Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-50/2024 10.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1994-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra, həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə, saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən, istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən, tam saxta Rusiya Federasiyasının “B, C, D” kateqoriyalı 90 35 765771 nömrəli sürücülük vəsiqəsini 300 manat məbləğində pul vəsaiti ödədikdən sonra, 2023-cü ilin fevral ayında, istintaqla müəyyən edilməyən tarixdə, Gəncə şəhərində fəaliyyət göstərən X2 Limanında, istintaqla müəyyən edilməyən şəxsdən əldə etmiş və Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə, həmin saxta sürücülük vəsiqəsini 12 sentyabr 2023-cü il tarixdə Şamaxı şəhəri Şəhriyar qəsəbəsində fəaliyyət göstərən Şamaxı Regional “Asan Xidmət” X1 Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə, Azərbaycan Respublikasının “BC806565” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin iyul ayında, “İnstagram” sosial şəbəkəsində “Elton” adlı şəxs tərəfindən ona dostluq göndərildiyini görmüşdür. O, həmin şəxsi əvvəllər tanımamışdır. Bir neçə ay Elton adlı şəxslə sosial şəbəkə vasitəsilə mesajlaşmış və bununla da, dostluq münasibətləri yaranmışdır. Elton özünü ona Rusiya Federasiyasının vətəndaşı kimi təqdim etmiş və Rusiyada yaşadığını bildirmişdir. Elton həmçinin bildirmişdir ki, Rusiya Federasiyasında sürücülük dərsləri keçirilən məktəbdə işləyir və saxta sürücülük vəsiqəsi düzəltməyi bacarır. Bundan sonra, həmin şəxslə danışan zaman, o, səhhətində nasazlıq olduğuna görə, ağır işlərdə işləyə bilmədiyini, hazırda işsiz olduğunu demiş, lakin sürücülük vəsiqəsi olsa, sürücü kimi fəaliyyət göstərə biləcəyini qeyd etmişdir. Elton adlı şəxs də, ona saxta sürücülük vəsiqəsi düzəldə biləcəyini demişdir. Bunun müqabilində o, 300 manat pul verməli imiş. Bunun üçün heç bir rəsmi dövlət orqanına getmədən, saxta Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi ona veriləcəkmiş, o da, həmin vəsiqəni asanlıqla Azərbaycan Respublikası sürücülük vəsiqəsinə dəyişdirəcəkmiş. O, bu təkliflə razılaşmışdır. Bundan sonra o, sosial şəbəkə vasitəsi ilə Elton adlı şəxsə şəxsiyyət vəsiqəsinin şəklini, özünün fotoşəklini göndərmiş, həmçinin, Eltonun göndərdiyi kart nömrəsinə 300 manat pul vəsaitini göndərmişdir. Elton ona 2-3 gün müddətində sürücülük vəsiqəsinin hazır olacağını, bir ay müddətində isə ona göndərəcəyini demişdir. 2023-cü ilin fevral ayında Eltonun göndərdiyi tanımadığı şəxs ilə X2 Limanında görüşmüşdür. Həmin şəxs ona üzərində “RUS” 90 35 765771 nömrəli sürücülük vəsiqəsini təqdim etmişdir. Elton həmin sürücülük vəsiqəsinin Rusiya Federasiyasına aid olmasını, onu Azərbaycanda rahatlıqla istifadə edə biləcəyini demişdir. Vəsiqənin verilmə tarixi xx.xx.2022-ci il göstərilsə də, ona 2023-cü ilin fevral ayında verilmişdir. 2023-cü ilin sentyabr ayında qərara gəlmişdir ki, Rusiya Federasiya məxsus “RUS” 90 35 765771 nömrəli saxta sürücülük vəsiqəsini rəsmi qaydada “ASAN Xidmət” Mərkəzinə təqdim edərək, rəsmi Azərbaycan Respublikasının sürücülük vəsiqəsi ilə əvəz etsin. Buna görə, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonunda yerləşən “ASAN Xidmət” Mərkəzinə müraciət edərək, Rusiya Federasiya məxsus “RUS” 90 35 765771 nömrəli saxta sürücülük vəsiqəsini təqdim etmişdir. Mərkəzdən ona BC 806565 nömrəli Azərbaycan Respublikasına məxsus original sürücülük vəsiqəsi verilmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, “ASAN Xidmət” Mərkəzinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətinə müraciət etmiş Təqsirləndirilən şəxs təqdim etdiyi Rusiya Federasiyasına aid sürücülük vəsiqəsinin həqiqiliyi şübhə doğurduğundan, toplanmış sənədlər araşdırılması üçün həmin idarəyə göndərilmişdir. İş materiallarında olan Yoxlamanın nəticəsi haqqında arayışdan görünür ki, ********** nömrəli sürücülük vəsiqəsi haqqında məlumatlar aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1448 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş ********** nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmiş, Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş ********** nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlum sistemdəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. İş materiallarından görünür ki, Rusiya Federasiyasına aid ********** nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BC 806565 nömrəli sürücülük vəsiqəsi iş üzrə maddi sübut kimi tanınaraq, iş materiallarında saxlanılmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Rusiya Federasiyasına aid ********** nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BC 806565 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla, 3 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Rusiya Federasiyasına aid ********** nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BC 806565 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-50/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-50/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver