Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-45/2023 28.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən - X7, xüsusi ittiham qaydasında barəsində şikayət verilən - X6 və X2 iştirakı ilə, xüsusi ittiham qaydasında X4 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X7 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, ictimaiyyət içərisində yayılmaqla, izahatlarla ona şər-böhtan atdığına, onu rüşvətxorluq cinayətində ittiham etdiklərinə və onu əxlaqsız hərəkətlər etməkdə çox pis formada təhqir etdiklərinə görə, X6 və X2 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq X6 və X1 ayrı-ayrı olmaqla, hər birindən 50.000 manat məbləğində pulun tutularaq, ona ödənilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 İdarəsi ilə onun arasında ziddiyyət yarandığından, işi məhkəmədədir. Həmin iş üzrə təqsiri olmadığına görə, 10 aydan çoxdur ki, proses keçirilməyərək, uzanmaqda davam edir. O, Şamaxı İncəsənət Təhsili Mərkəzinin əməkdaşları Samirə Abzarovadan və Xanım Məmmədovadan indiyədək heç yerə şikayət etməmiş və onların əleyhinə heç yerdə danışmamışdır. İş prosesində X3 İdarəsi ilə onun arasında anlaşılmazlıq yaranması və buna görə müvəqqəti olaraq işdən kənar edilməsi əsas vermir ki, adları çəkilən həmin iki nəfər şəxs onun ünvanına şərböhtanlar yazsın və danışsın, onu çox pis formada aşağılasın, böhtan ataraq, iş fəaliyyətində işgüzar nüfuzunu aşağılasın, onu rüşvətalma cinayətində ittiham etsin, onun haqqında digər yalan və böhtanları uydursun, onu iş yerində başqası ilə əxlaqsız hərəkətlər edən biri kimi təhqir edərək, gözdən salmaqla məşğul olsun. Şamaxı İncəsənət Təhsili Mərkəzinin əməkdaşları Samirə Abzarovanın və Xanım Məmmədovanın xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ünvanlamaqla, onun barəsindəə yazdıqları izahatların məntini yenicə əldə etmişdir. Həmin izahatlarda onun ünvanına çoxsaylı şər-böhtanlar atılmış, onun işgüzar nüfuzu aşağılanmış və o, təhqir edilmişdir. Həmin izahatlarda göstərilənlər həqiqətə uyğun deyildir. Samirə Abzarova və Xanım Məmmədova olmayan bir şeyi ona böhtan atmaqla, onu son dərəcə gözdən salmaq, əmək fəaliyyəti ilə bağlı işgüzar nüfuzunu maksimum dərəcədə aşağılamaqdan çəkinməmişlər. Həmin şəxslər onun barəsində böhtanları yazılı şəkildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ünvanlayıb yaymışlar. Bu böhtan və təhqirlər hamıya yayılmışdır. Şamaxı İncəsənət Təhsili Mərkəzinin əməkdaşları - Samirə Abzarova və Xanım Məmmədova ona böhtan atması əməlini Şamaxı şəhərində yerləşən Şamaxı İncəsənət Mərkəzində xx.xx.2021-ci il tarixdə yazılı şəkildə törətmişlər. Samirə Abzarova və Xanım Məmmədovanın yuxarıda qeyd etdiyi qanunsuz əməlləri onun üçün həm də, mənəvi-psixoloji işgəncədir və bu səbəbdən, ona vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir. Belə ki, Samirə Abzarova və Xanım Məmmədovanın belə hərəkəti onun səhhətinə olduqca pis təsir etmiş, normal yaşayış tərzi və istirahəti pozulubdur. O, bu səbəbdən mənəvi-psixoloji sarsıntı keçirir və buna görə də, dəymiş mənəvi ziyanın əvəzi olaraq həmin şəxslərin hər birindən 50.000 manat pul tutulmalıdır. O, hazırda işdən müvəqqəti kənarlaşdırılmış və hətta bu qanunsuzluqdan da, məhkəməyə şikayət etmiş və həmin şikayət məhkəmənin icraatındadır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X7 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X6 və X5 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı keçirilmədən, şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericilikdə böhtan və təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda, böhtan xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduğu təqdirdə, şəxsin böhtana görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinin mümkünlüyü göstərilmişdir. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan müəyyən olunur ki, xüsusi ittiham qaydasında barələrində şikayət verilən X6 və X5 məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yox, Azərbaycan Respublikasının Mədəniyyət nazirinə ünvanlanmış müraciətdə əks olunmaqla ötürmüşlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi barədə xüsusi ittiham qaydasında X7 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi barədə xüsusi ittiham qaydasında X7 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-45/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-45/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver