Məhkəmə qərarları › İş №1(074)-47/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-47/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-47/2025 30.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 19 avqust 1980-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, ev 33-də qeydiyyatda olmaqla Şamaxı şəhəri, Fərhad Məlikov küçəsi, ev 4-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, qanunsuz olaraq 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” konstruksiyalı avtomatı, 1 ədəd avtomat darağını və 27 ədəd avtomat patronunu, 1 ədəd yivli odlu ov tüfəngini, 65 ədəd ov tüfəngi patronunu əldə edib saxlamış və üzərində gəzdirməklə Şamaxı rayonu ərazisində daşımış, 03 aprel 2025-ci il tarixdə Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının altından 01 ədəd keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli “Toz-8” modelli odlu yivli silah olan təktək atılan 50442 nömrəli ov tüfəngi, 65 ədəd xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 5,6 kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “Toz” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 5,6 mm kiçik kalibrli patron, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində silah zavodunda istehsal olunmuş 01 ədəd nömrəsi silinmiş “AKS- 74U” modelli 5.45 mm kalibrli Kalaşnikov konstruksiyalı yivli odlu silah olan avtomat, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində silah zavodunda istehsal olunmuş içərisində 5,45x39 mm kalibirli 30 (otuz) ədəd patron yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi 01 ədəd avtomat darağı, həmin avtomat darağının içərisində zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 27 ədəd ştat patronu aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, özü usta kimi fəaliyyət göstərmişdir. Əvvəllər işləyib spirtli içki qəbul etmiş, lakin təxminən 10 ildir ki o, namaz qılmağa başlamışdır. O, namaz qılmağa başlayan vaxtlarda, yəni təxminən 10 il bundan əvvəl yay aylarında yaşadığı Şamaxı şəhərində olan zaman qismən tanıdığı, lakin adını xatırlamadığı bir nəfər şəxs ona bir ədəd avtomat, həmin avtomata aid içərisində patronları olan bir ədəd avtomat darağı, bir ədəd ov tüfəngi və həmin tüfəngə aid patronları pulsuz vermişdir. Həmin şəxs silahların və güllərin ona lazım olmadığını demişdir. Onunda silahlara həvəsi olduğundan həmin şəxsdən qeyd olunan silahları, güllələri və içi dolu darağı götürmüşdür. Bundan sonra isə o, həmin silahları, güllələri və içərisi dolu olan darağı ünvan 2 ünvanındakı yaşadığı evə gətirmiş və yataq otağındakı çarpayının divar tərəfdən altında gizlətmişdir. Təxminən 10 il keçməsinə baxmayaraq, silahları, patronları və avtomat darağını gizlətdiyi yeri dəyişməmişdir. 03 aprel 2025-cü il tarixdə səhər saatlarında yaşadığı evin həyətində olduğu vaxt həyətə giriş darvazasının döyüldüyünü görüb darvazanın qapısını açdıqda polis əməkdaşı və onunla birlikdə gələn mülki geyimli şəxslərlə qarşılaşmışdır. Onlar Şamaxı RPŞ-nin əməkdaşları olduqlarını deyib yaşadığı evdə silah gizlətməyi barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə anonim zəng daxil olduğunu bildirmişlər. O, isə onlara yaşadığı evin yataq otağında yatdığı çarpayının altında silah olduğunu söyləmişdir. Sonra o, yaşadığı evə baxış keçirilməsi ilə bağlı öz razılığı əsasında ərizə yazmış və video çəkilişlə yaşadığı evə baxış keçirilmişdir. O, polis əməkdaşlarını evinin yataq otağına aparmış və onlara yataq otağında gizlətdiyi silahın yerini göstərmişdir. Axtarış zamanı yataq otağındakı çarpayının altında gizlətdiyi bir ədəd avtomat, həmin avtomata aid içərisində patronları olan bir ədəd avtomat darağı, bir ədəd ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar olunaraq götürülmüş və torbaya qoyularaq qablaşdırılmışdır. Daha sonra Şamaxı RPŞ-nə gətirilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, yataq otağında çarpayının altında 1 ədəd Kalaşnikov konstruksiyalı avtomatı, həmin avtomata aid içərisində 27 ədəd patron olan 1 ədəd avtomat darağını, 1 ədəd yivli odlu ov tüfəngini və 65 ədəd ov tüfəngi patronunu saxlamaqda məqsədi gələcəkdə hər hansı bir şəxs istəyərsə satmaq olmuşdur. O, heç vaxt kiməsə odlu silah satmamışdır. Yaşadığı evdə avtomat və ov tüfəngi gizlətməyindən yalnız arvadı Şəhanənin məlumatı olmuşdur. Yaşadığı evin yataq otağındakı çarpayının altında gizlətdiyi bir ədəd avtomatı, həmin avtomata aid içərisində patronları olan bir ədəd avtomat darağını, bir ədəd ov tüfəngini və həmin tüfəngə aid patronları təxminən 10 il bundan əvvəl yay aylarında yaşadığı Şamaxı şəhərində olan zaman qismən tanıdığı bir nəfər şəxsdən pulsuz olaraq almışdır. Həmin şəxs özünə lazım olmadığını deyib, silahları, darağı və patronları ona pulsuz vermişdir. Silahlara marağı olduğundan onları götürüb saxlamışdır. Avtomatdan və içərisində patronları olan bir ədəd avtomat darağından heç vaxt istifadə etməmiş, lakin tüfəngdən və onun patronlarından bir neçə dəfə ova gedərkən quş vurmaq üçün istifadə etmişdir. Ovdan evə qayıtdıqda isə tüfəngi və qalan patronları çarpayının altına qoymuşdur. Həmin tüfəngdən və patronlarından yalnız ova gedərkən quş vurmaq üçün istifadə etmiş, həmin vaxtlar yanında heç kim olmamışdır. Çünki ova getdiyi zamanlar tək olmuş və tüfəngdən istifadə etməyini heç kim görməmişdir. Tüfəngdən və patronlarından sonuncu dəfə nə vaxt istifadə etdiyini isə xatırlamır. Adını xatırlamadığı şəxs ona bir ədəd avtomat, içərisində patronlar olan avtomat darağı, bir ədəd tüfəng və sayını hazırda xatırlamadığı tüfəngə aid patronlar vermişdir. Avtomat darağının içərisində neçə ədəd patron olmasını dəqiq bilməsə də, demək olar ki, daraq patronla dolu vəziyyətdə olmuşdur. Tüfəngə aid patronların sayını dəqiq bilmir, bir hissəsini ova gedərkən tüfəngə doldurub quş vurmaq üçün istifadə etmişdir. Avtomat, avtomat darağı, tüfəng və güllələr aşkar olunduqda isə polis əməkdaşları tərəfindən sayılmış, darağın içərisində 27 ədəd patron, tüfəngə aid isə 65 ədəd patron olması məlum olmuşdur. O, həmin silahları adını xatırlamadığı şəxsdən aldıqdan sonra həmin silahların patronlarını yenidən hər hansısa bir şəxsdən almamışdır. Çünki həmin şəxs ona silahları verən zaman patronları ilə birlikdə vermişdir. Həmçinin o, həmin şəxsdən başqa heç kimdən silah, patron almamışdır. Yaşadığı evdə avtomat, tüfəng, patron olması barədə heç kimə məlumat verməmiş, həmin silahları və patronları kiməsə ondan alması üçün təklif etməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 03 aprel 2025-ci il tarixdə Şamaxı RPŞ-də xidmətdə olan zaman səhər saatlarında DİN-nin 102 xidmətindən Şamaxı RPŞ-nin növbətçi hissəsinə anonim məlumat daxil olmuş və məlumatda adının gizli qalmasını istəyən şəxs, Şamaxı şəhərində yaşayan Təqsirləndirilən şəxs 18 yaşlı oğlunu və arvadını Suriya Respublikasına məcburi qaydada aparmaq istədiyini, həmçinin onun evində silah gizlətməsini bildirmişdir. Bu səbəbdəndə Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah olub-olmamasını müəyyən etmək məqsədi ilə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Səid Seyidov, RPŞ-nin rəisinə raportla müraciət etmiş və onun, Şahid2, Şahid3, Şahid1 iştirakı birgə əməliyyat qrupu təşkil edilmiş və bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Evə daxil olmamışdan əvvəl Təqsirləndirilən şəxs onlar tərəfindən küçəyə dəvət olunmuş və video çəkiliş aparılmaqla ona özlərini təqdim edib DİN-nin 102 xidmətinən anonim məlumat daxil olduğunu və evində qanunsuz olaraq odlu silah saxlamasında şübhəli olması bildirilmişdir. Təqsirləndirilən şəxs evində odlu silah olmasını bildirdikdən sonra onlar onun razılığı ilə yaşadığı evə daxil olmuş, həmin evin yataq otağına keçən zaman Təqsirləndirilən şəxs odlu silahı divar tərəfdən çarpayının altında gizlətdiyini bildirmişdir. Bu səbəbdəndə Şahid3 divar tərəfindən yorğanları qaldıraraq çarpayının altına baxış keçirmiş, baxış zamanı çarpayının altından bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd içərisində avtomat patronları olan daraq, bir ədəd ov tüfəngi və bir ədəd sellofanın içərisində ov tüfənginin güllələri aşkar olunaraq götürülmüşdür. Daha sonra orada olan şəxslərin iştirakı ilə həmin bir ədəd avtomat, 1 ədəd içərisində avtomat güllələri olan daraq, bir ədəd ov tüfəngi və sellofan torbada ov tüfəngi üçün nəzərdə tutulmuş patronlar torbada qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Şamaxı rayon polis şöbəsinə gətirilmiş, Şamaxı rayon polis şöbəsinə gəldikdən sonra, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs evindən aşkar olunmuş avtomat, tüfəng, daraq və patronlarla bağlı sənədləşmə aparılmış və onların iştirakı ilə aşkar edilmiş avtomat, daraq, patronlar, tüfəng və tüfəngin patronları politelen torbadan çıxarılaraq yenidən baxış keçirilmişdir. Bundan sonra həmin avtomat, daraq, avtomat patronları, tüfəng və tüfəngin patronları politelen torbaya qoyularaq Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir. Şamaxı rayon polis şöbəsində keçirilmiş baxış videogörüntüyə alınmışdır. Onlar Təqsirləndirilən şəxs evinə baxış keçirən zaman, eyni zamandada polis şöbəsində həmin silahlara yenidən baxış keçirilərkən AKS-74U markalı avtomatın patronları 27 ədəd, TOZ markalı tüfəngin patronları isə 65 ədəd olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid5 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid5 ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən onların 6 övladı vardır. Təqsirləndirilən şəxs özü malyar ustası kimi fəaliyyət göstərmiş, eyni zamandada onun mebel dükanı olmuşdur. Lakin mebel dükanını çox vaxtı işlətməmişdir. Təqsirləndirilən şəxs 2015-ci ildən etibarən namaz qılmağa başlamış, namaz qıldığı müddətdədə onlara çox məhdudiyyətlər qoymağa başlamışdır. Ən əsasıda o, uşaqlarından Azər və Məryəmi məktəbdən çıxardaraq kafirlərin məktəbi olduğunu bildirmişdir. Ekiz uşaqları Əminə və Xədicəni isə birinci sinifə getməyə qoymamışdır ki, həmin məktəb kafirlər tərəfindən tikilmişdir. Onun bu kimi məhdudiyyətləri səbəbindən o, 2024-cü ilin oktaybr ayında ondan rəsmi olaraq ayrılmış və uşaqlarının hər birini özü ilə götürərək ata evinə aparmışdır. Təxminən iki ay qaldıqdan sonra Xəqani ona söyləmişdir ki, bir daha lazımsız məhdudiyətlər qoymayacaq. Bu səbəbdəndə o, geri qayıtmışdır. Lakin rəsmiyyətdə onlar ailəli deyildir. Yəni boşanmışlar. 2005-ci ildə onlar ailə həyatı qurduqdan sonra Xəqani kimdənsə bir ədəd tüfəng alaraq gətirib evdə saxlamağa başlamışdır. Həmin tüfəngin isə onların evində təxminən 60-70, bəlkədə 80 ədəd gülləsi olmuşdur. Xəqani tüfəngi və güllələrini ünvan 2 ünvanındakı yaşadıqları evin yataq otağındakı çarpayının altında gizlətmişdir. O, ehtiyyat etdiyi üçün hər dəfəsində imkan olduqca tüfəngin güllələrindən bir-bir gizlin şəkildə götürərək sanitar qovşağına atmışdır ki, güllələr qutarsın. Bir dəfəsində əri Xəqani bunu bilmiş və bunun üstündə onunla mübahisə edərək onu hədələmişdir. Bundan sonra o, qorxusundan həmin güllələrə dəyməmişdir. O, 2022-ci ildən başlayaraq arabir tüfəngi götürüb İmişli rayonuna getmiş və işinin olmasını söyləmişdir. Eyni zamanda deməsinə görə orada boş olan otluq ərazidə şüşə butulkaları düzərək tüfənglə atəş açır və butulkaları vurur. Həmin tüfəngdən başqa onların evdə əri Xəqaniyə məxsus bir ədəd avtomatda olmuşdur. Lakin Xəqaninin avtomatı harada gizlətməsini bilməmişdir. Yaşadıqları evin yataq otağındakı çarpayının altında aşkar edilmiş 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd avtomat darağı və 27 ədəd avtomat patronu, 1 ədəd yivli odlu ov tüfəngi, 65 ədəd ov tüfəngi patronu həyat yoldaşı Xəqaniyə məxsusdur. O, bildiyi qədəri ilə ov tüfəngini Xəqaniyə deməsinə görə 2005-ci ildə bir nəfər şəxs vermişdir. Lakin avtomatı isə kimdən aldığını, yaşadığı evdə harada gizlətməsini bilməmişdir. Yəni bu barədə ona hər hansısa bir söz söyləməmişdir. Avtomat darağının isə nə olduğunu bilmir. Həyat yoldaşının evdə tüfənginin və avtomatının olmasından onun məlumatı olmuşdur. Başqada bildiyi qədəri ilə onun tanışlarının evdə silah olmasından məlumatı olmuşdur. Lakin həmin şəxslərin kim olmasını bilmir. Həyat yoldaşı ov tüfəngini çarpayının altında gizlətmiş, digər silahı, yəni avtomatı isə harada gizlətdiyini o bilmir. Bir dəfəsində o, həyat yoldaşından soruşmuşdur ki, həmin avtomat kimindir. Xəqani avtomatın onun özünün olduğunu söyləmişdir. Həyat yoldaşı barəsində DİN-nin 102 xidmətinə kimin məlumat verməsindən xəbəri yoxdur. Eyni zamanda onun Suriyaya getmək, onu və övladlarınıda özü ilə aparmaq istəməsini o bilmir. Xəqani bu barədə ona hər hansısa bir söz deməmişdir. Bəlkədə kimlərləsə bu haqda söhbət edib, lakin o, bu barədə ona heç bir söz söyləməmişdir. O, ailə həyatı qurduqdan sonra Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi iki silahdan başqa silahının olmasını görməmişdir. Xəqaninin həmin silahları isə nə məqsədlə saxladığını bilmir. Həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı evdə ov tüfəngini, həmin tüfəngin patronlarını və bir ədəd avtomat saxladığını bilmişdir. Ov tüfəngini və patronlarını harada gizlətdiyini görsə də, avtomatı harada gizlətdiyini görməmişdir. Avtomat darağının isə nə olduğunu bilmir. Xəqaninin ona və övladlarına ziyanlıq edəcəyindən qorxduğu üçün bu barədə polisə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 04 aprel 2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Axtarış və götürmə keçirilməsi haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə həmin gün saat 09:10-dan 09:14-dək olan müddət ərzində sonuncunun yaşadığı Şamaxı şəhəri, F.Məlikov küçəsində yerləşən fərdi yaşayış evində video çəkiliş aparılmaqla axtarış aparılmış və axtarış zamanı yaşadığı evdə yataq otağında çarpayının (taxtın) altından 01 ədəd AKS-U modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah olan avtomat, 5,45x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 27 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş içərisində 5,45x39 mm kalibirli 30 (otuz) ədəd patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd daraq, 5,6 mm kalibrli Toz-8 modelli odlu yivli silah olan 01 ədəd tək-tək atılan ov tüfəngi və 5,6 kalibrli 65 ədəd patron aşkar edilərək aşkar edilərək götürülmüşdür. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə saat 10:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nə gətirildikdən sonra həmin gün saat 10:35-dən 10:45-dək olan müddət ərzində video çəkiliş aparılmaqla onun və müdafiəçisinin iştirakları ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı çarpayının altından aşkar olunaraq götürülmüş 1 ədəd avtomatı, 1 ədəd avtomat darağını və 27 ədəd avtomat patronunu, 1 ədəd “TOZ” markalı tüfəngi, 65 ədəd ov tüfəngi üçün nəzərdə tutulmuş patronları təxminən 8-10 il əvvəl yaşlı bir kişidən aldığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 03 aprel 2025-ci il tarixli, 25/534 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74U modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd, 50442 nömrəli silah, keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atış üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliyə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədiqata təqdim edilmiş 27 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 65 ədəd patronlar xarici dövlətdə, zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapancalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli patronlardır, döyüş sursatı hesab olunur, istifadəyə və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 27 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi və 65 ədəd 6,6 mm kalibrli patronardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 4(074)-18/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmışdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, ev 33-də qeydiyyatdadir. Ailə tərkibi Şahid5-arvadı, oğlu-29 iyun 2007-ci il təvəllüldü X5, qızı-23 aprel 2012-ci il təvəllüldü X2, qızları-20 iyun 2016-cı il təvəllüldü X6 və X4, oğlu-26 mart 2019-cu il təvəllüldü X3 və oğlu-23 mart 2021-ci il təvəllüldü X1 ibarətdir. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi məlumat daxil olmamışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 iyun 2007-ci il təvəllüdlü X5, 23 aprel 2012-ci il təvəllüdlü X2, 20 iyun 2016-cı il təvəllüdlü X6 və X4, 26 mart 2019-cu il təvəllüdlü X3 və 23 mart 2021-ci il təvəllüdlü X7 adlı 6 uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnamənin xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-11/2-5160/2025 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş, Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomatdan və 01 ədəd 5,6 mm kalibrli, 50442 nömrəli Toz-8 modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. “Maddi sübutu tanıma və anbara verilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və istintaqa təqdim edilmiş 01 ədəd AKS-74U modelli avtomat, 5,45x39 mm kalibrli 24 ədəd patron, bir ədəd avtomat darağı, bir ədəd Toz-8 modelli odlu yivli silah olan ov tüfəngi və 63 ədəd 5,6 kalibrli Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şamaxı rayon Polis Şöbəsinin anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və himayəsində beş azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənlərdən himayəsində beş azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd AKS-74U modelli avtomat, 5,45x39 mm kalibrli 24 ədəd patron, bir ədəd avtomat darağı, bir ədəd Toz-8 modelli odlu yivli silah olan ov tüfəngi və 63 ədəd 5,6 kalibrli Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməildir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 9 saat hüquqi yardım göstərməsinə görə 99 (doxsan doqquz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd AKS-74U modelli avtomat, 5,45x39 mm kalibrli 24 ədəd patron, bir ədəd avtomat darağı, bir ədəd Toz-8 modelli odlu yivli silah olan ov tüfəngi və 63 ədəd 5,6 kalibrli Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 9 saat hüquqi yardım göstərməsinə görə 99 (doxsan doqquz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar