə o, ***-***-**-** mobil nömrəsini verib lazım olarsa həmin nömrəylə əlaqə saxlamağını və ondan psixotrop maddə olan metamfetamin ala biləcəyini bildirmişdir. O, Hökməli dairəsinə çatan zaman onların avtomobildə psixotrop maddə olan metamfetamin istifadə etdiyini görmüş, lakin onlara qışqıraraq avtomobildə istifadə etməmələrini söyləmişdir. Bundan sonra o, həmin şəxsləri avtomobildən endirmiş və evinə gələrək həmin psixotrop maddə olan metamfetamini evində istifadə etməyə başlamışdır. O, ümumilikdə psixotrop maddə olan metamfetamini 3 dəfə istifadə etmişdir. X2 isə şəxsən tanımamış, narkotik vasitə alan zaman da onu görməmişdir. 27.01.2022-ci il tarixində təxminən saat 11:00 radələrində o, özünə məxsus ***-***-**-** nömrəli mobil telefondan Şövkətxanım Aslanovaya məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək özü üçün metamfetamin lazım olduğunu, 10 manat pul verə biləcəyini, xırda pulunun olmadığını ona bildirmiş, Şövkətxanım Aslanova isə ona ilk əvvəl pul lazım olmadığını söyləsə də, o, Şövkətxanım Aslanovaya 50 manat pul verəcəyini, onun ona borclu qalmasını, daha sonra borcunu qaytarmasını bildirmişdir. Şövkətxanım Aslanova ona “AAF Park” yaşayış kompleksinin yanına gəlməsini söyləmiş, o da oraya gələn zaman Şövkətxanım Aslanova ona telefonda mağazanın yanında daşın altına psixotrop maddə olan metamfetamin qoyduğunu, gedib onu götürməsini söyləmişdir. O da oraya gedərək daşı qaldırmış və altından metamfetamini götürüb yerinə 50(əlli) manat pul qoyaraq getmişdir. Onun məqsədi Ucar rayonuna nənəsinin evinə getmək, oradan da Mingəçevir şəhərinə yas mərasiminə getmək olmuşdur. O, 27.01.2022-ci il tarixində psixotrop maddə olan metamfetamini aldıqdan sonra bir qədər istifadə etmiş və qalan hissəsini özü ilə götürərək taksi ilə Ucar rayonuna getməyə başlamışdır. Şamaxı şəhərindən keçən zaman Bakı-Şamaxı-Yevlax yolunun üzərində yerləşən “Şamaxı” restaranında oturub çay içdikdən sonra oradan qalxıb ayaqyoluna getmiş və çıxarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq şübhəli şəxs olduğunu bildirib, onu Şamaxı RPŞ-nə gətirmişdirlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və iki uşağının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilimiş X3 ifadəsində bildirdi ki, 25 yanvar 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri “AAF park” yaşayış kompleksinin yaxınlığında küçədə yerdən bir ədəd sellofana bükülmüş büküm tapmışdır. Həmin bükümü yerdən götürüb açaraq içərisinə baxdıqda, içərisində açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. İstifadə etmək üçün həmin psixotrop maddəni sarı rəngli gödəkçəsinin sol yan cibinə qoymuş, həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi bükümü üzərində gəzdirmişdir. 28 yanvar 2022-ci il tarixə keçən gecə yaşadığı ünvanda marketə çörək almaq məqsədi ilə getmiş, həmin vaxtı ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, onu Şamaxı RPŞ-yə dəvət etmişdirlər. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirilmiş, baxış keçirilərkən əynindəki sarı rəngli gödəkçənin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd sellofana bükülmüş büküm aşkar olunmuşdur. Polis əməldaşları həmin bükümü açdıqda, içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. O, həmin psixotrop maddə olan metamfetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Təqsirləndirilən şəxs isə həmin metafetamini 10(on) manat pul müqabilində satmışdır. O, 2020-ci ilin oktyabr ayından yalnız psixotrop maddə olan metamfetamin istifadə etmiş, başqa narkotik vasitələrdən istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs daimi müştərisi olduğundan 27.01.2022-ci il tarixində səhər saatlarında Nuranə ona zəng edərək rayona gedəcəyini və ona psixotrop maddə olan metamfetamin lazım olduğunu, əgər vardırsa bir qədər psixotrop maddə olan metamfetamin verməyini istəmişdir. O da Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin verən zaman sadəcə olaraq həmin psixotrop maddənin dəyəri olan pulu almış, artıq məbləğdə ondan pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında 27 yanvar 2022-ci il tarixdə təxminən saat 18:10 radələrində Şamaxı RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən “Şamaxı” restoranında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdib edib, həmin şəxsə üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını söylədiyindən, həmin vaxt onlar Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nə dəvət etmiş və o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaret kağızına bükülmüş büküm və gödəkçənin sol yan cibindən bir ədəd qəbz, iki ədəd adi dəftər vərəqi aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda, içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində psixotrop maddə metamfetamin olan kağız baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs izahatı alınan zaman o, izahatında həmin psixotrop maddəni Abşeron rayonunda yaşayan X1 aldığını bildirdiyi üçün sonuncunun yerinin müəyyən olunaraq gətirilməsi üçün TQ-nin təhqiqatçısı Ramil Cavadov tərəfindən əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığı əsasında onlar 28 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAF park” yaşayış kompleksi 25-ci küçəyə getmişdir. Həmin vaxtı Şövkətxanım Aslanova küçədə olduğundan onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona izah etmişdirlər. O, ilk əvvəl onlara etiraz edərək narkotik vasitələr ilə heç bir əlaqəsinin olmadığını bildirsə də, daha sonra onu Şamaxı RPŞ-nə dəvət etmişlər və o, onlar ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nin inzibati binasında Şövkətxanım Aslanovanın üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki sarı rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılaraq içərisinə baxıldıqda, içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CABnin axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq şəffaf rəngli kristal formada iysiz psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş bir ədəd büküm kütlə psixotrop maddə olan metamfetamindir, ona məxsusdur. Həmin psixotrop maddəni Abşeron rayonu, Xırdalan şəhərində “AAF park” yaşayış kompleksində yaşayan Şaka adlı qadından almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 28 yanvar 2022-ci il tarixli 6/571 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №73” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ... metamfetaminə oxşar” sözləri, adlar və imzalara qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi – 0,667 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir”. Metamfetaminin təmiz çəkisi 0,667 qram, tədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq 0,617 qramdır. “Təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli 734 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları müəyyən olunsa da, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. “Maddi sübut kimi tanınma haqqında” 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 27 yanvar 2022-ci il tarixdə götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş psixotrop maddə olan ümumi qalıq çəkisi 0,617 qram metamfetamin saxlanması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 fevral 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Sumqayıt şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməli və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,617 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Sumqayıt şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 0,617 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-43/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-43/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver