Məhkəmə qərarları › İş №1(074)-44/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-44/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-44/2024 03.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.2000-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ndə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə, 15 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində Şamaxı rayonu, Meysəri kəndi ərazisində inşası davam edən otel ərazisinə açıq sahədən daxil olaraq, tikilməkdə olan kotecin ətrafından otel tikintisində subpodratçı kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bir metri 0.30 manat dəyərində olan 1500 metr uzunluqda internet kabel xəttini gizli olaraq talayıb, yaşadığı Meysəri kəndinə metal almaq üçün gələn, şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 50 manat pul müqabilində satmaqla, cəmiyyətə ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqjadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, 25 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində Şamaxı rayonu, Meysəri kəndi ərazisində inşası davam edən otel ərazisinə açıq sahədən daxil olaraq, tikilməkdə olan koteclərin yaxınlığından otel tikintisində subpodratçı kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 80 (səksən) manat dəyərində 01 ədəd “Makuta” markalı perforator, bir ədədinin qiyməti 35 (otuz beş) manat olan 03 ədəd “Karona” markalı elektrodrel, 40 (qırx) manat dəyərində 01 ədəd “Makita” markalı lobzik və 150 (bir yüz əlli) manat dəyərində 01 ədəd qaynaq aparatını gizli olaraq talayıb, yaşadığı Meysəri kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki köhnə tikiliyə yığdıqdan sonra oğurladığı əşyaların içərisində olan 02 ədəd “Karona” markalı elektrodreli cinayətdən xəbərsiz olan həmkəndlisi Şahid3 60 manat pul müqabilində sataraq, əldə olunan qazancı Təqsirləndirilən şəxs1lə aralarında bölməklə, cəmiyyətə ümumilikdə 375 (üç yüz yetmiş beş) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, 12 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Şamaxı rayonu, Meysəri kəndi ərazisində inşası davam edən otel ərazisinə açıq sahədən daxil olaraq, tikilməkdə olan koteclərin yaxınlığından otel tikintisində subpodratçı kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 200 (iki yüz) manat dəyərində 01 ədəd 50 litr tutumlu kompressor və 450 (dörd yüz əlli) manat dəyərində 01 ədəd 45-özçelik beta plus yatan tipli dərəcəkəsəni (uqlorez) gizli olaraq talayıb aparmaqla, Təqsirləndirilən şəxs1lə birlikdə Meysəri kəndi ərazisində cinayətdən xəbərsiz olan həmkəndlisi Şahid1 600 manat pul müqabilində satdıqdan sonra, əldə olunan qazancı Təqsirləndirilən şəxs1lə aralarında bölməklə, cəmiyyətə ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 25 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində Şamaxı rayonu, Meysəri kəndi ərazisində inşası davam edən otel ərazisinə açıq sahədən daxil olaraq, tikilməkdə olan koteclərin yaxınlığından otel tikintisində subpodratçı kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 80 (səksən) manat dəyərində 01 ədəd “Makuta” markalı perforator, bir ədədinin qiyməti 35 (otuz beş) manat olan 03 ədəd “Karona” markalı elektrodrel, 40 (qırx) manat dəyərində 01 ədəd “Makita” markalı lobzik və 150 (bir yüz əlli) manat dəyərində 01 ədəd qaynaq aparatını gizli olaraq talayıb, yaşadığı Meysəri kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki köhnə tikiliyə yığdıqdan sonra, oğurladığı əşyaların içərisində olan 02 ədəd “Karona” markalı elektrodreli cinayətdən xəbərsiz olan həmkəndlisi Şahid3 60 manat pul müqabilində sataraq, əldə olunan qazancı Təqsirləndirilən şəxs1lə aralarında bölməklə, cəmiyyətə ümumilikdə 375 (üç yüz yetmiş beş) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, 12 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Şamaxı rayonu, Meysəri kəndi ərazisində inşası davam edən otel ərazisinə açıq sahədən daxil olaraq, tikilməkdə olan koteclərin yaxınlığından otel tikintisində subpodratçı kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 200 (iki yüz) manat dəyərində 01 ədəd 50 litr tutumlu kompressor və 450 (dörd yüz əlli) manat dəyərində 01 ədəd 45-özçelik beta plus yatan tipli dərəcəkəsəni (uqlorez) gizli olaraq talayıb aparmaqla, Təqsirləndirilən şəxs2la birlikdə Meysəri kəndi ərazisində cinayətdən xəbərsiz olan həmkəndlisi Şahid1 600 manat pul müqabilində satdıqdan sonra, əldə olunan qazancı Təqsirləndirilən şəxs2la aralarında bölməklə, cəmiyyətə ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin aprel ayından Şamaxı rayonunun Meysəri kəndində yerləşən oteldə fəhlə kimi işləmişdir. Həmin ilin avqust ayında işdən azad olunmuş və bundan sonra o, Şamaxı rayonunun Xınıslı kəndi ərazisində yerləşən tikilməkdə olan kotec kompleksində fəhlə kimi işləməyə başlamışdır. Maddi imkanı yaxşı olmadığı üçün, həmçinin, borcları olduğu üçün, düşünmüşdür ki, daha əvvəl işlədiyi Meysəri kəndindəki oteldən tikinti materialları oğurlayaraq, həmin materialları satıb, maddi imkanını yaxşılaşdırsın və bu məqsədlə, o, ilk dəfə xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Meysəri kəndi ərazisində yerləşən otelin ərazisinə daxil olaraq, 1500 metr uzunluğunda internet kabelini götürərək oğurlamış və həmin oğurladığı internet kabelini Meysəri kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan köhnə tikilidə saxlamışdır. Bir neçə gün sonra həmin kabeli kənd ərazisində metal alan tanımadığı şəxsə sataraq, 50 manat pul almış, bundan bir neçə gün sonra tanışı X3 ilə birlikdə söhbət edən zaman, maddi imkanın zəif olmasından iş tapa bilmədiyindən, söhbət edən zaman, Asifə təklif etmiş ki, daha əvvəl işlədikləri oteldən tikinti materialları oğurlayaraq, satsınlar. Həmçinin, o, tanışı X2 bildirmişdir ki, otelin ərazisindən 1500 metr uzunluğunda internet kabeli oğurlamış və heç kim bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onunla razılaşmış və o, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin otelin yerləşdiyi əraziyə gedərək, otelin ərazisinə daxil olaraq, oradan 01 ədəd perforator, 03 ədəd elektrodrel, 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatı götürərək, gəldikləri yerlə geri qayıtmışdırlar. Oğurladıqları əşyaları Meysəri kəndində yerləşən fərdi yaşayış evinin yanına gətirərək, evinin həyətində olan köhnə tikliyə yığdıqdan sonra, oğurladıqları əşyaların içərisində olan 2 ədəd dreli tanışı Şahid4, Şahid2 və Şahid3 sataraq, 40 manat pul almışlar və həmin pulun 20 manat hissəsini Asifə vermiş, 20 manat hissəsini isə özünə götürmüşdür. Lakin, oteldən oğurladıqları əşyaların digərlərini sata bilmədiyi üçün, o, Asifə yenidən otele oğurluğa getməyi təklif etmişdir. Bu məqsədlə, o və Asif xx.xx.2023-cü il tarixdə, axşam saatlarında otelin ərazisinə daxil olaraq, oradan 01 ədəd kompressoru və 01 ədəd freez aparatını oğurlayaraq, geri qayıtmışdırlar. O, həmkəndlisi Şahid1 Səxavət oğluna zəng edərək, satdıq 01 ədəd kompressoru və 01 ədəd frez aparatının olmasını bildirmişdir. Şahid1 həmin əşyaları alıb, 300 manat pul vermişdir. Həmin pulu Asiflə aralarında bölmüşdürlər. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ünvanına gələrək, onu şöbəyə dəvət edib, oğurluq etməkdə şübhəli olduğunu bildirmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. Belə ki, əvvəllər bir yerdə Meysəri kəndində yerləşən oteldə fəhlə işləmişdirlər. Maddi sıxıntıları olduqları üçün, onlar işləməyə yer axtarırmışlar. 2023-cü ilin noyabr ayının ortalarında tanışı Şöhrət ona bildirmişdir ki, bir neçə gün əvvəl oteldən 1500 metr uzunluqda internet kabeli oğurlayıb satmışdır. Bundan sonra, qərara gəlmişdirlər ki, birlikdə həmin oteldən oğurluq etsinlər. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında o, Təqsirləndirilən şəxs2la birlikdə həmin otelin ərazisinə daxil olaraq, oradan 01 ədəd perforator, 03 ədəd elektrodrel, 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatı götürərək, gəldikləri yerlə geri qayıtmışdırlar. Oğurladıqları əşyalardan 2 ədəd dreli Şöhrətin tanışlarına sataraq, onlardan 40 manat pul almış və həmin pulun 20 manat hissəsini ona vermiş, 20 manat hissəsini isə Şöhrət özünə götürmüşdür. Onlar yenidən otele oğurluğa getməyi düşünmüşdürlər. Bu məqsədlə, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında onlar yenidən otelin ərazisinə daxil olaraq, oradan 01 ədəd kompressoru və 01 ədəd freez aparatını oğurlayıb, geri qayıtmışdırlar. Bundan sonra, Şöhrət həmkəndlisi Şahid1 Səxavət oğluna zəng edərək, 01 ədəd kompressoru və 01 ədəd frez aparatını satmaq istədiyini bildirmişdir. Həmin şəxs əşyaları alaraq, 300 manat pul vermiş və həmin pulu Şöhrətlə aralarında bölmüşdürlər. xx.xx.2023cü il tarixdə eşitmişdir ki, Şöhrəti polis əməkdaşları tutmuşdur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun ünvanına gələrək, onu polis şöbəsinə aparmışdırlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş hüquqi şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, iş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC məhkəməyə ünvanladığı müraciətində, cəmiyyətə dəymiş ziyanın tamamilə ödənildiyini, bu səbəbdən, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətlərinin olmadığını göstərərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi göstərmişdir ki, Şamaxı rayonu, Meysəri kəndində “Meysarı Hotel and Spa Complex” inşaatında iştirak edən subpodrat təşkilat “Mebelyer MMC”-nin baş texniki nəzarət mühəndisi vəzifəsində işləyir. Şamaxı rayonu, Meysəri kəndi ərazisində inşa olunan “Meysarı Hotel and Spa Complex”-in daxilində iri həcmli otel və koteclər tikilirmiş, həmin tikinti işlərinin bir hissəsini də, “Mebelyer MMC” həyata keçirirmiş. O, 2023-cü ilin noyabr ayından etibarən “Meysarı Hotel and Spa Complex” otelin ərazisində olan koteclərin ətrafından bir neçə dəfə tikintidə istifadə olunan əşyaların yoxa çıxmasını müəyyən etsə də, bu barədə heç kimə məlumat verməmiş və düşünmüşdür ki, ola bilsin ustalara lazım olub, onlar götürmüşdür. Lakin, xx.xx.2023-cü il tarixdə “Meysarı Hotel and Spa Complex” otelin mühafizənin rəisi işləyən Şahid5 ona zəng edərək, ərazidən drel, lobzik və s. kimi bir neçə əşyaların oğurlanması barədə məlumat vermişdir. Həmin vaxt o, Bakı şəhərində olduğu üçün, Şahid5 Şamaxı Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etməsini bildirmişdir. Daha sonra, yəni xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərindən Şamaxı rayonuna gələrək, işlədiyi “Meysarı Hotel and Spa Complex” otelə getmiş və ərazini gəzərək, oğurlanmış əşyaları müəyyən etdikdən sonra, Şamaxı RPŞ-nə gedərək, "xxxx" MMC otelinə məxsus 50 lt tutumlu 01 ədəd kompressor, “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 03 ədəd elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatı, 45-Özçelik beta plus yatan tipli 01 ədəd dərəcəkəsən (uqlorez), 1500 metr uzunluqda internet kabel xətti əşyalarının oğurlanmasını bildirmişdir. Şamaxı RPŞ-də ona məlum olmuşdur ki, “Meysarı Hotel and Spa Complex” otelinin inzibati ərazisindən "xxxx" MMC-yə məxsus əşyaları oğurlayan şəxslər, Şamaxı şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmuşlar. “Meysarı Hotel and Spa Complex” otelinin inzibati ərazisindən oğurlanmış əşyalar "xxxx" MMC-yə məxsus olmuşdur. Oğurluğu edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyırmış. Həmin şəxslərlə istər onun, istərsə də, işlədiyi "xxxx" MMC-nin heç bir problemi olmamışdır. “Meysarı Hotel and Spa Complex” otelinin inzibati ərazisinin ətraf hissələri açıq olmuş, lakin əsas giriş hissəsində girişi məhdudlaşdıran qapı qoyulmuş, ərazidə işlər tam yekunlaşdıqdan sonra otelin ətrafına girişi məhdudlaşdıran manelər quraşdırılacaqmış. “Mebelyer MMC”-yə ümumilikdə 2500 manat maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, Şahid3, Şahid2, Şahid1 və Şahid5 məhkəməyə ünvanladıqları müraciətlərində, ibtidai istintaqda şahid qismində verdikləri ifadəni təsdiq etdiklərini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirərək, bunun üzrlü hal kimi nəzərə alınmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, usta işləyir. xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Meysəri kəndində yerləşən fərdi yaşayış evində qohumları Şahid2 və Şahid4 ilə yemək yeyən zaman, həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng edərək, tikintidə istifadə etmək üçün lazım olan bir neçə əşya satmaq istədiyini bildirmiş və bu məqsədlə o, qohumları Şahid2 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 evinin həyətində olan köhnə tiklinin içərisində tikinti üçün lazım olan bir neçə əşyanı onlara göstərərək, özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs2la razılaşaraq, ondan iki ədəd drel alaraq, 40 manat pul vermiş və oradan çıxıb qohumları ilə birlikdə evlərinə getmişlər. xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadıqları ünvana gələrək, onunla birlikdə qohumları Şahid2 və Şahid4 polis şöbəsinə aparmışlar və polis şöbəsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ona satdığı iki ədəd drel oğurluq olmuşdur. Təqsirləndirilən şəxs2 həmin əşyaları tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Şamaxı rayonu, Meysəri kəndininin ərazisində yerləşən “Meysarı Hotel and Spa Complex” otelindən oğurlamışdırlar. O, Təqsirləndirilən şəxs2 aldığı iki ədəd drelin oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs2 ona xx.xx.2023-cü il tarixdə iki ədəd drel satmış, bundan başqa o və qohumları Şahid2 və Şahid4 Təqsirləndirilən şəxs2 heç bir əşya almamışdırlar. O, Təqsirləndirilən şəxs2 pul müqabilində aldığı iki ədəd dreli istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs2 tikintidə istifadə etmək üçün lazım olan iki ədəd dreli o, özü üçün öz pulu ilə almışdır. Həmin vaxt qohumları Şahid2 və Şahid4 onun evində olduqları üçün birlikdə getmişlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, o, usta işləyir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 22 radələrində Şamaxı rayonu Meysəri kəndində yerləşən fərdi yaşayış evində olan zaman, həmkəndlisi Təqsirləndirilən şəxs2 ona zəng edərək, 01 ədəd kompressor və 01 ədəd freez aparatının olmasını və həmin əşyaları pula ehtiyac olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, həmkəndlisi Təqsirləndirilən şəxs2 əşyaların harada olmasını soruşmuş, Şöhrət kəndin çıxışında, Meysəri qəbirstanlığının yaxınlığında olmasını demiş və o, Şöhrətin qeyd etdiyi yerə getmişdir. Orada onlar, yəni Şöhrət yanında Təqsirləndirilən şəxs1 olmaqla, iki nəfər olmuşlar və o, sonuncularla razılaşaraq, 01 ədəd kompressor və 01 ədəd freez aparatı 300 manata almışdır. xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək, onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ona 300 manata satdığı 01 ədəd kompressor və 01 ədəd frez aparatı oğurluq olmuşdur. Təqsirləndirilən şəxs2 həmin əşyaları tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Şamaxı rayonu, Meysəri kəndininin ərazisində yerləşən “Meysarı Hotel and Spa Complex” otelindən oğurlamışlar. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aldığı 01 ədəd kompressor və 01 ədəd frez aparatının oğurluq olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aldığı əşyaların oğurluq olub-olmaması barədə onlardan soruşmamış, lakin həmin əşyaları alan zaman özlərinə məxsus olmalarını dedikləri üçün, o, oğurluq olmasını düşünməmişdir. Təqsirləndirilən şəxs2 ona xx.xx.2023-cü il tarixdə 01 ədəd kompressor və 01 ədəd frez aparatı satmış, bundan başqa o, Təqsirləndirilən şəxs2 heç bir əşya almamışdır. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 pul müqabilində aldığı 01 ədəd kompressor və 01 ədəd frez aparatı istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 göstərmişdir ki, o, Şamaxı rayonu, Meysəri kəndində “Meysarı Hotel and Spa Complex” inşaatında mühafizəçi işində işləyir. Şamaxı rayonu, Meysəri kəndi ərazisində inşa olunan “Meysarı Hotel and Spa Complex”-in daxilində iri həcmli otel və koteclər tikilir. 2023-cü ilin noyabr və dekabr ayında həmin otelin tikildiyi ərazidən bir neçə əşyalar oğurlanmışdır. Lakin, onlar ilkin olaraq həmin əşyaların necə oğurlanmasını, ümumiyyətlə oğurlanıboğurlanmamasını dəqiqləşdirmədikləri üçün, hadisə ilə bağlı şikayət etməmişlər. O, xx.xx.2023-cü il tarixdə ərazidə xidmət aparan zaman, koteclərin ətrafına yığılan tikintidə istifadə olunan drel, lobzik və s. kimi bir neçə əşyaların oğurlanmasını, yəni yerində olmamasını görmüşdür. Daha sonra, Zərərçəkmiş şəxs zəng edərək, bu barədə məlumat vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona Şamaxı RPŞ-nə getməsini və ərizə ilə müraciət etməsini, özünün hal-hazırda Bakı şəhərində olması səbəbindən gələ bilmədiyini bildirərək, gəldikdə oğurlanan əşyaların dəqiq sayını müəyyən edib şikayət edəcəyini bildirmişdir. O, Şamaxı RPŞ-nə getmiş “Meysarı Hotel and Spa Complex” otelin ərazisindən oğurluq olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs gəlmiş və əraziyə baxış keçirəndə müəyyən edilmişdir ki, ərazidən ümumilikdə 50 lt tutumlu 01 ədəd kompressor, “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 03 ədəd elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatı, 45-Özçelik beta plus yatan tipli 01 ədəd dərəcəkəsən (uqlorez), 1500 metr uzunluqda internet kabel xətti əşyalarını həmin ərazidə əvvəllər fəhlə işləmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmışdır. Bununla bağlı, Zərərçəkmiş şəxs özü şikayət etmişdir. “Meysarı Hotel and Spa Complex” otelinin inzibati ərazisinin ətraf hissələri açıqdır, otelin giriş hissəsində girişi məhdudlaşdıran qapı qoyulmuş, ərazidə işlər tam yekunlaşdıqdan sonra otelin ətrafına girişi məhdudlaşdıran manelər quraşdırılacaqdır. “Meysarı Hotel and Spa Complex” otelinin inzibati ərazisindən oğurlanmış 50 lt tutumlu 01 ədəd kompressor, “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 03 ədəd elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatı, 45-Özçelik beta plus yatan tipli 01 ədəd dərəcəkəsən (uqlorez), 1500 metr uzunluqda internet kabel xətti əşyaları konkret olaraq “Mebelyer MMC”-yə məxsusdur. “Meysarı Hotel and Spa Complex” otelinin inzibati ərazisindən oğurlanmış əşyalar otelin ərazisində olan koteclərin ətrafından və yaxınlığından oğurlanmışdır. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, həmin şəxslərlə heç bir problemi olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onların təqsiri özlərinin etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Baxış keçirilməsi və təqdim edilmiş əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Şamaxı rayonu, Meysəri kəndində yerləşən Təqsirləndirilən şəxs2 məxsus fərdi yaşayış evinin həyətində yerlən yardımçı tikiliyə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və şahidlərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, tikili birmərtəbəli, bir otaqlıdır, tikilinin içərisində tikinti avadanlıqları vardır. Baxış zamanı, Təqsirləndirilən şəxs2 “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 01 ədəd Elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatını göstərib bildirdi ki, 2023-cü ilin noyabr və dekabr aylarında daha əvvəl işlədiyi “Şamaxı-Meysəri-Otel-Tikinti” şirkətindən taşını Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladığı “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 01 ədəd elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatını göstərməklə, evinin həyətində olan tikiliyə yığmasını, digər oğurladığı 50 litr tutumlu kompressoru və 45-Özçelik beta plus yatan tipli bir ədəd dərəcəkəsəni (uqlorez) isə həmkəndlisi Şahid1 Səxavət oğluna satmasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 01 ədəd elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatını istintaqa təqdim etdiyindən götürüldü və qeyd edilən əşyalardan başqa iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet götürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/902 nömrəli məhkəməəmtəəşünaslıq ekspert rəyində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş fotoşəkillərə əsasən, göstərilən malların istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1475 manat məyyən edilmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 50 lt tutumlu 01 ədəd kompressor, “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 03 ədəd elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatı, “45 Özçelik beta plus” markalı 01 ədəd dərəcəkəsən iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18:30-da, Təqsirləndirilən şəxs1 isə xx.xx.2023-cü il tarixdə, saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və onlar saxlandıqları Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdırlar. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətmələrini, törətdikləri əməli etiraf etmələrini, əməllərindən peşmançılıq çəkmələrini və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların iki gün həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 50 lt tutumlu 01 kompressor, “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 03 ədəd elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatı, “45 Özçelik beta plus” markalı 01 ədəd dərəcəkəsənin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və X1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1, həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 50 lt tutumlu 01 kompressor, “Makute” markalı 01 ədəd perforator, “Karona” markalı 03 ədəd elektrodrel, “Makita” markalı 01 ədəd lobzik, 01 ədəd qaynaq aparatı, “45 Özçelik beta plus” markalı 01 ədəd dərəcəkəsənin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və X1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1, həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar