Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-48/2023 26.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Ağdam şəhərində anadan olmuşdur. Məlum hadisələrlə bağlı 1993-cü ildə Ağdam səhərindən çıxmağa məcbur olmuşlar və məcburi köçkün kimi Şamaxı rayonu Çuxuryurd kəndində məskunlaşmışlar. 1995-ci ildə o, Rusiyaya getmiş, uzun müddət orda yaşamışdır. 2021-ci ilin mart ayının 17-də o, Azərbaycana qayıtmış və həmin vaxtdan Çuxuryurd kəndində valideynlərinin yaşadığı evdə qalır. X5 onunla qonşuluqda yasayır, bacısı oğludur. Üç tərəfi əkin sahəsidir. O, Azərbaycana gəldiyi vaxtdan, yəni 2021-ci ilin mart ayından Sərvər Qasımov onunla ruhi xəstə olan, İ qrup Qarabağ əlili qardaşı Mahir İsmayılovla ədavət aparır, heç bir səbəb olmadan onları bütün qohum əqrəbasını hətta ölülərini belə söyüb təhqir edir. Dəfələrlə polisə müraciət etmiş, 102 xidmətinə zəng etmişdir. Hamısı ondan şahid istəyir. Onun ondan başqa qonşusu yoxdur. Üç tərəfi əkin sahəsidir. Burada o, şahidi haradan tapsın. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə aralarıda söz söhbət olmuşdur. Səbəbdə budur ki, öz evinə sayğacdan kənar elektrik xətti çəkmişdir. Dəfələrlə tələb etmişdir ki, bu xətti kəs onun sayğacına yaxındır, gəlib onu cərimələyəcəklər. Sözünə baxmamış, o, da işıq idarəsinə şikayət etmişdir. Həm bu səbəbdən həm də onun mətbəxindən şlanqla isti su keçirir tələb etmişdir ki, çıxar buradan. Bu səbəblərdən onu, qohum əqrəbasını, xəstə qardaşını söyüb təhqir edir, içib, psixotrop maddə qəbul edib oturub onun evində onları rahatsız edir. Deyir ki, “yatdığı yerdə pambığı soxacam ağzına səni öldürəcəyəm”. Gah da deyir ki, “mən həyatdan bezmisəm, yaşamaq istəmirəm. Özümü öldürəcəyəm”. O, özüdə xəstə adamdır, ürəyində tromb, onurğasında yırtıq var. Qan təzyiqi 140-220 arasında qalxıb enir. Onun söyüş təhqirlərinə dözə bilmir. Polisə müraciət etmiş, ona məhkəməyə müraciət etməyini bildirmişlər. Hesab edir ki. X3 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətləri var. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 İsmayılovun xüsusi ittihamlı şikayətinə etiraz edərək bildirdi ki, Namiqlə aralarında olanlar sırf məişət zəmnində baş vermişdir. Onun Namiqə qarşı şəxsi qərəzliyi yoxdur. Sadəcə qonşuluqda yaşadıqları üçün aralarında anlaşılmazlıqlar baş vermişdir. Bundan əlavə şikayətçi ərizəsində onun barəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir. Belə ki, onun tərəfindən hər hansısa spirtli içki içilməklə və psixotrop maddə qəbul etməklə şikayətçiyə qarşı qəsdən qeyri qanuni hərəkətlər törədilməmişdir. Sadəcə aralarında hərdən sözlü mübahisələr olmuşdur. Lakin bundan sonra Namiqlə hər hansı bir münaqişəyə girməyəcəyinə söz verir. Buna görə də şikayətin icraata qəbul edilməməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. X4 xüsusi ittiham qaydasında şikayət ərizəsində X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi təhqir cinayəti obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-48/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-48/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver