Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-45/2022 27.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs - "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, 1 uşaq atası, fərdi əmək fəaliyyətilə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 (Matadrom) yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 yanvar 2022-ci il tarixdə gecə saat 03:06 radələrində Şamaxı şəhəri, X13 küçəsində yerləşən, "xxxx" MMC-yə məxsus aptekin inzibati binasının qarşısına gəlib həmin aptekin plastik materialdan olan qapısını əlindəki əlamətləri istintaqa məlum olamayan vintaçan alət vasitəsi ilə güc tətbiq etməklə sıxıb açaraq binaya qanunsuz daxil olduqdan sonra, aptekin kassasından 135 (yüz otuz beş manat) məbləğində pul əskinaslarından və 53,4 (əlli üç manat qırx qəpik) manat məbləğində qəpiklərdən ibarət, ümumilikdə 188,40 (yüz səksən səkkiz manat qırx qəpik) məbləğində pul vəsatini götürüb oğurlamaqla özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindriilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 5-də qeydiyyatda olsa da, son vaxtlarda Bakı şəhəri, Binəqədi rayonu, X6 (Matadrom) yaşamışdır. Əvvəllər bir neçə dəfə Şamaxıya gəlib buralarda gəzdiyindən Şamaxını yaxşı tanımışdır. Lakin son vaxtlarda işləmədiyinə görə fikirləşmişdir ki, hadansa oğurluq edib pul qazansın. Şamaxını yaxşı tanıdığı üçün, 21 yanvar 2022-ci il tarixdə gündüz vaxtı qərara gəlmişdir ki, Şamaxıya gəlib oğurluq etsin. Bu məqsədlə həmin gün saat 18 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan əraziyə tək halda gəlmiş, orada Şamaxıya gələn taksilərə yaxınlaşıb tanımadığı şəxsin idarə etdiyi nömrəsini bilmədiyi “Mersedes” markalı minik avtomobilinə əyləşib Şamaxı rayonuna gəlmiş, rayona çatıb taksidən düşmüş və Şamaxı rayonu ərazisində bir qədər gəzmiş, daha sonra o, Nərimanov küçəsi ilə gəlib S.Ə.Şirvani küçəsinə çatmış və həmin küçə ilə Şamaxı avtovağzalının yerləşdiyi dairəvi yol istiqamətində hərəkət etmişdir. Hərəkəti istiqamətində solda aptekin olmasını görüb qərara gəlmişdir ki, aptekdən oğurluq etsin. Aptekdə kiminsə olmadığına əmin olduqdan sonra aptekə yaxınlaşmış, plastikdən olan qapısının tutacağından tutub əlindəki vintaçan əşyası ilə yavaşca sıxmış və güc tətbiq edib qapını açıb içəri daxil olmuş, aptekə daxil olan kimi məqsədi pul götürmək olduğuna görə aptekin içərisindəki kassaya yaxınlaşıb açıb kassaya baxanda orada 135 manat kağız pul və 53,4 manat qəpik pullar olmaqla, cəmi 188,40 manat pul olmasını görüb həmin pulları götürmüş və pulları cibində gizlədib, orada aptekin içərisində başqa pul olmadığına əmin olandan sonra həmin aptekdən çıxıb qapısını bağlamış və birbaşa dairəvi yola doğru hərəkət etmişdir. Şamaxı şəhərində dairəvi yolda təxminən 5 dəqiqə gözləmiş, orada ağ rəngli marka və nömrəsini xatırlamadığı taksiyə əyləşib Bakı şəhərinə qayıtmışdır. Təxminən 22 yanvar 2022-ci il tarixdə, səhər saat 06 radələrində Bakı şəhərinə çatmışdır. Oğurladığı pulları xərcləmişdir. Onun bu törətdiyi əməllərdən ailə üzvlərinin, kənar hər hansı bir şəxsin heç bir məlumatı olmamışdır. Həmin vaxtı hadisə barədə tam dəqiq xatırlamadığına görə ilkin düzgün bildirməsə də, hazırda bildirir ki, o, əslində İlqar adlı şəxsi tanımamış, belə bir şəxs yanında olmamışdır, eləcə də onu hər hansı bir “Ravon” markalı avtomobilin sürücüsü qarşılamamışdır. O, heç bir səbəb olmadan belə bildirmişdir. O, fikirləşmişdir ki, belə bildirsə, onu tutmazlar. Əslində isə o, təsadüfən rastlaşdığı yol taksisi ilə Bakı şəhərindən Şamaxıya gəlmişdir ki, oğurluq edib qayıdar. Çünki o, dəfələrlə əvvəllər Şamaxıya gəzməyə gəlmişdir, digər rayonlara baxanda, Şamaxını yaxşı tanıdığı üçün fikirləşmişdir ki, Şamaxıdan oğurluq etmək onun üçün rahat olar. İlqar adlı şəxsi və “Ravon” markalı avtomobilin sürücüsünün qarşılamasını təsadüfən ağlına gələn bir fikir kimi bildirmişdir. O, həmin aptekin plastikdən olan qapısını əvvəlcədən üzərində olan vintaçan ilə qapının aralarına salıb qapının dəstəyini yuxarı qaldırıb güc tətbiq etməklə sıxıb açmışdır. Vintaçanı elə sıxmışdır ki, qapıya heç bir zədə yetirilməmiş və qapının həmin formada açılması nə qapının özünə, nə açarına heç bir zədə yetirməmişdir. Həmin vintaçanı üzərində götürmüşdür ki, oğurluq üçün girəcəyi yerlərdə qapıların açılmasında istifadə edər. O, dairəvi yolun yanında Şamaxı avtovağzalında tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Bakı şəhərinə gedərkən yolda dəqiq bilmədiyi ərazidə pəncərəni açıb vintaçanı kənara atmış, həmin vaxtı hava qaranlıq olduğundan konkret olaraq hansı ərazi olmasını bilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, himayəsində azyaşlı uşağı olmasını bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" MMC-nin regional satış müdiri işləyir. Onların MMC-yə məxsus olmaqla, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən aptekləri vardır. Həmin aptekdə işləyən X5 22.01.2022-ci tarixdə ona bildirmişdir ki, kassada 200 manata yaxın pul əskikdir. Buna görə də onlar həmin vaxtdan əvvələ, yəni 21.01.2022-ci il tarixdə gecə saatlarında aptekdə olan təhlükəsizlik kamerasının yaddaşına baxanda müəyyən etmişlər ki, 21.01.2022-ci il tarixdən 22.01.2022-ci il tarixə keçən gecə saat 03 radələrində tanımadığı bir nəfər şəxs aptekə girib kassadan 188.40 (yüz səksən səkkiz manat qırx qəpik) manat pulu götürür. Buna görə də o, dərhal bu barədə "xxxx" MMC-nin ümumi rəhbərliyinə məlumat vermişdir. Bundan bir qədər sonra "xxxx" MMC-nin rəhbərliyindən cavab göndərilmişdir ki, oğurluq barədə hüquq-mühafizə orqanlarına məlumat versin. O da buna görə 02.02.2022-ci il tarixdə Şamaxı RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Aptekdən ümumilikdə 188.40 (yüz səksən səkkiz manat qırx qəpik) manat pul oğurlandığından, həmin məbləğdə maddi ziyan dəymişdir. Həmin şəxs aptekin plastik materialdan olan qapısını əlindəki hansısa alətlə sıxıb açmış, lakin bunu elə ustalıqla etmişdir ki, qapıda heç bir cızıq və əzilmə izi qalmamışdır. Sonda zərər çəkmiş şəxsin nümayəndəsi bildirdi ki, hal-hazırda təqsirləndirilən şəxs onlara vurulmuş maddi ziyanı ödəmişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Orxan son vaxtlarda ailəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, X6 (Matadrom) yaşamışdır. Oğlu Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə Şamaxı rayonuna gəlməsi, burada oğurluq etməsi, oğurladığı əşyalardan və ya puldan harasa verməsi ilə bağlı əvvəlcə heç bir məlumatı olmasa da, sonradan oğlu Orxan tutulandan sonra bu hadisələr barədə eşitmiş və oğlu Orxanın Şamaxıda aptekə girib pul oğurlamasını bilmişdir. Lakin oğlu Orxan özü də ona və ya digər ailə üzvlərinə bu barədə heç nə deməmişdir. Oğlu Təqsirləndirilən şəxs bundan əvvəl hansısa oğurluq etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, HK-1-133/202 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən "xxxx" MMC-yə məxsus aptekdə baxış keçirilmiş, hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, aptek bir otaqlıdır, aptekin qapısı plastik materialdandır, hadisə yerində baxış keçirilərkən "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, aptekin kassasından 135 (yüz otuz beş manat) manat kağız pul, 53,4 (əlli üç manat qırx qəpik) manat qəpik pul olmaqla, cəmi 188,40 (yüz səksən səkkiz manat qırx qəpik) manat pul oğurlanmışdır. Baxış zamanı hadisə yerində əşyalardan sınma, cızılma, məhv edilmə, açarseçmə əlamətləri aşkar edilməmişdir. Eləcə də, baxış zamanı aptekin təhlükəsizlik kamerasının yaddaşına baxıldıqda müəyyən edilmişdir ki, bir nəfər əynində uzun gödəkçə olan şəxs aptekin plastikdən olan qapısını sıxıb açıb içəri daxil olaraq aptekdəki kassadan pulları götürüb əynindəki geyimin cibinə yığır, daha sonra aptekdən çıxır. Bu barədə protokol tərtib edilmişdir. İstintaq hərəkəti fotoçəkilişlə çəkilmiş, eyni zamanda aptekin təhlükəsizlik kamerasının yaddaşındakı görüntü bir ədəd DVD diskə yazılmaqla götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə saat 21:30-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cianyəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif olunması haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirlədirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon məhkəməsinin 12 fevral 2022-ci il tarixli, 4(074)-22/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və iş üzrə zərərçəkmiş hüquqi şəxsin tanınması haqqında 04 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Pur-X7 zərərçəkmiş şəxs kimi cinayət prosesində iştirakına xitam verilmiş, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-yə maddi ziyan vurulduğu müəyyən edildiyindən, iş üzrə həmin MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Abşeron rayon İHB-nın Xırdalan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Abşeron rayon İHB-nın Xırdalan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 mart 2022-ci il tarixli 240 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 2001-ci il təvəllüdlü X1 və qızı 2021-ci il təvəllüdlü X2 ilə Xırdalan şəhəri, H.Əliyev prospektində qeydiyyatdadır. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 11 mart 2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmü ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 12 mart 2022-ci il tarixli 21-1/3 2701-1 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 1(006)-63/2018 saylı 15 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 24 gün müddətinə hər ay qazancından 20 faiz dövlət nəfinə tutulmaqla islah işləri növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın heç bir hissəsini çəkməmişdir. “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 12 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs tərəfindən “Diktə” aptekdən 43 manat pulun oğurlanması ilə bağlı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından və barəsində şikayət olmadığından, həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən “Al Market” mağazasına və Əlisalam Ağamusa oğluna məxsus inşaat-tikinti mallarının satış mağazasına daxil olması ilə bağlı xüsusatlar üzrə barəsində cinayət təqibinə xitam verilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 12 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir. Cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı 2 ay 16 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalından dərhal azad edilməlidir. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs 188,4 manat dəyərində maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqİ zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11.02.2022-ci il tarixdən 27.04.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 16 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 5 ay 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Binəqədi rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin idarədə qeydiyyata alındığı andan hesablansın. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-45/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-45/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver