Məhkəmə qərarları › İş №1(074)-46/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-46/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-46/2024 01.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1984-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Şamaxı rayonu, Çöl-Bağırlı kənd tam orta məktəbində ingilis dili müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Çöl-Bağırlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Şamaxı rayonu, Çöl-Bağırlı kəndində, yaşadığı evin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, sonuncunun üz (burun) nahiyyəsindən bir dəfə yumruqla vuraraq, Zərərçəkmiş şəxs burun kökünün sıyrığı, hər iki göz qançırları (eynək simptomu), burun tənəffüsünün davamlı pozulması ilə müşahidə olunan, burun çəpərinin əyriliyi, burun sümüyünün sınığı küt əşyanın təsirindən törənməklə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət (3 həftədən çox) pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı rayonunun Çöl-Bağırlı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və həmin şəxslə münasibətləri yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə kənddə yaşayan Nofəl adlı tanışının keçirdiyi məclisdə iştirak etmiş, sonra isə axşam saatlarında məclisdən çıxıb evinə getmişdir. Evinə gedərkən, yolda həmkəndlisi Zərərçəkmiş şəxsla qarşılaşmış və söhbət edən zaman, o, Zamanla zarafat etməyə başlamışdır. Həmin vaxt onlar bir-birinə qarşı təhqiredici ifadələr işlətmişdir. O, bundan əsəbləşərək, özünü saxlaya bilməmiş və yumruqla Zamanın sifət nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Zaman isə yumruğun təsirindən yerə oturmuş və burnundan qan gəlmişdir. Sonra isə o, Zamandan uzaqlaşaraq, yaxınlıqda yerləşən evinə getmişdir. xx.xx.2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs onun barəsində Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bilmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxsla hazırda barışdığını, sonuncuya xəsarət yetirdiyinə görə, əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şamaxı rayonunun Çöl-Bağırlı kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla, həmin şəxlə münasibətləri yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə kənd sakini Nofəl adlı tanışının keçirdiyi məclidə iştirak etmiş, axşam saatlarında isə məclisdən çıxıb, evinə gedərkən, yolda həmkəndlisi İslam Zayidovu görüb, onlar birlikdə söhbət etməyə başlamışdırlar. Həmin vaxt İslam onunla zarafat etməyə başlamış və onu təhqir etmişdir. O, da, qarşılığında İslamı təhqir etdikdə, anidən Təqsirləndirilən şəxs yumruqla onun burnuna bir dəfə zərbə vurmuşdur. Həmin vaxt burnundan qan gəlməyə başlamış, sonra isə həmin yerdən uzaqlaşaraq, ilk əvvəl xəstəxanaya, sonra isə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, sonuncunu vurmamışdır. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 65 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlər - burun kökünün sıyrığı, hər iki göz altının qançırları (eynək simptomu), burun tənəffüsünün davamlı pozulması ilə müşahidə olunan, burun çəpərinin əyriliyi, burun sümüyünün sınığı küt əşyanın təsirindən törənməklə, xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ümümilikdə dərəcələrinə görə onun sağlamlığının uzun müddətə (3 həftədən çox) pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə, icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən, cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar