Məhkəmə qərarları › İş №1(074)-52/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-52/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-52/2023 04.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi, döngə 6, ev 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsi, ev 13-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmək məqsədi ilə 01 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi “Ravon” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobil ilə əvvəlcədən mobil telefon vasitəsi ilə əlaqə saxladığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən narkotik vasitənin qoyulduğu əraziyə - Şamaxı rayonu Mədrəsə qəsəbəsinə gedən yolun üzərində yerləşən “Xalxal” restoranının yanına gəldikdən sonra avtomobildən enərək özünə məxsus mobil telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş narkotik vasitənin olduğu yerin dəqiq parametrləri üzrə üzərinə “Xalxal restaurant” sözləri yazılmış plakatın qarşısındakı otluq sahədən bir ədəd bükümdə narkotik vasitə olan heroini götürüb üzərində saxlamaqla avtomobilə əyləşərək Şamaxı şəhəri istiqamətinə daşımış, həmin tarixdə saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində yerləşən “Şamaxı” restoranının qarşısında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şamaxı rayon Polis Şöbəsinə gətirilməklə həmin gün saat 19:05-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.220 (bir tam mində iki yüz iyirmi) qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özü taksi sürücüsü kimi fəaliyyət göstərir. O, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. Təxminən bir il əvvəl İran vətəndaşı ilə tanış olmuşdur. Həmin vaxtı o, ona, onun üçün narkotik vasitə göndərmək məqsədi ilə 300 manat pul göndərmiş, lakin həmin şəxs ona narkotik vasitə göndərməmişdir. Bundan sonra o, bir neçə dəfə ona desədə həmin şəxs hər dəfəsində ona narkotik vasitə göndərəcəyini bildirsədə söz verdiyi narkotik vasitəni göndərməmişdir. 01 aprel 2023-cü il tarixdə, təxminən saat 12 radələrində adını xatırlamadığı İran İslam Respublikası vətəndaşı ona iran nömrəsindən vatsap vasitəsi ilə mesaj yazaraq bildirmişdir ki, bir il əvvəl ona göndərdiyi pul qarşılığında ona narkotik vasitə verəcəkdir. O, da ona həmin narkotik vasitəni hara qoyacağını soruşduqda həmin şəxs ona bildirmişdir ki, həmin narkotik vasitəni Şamaxı rayonu Mədrəsə qəsəbəsi yaxınlığında qoyub və söyləmişdir ki, gedib həmin yerdən götürsün. Bundan sonra dostu Bəhruz adlı şəxs yanında olduğundan o, Bəhruza söyləmişdir ki, onunla birlikdə Şamaxı şəhərinə getsin. O, da nə üçün Şamaxı şəhərinə getməli olduğunu soruşduqda o, Bəhruza ilk əvvəl Şamaxı şəhərində marketə gedəcəyini bildirmiş, daha sonra isə söyləmişdir ki, Şamaxı şəhərindən qayıdan zaman bir baş narkotik vasitə olacaq, gələndə birlikdə istifadə edərlər. Dostu Bəhruzda ara bir narkotik vasitədən istifadə etmişdir. Bu səbəbdəndə Bəhruz onunla razılaşmış və onlar təxminən saat 15:00 radələrində birlikdə Bakı şəhərindən çıxaraq Şamaxı rayonu istiqamətinə gəlməyə başlamışlar. Yolda olan zaman təxminən saat 16:20 radələrində İran İslam Respublikası vətəndaşı ona məxsus ***-***-**-** mobil nömrəsinin vatsapına həmin yerin konumunu və narkotik vasitəni qoyduğu yerin şəklini göndərmişdir. Onlar yolda olan zaman o, yavaş sürətlə Şamaxı şəhəri istiqamətinə gəlməyə başlamışdır. Yolda avtomobili saxlayıb marketə enmiş və bir qədər siqaret çəkdikdən sonra yenidən Şamaxı şəhəri istiqamətinə gəlməyə başlamışdır. Qobustan rayonu ərazisində avtomobili saxlayıb həmin yerin məlumatlarını xəritədə dəqiqləşdirmiş və təxminən saat 17:00 radələrində onlar Şamaxı rayonu ərazisinə daxil olmuş və Şamaxı rayonunda avtomobili saxlayıb bir neçə şəxsdən Mədrəsə qəsəbəsinin harada yerləşdiyini dəqiqləşdirdikdən sonra təxminən saat 17:30 radələrində Mədrəsə qəsəbəsi yolu üzərinə çatmışlar. Mədrəsə qəsəbəsi yolu üzərinə çatdıqdan sonra o, İranlının şəkil atdığı yerə getmiş və həmin yeri axtarıb üzərinə “Xalxal restaurant” sözləri yazılmış plakatın qarşısında otluq sahədən narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitəni götürüb geri qayıtdıqdan sonra avtomobilə əyləşmiş və Bakı şəhəri istiqamətinə gedərkən təxminən saat 18:00 radələrində Şamaxı rayonunda yerləşən “Şamaxı” restoranının qarşısında tanımadığı yol polisi onun avtomobilini saxlatdırmış, o, avtomobili saxlayan zaman mülki geyimdə olan polis əməkdaşları onların qarşısını kəsmiş və onlara yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu onlara bildirib onları Şamaxı RPŞ-nə dəvət etmişdirlər. O, da təqsirini bildiyindən onlarla birlikdə Şamaxı RPŞ-nə gəlməyə razılıq vermişdir. Lakin dostu gəlmək istəməmişdir. Həmin vaxtı polis əməkdaşları onları Şamaxı RPŞ-nə gətirmiş, Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmişdir. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən selofana bükülmüş büküm aşkar edilmiş, polis əməkdaşları bükümü açdıqda içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmişdir. Sonra isə ona məxsus avtomobilə baxış keçrilmiş, avtomobildən isə hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə heroin olan bükümü polis əməkdaşları elektron tərəzi ilə çəkərək kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, bu heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş. Başqa heç bir məqsədi olmamışdır. O, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmiş, lakin mütəmadi olaraq narkotik vasitə istifadəçisi deyildir. O, saxlanılaraq Şamaxı RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona hər hansısa bir qanunsuz hərəkət edilməmiş, həmçinin o, özüdə onlara qarşı hansısa bir qanunsuz hərəkət etməmişdir. Çünki polis əməkdaşları ona yaxınlaşan zaman üzərində narkotik vasitə olduğundan hesab etmişdir ki, həmin şəxslərin bu barədə məlumatı vardır və bu səbəbdəndə tabesizdik göstərib məsuliyyətini daha da ağırlaşdırmamaq məqsədi ilə o, Polis əməkdaşlarının dəvəti ilə onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmişdir. Dostu polis əməkdaşlarına qarşı hər hansısa bir qanunsuz hərəkət etməmiş, lakin polis şöbəsinə gəlmək istəməmişdir. Həmin vaxtı o, polis əməkdaşlarının avtomobilinə əyləşmiş, o, həyəcanladığı üçün onun hər hansısa bir qanunsuz hərəkət edib-etməməsini deyə bilməz. O, Şamaxı şəhərinə gələn zaman İran İslam Respublikası vətəndaşına narkotik vasitə müqabilində pul göndərməmişdir. Çünki o, bir il əvvəl həmin şəxsə 300 manat göndərdiyindən və o, da ona narkotik vasitə göndərmədiyindən həmin pulun qarşılığında İran vətəndaşı ona narkotik vasitə vermişdir. O, həmin narkotik vasitəni tapan zaman onun içinə açıb baxmamışdır. Çünki fikri o idi ki, narkotik vasitəni yolda olan zaman dostu ilə birlikdə istifadə edsin. O, İran İslam Respublikası vətəndaşına məxsus +98 ***-***-**-** mobil nömrənin sahibini o, şəxsən tanımır. Həmin şəxs təxminən 3 il əvvəl ona yazmışdır. Lakin həmin vaxtda o, ondan narkotik almamışdır. 05 dekabr 2022-ci il tarixində o, həmin şəxsə yazmış, sadəcə olaraq o, ondan istifadə məqsədi ilə həmin narkotik vasitə istəyirdi. Lakin həmin şəxsdən daha sonra o, narkotik vasitə almamışdır. İran vətəndaşına narkotik vasitəni satmaqla bağlı dediyi söz isə sadəcə onu aldatmaq məqsədi daşıyır. Yəni ki, ondan narkotik vasitə alıb pulun vermək istəmirdi. O, həmin narkotik vasitəni yalnız istifadə etmək məqsədi ilə gəlib götürmüş və zənn etmişdir ki, həmin narkotik vasitə marixuanadır. O, İran İslam Respublikası vətəndaşına pul verməmək üçün ona etiraz etməmişdir ki, narkotik vasitəni götürdükdən sonra həmin şəxsə pul verməsin. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. X2 Respublikası vətəndaşı ilə olan yazışma həqiqətən də onun tərəfindən yazılmışdır. Əməlinin Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 01 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nətavan küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə RPŞ-nə məlumat daxil olmuş, o, da Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində o, rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Mirrəşad Mirzəyevlə birlikdə Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən “Şamaxı” restoranın qarşısında Təqsirləndirilən şəxs avtomobilinin dayandığını görüb həmin şəxsə yaxınlaşmış və ilk əvvəl özlərini onlara təqdim edib sonra Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs isə onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmiş, lakin şübhə yarandığından Təqsirləndirilən şəxs və avtomobildə əyləşən və sonradan adı onlara məlum olan Şahid3 RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədən onlarla RPŞ-nə gəlməyə razılıq versədə həmin şəxsin yanında olan Şahid3 onlarla mübahisə edərək RPŞ-nə gəlmək istəməmiş, səs-küy salmağa başlamış və bu səbəbdəndə onlar onu nizam intizama dəvət etmişdirlər. Lakin həmin şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq RPŞ-nə gəlməkdən imtina etdiyindən onlar ona fiziki güc tətbiq edərək həmin şəxsi Təqsirləndirilən şəxs ilə birlikdə Şamaxı RPŞ-nə gətirmişdirlər. RPŞ-də təhqiqatçı Şəmşir Şirinovun xidməti otağında Müdafiəçi və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin büküm onlar tərəfindən açıldıqda içərisindən narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni Bakı şəhərində yerdən tapmış və istifadə məqsədi ilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Bundan sonra həmin şəxsin avtomobilinə baxış keçirilmiş, lakin avtomobildə qanunla qadağan edilmiş hər hansısa bir əşya aşkar olunmamışdır. Şahid3 isə saxlanılan zaman polisin qanuni tələblərinə qəsdən tabe olmadığından onun barəsində inzibati qaydada tədbir görülməsi üçün raport tərtib edilmiş və müvafiq sənədləşmə aparılaraq baxılması üçün toplanmış material Şamaxı rayon məhkəməsinə göndərilmişdir. Onlara daxil olmuş əməliyyat məlumatında yalnız Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirildiyindən onlar həmin şəxsin barəsində müvafiq sənədləşmə aparılması üçün onun adını raportda qeyd etmişdirlər. Lakin Şahid3 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansısa bir məlumat daxil olmadığından, həmçinin o, tabesizdik göstərərək inzibati qayda pozuntusuna yol verdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün əlavə olaraq onun barəsində raport tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman həmin narkotik vasitə olan heroini yalnız istifadə məqsədi ilə üzərində gəzdirməsini bildirsə də, keçirilmiş əməliyat tədbirləri zamanı həmçinin daxil olmuş əməliyyat məlumatları ilə həmin şəxsin satış məqsədi ilə narkotik vasitəni üzərində gəzdirməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunuş, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Züber oğlunu o, məktəb illərindən tanıyır. Həmin şəxslə onun münasibətləri normaldır. Onlar bir küçədə yaşadığından onunla tez-tez əlaqədə olurlar. 01 aprel 2023-cü il tarixində o, Təqsirləndirilən şəxs zəng edərək onu çağırmış və Rəşidlə birlikdə anasını bacısının evinə aparmış, sonra Rəşid ona söyləmişdir ki, Şamaxı şəhərinə getmək lazımdır və ondan xahiş etmişdir ki, onunla birlikdə Şamaxı şəhərinə gedib qayıtsın. O, da onunla razılaşmış və onlar birlikdə Şamaxı şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs yolda gedən zaman ona bildirmişdir ki, Şamaxı şəhərində bir nəfər var, ondan bir dəfə istifadə etmək üçün narkotik vasitə olan marixuana götürəcək və ona söyləmişdir ki, geri qayıdan zaman yolda istifadə edərlər. O, da onunla razılaşmış və onlar Şamaxı şəhərinə gəlib çatdıqdan sonra birbaşa Mədrəsə kəndi istiqamətinə getmişlər. Bir qədər getdikdən sonra Rəşid avtomobili saxlamış və avtomobilindən enərək ona söyləmişdir ki, 5 dəqiqəyə gəlir. Rəşid geri qayıdana qədər o, da ayaqyoluna düşmüş və geri qayıdan zaman Rəşidin artıq avtomobilin yanında olduğunu görmüşdür. Bundan sonra onlar avtomobilə əyləşib geri qayıtmış və Mədrəsə yolundan magistral yola çıxan zaman Rəşid adlı şəxs əsas yolda olan avtomobilləri gözləmədiyindən YPX avtomobilinin gəldiyini görmüş və həmin YPX avtomobili onlara saxla işarəsi vermişdir. Rəşid avtomobili saxladıqdan sonra avtomobildən enmiş və həmin anda qara rəngli avtomobil ilə tanımadığı polis əməkdaşları oraya gəlib onlara yaxınlaşıb onları RPŞ-nə gətirmişdirlər. O, əvvəllər Şamaxı şəhərinə gəlməmişdir. O, əsas olaraq narkotik vasitə olan marixuana istifadə edir. Lakin ara bir psixotrop maddə olan metamfetamində istifadə edir. Təxminən 5-6 il bundan əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Lakin mütəmadi olaraq istifadəçisi deyil. O, heç vaxt narkotik vasitə satmamışdır. Rəşid adlı şəxsin kimlərəsə narkotik vasitə satıb-satmaması barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 02 aprel 2023-cü il tarilxi qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 01 aprel 2023-cü il tarixli protokoldan və diskdən görünür ki, 01 aprel 2023-cü il tarixdə saat 19:05-dən başlayaraq Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən sellofana bükülmüş büküm aşkar edilmiş, həmin bükü açılarkən içərisinə baxıldıqda bükümün içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, həmin narkotik vasitə olan heroin bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasit olan heroin ona məxsusdur. Bu barədə protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı zamanı çəkilmiş videogörüntü olan DVD disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2023-cü il tarixli 6/1927 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 1,220 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata sərf edildikdən sonra qalıq - 1,170 qram, aparılmış tədqiqatın dəyəri 92 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqları vardır. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A11” markalı mobil telefon işə salınaraq funksiyalarına baxıldıqda, zənglər siyahısının və mesajlar siyahısında iş üzrə əhəmiyyət kəsb edən hər hansısa bir məlumat müəyyən edilməmiş, telefondakı “WhatsApp” sosial mesajlaşma proqramına baxıldıqda həmin proqramda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarxində saat 20:37də İran İslam Respublikası vətəndaşına məxsus adının “Yavar Farajiyan” yazıldığı 98-***-***-**-** mobil nömrəsinə səs göndərildiyi, həmin şəxsin isə ona “smaylik” göndərdiyi müəyyən edilir. Növbəti gün isə yəni xx.xx.2023-cü il tarixində saat 13:24-dən etibarən həmin şəxslə yazışdığı və bir-birinə səs göndərdiyi müəyyən edilir. Səslərə qulaq asan zaman həmçinin yazışmalara baxarkən müəyyən edilmişdir ki, İran İslam Respublikası vətəndaşı ondan narkotik vasitə istəyib-istəmədiyini soruşduqda Təqsirləndirilən şəxs həmin şəxsdən narkotik istədiyi üçün İran vətəndaşı ona Şamaxı rayonuna narkotik vasitəni qoyacağını və gedib götürməsini bildirmiş, daha sonra isə ona narkotik vasitəni götürdükdən sonra birlikdə işləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə onun təklifinə heç bir razılıq cavabı verməmiş, daha sonra həmin gün saat 15:18-də Şamaxı şəhəri istiqamətinə gələn zaman yolun şəklini çəkərək İran vətəndaşına göndərmiş, iran vətəndaşı isə ona bir qədər səbrli olmasını bildirib daha sonra ona narkotik vasitəni qoyduğu yerin xəritəsini göndərmiş və ona zəng etmişdir. Təqsirləndirilən şəxs ona həmin yerin şəkilini atmasını bildirmiş, İran İslam respublikası vətəndaşı isə ona saat 16:18-də narkotik vasitəni qoyduğu yerin şəklini göndərmişdir. Bundan başqa “WhatsApp” sosial mesajlaşma proqramına baxıldıqda həmin proqramda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarxində saat 02:24-də İran İslam Respublikası vətəndaşına məxsus adının iran hərfləri ilə yazıldığı 98-***-***-**-** mobil nömrəsi ilə aşağdakı məzmunda yazışmışdır: - Təqsirləndirilən şəxs - salam - iran vətəndaşı - salam kimiydi - Təqsirləndirilən şəxs- Hasanam, harda itib batmısan - İran vətəndaşı - kimiydi tanımadım, eşidirəm buyur - Təqsirləndirilən şəxs - işdəmirsən? - İran vətəndaşı - Nə? - Təqsirləndirilən şəxs - a vəsait götürmürsən? - İran vətəndaşı - Mənim nömrəmi hardan almısan? - Təqsirləndirilən şəxs - Yavaştan - İran vətəndaşı - Başa düşmədim - Təqsirləndirilən şəxs - Yavar verdi - İran vətəndaşı - Hə nəyin var kimet nəçiyədi? - Təqsirləndirilən şəxs - Patı kola m40, Patı-kola hər ikisi 23, M40- 80 manat - iran vətəndaşı - işləmək necə istəyirsən ? - Təqsirləndirilən şəxs - səs atır və səsdə deyir sən necə istəyisən? - İran vətəndaşı - 2 gündən bir azman 10 10 - Təqsirləndirilən şəxs - səs atır və səsdə deyir : işləmək yox, sadəcə sənə mal göndərə bilərəm, özün necə istəsən elə et. Amma pulun əvvəldən göndər. - İran vətəndaşı - 5 beş 5 ata bilirsən at mala baxım yaxşı mal olsa 20 pulunu verərəm sonra 30 atarsan, sənin adın nədi - Təqsirləndirilən şəxs- səs atır və səsdə deyir: yox əgər pulun əvvəldən verməsən göndərə bilmərəm çünki malı alırlar çox vaxt pulu vermirlər, səndə əgər razısansa əvvəldən pulu ver göndərim. Bundan sonra “WhatsApp” sosial şəbəkəsinə baxış keçirdən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansısa iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat əldə edilməmişdir. “Maddi sübut kimi tanınma haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 aprel 2023-cü il tarixdə götürülmüş 01 ədəd “Samsunq Galaxy A11” markalı mobil telefon maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı həmin Məcəllənin 234.2-ci maddəsi ilə davam etdirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 4(074)-23/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Sabunçu rayon İHB-nin Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Goranboy Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 1(045)-46/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddədinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay 2 gün müddət bir günə iki gün hesabı ilə nəzərə alınaraq ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırırlması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 aprel 2023-cü il tarixli 2026 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 may 2023-cü tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından xeyli artıqdır və Təqsirləndirilən şəxs daha əvvəllər İran İslam Respublikasının vətəndaşı ilə narkotik vasitələrin satışını həyata keçirmək məqsədi ilə yazışmalar aparmış və xx.xx.2023-cü il tarxində saat 20:37-də İran İslam Respublikası vətəndaşına məxsus adının “Yavar Farajiyan” yazıldığı 98-***-***-**-** mobil nömrəsinə səs göndərildiyi, həmin şəxsin isə ona “smaylik” göndərdiyi, xx.xx.2023-cü il tarixində saat 13:24-dən etibarən həmin şəxslə yazışdığı və bir-birinə səs göndərdiyi, səslərə qulaq asan zaman həmçinin yazışmalara baxarkən isə İran İslam Respublikası vətəndaşı ondan narkotik vasitə istəyibistəmədiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin şəxsdən narkotik istədiyi üçün İran vətəndaşı ona Şamaxı rayonuna narkotik vasitəni qoyacağını və gedib götürməsini bildirmiş, daha sonra isə ona narkotik vasitəni götürdükdən sonra birlikdə işləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə onun təklifinə heç bir razılıq cavabı verməmiş, lakin onun dediyi yerə gedərək narkotik vasitəni götürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi üçün deyil, İran İslam Respublikası vətəndaşlarından öz istifadəsi üçün narkotik vasitə göndərmələrini təmin etmək üçün onlarla bu məzmunda yazışmasını bildirməsi işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və iş materiaları ilə təkzib olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə bir dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmiş və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 aprel 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,170 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən 01 aprel 2023-cü il tarixdə götürülmüş 01 ədəd “Samsunq Galaxy A11” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri – 92,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 01 aprel 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,170 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən 01 aprel 2023-cü il tarixdə götürülmüş 01 ədəd “Samsunq Galaxy A11” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri – 92,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar