Məhkəmə qərarları › İş №1(074)-47/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-47/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-47/2022 01.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2021-ci il tarixdə saat 01 radələrində təchizatçı vəzifəsinə rəsmiləşdirilməklə faktiki olaraq inzibatçı işlədiyi Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən “Star” adlı otel-restoranda işdə olduğu zaman otelin qeydiyyat şöbəsinin əməkdaşı Şahid1 müştəri tərəfindən dəvət olunması barədə yalan məlumat verərək otelin bütün otaqların giriş qapılarının kilidlərini açmağa imkan verən “Master” adlı kartı sonuncudan əldə edib yaşayış yeri hesab olunan otelin üçüncü mərtəbəsində yerləşən 307 nömrəli otağın qapısına yaxınlaşmış və həmin otaqda yaşayan-gecələyən Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaq təklifi etmək niyyəti ilə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, sonuncunun iradəsi ziddinə otağa daxil olmaqla mənzil toxunulmazlığını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs olduğu 307 №-li otağa yatmaq məqsədilə səhvən daxil olmuş, məqsədi həmin otaqda gecələmək olmuş, Zərərçəkmiş şəxs 218 №-li otaqda olduğunu zənn etmişdir. Belə ki, daha öncə Könülə həmin otaq ayrılmış, sonradan 307 №-li otağa keçirilməsini bilməmişdir. Otağa daxil olduqda Könül oyaq vəziyyətdə olmuş, səhvən girdiyini deyib onu bağışlamasını xahiş etsə də sonuncu ona «səni bura kim göndərib, necə gəlmisən, niyə gəlmisən» demişdir. Bundan sonra səs-küy yaranmaması üçün Könülə bir daha üzrxahlıq edib otaqdan çıxmışdır. Həmin vaxt Könülə qarşı heç bir qanunsuz hərəkət etməmiş, toxunmamış, cinsi əlaqədə olmamış və olmağa cəhd göstərməmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. 28.08.2021-ci il tarixdə səhər saat 09-da qiyabi olaraq efirlərdən tanıdığı Qılman ləqəbli İlkin Misgərli, Zərərçəkmiş şəxs və bazarkom kimi tanıdığı Müşfiq otelin restoranına daxil olmuşlar, oturub birlikdə səhər yeməyi yeməklə spirtli içki qəbul etmişlər, nə vaxt restoranı tərk etmələrini dəqiq görməmişdir. Həmin gün saat təxminən 16-17 radələrində yenidən otelin restoranına qayıtmışlar, bu dəfə yanlarında əlavə olaraq Elnur kimi tanıdığı şəxs və adlarını bilmədiyi bir nəfər kişi və bir nəfər qadın restorana daxil olmuşlar. İlkin, Elnur, Rəşad, İlahə, Mənsumə, Könül və Müşfiq cəmi 7 nəfər bir masa arxasında əyləşib yenidən yeyibiçmişlər, xeyli miqdarda spirtli içki qəbul etmişlər. Ara-bir restoranın müdiri Zaur da onlarla birlikdə əyləşmişdir. Təxminən 1-2 saat yeyib-içdikdən sonra Elnur Rəşad, İlahə və İlkin çıxıb getsələr də, Müşfiq, Mənsumə və Könül birlikdə restoranda oturmağa davam etmişlər, axşam saat 12-də canlı musiqi başa çatmış və Müşfiqlə Mənsumə stoldan qalxmışlar, daha sonra Könüldə çıxıb otelə getmişdir. Artıq bütün qonaqlar otaqlarına qalxdığından, əlavə müştəri olmadığından, saat gecə 01 radələri olduğundan oteldə olan boş otaqların birində gecələmək qərarına gəlmiş, qeydiyyat şöbəsindən kart götürərək 307 №-li otağa daxil olmuş və bundan sonra yuxarıda qeyd etdiyi hadisə baş vermişdir. Səhv edərək Könülün otağına daxil olmuş, əməlindən peşiman olmaqla Könüldən həmin vaxt və ondan sonra da üzrxahlıq edərək onu bağışlamasını xahiş etmişdir. Məhkəməyə ərizə təqdim edərək barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, 27.08.2021-ci il tarixdə saat təxminən 13 radələrində tanışları İlkin, Elnur, Rəşad və sonradan adını bildiyi İlahə adlı qadınla Şəkiyə getmək məqsədilə yola çıxmışlar və Şamaxı rayonuna çatdıqda İlkin Şamaxı rayonunda Müşfiq adlı dostunun olduğunu bildirib onu görmək istədiyini, 5-10 dəqiqə görüşdükdən sonra yola davam etməyi təklif etmişdir. Razılaşdıqları üçün Şamaxı şəhərinin mərkəzində Müşfiqlə görüşüb Pirqulu yolunda yerləşən tanımadığı restoranda oturub hamısı birlikdə yemək yeyib xeyli miqdarda spirtli içki olan araq qəbul etmişlər. Təxminən 3 saat orada oturduqdan sonra Şəkiyə getməli olduqlarını deyib durmaq istəsələr də Müşfiq qonaqlığı davam etdirmək istəmiş və axşam onun bağ evində oturmağı təklif etmişdir. Müşfiqin israrı ilə oradan duraraq Çuxuryurd kəndində yerləşən bağ evinə getmişlər. Orada yeyib-içib spirtli içkilər qəbul etmiş və rəqs etmişlər. Gecəni Müşfiqin bağ evində qalmış və artıq 28.08.2021- ci il tarixdə səhər saatlarında Müşfiq yenidən bağ evinə onların yanına gəlmişdir. Müşfiq onlara yaxınlıqda yerləşən «Star» oteldə səhər yeməyi hazırlatdığını deyib yedikdən sonra yola çıxmağı təklif etmişdir. Elnur, Rəşad və İlahə Şəki rayonuna getdikləri üçün İlkin və Könül Müşfiqlə birlikdə həmin otelin restoranına getmişdir. Orada oturduqdan sonra oteli işlədən Zaurda onların yanına gəlib bir masada əyləşmişdir. İlkin paxmel olduğu üçün yenədə Müşfiqin təklifi ilə bir qədər araq içmiş, o, isə səhər saatlarında evdə pivə içməklə yanaşı orada da təxminən 100 qram araq içmişdir. Həmin gün rəfiqəsi Məsumənin ad günü olduğu üçün Bakı şəhərinə getmək istədiyini bildirdikdə Müşfiq və İlkin rəfiqəsi Məsumənin də onların yanına gəlməsini təklif etdikləri üçün Məsumənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək bir qədər söhbət etmiş və nəticə etibarı ilə sonuncunu Şamaxı rayonuna dəvət etmiş, birlikdə qayıtmağı təklif etmişdir. Məsumə razılaşdığı üçün taksiyə əyləşib «Star» otelinə gəlmiş və artıq saat 13 radələri olduğu üçün 15 dəqiqəlik məsafədə yerləşən tanımadığı başqa bir restorana getmişlər. Orada Müşfiq, İlkin, və Məsumə ilə oturub yemək yemiş, spirtli içki olan yarım litr araq içmişlər. Təxminən bir saat orada oturduqdan sonra Müşfiqin təklifi ilə yenidən «Star» otelin həyətindəki restorana qayıtmışlar, Şəki rayonuna gedən tanışları da artıq qayıtmalı olduqları üçün hamısının əyləşməsi üçün böyük dəyirmi masa açılmışdır. Yorğun olduğu üçün bir qədər istirahət etməli olduğunu bildirmiş və Müşfiqin sifarişi ilə ona bir otaq otel nömrəsinin giriş kartı təqdim olunmuşdur. Ofisiant Firuz adlı şəxs onu 218 №-li otel nömrəsinə qaldırdıqdan sonra orada təklikdə təxminən 10 dəqiqə istirahət edib uzanmış və İlkin ona mesaj yazaraq «uşaqlar gəliblər, gedirik, düş» dediyi üçün 5-10 dəqiqə sonra aşağı düşmüşdür. İlkin onu kənara çəkib getməli olduqlarını desə də, Məsuməni tək qoyub gedə bilməyəcəyini demişdir. Bütün bu söhbətlərdən sonra İlkin, Elnur, İlahə və Rəşad çıxıb Bakı şəhərinə getmişlər. Bundan sonra Müşfiq və Məsumə ilə birlikdə otelin həyətindəki restoranda əyləşmiş, ətrafda xeyli sayda insanlar olmuş, canlı musiqi getmişdir. Həmin ərəfədə ofisiant Firuz ona yaxınlaşaraq 218 №-li otağın kartını istəmiş, nə üçün verməli olduğunu həmin otaqda gecələmək istədiyini dedikdə otağın təmizlənməli olduğunu bildirmişdir. İsrarla otağın təmiz olduğunu, orada heç bir natəmizlik yaratmadığını bildirsə də, Zaur gəlib ondan kartı geri almışdır. Bir neçə dəfə kartı tələb etsə də, ona başqa bir kart gətirmişlər, üzərində 307 nömrə yazılmışdır. Zaurdan kartı alıb otağa getmək istəsə də, Zaur ona otağı göstərəcəyini bildirmişdir. Müşfiqlə Məsuməyə çox yorğun olduğunu deyib otağa qalxacağını demiş və onlardan ayrılıb Zaurla birlikdə otağa qalxmışlar. Zaur otağı göstərdikdən sonra onunla birlikdə viski içmək istədiyini desə də, rədd etdiyi üçün çıxıb getmişdir. Yorğun olduğundan, ötən gecə də normal yatmadığından və iki gün ərzində kifayət qədər spirtli içki qəbul etdiyindən kondisioneri işə salıb paltarlı vəziyyətdə çarpayının üzərinə uzanaraq yatmışdır. Dərin yuxuda olduğu zaman otaqda kiminsə olduğunu hiss etmiş, ayıldıqda oteldə adminstrator işləyən Təqsirləndirilən şəxs otaqda olduğunu görmüş, qışqır-bağır saldığı üçün sonuncu otaqdan çıxıb qaçıb getmişdir. Həmin vaxt şok vəziyyətində olmuş, nə baş verdiyini anlamamışdır. Yerindən durub paltarını səliqəyə salıb qeydiyyat şöbəsinə zəng edib qışqıraraq danışmağa, həmin şəxsi kimin otağına buraxdığını, kartı haradan əldə edib otağına daxil olduğunu soruşmuşdur. Bundan sonra rəfiqəsi Məsuməyə zəng edib Müşfiqin yanında olub-olmadığını, ona Müşfiqin lazım olduğunu, əgər yanındadırsa tez gəlməsini bildirmişdir. Məsumə nə olduğunu soruşduqda qışqıraraq otaqda olduğunu demiş, Məsumə Müşfiqin yanında olduğunu deyib, gəldiklərini bildirmişdir. Bir neçə dəqiqə sonra onlar və qeydiyyat şöbəsində işləyən Surac adlı şəxs onun otağına gəlmişlər. Hadisəni danışdıqdan sonra ona sakitləşməsini və aşağı düşməsini demişlər. Paltarlarını geyinərək aşağı düşmüş, hadisəni ətraflı olaraq onlara və oteli işlədən Zaura, qardaşı Fəridə danışdıqdan sonra hamısı ona yalvararaq sakit olmağı, Orxanın səhv etdiyini bildirmişlər. Bundan sonra «102» xidmətinə zəng edib məlumat vermişdir. Söhbət əsnasında Surac ona kartı Orxana onun verdiyini, səhv etdiyini bildirmiş, nə qədər çağırsalar da Orxan gəlmədiyi üçün özü sonuncunun ***-***-**-** mobil nömrəsini əldə edərək zəng edib nalayiq sözlərlə təhqir etmiş və təcili gəlməsini bildirmişdir. Orxan telefonda ona «bacı bu dəqiqə gəlirəm, .... yemişəm, qələt eləmişəm, gəlib ayaqlarının altından öpəcəm, sən mənim bacımsan» və sair sözlər demişdir. Bir qədər sonra Orxan yanlarına gəlmiş, həmin vaxt artıq paltarlarını dəyişmiş, qara rəngli qısaqol köynək geyinmişdir. Hamının yanında Orxan dizlərini yerə ataraq ağlamağa və ona yalvarmağa başlamışdır. Orxan ona hər dəfə bacı dedikcə bir şillə vuraraq «mənə bacı demə» demişdir. Orxan onun haqlı olduğunu bildirib yalvarmağa davam etmiş və nə istəyirsə ona edə biləcəyini demişdir. Orxanla onun orada olduğu müddətdə heç bir ünsiyyəti və münasibəti olmamış, danışmamış, baxışmamış, amma Orxanın arada işlədiyini görmüş, Orxan onun həddindən artıq içkili vəziyyətdə olduğunu bilmişdir. Buna baxmayaraq ona heç bir əxlaqsız təklif etməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbini olmadığını, məhkəmə baxışı zamanı ölkə hüdudlarından kənarda olacağı ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında dindirilən Şahid5, Şahid6 və eyni zamanda ifadələri elan olunmuş şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsi ilə oxşar ifadələr vermişlər. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 14 mart 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmişdir. O, həbsdən azad olunmaqla, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 28-ci hissəsinə əsasən, müdafiə tərəfinin yazılı razılığı olduğundan, cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 14-cü hissəsində göstərilir ki, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 28-ci hissəsində göstərilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından, məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pulun fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar