Məhkəmə qərarları › İş №1(074)-47/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-47/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-47/2023 14.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 14 fevral 2023-cü il tarixdə, saat 01:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şamaxı” restoranının yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 01:50 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,580 (sıfır tam mində beş yüz səksən) qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 13 fevral 2023-cü il tarixdə, saat 09:30 radələrində yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən mağazadan çörək alıb evinə qayıdan zaman yol kənarından ağ sellofana bükülmüş büküm görmüşdür. Həmin büküm marağına səbəb olduğu üçün bükümü götürmüşdür. Tapmış olduğu sellofana bükülmüş olan bükümü açıb baxdıqda içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroin olmasını görmüşdür. Sonra heroini istifadə etmək üçün üzərindəki qara rəngli gödəkçənin sol yan cibinə qoymuş və yaşadığı ünvana getmişdir. Həmin tarixdə, saat 22:30 radələrində o, Abşeron rayonu, Müşfiqabad qəsəbə sakini taksi fəaliyyəti ilə məşğul olan Nicat adlı şəxsə 80 (səksən) manata onu Göyçay şəhərinə aparmasını bildirmişdir. Nicat onunla razılaşmış və onlar birlikdə Göyçay şəhərinə getmək üçün yola düşmüşlər. 13 fevral 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixə keçən gecə, saat 01 radələrində Şamaxı rayonu ərazisindən keçən zaman ayaqyoluna getmək məqsədi ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında avtomabili saxladıb ayaqyoluna gedib geri qayıdan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu demişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibində ağ rəngli sellofana bükülmüş büküm aşkar edilmiş, polis əməkdaşları həmin ağ rəngli sellofan bükümü açdıqda içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri narkotik vasitə olan, heroin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, narkotik vasitə olan heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış, heroin və başqa narkotik vasitənin satışı ilə məşğul olmur. Taksi sürücüsü Nicat adlı şəxs onun üzərində narkotik vasitə olduğunu bilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və bunu nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 14 fevral 2023-cü il tarixdə Göyçay şəhəri Bakı 1 A-da qeydiyyatda olmaqla Abşeron rayon Müşfiqabad qəsəbəsi kərpic zavod yolu dalan 7-də yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunusuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 14 fevral 2023-cü il tarixdə, saat 01:00 radələrində Şamaxı rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şamaxı” restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm açılaraq içərisindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindan bir ədəd ağ rəngli sellofana bükülmüş büküm aşkar edilərək açılmış və həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli sellofana bükülmüş bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 6/899 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,580 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi 0,580 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,530 qramdır. Aparılmış tədqiqatın dəyəri 55 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSYdən azad edilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 0,530 qram narkotik vasitə olan heroin olduğundan iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1575 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29 mart 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Göyçay rayon İHB-nın Göyçay şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X3 və anası X1 ibarət ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs uzun illərdir Bakı şəhərində yaşayır. Onun barəsində yaşadığı müddətdə yaşadığı ərazidən nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbə İƏD-si üzrə nümayəndəliyin 08 iyun 2023-cü il tarilxi 540/A saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində qeydiyyatsız yaşayır. Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair 06 iyun 2023-cü il tarixli elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2015 01 oktyabr 2016, 01 oktyabr 2020-31 dekabr 2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, 44 günlük Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 14 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 55,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,530 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 55,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 0,530 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar