Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-50/2023 12.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, о, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə edib, saxlamış və Şamaxı şəhəri ərazisinə daşımaqla üzərində gəzdirmiş, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı- Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şamaxı” restoranının yaxınlığında saxlanılaraq, rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 15:35-dən başlayaraq, Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasında videogörüntüdən istifadə edilməklə, üzərində şəxsi axtarış аparılan zaman, üzərində gəzdirdiyi tünd göy rəngli idman çantasının içərisindən polipropilen kisədə, bir ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 5,45 mm kalibrli “AKS-74” modelli, “Kalaşnikov” konstruksiyalı, 401 (çaxmaq üzərində) nömrəli avtomat-yivliodlu silah, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi-daraq, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, atəş üçün yararlı 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindiliniş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində yaşayır. 2023-cü ilin təxminən aprel ayının əvvəllərində Bakı şəhərində, Yasamal qəbristanlığı ərazisində yerdən kisəyə bükülmüş bir büküm görüb, həmin bükümün içərisinə baxdıqda, “Kalaşnikov” markalı avtomat və içərisində 30 ədəd patron olan bir ədəd daraq aşkar etmişdir. O, həmin bükümü götürüb yaşadığı evə aparmışdır. Avtomatı və içərisində 30 ədəd patron olan darağı satmaq məqsədi ilə, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərinə gəlmiş və həmin gün günorta saatlarında “Şamaxı” restoranının yaxınlığında avtomobildən endikdən sonra, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edib, qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirərək, onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə və əlində olan idman çantasına vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı, çantadan “Kalaşnikov” markalı avtomat, içərisində 30 ədəd patron olan daraq aşkar olunaraq, götürülmüşdür. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında, həmin gün Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 ilə birlikdə Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şamaxı” restoranının yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, həmin şəxsə qanunsuz olaraq üzərində odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib, Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şamaxı Rayon Polis Şöbəsində həmin şəxsin həqiqətən də, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı, idman çantasının içərisindən kisədə bir ədəd “Kalaşnikov AKS” markalı avtomat, içərisində 30 ədəd patron olan bir ədəd daraq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların ona məxsus olduğunu bildirmişdir. Daha sonra aşkar olunan əşyalar qablaşdırılaraq, götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idman çantasının içərisindən ağ rəngli polipropilen kisədə bir ədəd nömrəsi silinmiş “Kalaşnikov AKS” markalı avtomat, içərisində 30 ədəd patron olan 1 ədəd daraq aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş əşyaların özünə məxsus olduğunu, təxminən 2-3 gün əvvəl Bakı şəhəri, Yasamal rayonunun ərazisində tapdığını bildirmişdir. Aşkar edilmiş bir ədəd nömrəsi silinmiş “Kalaşnikov AKS” markalı avtomat, içərisində 30 ədəd patron olan 1 ədəd daraq qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/277 R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, çaxmaqda 401 nömrəsi olan silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AKS-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan Maddi sübut kimi tanıma və saxlanca vermə haqqında qərardan görünür ki, istifadəyə yararlı, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal edilmiş, 5,45 kalibrli, AKS-74 modelli, 401 nömrəli Kalaşnikov konstruksiyalı avtomat, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş daraq, 1981-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli 30 ədəd patron cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. İş materiallarında olan Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(074)-22/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 3 (üç) ay 27 (iyirmi yeddi) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən altı il keçmədən, hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.1-ci maddəsinə əsasən, cinayətlərin residivi qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, xüsusilə təhlükəli sayılır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusilə təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə növündə cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, istifadəyə yararlı, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal edilmiş, 5,45 kalibrli, AKS-74 modelli, 401 nömrəli Kalaşnikov konstruksiyalı avtomat, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş daraq, 1981-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli 30 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmaqla, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, istifadəyə yararlı, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal edilmiş, 5,45 kalibrli, AKS-74 modelli, 401 nömrəli Kalaşnikov konstruksiyalı avtomat, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş daraq, 1981-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli 30 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmaqla, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-50/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-50/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver