Məhkəmə qərarları › İş №1(074)-5/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-5/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-5/2022 12.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Noruz oğlunun, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş, Şamaxı şəhəri Füzuli küçəsi 10 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdə, saat 13 radələrində “Riyad-Renta” şirkətinə məxsus olmaqla ünvan 1 ünvanında yerləşən “Səadət sarayı" adlanan şadlıq sarayının pəncərəsindən binaya qanunsuz daxil olmaqla oradan hər birinin qiyməti 40 (qırx) manat olan 200 (iki yüz) manat dəyərində 05 (beş) ədəd dəmir materialdan skamyaları, hər birinin qiyməti 80 (səksən) manat olan 240 (iki yüz qırx) manat dəyərində 03 (üç) ədəd dəmir materialdan stolları, hər birinin qiyməti 16 (on altı) manat olan 160 (yüz altmış) manat dəyərində 10 (on) ədəd dəmir materialdan stulları və 90 (doxsan) manat dəyərində 01 (bir) ədəd dəmir materialdan qapını oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxsə məxsus 690 (altı yüz doxsan) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 06 iyul 2021-ci il tarixdə günorta təxminən saat 13 radələrində o, Şamaxı şəhəri Azərbaycan küçəsi ilə piyada hərəkət edərkən, yolda təsadüfən həmin küçədə yerləşən köhnə “Səadət Sarayı” adlı şadlıq evinin sındırılmış pəncərəsindən içəridə stol-stul olmasını görmüş, sarayın içərisində və yanında heç kim olmamış, o, bir qədər dayanıb qərara gəlmişdir ki, həmin əşyaları gizlincə götürüb aparsın. Bu məqsədlə, o, həmin əşyaları götürdükdən sonra aparmaq məqsədilə yük maşını tapmaq üçün yolun kənarında dayanıb gözləmiş, az sonra Natiq adlı şəxsin Qaz-53 markalı yük avtomobili ilə yolda hərəkət etdiyini görüb onu saxlatdırmış, Natiqə demişdir ki, onun özünün burada stulları var, onları aparmaq istəyir. Natiq də razılaşmışdır. O, da sarayın içərisindən 5-6 ədəd sayda stulları götürmüş və yolun kənarına çıxarıb Natiqin Qaz-53 markalı yük avtomobilinə yükləmiş, sonra Natiqin maşını ilə həmin stulları Şamaxı şəhərində “Səid” marketin yanında adını xatırlamadığı şəxsin yanına aparmışdır. Adını xatırlamadığı həmin şəxslə danışıb stulları cəmi 54 (əlli dörd) manat dəyərində həmin şəxsə satmışdır. Həmin pulları da xərcləmişdir. O, ancaq 5-6 ədəd stul götürmüşdür. Digər əşyaları o, götürməmişdir. Natiq onun həmin əşyaları oğurladığını bilməmişdir. O, Natiqə demişdir ki, həmin əşyalar onun özünündür. Onu kənar heç kim görməmişdir. Təkcə yük maşını ilə gələn Natiq onu görmüş və oğurluq etdiyini bilməmişdir. O, törətdiyi əməldən peşman olduğunu bildirdi və ailə vəziyyətinin və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilərək onunla barışması nəzərə alınaraq, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, “Riyad-Renta” şirkətində direktor vəzifəsində işləyir. ünvan 2 ünvanında yerləşən "Səadət Sarayı" Riyad renta şirkətinin nəznindədir. Sözü gedən saraya 2016-cı il tarixdən Şahid1 nəzarət edir. 08.07.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "Səadət Sarayı"-nın nəzarətçisi işləyən Şahid1 ona zəng edərək "Səadət Sarayı"-dan birinci və ikinci mərtəbələrdən, pəncərələrin sındırılaraq içəridə olan aliminum qapı, dəmir stol-stullar və oturacaqların oğurlanmasını bildirmişdir. Bundan sonra o, "Səadət Sarayı"-na məxsus əşyaları oğurlayan şəxs və ya şəxslərin tapılması üçün “Riyad-Renta” şirkətinin təsisçisi və prezidenti X10 adından məktub yazaraq Şamaxı polis şöbəsinə hadisə barədə məlumat vermişdir. Oğurluq barədə ona Şahid1 zəng edərək məlumat vermişdir. Şahid1 "Səadət Sarayı"-dan oğurluq olunması barədə ona 08.07.2021-ci il tarixdə zəng edib 08.07.2021-ci il tarixdə "Səadət Sarayı"-na baxdığını və oğurluq olmasını demişdir. O, “Riyad-Renta” şirkətinə məxsus "Səadət sarayı"-na dəymiş ümumi ziyanın 4000-5000 min manat olmasını demiş, oradan oğurlanan ümumi əşyaların dəyərinin 690 manat civarında olmasını bildirmişdir. O, ilk öncə təhqiqat qrupunda izahat verərkən “Riyad-Renta” şirkətinə məxsus "Səadət sarayı"dan alminum qapı, dəmir stol-stullar və dəmir oturacaqların oğurlandığını bildirsə də sonradan “Riyad-Renta” şirkətindən dəymiş ziyanla bağlı arayış almış və müəyyən olunmuşdur ki, "Səadət sarayı"-dan bir ədəd dəmir qapı, 3 ədəd dəmir stollar, 10 ədəd dəmir stullar və 5 ədəd dəmir uzun skamyalar oğurlanmışdır. Həmin "Səadət Sarayı"-nın mühafizəsi rəsmi qaydada qorunmur, sadəcə olaraq həmin sarayın bəzi otaqları icarədədir və oradan gələn icarə ödənişlərini Şahid1 yığaraq şirkətin balansına keçirir. O, orada olan invertarların ümumi sayı və çeşidi barədə məlumat verə bilməyəcəyini göstərmişdir. "Səadət sarayı"-dan əşyalar əşyaların olduğu otağın pəncərələri sındırılaraq oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulan ziyan tam ödənilmiş və onunla barışmışlar, ondan şikayət və tələbləri olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2016-cı il tarixdən “Riyad-Renta” şirkətinin mülkiyyətində olan "Səadət Sarayı"-na nəzarət edir. Sözü gedən "Səadət Sarayı"-nın bir neçə otağı icarədə olduğundan, icarə pullarını o, toplayır və nazarəti özü edir. İki-üç ayda bir dəfə olmaqla "Səadət Sarayı"-na gələrək otaqları gəzərək nəzarət edir. Sonuncu dəfə 08.07.2021-ci il tarixdə "Səadət Sarayı"-na baxmaq üçün gəldikdə sarayın birinci və ikinci mərtəbələrində pəncərələrin sındırılaraq içəridə olan alminum qapı, dəmir stol-stullar və dəmir oturacaqların oğurlandığını görmüşdür. Bundan sonra baş verən hadisə barədə “Riyad-Renta” şirkətinə məlumat vermişdir. O, “Riyad- Renta” şirkətinə məxsus "Səadət Sarayı"-dan oğurluq olmasının dəqiq vaxtını və saatını bilmir, sadəcə olaraq 08.07.2021-ci il tarixdə o, "Səadət Sarayı"-na gələrək otaqları gəzərkən oğurluq olmasını bilmiş və bu barədə şirkətin nümayəndəsi Zərərçəkmiş şəxs zəng edib məlumat vermişdir. “Riyad-Renta” şirkətinə məxsus "Səadət Sarayı"-na dəymiş ümumi ziyanın 4000-5000 min manat, oradan oğurlanan ümumi əşyaların dəyəri 690 manat civarında olmuşdur. O, ilk öncə Təhqiqat qrupunda izahat verərkən “Riyad-Renta” şirkətinə məxsus "Səadət Sarayı"-ndan alminum qapı, dəmir stol-stullar və dəmir oturacaqların oğurlandığını bildirsə də sonradan Zərərçəkmiş şəxs soruşduqda o,blldirmişdir ki, “Riyad-Renta” şirkətinə məxsus "Səadət Sarayı"-ndan bir ədəd dəmir qapı, 3 ədəd dəmir stollar, 10 ədəd dəmir stullar və 5 ədəd dəmir uzun skamyalar oğurlanmışdır. Bildirmişdir ki, əşyaların olduğu otağın pəncərələri sındırılaraq oğurlanmışdır. "Səadət sarayı"-nda və yaxud ona yaxın hər hansı bir obyektdən oğurluq hadisəsi olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, ailənin maddi təminatını təmin etmək üçün 2015-ci il tarixdə yararsız metal alqı-satqısı edir. "FORT" markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobili ilə Şamaxı rayonunun müxtəlif kəndlərini gəzərək yarasız metalları alıb, Bakı şəhərində "Bakstel" zavoduna satır. Təxminən 06.07.2021-ci il tarixdə şifahi tanıdığı Elçin adlı şəxs və yanında olan bir nəfər tanımadığı şəxs, sonradan adını bildiyi Natiq adlı şəxs ağ rəngli “Qaz 53” markalı avtomobil ilə yanına gələrək, yararsız metal olduğunu və satmaq istədiyini bildirmişdir. O, avtomobilə yaxınlaşıb yük yerinə baxan zaman 5-6 ədəd skamyalar, 2-3 ədəd dəmir stollar, və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarından ibarət iqolnik olduğunu görmüşdür. Bundan sonra o, həmin 5-6 ədəd skamyalar, 2-3 ədəd dəmir stollar və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarını tərəzidə çəkib ümumi dəyəri 54 manat pulu Elçin adlı şəxsə vermiş, sonuncu pulunu alaraq çıxıb getmişdir. 07.07.2021-ci il tarixdə isə o, həmin Elçin adlı şəxsdən aldığı əşyaları dəmir parçalarına hissə-hissə bölərək digər kəndlərdən aldığı metal əşyaları ilə birlikdə Bakı şəhərində "Bakstel" zavoduna apararaq satmışdır. Bundan sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşları aldığı metalın oğurluq olduğunu bildirərək, onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Həmin 5-6 ədəd skamyalar, 2-3 ədəd dəmir stollar və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarının oğurluq olmasından heç bir məlumatı olmamışdır. O, Elçin adlı şəxsi şifahi tanıyır, onunla heç bir münasibəti olmamışdır. Elçin adlı şəxsdən 5-6 ədəd skamyalar, 2-3 ədəd dəmir stollar və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarını alaraq qarşılığında 54 manat pul ödəniş etmişdir. Onun həmin dəmir stolun oğurluq olmasından heç bir məlumatım olmamışdır. Elçin adlı şəxs 5-6 ədəd skamyalar, 2-3 ədəd dəmir stollar və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarını ona satmağa gələn zaman Natiq adlı şəxsin idarə etdiyi ağ rəngli “Qaz 53” markalı avtomobil ilə gəlmişdir və Elçinin yanında Natiqdən başqa heç kim olmamışdır. Elçin adlı şəxsin ona satmaq üçün gətirdiyi əşyalardan 5-6 ədəd skamyalar, 2-3 ədəd dəmir stollar yararlı olsa da digər əşyalar stol və stul qırıqları olmaqla istifadəyə yararsız halda, yəni dəmir parçalarına bölünmüş vəziyyətdə olmuşdur. Həmin vaxtı maşında bir ədəd də taxta qapı olmuş və o, bütün əşyalara ümumilikdə 54 manat pul ödəmişdir. O, Elçin adlı şəxsdən aldığı 5-6 ədəd skamyaları, 2-3 ədəd dəmir stolları və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarını Bakı şəhərində "Bakstel" zavoduna satdığı üçün təqdim edə bilmir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, “QAZ-53” markalı, 22-BÇ-576 dövlət qeydiyyat nömrə nişanlı yük avtomaşını ilə müxtəlif ünvanlardan sifarişləri qəbul edir. 06.07. 2021-ci il tarixdə o, idarə etdiyi “QAZ-53” markalı yük avtomaşını ilə Şamaxı şəhəri işıq idarəsinin yaxınlığında dayanarkən, həmin vaxtı adını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşmış və bildirmişdir ki, Şamaxı rayonu ərazisində yerləşən “Bağ” adlanan yerdə onun dəmirləri var onu onun avtomaşını ilə gətirmək istəyir, onun hörmətini də edəcək. O, da onunla razılaşmış və onlar birlikdə Şamaxı rayonu “Bağ” adlanan əraziyə getmişlər. Sonradan adını bildiyi Elçin adlı şəxs onun idarə etdiyi yük avtomobilindən düşmüş və Bağa daxil olmuşdur. Daha sonra Elçin 5-6 ədəd skamyalar, 2- 3 ədəd dəmir stollar və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarını onun idarə etdiyi yük avtomobilinin yük yerinə yerləşdirmiş və onlar həmin materialları İşıq İdarəsinin yaxınlığında olan dəmirlərin alqı-satqısı yerinə qayıtmışlar. Həmin vaxt Elçin həmin oturacaqları orada dəmirlərin alveri ilə məşğul olan şəxsə vermiş və həmin şəxsdən 54 (əlli dörd) manat pul almış. Həmin puldan ona yol haqqı olaraq 10 manat pul vermişdir. Bundan sonra o, idarə etdiyi yük maşını ilə yaşadığı Şəhriyar qəsəbəsi istiqamətinə getmiş və həmin yolun üstündə, yəni İşıq İdarəsindən bir az qarşıda Elçin adlı şəxsi maşından düşürmüş özü isə evinə getmişdir. Onun həmin stulların oğurluq olduğundan heç bir məlumatı olmamışdır. Elçin adlı şəxsi şifahi tanıyır, onunla heç bir münasibəti olmamışdır. Elçin adlı şəxs 5-6 ədəd skamyaları, 2-3 ədəd dəmir stolları, və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarını satmağa aparan zaman Elçinin yanında ondan başqa heç kim olmamışdır. Elçin adlı şəxsin ona satmaq üçün gətirdiyi əşyalardan 5-6 ədəd skamyalar, 2- 3 ədəd dəmir stollar yararlı olsa da digər əşyalar stol və stul qırıqları olmaqla istifadəyə yararsız halda, yəni dəmir parçalarına bölünmüş vəziyyətdə olmuşdur. O, bundan əvvəl həmin Elçin adlı şəxslə hər hansısa bir materialların və ya məişət əşyalarının daşınması ilə məğul olmamışdır. Elçin adlı şəxs “Səadət sarayı”-nın içərisinə girərək pəncərədən bayıra 5-6 ədəd skamyaları, 2-3 ədəd dəmir stolları və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarını yığmış və daha sonra bayıra çıxaraq “Səadət sarayı”-nın içərisindən götürdüyü əşyaları onun idarə etdiyi yük maşınına yığmışdır. Birinci dəfə idi ki, o, Elçin adlı şəxsin sifarişi ilə iş görmüşdür. Elçin adlı şəxs 5-6 ədəd skamyaları, 2-3 ədəd dəmir stolları, və 30 kiloya yaxın dəmir stol və stul qırıqlarını 06.07.2021-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi yük maşınına yığıb satmağ üçün İşıq İdarəsinin yanında dəmir alqı satqısı ilə məşğul olan Tahir adlı şəxsin yerinə aparıb satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və zərərçəkmiş şəxsin tanınması haqqında” 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüş və “Riyad-Renta” şirkətinə maddi ziyan dəydiyi üçün həmin şirkət iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Baxış keçirilməsi haqqında” 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şamaxı şəhəri, Azərbaycan küçəsi 25 ünvanında yerləşən "Səadət Sarayı"-na baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin sarayın alminum qapısını, ikinci mərtəbədən dəmir stol, stulların və su qızdırıcı kalonkanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmiş, hadisə yerindən heç bir əşya və ya predmet götürülməməklə bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 12 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə saat 15:30-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 14 avqust 2021-ci il tarixli, 4(074)-71/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış alınmış 28 sentyabr 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 08.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 31.01.2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 3 ay 9 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Şamaxı rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Şamaxı rayon X3 Hüquqi Şəxsin 03 oktyabr 2021-ci il tarixli 878 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 18.10.2021-ci il tarixli 47 nömrəli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 5 ədəd dəmir uzun skamyaların hər birinin qiyməti 40 (qırx) manat dəyərində olmaqla cəmi 200 (iki yüz) manat, 3 ədəd dəmir stolların hər biri 80 (səksən) manat dəyərində olmaqla cəmi 240 (iki yüz qırx) manat, 10 ədəd dəmir stulların hər biri 16 (on altı) manat dəyərində olmaqla cəmi 160 (bir yüz altımış) manat, 1 ədəd dəmir qapının qiyməti 90 (doxsan) manat dəyərində qiymətləndirilməklə, oğurlanmış invertarların ümumi dəyəri 690 (altı yüz doxsan) manat dəyərində müəyyən edilmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon İHB-nın 11 oktyabr 2021-ci il tarxli 3396 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 12 iyun 1987-ci il təvəllüdlü X1, oğlanları 19 avqust 2006-cı il təvəllüdlü X4, 05 may 2008-ci il təvəllüdlü X5 və qızı 24 sentyabr 2017-ci il təvəllüdlü X2 ilə Şamaxı şəhəri Füzuli küçəsi 10 saylı evdə yaşayır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Şamaxı rayon İcra və probasiya şöbəsinin “Amnistiya aktının tətbiq edilməsi barədə” 26 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. “Riyad Renta” şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şirkətə vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, məhkəmə məhkumluğu ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı beş ay müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs 690 manat dəyərində maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Noruz oğlunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 avqust 2021-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 10 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 2(iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə zərərçəkmiş şəxsin nüamyəndəsi Zərərçəkmiş şəxs 690 manat dəyərində maddi ziyanın ödənilməsi nəzərə alın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Noruz oğlunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar