Məhkəmə qərarları › İş №1(074)-52/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-52/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-52/2022 08.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs Rza oğlunun iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta tahsilli, evli, 2 uşaq atası, işsiz, Şamaxı şəhəri Ş.Ş.İbrahim küçəsi 9 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 02 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, Hacı Məmmədov küçəsində yerləşən “Musa bulağı” adlanan ünvanda tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 20:50 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli zolaqlı şalvarın sol yan cibində siqaret kağızına bükülmüş vəziyyətdə, ayrı-ayrılıqda çəkiləri 0,204 (sıfır tam mində iki yüz dörd) qram, 0,223 (sfır tam mində iki yüz iyirmi üç) qram, 0,311 (sıfır tam mində üç yüz on bir) qram olmaqla cəmi 03 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,738 (sıfır tam mində yeddi yüz otuz səkkiz) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 31 yanvar 2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmiş, həmin vaxt Bakı şəhəri, Yasamal rayonunda tanımadığı ünvanda, tanımadığı şəxsdən siqaret kağızına bükülmüş dörd büküm narkotik vasitə olan heron almışdır. Həmin günü o, yaşadığı Şamaxı şəhərinə qayıtmışdır. 01 fevral 2022-ci il tarixdə o, həmin bükümlərdən birini istifadə etmiş, qalan üç bükümü isə əynində olan qara rəngli zolaqlı şalvarının sol yan cibinə qoymuşdur. Həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi siqaretin kağızına bükülmüş üç ədəd bükümü üzərində gəzdirmişdir. 02 fevral 2022-ci il tarixdə, saat 2000 radələrində su qızdırmaq üçün nəzərdə tutulan tefalı evlərinin yaxınlığında olan Musa bulağına yumağa aparmış, həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. O, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirilərkən əynindəki qara rəngli zolaqlı şalvarının sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin kağızına bükülmüş üç ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümləri açdıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmişdir. O, üzərində olan heroini yalnız istifadə etmək üçün gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. Onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Mübariz Ömərovu və Elçin Qəribovu bir yerli kimi tanıyır, onların hər ikisi ilə münasibəti normal olub, aralarında ədavət və düşmənçiliyi yoxdur. Mübarizin və Elçinin hər hansısa bir narkotik vasitələri istifadə edib-etməməkləri barədə məlumatı yoxdur, həmçinin əgər narkotik vasitələrdən istifadə edirlərsə həmin narkotik vasitələri haradan əldə etməkləri barədə heç nə bilmir. Şamaxı şəhər sakinləri Mübariz Ömərovun və Elçin Qəribovun üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin onun üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni tərkibli olmağı barədə heç bir söz deyə bilmir, bu məsələ ilə bağlı heç bir məlumatı yoxdur, bildirdiyi kimi narkotik vasitə olan heroini Bakı şəhəri Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən almışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailə vəziyyətini və yaşını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 02 fevral 2022-ci il tarixdə Şamaxı şəhəri, H.Məmmədov küçəsi, ev 17-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 02 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 ilə birlikdə Şamaxı şəhəri H.Məmmədov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları onu Şamaxı RPŞ-nə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli zolaqlı şalvarının sol yan cibindən üç ədəd siqaretin kağızına bükülmüş büküm aşkar edilərək açılmış və həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə heroin olan büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 3 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 2 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 fevral 2022-ci il tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun əynindəki qara rəngli zolaqlı şalvarının sol yan cibindən üç ədəd siqaretin kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş bükümlər açılaraq içərisinə baxıldıqda bükümlərin içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürüldü. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş üç ədəd bükümlərin içərisindəki kütlələr narkotik vasitər olan heroindir, ona məxsusdur. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2022-ci il tarixli, 6/684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, "ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən..." sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,204 qram, 0,223 qram, 0,311 qram ümumi təmiz çəkisi 0,738 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,738 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 0,618 qramdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsüf olunmuş, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı həmin Məcəllənin 234.2-ci maddəsi ilə davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 4 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 4(074)-17/2022 saylı qərarından görünür ki, X1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan yəni 02 fevral 2022-ci il tarixdən hesablanmışdır. Şamaxı RMX-sı publik hüquqi şəxsin 18 fevral 2022-cü il tarixli 138 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs şamaxı RMX-nın ruhi-əsəb və narkoloji disponserlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 02 mart 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Perm qarnizonu Hərbi Tribunalının 06.10.1982-ci il tarixli hökmü ilə RSFSR CM-nin 206-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.10.1984-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Şamaxı rayon Xalq Məhkəməsinin 15.11.1993-cü il tarixli hökmü ilə CM-nin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib şərti əməyə mütləq cəlb olunmaqla 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Şamaxı rayon Xalq Məhkəməsinin 24.05.1995-ci il tarixli hökmü ilə CM-nin 220-ci maddəsinin 1-ci hissəsi, 207-ci maddəsinin 3-ci hissəsi, 38,39,55-ci maddələri ilə təqsirli bilinib narkomaniyadan məcburi müalicə təyin olunmaqla 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.02.2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. Bundan başqa o, Şamaxı rayon Məhkəməsinin 09.11.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib narkomaniyadan məcburi müalicə təyin olunmaqla 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.01.2009-cu ildə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Şamaxı rayon Məhkəməsinin 11.01.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib narkomaniyadan müalicə təyin olunmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.03.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 03.03.2022-ci il tarixli, 1056 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2022-ci il tarixli, 6/866 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində 6/684... 3 fevral 2022-ci il.. sözləri soyad və imza qeyd edilmiş bir ədəd üzərində 6/685... 3 fevral 2022-ci il sözləri soyadlar və imzalar qeyd edilmiş digər kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,200 qram olan heroin ilə üzərində 6/686... 3 fevral 2022-ci il sözləri soyadlar və imzalar qeyd edilmiş digər kağız paketdə bir ədəd bükükmdə təmiz çəkisi 0,968 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynmilik təşkil edir. Heroinin təmiz çəkisi 0,618 qram, tədqiqata sərf edildi 0,12 qram qalıq 0,498 qram.Heronin təmiz çəkisi 0,200 qram tədqiqata sərf olundu 0,04 qram, qalıq 0,160 qram, heroinin təmiz çəkisi 0,968 qram, tədqiqata sərf edildi 0,04 qram qalıq 0,928 qram. Aparılmışı tədqiqatın dəyəri 65,0 manatdır. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 11 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 0,498 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞnin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham edlan edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 02.02.2022-ci il tarixdən hal-hazıradək həbsdədir. Odur ki, onun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutlar – Şamaxı rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kağız zərfdə ümumi qalıq çəkisi 0,498 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 130,00 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri – 130,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 0,498 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar