Məhkəmə qərarları › İş №1(074)-49/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-49/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-49/2022 20.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1972-ci ildə Şamaxı rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu, Yeni Muğanlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Şamaxı rayonu, Muğanlı kəndində daşımış, 06 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində Şamaxı rayonu, Yeni Muğanlı kəndində yolun kənarında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 16:50-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol iç tərəfində qoltuğunda əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 450 (dörd yüz əlli) qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, yaşadığı Yeni Muğanlı kəndində yolun kənarından bir ədəd ağ sellofan torba tapmışdır. Sellofan torbanı açaraq içərisinə baxdıqda, sellofan torbanın içərisində marixuana olduğunu görmüş, götürərək evə aparmış və evin zirzəmisində saxlamışdır. 06 yanvar 2022-ci il tarixdə həmin marixuana olan sellofan torbanın yerini dəyişmək məqsədi ilə evdən götürüb başqa yerə aparmaq istəyən zaman saat 16:00 radələrində Şamaxı rayonu, Yeni Muğanlı kəndində yolun kənarında mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirdirərək, onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli gödəkçənin sol iç tərəfində qoltuğunda əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd sellofan torba aşkar olunmuşdur. Polis əməldaşları həmin selofan torbanı açdıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan sellofan torbanı polis əməkdaşları karton qutuda qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Onun üzərinizdə aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı yalnız özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə Şamaxı rayonu, Yeni Muğanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də 06 yanvar 2022-ci il tarixdə, saat 16:00 radələrində Şamaxı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə Şamaxı rayonu, Yeni Muğanlı kəndində yolun kənarında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğu üçün Şamaxı RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç tərəfində qoltuğunda əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin sellofan açıldıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 06 yanvar 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə saat 16:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç tərəfdə qoltuğunda bir ədəd ağ sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş sellofan açılaraq içərisinə baxıldıqda, içərisindən aşıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş bir ədəd sellofan paketin içərisində olan kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 7/18 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən yazısı və imzalar olan kagız paketdəki, 01(bir) ədəd sellofan torbada təmiz çəkisi 450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 450 qram, tədqiqata istifadə olundu 0,2 qram, qalıq 449,8 qramdır. Aparılmış tədqiqatın dəyəri 78,82 manatdır. İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 19 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Muğanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 yanvar 2022-ci il tarixli 17 saylı arayışından görünür ki, arvadı 1972-ci il təvəllüdlü X1, qızı 1996-cı il təvəllüdlü X6, oğlu 1998-ci il təvəllüdlü X9, qızı 1999-cu il təvəllüdlü X10, oğlu 2002-ci il təvəllüdlü X7 və qızı 25 iyun 2004-cü il təvəllüdlü X11 ilə Şamaxı rayonu, Muğanlı kəndində yaşayır. İş materiallarında olan Şamaxı RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, ailəsinin qayğısına qalan insandır. Kənd sakinlərinin ehtimadını qazanmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05.02.2022-ci il tarixli, 542 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2022-ci il tarixli, 7/192 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8 götürülmüş marixuana Təqsirləndirilən şəxs götürülmüş marixuanadan fərqlidir. Marixuananın təmiz çəkisi 5,841 (1 №iiob) qram, təmiz çəkisi 449,8 qram (2№iiob), tədqiqata istifadə olundu 0,1 qram (hər obyektdən 0,05 qram) qalıq 5,791 qram, 449,75 qram. Aparılmış tədqiqatın dəyəri 78,0 manatdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin oğlu X9 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin oğlu X9 29 sentyabr 2020-ci il - 01 yanvar 2021-ci il tarixlərdə Vətən müharibəsində iştirak etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, oğlu X4 Vətən müharibəsində iştirak etməsini, dövlət tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək olan 2 gün həbsdə olduğu müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmaldıır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 156,82 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 449,75 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək olan 2 gün həbsdə olduğu müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 8(səkkiz) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 156,82 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 449,75 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar