Məhkəmə qərarları › İş №1(074)-48/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-48/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-48/2021 05.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci ildə Xaçmaz rayonu Çax-çaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli 2 uşaq atası, fədi əməklə məşğuldur, məhkum olunmuş, Xaçmaz rayonu Çax-çaxlı kəndində qeydiyyatda olan, Xudat şəhəri Ş.Qurbanov küçəsi 29 saylı evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, 02 fevral 2021-ci il tarixdə saat 00:40 radələrində Şamaxı şəhəri ərazisində yerləşən Avtovağzalın yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 01:58-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd sellofan torbada təmiz çəkisi 12,099 (on ik tam mində doğsan doqquz) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə vəziyyəti ilə əlaqədar olaraq taksi fəaliyyəti ilə məşğul olur. Bu səbəbdən də mütəmadi olaraq Bakı şəhərinə müştərilər aparıb gətirir. 28 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində Xudat şəhər Avtovağzalında dayanıb Bakı şəhərinə aparmaq üçün müştəri gözləyərkən ondan bir qədər kənarda yerdə bir ədəd bükülmüş formada şəffaf rəngli sellofanın olduğunu və kənardan həmin sellofana baxdıqda içərisində qurudulmuş ota bənzər nəyinsə olduğunu görmüş və marağına səbəb olduğundan həmin sellofanı götürüb açıb baxdıqda içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüşdür. Özü ara-sıra narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyindən həmin kütlənin narkotik maddə olan qurudulmuş marixuana olmasını bilmiş və həmin qurudulmuş marixuananı istifadə etmək üçün sellofanı götürüb əynindəki qara rəngli gödəkçənin sağ iç cibinə qoyub və müştəri gözləməyə davam etmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin bükümü 02 fevral 2021-ci il tarixə kimi üzərində gəzdirmişdir. 01 fevral 2021-ci il tarixdə, saat 23:00 radələrində avtomobili xarab olduğundan və Şamaxı şəhərində şəxsi işi olduğundan Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə tanımadığı taksiyə minib Şamaxı rayonuna doğru yola düşmüşdür. Artıq 01 fevral 2021-ci il tarixdən 02 fevral 2021-ci il tarixə keçən gecə, saat 00:40 radələrində Şamaxı şəhərinə çatmış, Avtovağzalda taksidən düşüb bir qədər piyada gəzərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona desələr də o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin vaxt polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd bükülmüş şəffaf sellofan aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən götürdükləri içərisində narkotik vasitə olan qurudulmuş marixuana bükümünü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirməkdə məqsədi yalnız istifadə etmək olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2021-ci il tarixdə Xaçmaz rayonu, Çax-çaxlı kəndində qeydiyyatda olmaqla Xudat şəhəri, Ş.Qurbanov küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı Şamaxı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də 01 fevral 2021-ci il tarixdən 02 fevral 2021-ci il tarixə keçən gecə, saat 00:40 radələrində Şamaxı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən Avtovagzal adlanan ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt Vüqar onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd bükülmüş şəffaf sellofan aşkar olunmuş, həmin sellofan açıldıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaqa Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə saat 01:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli bükülmüş sellofan aşkar olunmuşdur. Həmin aşkar olunmuş selofan açılaraq içərisinə baxıldıqda, selofanın içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd sellofanın içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2021-ci il tarixli 7/138 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd sellofan torbada təmiz çəkisi 12,099 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 12,099 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq 12,079 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi-12,079 qram olan qurudulmuş marixuana saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 10 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancınnı 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, 26 dekabr 2011-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Xaçmaz rayon İHB-nın Xudat şəhəri üzrə inzibati ərazi dairəsi nümayəndəliyinin 15 fevral 2021-ci il tarixli 477/2 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 28 fevral 1992-ci il təvəllüdlü X2, qızları-18 fevral 2011-ci il təvəllüdlü X3 və 07 aprel 2014-cü il təvəllüdlü X6 ilə Xudat şəhəri Ş.Qurbanov küçəsi 29 saylı evdə yaşayır. Azərbaycan Respublikası Xaçmaz rayon İHB-nın Xudat şəhəri üzrə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində Xudat şəhər İƏD üzrə nüamyəndəliyə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası vətəndaşının AA0756343 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 18.02.2011-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA0756440 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 07.04.2014-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 fevral 2021-ci il tarixli 410 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın əldə edildiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə material ayrılmaqla araşdırmanın davam etdirilməsi və cinayət törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdimat verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digərcinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinənşəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi vəhəm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsininqarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən vəağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onunailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 2 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasə nonun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını, nəzərə alıb belə qənatə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyin əgörə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə tərbiyələdirmə habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəməhesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəməhesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı Xudat şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müdət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilətəqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 02.02.2021-ci il tarixdən-03.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanımalı, cəza çəkmə müddətinin başanğcı onun cəzanı icra edən orqanda qeydiyyata alıdığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanımalı, cəza çəkdiyi müddətdə Azəbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınan–Şamaxı rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi-12,079 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 66,46 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs İxtiyar oğlunun üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarit altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İxtiyar oğluna cəza çəkdiyi müddətdə narkomoniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 66,46 manat məbləğində pul Təqsirləndirilən şəxs İxtiyar oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 12,079 qram narkotik vasitə olan marixuana məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar