Məhkəmə qərarları › İş №1(074)-44/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-44/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-44/2025 06.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 13 dekabr 2024-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 03:43-də Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən Şamaxı meşə muhafizəsi və bərpası müəssisəsinin yaxınlığındakı avtobus dayanacağında saxlanılaraq, həmin yerdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən mobil telefonla videogörüntüyə çəkilməklə, üzərinə baxış keçirilərkən, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd gümüşü falqaya bükülmüş bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,833 (sıfır tam mində səkkiz yüz otuz üç) qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər ara-sıra narkotik vastə olan marixuna istifadə etmişdir. 10 dekabr 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhərindən Şamaxı şəhərinə gələn zaman, yolun Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə səkinin üstündə siqaret falqasına bükülü iki ədəd büküm görmüşdür. Həmin bükümləri açıb içinə baxdıqda, hər iki bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olmasını görmüşdür. Həmin falqalara bükülmüş iki ədəd bükümü götürüb, istifadə etmək üçün əynindəki gödəkçənin cibinə qoymuş, sonra isə o, Şamaxı şəhərinə evinə gəlmişdir. Şamaxı rayonuna gəldikdən sonra, bükümdən bir ədədini istifadə edib heroini qəbul etmiş və həmin çəkdiyi içərisində narkotik vasitə heroin olmuş bükümü atmayıb, gödəkcəsinin cibinə qoymuşdur. 13 dekabr 2024-cü il tarixdə, gecə saatlarında o, Şamaxı şəhəri, N.Nərimanov küçəsində meşə idarəsinin yaxınlığında yerləşən avtobus dayanacağında olan zaman, mülki geyimdə olan dörd nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslərdən biri əlində videokamera ilə həmin anı görüntüyə çəkmişdir. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişdirlər. Həmin vaxt artıq polis əməkdaşları tərəfindən aşkar olunduğu üçün etiraz etməyib, üzərində narkotik vasitənin olmasını polis əməkdaşlarına etiraf etmiş və əynindəki gödəkçənin cibində gəzdirdiyi bir ədədinin içərisində narkotik vasitə heroin olan falqaya bükülmüş büküm ilə digəri heroini istifadə etdiyi bir ədəd falqaya bükülmüş büküm olmaqla, ümumilikdə iki ədəd olan falqaya bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra, iki ədəd büküm polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq, üzəri möhürlənmişdir. Daha sonra, onlar Şamaxı rayon polis şöbəsinə getmiş və orada üzərində aşkar olunmuş heroinlə bağlı sənədləşmə aparılmış və ona vəkil təyin edilmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə aşkar edilmiş narkotik vasitə zərfdən çıxarılaraq, yenidən çəkilmiş və bundan sonra həmin iki ədəd büküm yenidən zərfə qoyularaq, möhürlənmişdir. O, tapdığı və üzərindən aşkar edilən həmin heroini da ancaq özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamış və o, heç vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 dekabr 2024-cü il tarixdə ona Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, tərəflərindən əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarından başlayaraq o, əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və rayon polis şöbəsinin baş inspektoru Ceyhun Adgözəlov ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışdırlar. Əməliyyat qrupu ilə birlikdə Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən meşə idarəsinin yaxınlığına getmişdirlər. Saat 03:43-də videoçəkiliş vasitəsi ilə həmin ərazidə yerləşən avtobus dayanacağında dayanan Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər. Sonuncuya barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumat olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını və hüquq və vəzifələrini bildirmişdirlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd gümüşü rəngli falqaya bükülmüş büküm çıxarıb, içərisində narkotik vasitə heroin olan 02 ədəd bükümü onlara təqdim etmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və həmin şəxsin üzərində əlavə narkotik vasitə aşkar edilməmişdir. İki ədəd büküm elektron tərəzidə çəkilmişdir. Həmin iki ədəd bükümdə olan qeyd edilən narkotik vasitə bir ədəd zərfə qoyularaq, qablaşdırılmış, möhürləndikdən sonra, iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra, müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək, müdafiəçinin iştirakı ilə yenidən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilərək, yenidən elektron tərəzidə çəkilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin sonuncunun özünə məxsus olmasını bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq, qablaşdırılmış və möhürləndikdən sonra, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini sonuncunun satış məqsədilə özündə saxlaması, həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi barədə protokoldan görünür ki, həmin tarixdə, saat 03:43-dən başlayaraq, Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən Şamaxı meşə muhafizəsi və bərpası müəssisəsinin yaxınlığındakı avtobus dayanacağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə, polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və baxış zamanı, həmin şəxsin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd gümüşü falqaya bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılaraq, içərisinə baxıldıqda, içərisindən açıq qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş, həmin bükümdə olan narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə aparılması barədə protokoldan görünür ki, həmin gün saat 05:30-dan başlayaraq, Şamaxı RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş büküm içərisində narkotik vasitə olan heroinə oxşar kütləyə baxış keçirilmiş, həmin şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olduğunu bir daha bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş və həmin narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5467 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazılar və imzalar olan zərfdə 1(bir) ədəd bükümdə təmiz çəkisi – 0,833 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra qalıq - 0,783 qramdır. İş materiallarından görünür ki, 0,783 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 2369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:43-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə, onun barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən halhazıradək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 0,783 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 121 (bir yüz iyirmi bir) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 155 (bir yüz əlli beş) gün həbsdə saxlama müddəti 310 (üç yüz on) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 0,783 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 121 (bir yüz iyirmi bir) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar