Məhkəmə qərarları › İş №1(074)-51/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-51/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-51/2024 10.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1976-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, övladı Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirməsinə şübhə edib və sonuncunun ərindən boşanaraq, Bakı şəhərində sərbəst yaşamaq istəməsinin qarşısını almaq məqsədilə, 09 fevral 2024-cü il tarixdə, saat 01 radələrindən 14 fevral 2024-cü il tarixdə, saat 16 radələrinədək olan müddətdə, yaşadığı Şamaxı şəhəri, Atatürk küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmi kimi istifadə olunan birinci mərtəbəsindəki yerinə Zərərçəkmiş şəxs qapının arxadan qıfıllanması yolu ilə salmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda qəsdən saxlamış, sonuncu 14 fevral 2024-cü il tarixdə uşaqları ilə telefonla danışmaq bəhanəsi ilə anası Şahid2 mobil telefonu alıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, bu barədə məlumat verdikdən sonra, tualetə getmək adı ilə zirzəmidən çıxmış, qeyd edilən ünvanda yerləşən evin qarşısında Zərərçəkmiş şəxs anası Şahid2 ilə mübahisə edərkən, polis əməkdaşları tərəfindən aşkar edilərək, polis şöbəsinə gətirilmiş, yəni Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan, qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı X1 adlı şəxslə rəsmi olaraq ailə qurmuş, 10 yaşlı Mütəllim və 9 yaşlı Hüseyn adlı övladları vardır. Ülviyyə ailə qurduqdan sonra, 3-4 il Şamaxı şəhərində əri Allahverdi Babayevin valideyinlərinə məxsus evdə yaşamışdır. Sonradan Ülviyyə ilə Allahverdi Bakı şəhərinə köçərək, orada yaşamışdırlar. Lakin, son vaxtlar Ülviyyənin əri Allahverdi ilə münasibətləri pozulmuş və bu səbəbdən, Ülviyyə ərindən boşanmaq qərarına gəlmişdir. Ülviyyə boşanmaq üçün məhkəməyə ərizə vermiş, lakin sonradan ərizəsini geri götürmüşdür. Hazırda Ülviyyə ərindən ayrı Bakı şəhərində yaşayır, işdən axşam evə gəldikdən sonra, yenidən bəzənərək, çölə çıxır və evə gec saatlarda gəlir. Bununla əlaqədar o, dəfələrlə Ülviyyə ilə söhbətlər etmiş, lakin nəticəsi olmamışdır. O, camaat içərisində biabır olacağını düşünmüş, Ülviyyənin əxlaqsız həyat tərzindən şübhələnmişdir. Buna görə də, Ülviyyəni Şamaxı şəhərində yerləşən fərdi yaşayış evinə gətirmək, əri ilə barışacağına kimi öz evində saxlamaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Ülviyyə Şamaxı rayonuna gəlməyə razılaşmış və onlar birlikdə Şamaxı şəhərində yerləşən evinə gəlmişlər. Lakin səylərinə baxmayaraq, Ülviyyə ərindən boşanmaq fikrindən daşınmamış və özü sərbəst Bakı şəhərində yaşayacağını demişdir. Bu səbəbdən, xx.xx.2024-cü il tarixdə, gecə saatlarında evə çatdıqda, Ülviyyəni evin zirzəmisində bir neçə gün saxlamaq qərarına gəlmişdir. Onun Şamaxı şəhəri, Atatürk küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evi var və həmin evin birinci mərtəbəsi zirzəmi kimi istifadə olunur. O, ailə üzvləri ilə birlikdə evin ikinci mərtəbəsində yaşayır. Evin zirzəmisinin giriş qapısı dəmirdən inşa edilmiş, zirzəminin ikinci otağının qapısı dəmir barmaqlıq formasında inşa edilmiş və həmin qapı qıfılla kilidlənmişdir. O, Ülviyyənin xəbərsiz evdən çıxıb gedəcəyini düşünmüş və bu məqsədlə, xx.xx.2024-cü il tarixdə evə çatdıqdan sonra, sonuncunu zirzəmiyə aparıb, orada ikinci otağa keçməsini tapşırmışdır. Ülviyyə otağa keçdikdən sonra, qapını çöl tərəfdən qıfılla kilidləmiş, qıfılın açarını isə Ülviyyənin əlinin çatmayacağı yerə qoymuşdur. Səhəri gün evdən çıxıb işləmək üçün getmişdir. O, evdə olmadıqda, ailə üzvləri Ülviyyəyə yemək və su vermişdirlər. Bir neçə gün Ülviyyə həmin zirzəmidə bağlı qalmışdır. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında evinə gələndən sonra, arvadı Məlahət ona bildirmişdir ki, Ülviyyə uşaqları ilə danışmaq bəhanəsi ilə, mobil telefonu alıb, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, qanunsuz azadlıqdan məhrum edilməsini bildirmişdir. Ülviyyə həyətdə olan zaman, polis əməkdaşları onun evinə gəlmiş və Ülviyyə polis əməkdaşları ilə birlikdə Şamaxı Rayon Polis Şöbəsinə getmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Onun məqsədi qızının boşanmasının qarşısını almaq, bu mümkün olmadıqda, qızını öz yanında yaşamasını təmin etmək olmuşdur. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2014-cü ildə Allahverdi Babayev adlı şəxslə ailə həyatı qurmuş və birgə nikahlarından iki övladı vardır. O, Allahverdi ilə valideynlərinin təkidi ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra, ilk əvvəl Şamaxı şəhərində əri Allahverdinin valideynlərinə məxsus evdə birlikdə yaşamışlar. Sonradan isə, Bakı şəhərinə köçərək, Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən mənzildə yaşamışdırlar. Bir müddətdən sonra, münasibətləri pozulmuş və o, boşanmaq qərarına gəlmişdir. Lakin, atası Təqsirləndirilən şəxs bunu bilib, boşanmağına mane olmağa çalışmışdır. xx.xx.2024-cü il tarixdə atası onu Bakı şəhərindən götürüb, Şamaxı şəhərində yaşadıqları evə gətirmişdir. Şamaxıdakı evlərinə çatdıqda, avtomaşından düşən kimi, atası onun qollarından tutub, evin zirzəmisinə aparmışdır. Zirzəmiyə daxil olduqda, ikinci otaqda yerə köhnə palaz, üstünə döşək sərildiyini, yorğan və yastıqda qoyulduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, atası onu əsir kimi evin zirzəmisində saxlamaq niyyətindədir və bunun üçün əvvəlcədən hazırlıq görübdür. Zirzəmidə görmüşdür ki, otağın qapı yerinə dəmir məhəccər vurulmuş, yəni məhəccərlə qapı düzəldilmişdir. Atası Vüqar onu zirzəminin ikinci otağına saldıqdan sonra, əvvəlcə məhəccərdən düzəltdiyi qapını iki ədəd qıfılla, daha sonra isə zirzəminin giriş qapısını açarla bağlamışdır. Atası onu həmin vaxtdan xx.xx.2023-cü il tarixədək orada saxlamışdır. Zirzəminin nə pəncərəsi, nə də işiğı olmamışdır. Zirzəmidə saxlanıldığı 6 gün ərzində, bir neçə dəfə atası onun yanına gəlmiş, ona ərindən boşanıb-boşanmayacağını soruşmuş, o isə, cavabında boşanıb sərbəst yaşamaq istədiyini dedikdə, atası onu təhqir edib, çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə anasının mobil telefonu ilə əvvəlcə əri Allahverdi ilə, daha sonra isə oğlu Hüseynlə danışmışdır. Lakin, zirzəmidə saxlanıldığını oğluna deməmişdir. Həmin vaxt anasının zirzəmidə olmadığından istifadə edib, DİN-nin 102 xidmətinə zəng edib, zorla zirzəmidə saxlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra, anası Məlahət zirzəmiyə gəlib, telefonunu ondan almışdır. Telefonu anasına qaytararkən, xahiş etmişdir ki, “qapını aç çıxıb, ayaqyoluna gedim”. Həmin vaxt atası və qardaşları evdə olmamış, evdə yalnız anası və nənəsi olmuşdur. Anası Məlahət onunla razılaşmış, məhəccərdən olan qapının qıfıllarını açıb, onu çölə buraxmışdır. Məlahətin arxasınca zirzəmidən çölə çıxarkən telefonuna zəng gəldiyini görmüşdür. Anası artıq mobil telefonunu pilot rejimindən çıxartmışdır. Məlahət zəngə cavab verdikdə bilmişdir ki, zəng edən polis əməkdaşıdır. Bu vaxt o, həyətə giriş qapısına tərəf qaçmış, lakin nənəsi ilə anası onu tutub saxladıqları üçün, çölə çıxa bilməmişdir. O, isə qışqırmışdır ki, kimsə səsini eşidib, köməyə gələr. Bir neçə dəqiqədən sonra həyətə giriş qapısına kiminsə zərbələr vurduğunu eşitmişdir. Həmin an bilmişdir ki, gələn polis əməkdaşlarıdır. O, fürsət tapıb anasının əlindən çıxmış və həyətə giriş qapısının cəftəsini açmışdır. Həmin vaxt polis əməkdaşının növbəti zərbəsi ilə, qapı içəriyə doğru açılmış və evə daxil olan 3 nəfər polis əməkdaşı onu anasının əlindən alıb, Şamaxı Rayon Polis Şöbəsinə gətirmişdirlər. Polis şöbəsində o, 6 gün yaşadıqları evin zirzəmisində saxlamaqla, qanunsuz olaraq onu azadlıqdan məhrum etmiş atası Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hazırda isə o, atası Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş və bu səbəbdən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə nəvəsidir. Ülviyyə Allahverdi adlı şəxslə ailə qurmuş və iki övladları olmuşdur. Son vaxtlar Ülviyyənin əri Allahverdi ilə münasibətləri pozulmuş, əri ilə aralarında tez-tez mübahisələri olmuşdur. Bu səbəbdən, Ülviyyə ərindən boşanmaq qərarına gəlmişdir. Nəvəsi Ülviyyənin boşanmaq fikrinə görə oğlu Təqsirləndirilən şəxs, gəlini Şahid2 və digər nəvələri Ülviyyə ilə mütəmadi ayrı-ayrı vaxtlarda söhbətlər etmiş, Ülviyyəni tutduğu bu yoldan çəkindirməyə, ailəsinə sahib çıxmasına çalışmışdırlar. Lakin buna baxmayaraq, Ülviyyə öz hərəkətlərindən çəkinməmişdir. Ülviyyənin hərəkətlərindən çəkinmədiyini, ər evinə qayıtmadığını görüb, Ülviyyəni tərbiyə etmək, başa salmaq məqsədilə, oğlu Vüqar 08 fevral 2024-cü il tarixdə Ülviyyəni yaşadığı Bakı şəhərindən götürüb, Şamaxıdakı evlərinə gətirmişdir. Onlar Ülviyyə ilə nə qədər söhbətlər etsələr də, sonuncu boşanmaq və sərbəst yaşamaq istədiyini təkidlə atasına bildirmişdir. Belə olduqda, oğlu Vüqar Ülviyyənin düzgün yola gəlməsi üçün, Ülviyyəni yaşadıqları evin zirzəmisinə salmışdır. Vüqar Ülviyyəni evin zirzəmisində yerləşən otağa aparmış, qapını arxadan məftillə bağlamış və Ülviyyəni orada bir neçə gün saxlamışdır. Vüqarın bunu etməkdə məqsədi, Ülviyyənin qaçıb, Bakı şəhərinə getməməsi olmuşdur. Ülviyyə bağlı qaldığı müddətdə, o və ailə üzvləri Ülviyyəyə öz yedikləri yeməklərdən vermiş, ac-susuz saxlamamış, təbii ehtiyaclarını ödəmək istədikdə, Ülviyyəni oradan çıxarıb ayaqyoluna aparmışlar. Ülviyyəni Vüqar zirzəmidə saxlamış, nəvələri Baxış və Cavidin Ülviyyənin saxlanılmasında heç bir iştirakı olmamışdır. Ailə üzvləri arasında Ülviyyəni zirzəmiyə salıb orada saxlamaq barədə heç bir razılıq da olmamışdır. Bunu Vüqar özü düşünərək etmişdir. Vüqarın əsəbi olmasından qorxduqları üçün, sonuncuya mane ola bilməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid6 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Allahverdi Babayevin arvadıdır. Ülviyyə ilə münasibəti normaldır, aralarında düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs onun qardaşı Allahverdi Babayevlə rəsmi olaraq ailə qurmuş və onların birgə nikahından Mütəllim və Hüseyn adlı övladları olmuşdur. Son bir neçə ildir ki, Ülviyyənin əri Allahverdi ilə münasibətləri normal olmamış, aralarında tez-tez mübahisələr olmuş, bu səbəbdən ərindən boşanmaq qərarına gəlmişdir. Ülviyyənin ərindən boşanmaq istəməsi, ayrı yaşamaq istəməsi səbəbindən öz ailəsi, yəni anası, atası və qardaşları ilə münasibəti pozulmuşdur. Valideynləri və qardaşları Üviyyənin boşanmasına mane olmuş, ərindən ayrı yaşamasına razı olmamışlar. Son vaxtlar Ülviyyə onun yanında, Bakı şəhərində yaşamışdır. 08 fevral 2024-cü il tarixdə o, yaşadığı evdə olarkən, Ülviyyənin atası Vüqar, anası Məlahət və qardaşı Baxış həmin evə gəlmişlər. X9 rayonuna aparmaq üçün gəldiklərini demişlər. Ülviyyə təxminən saat 23 radələrində işdən gəlmiş, atası Vüqar, anası Məlahət və qardaşı Baxış ilə normal tərzdə görüşüb əyləşmişdir. Onlar birlikdə söhbət etmişlər. Söhbətin məzmunundan başa düşmüşdür ki, Ülviyyənin atası Vüqar Şamaxı rayonuna aparıb bir müddət yanında saxlamaq, daha sonra Bakı şəhərində ayrı ünvanda ev tutub oraya köçürmək istəyir. Ülviyyə də, atası Vüqarla razılaşmışdır. Beləliklə, Ülviyyə atasının avtomobilinə əyləşib, Şamaxı rayonuna getmişdir. Bundan sonra Ülviyyə ilə 14 fevral 2024-cü il tarixədək ünsiyyəti olmamışdır. 14 fevral 2024-cü il tarixdə Ülviyyə ona zəng edərək, atası tərəfindən evlərinin zirzəmisində bağlı saxlanıldığını, polisə məlumat verdikdən sonra, şöbəyə aparıldığını, atası barədə şikayət etdiyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, Şamaxı Rayon Polis Şöbəsinin növbətçi hissəsində sürücü vəzifəsində xidmət edir. 14 fevral 2024cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat-istintaq qrupunda şöbənin təhqiqat bölməsinin təhqiqatçısı Vüqar Mehralıyev, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X6, X2 sahə rəisi Rauf Vahidovla növbədə olmuşdur. Həmin tarixdə saat 17 radələrində Daxili İşlər Nazirliyinin 102 qaynar xətt mərkəzinə Zərərçəkmiş şəxs müraciəti daxil olmuşdur. Müraciət edən Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs tərəfindən sonuncunun yaşadığı evin zirzəmisində, bağlı halda saxlanıldığını bildirmişdir. Dərhal əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana çatdıqda, o, avtomobildə qalmış, digər əməkdaşlar enib darvazadan evə daxil olmuşlar. Bir neçə dəqiqədən sonra, Zərərçəkmiş şəxs adlı şəxs xidmətdə olan polis əməkdaşları ilə birlikdə avtomobilə qayıtmış və onlar polis şöbəsinə getmişdirlər. Yolda olarkən, Zərərçəkmiş şəxs adlı qadının danışığından eşitmişdir ki, sonuncu atası Təqsirləndirilən şəxs tərəfindən bir neçə gündür evin zirzəmisində bağlı saxlanılmış, anası Məlahət adlı qadından uşaqları ilə danışmaq bəhanəsi ilə mobil telefonu alıb, “102” xidmətinə zəng etmiş, daha sonra evin önündə anası Məlahət onunla mübahisə etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı şəhəri, Atatürk küçəsi 6 ünvanında yerləşən kürsülü fərdi yaşayış evinin zirzəmisidir. Həmin evə Şamaxı-Ağsu avtomobil yolunun üzü Ağsu rayonuna istiqamətində Şamaxı şəhəri ərazisində sağa Aşıq Məmmədağa küçəsinə dönməklə, 500 metr irəlilədikdə çatmaq mümkündür. Ev magistral yoldan dönüb irəlilədikdə solda yerləşir. Ev mişar daşı ilə tikilmiş, ətrafı suvanmamışdır. Evin üzərində naxışları olan qara rəngli 360x280 sm ölçüdə giriş darvazası vardır. Baxış iştirakçısı Şahid6 yaşadığı evi göstərərək, həmin evin Atatürk küçəsi 6 ünvanında yerləşdiyini, qeyd edilən evə baxış keçirilməsinə etirazının olmadığını bildirib, evi iştirakçılara təqdim etmişdir. Giriş darvazasından daxil olduqda, sağ tərəfdə fərdi yaşayış evi, üzbə-üz və sol tərəfdə həyətyanı sahə vardır. Həmçinin, darvazadan daxil olduqda, sol tərəfdə yardımçı tikili vardır ki, sanitar qovşaq kimi istifadə olunur. Ev kürsülü olmaqla, birmərtəbəlidir. Evin yaşayış olan hissəsinə sol tərəfində yerləşən pilləkənlə daxil olmaq mümkündür. Evin zirzəmisinə mərkəzdə qoyulmuş 130x80 sm ölçüdə dəmir qapıdan daxil olunur. Həmin qapıdan zirzəmiyə daxil olduqda, birinci yerləşən otaq vardır ki, uzunluğu 820 sm, eni 370 sm, hündürlüyü isə 175 smdir. Həmin otağın mərkəzində müxtəlif gül və kaktus kolları dibçəklərlə birlikdə qoyulmuşdur. Bundan başqa, həmin otaqda sağ tərəfdə su çəni, kiçik ölçülü 2 ədəd biri plastik, digəri dəmir materialdan çən, sol tərəfdə içərisində şüşə qablar olan taxta yeşik vardır. Həmin otaqda döşəmə torpaqdandır, mərkəzində 4 ədəd dəmir materialdan dirək vardır ki, aşağısı torpağa basdırılmış halda olmaqla, yuxarı tərəfi evin yaşayış hissəsinin döşəməsini saxlamaq üçün nəzərdə tutulmuşdur. Çöldən zirzəmiyə daxil olduqda, sol tərəfdə dəmir materialdan barmaqlıq formalı 78x126 sm ölçüdə qapı vardır ki, soldan sağa doğru çöl istiqamətində açılır. Qapının üzərində 03 ədəd kilidləmək üçün nəzərdə tutulmuş çıxıntılar vardır. Qapının qaynaqlanmış hissələrinə əl vurulduqda hiss olunur ki, qaynaq yenidir, əlin üzərində qara rəngli qaynaq materialın hissələrinin izi qalır. Həmin qapıdan daxil olduqda, zirzəminin içəri otağı yerləşir. Otağın eni 375 sm, uzunluğu 376 sm, hündürlüyü isə 162 smdir. Qeyd edilən otağın hündürlüyü kifayət qədər olmadığından, hərəkət etmək çətindir. Otaqda pəncərə yoxdur. Otağa daxil olduqda, sağ divara bitişik yaşıl rəngli palazın üzərinə sərilmiş yorğan və döşək vardır. Otağın mərkəzində torpağa basdırılmış halda dəmir materialdan dirək vardır. Otaqda döşəmə torpaqdır. Baxış iştirakçısı Şahid6 bacısı Zərərçəkmiş şəxs həmin otaqda saxlanıldığını, orada olan yorğan döşəkdə yatdığını bildirmişdir. İş materiallarında olan Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuş, bundan başqa, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən, xx.xx.2016-cı il tarixdə cəzasının qalan hissəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2/2-2697/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, xx.xx.2019-cu il tarixdə ona yeni sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, bu səbəbdən, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarix, saat 00:35-dən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi, eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X5 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə, 2 (iki) gün həbsdə saxlama müddəti 8 (səkkiz) gün islah işləri cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi, eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X5 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar