Məhkəmə qərarları › İş №1(074)-53/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-53/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-53/2023 27.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, İkinci Cabanı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, о, xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində tanışı X3 100 manat pul müqabilində şəxsi istifadəsi üçün, satış məqsədi olmadan, qanunsuz olaraq, psixotrop maddə olan metamfetamin alaraq, üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisinə daşımış, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Bakı- Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şamaxı” restoranının yaxınlığında Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 20:10 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman, əynindəki tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ sellofan bükümdə, ümumi təmiz çəkisi 1,355 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ara-sıra narkotik və psixotrop maddələrdən istifadə edir. Tanışı olan Səidə Qasımova taksi fəaliyyəti ilə məşğul olur, eyni zamanda, dərzi kimi də fəaliyyət göstərir. O, bir neçə dəfə Səidəyə paltar da tikdirmişdir. Sonuncu dəfə Səidəyə paltar tikdirəndə, 100 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə əvvəllər yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Müşfıqabad qəsəbəsində tanışı Səidəyə 200 manat göndərmişdir ki, 100 manat borcuna görə, 100 manata isə onun üçün psixotrop maddə olan metamfetamin satsın. Səidə də həmin gün psixotrop maddə olan metamfetamini Müşfiqabad qəsəbəsində bir yerə atmış və onun özü sonradan gedib həmin maddəni götürmüşdür. xx.xx.2023-cü ii tarixdə, axşam saatlarında Bakı şəhərindən Şamaxı şəhərinə gəlmişdir. Belə ki, tanışı Səidə də Şamaxı şəhərinə gəlməli idi. Şamaxı şəhərinə gələndə əynində olan gödəkçənin cibində 100 manata aldığı metamfetamin olmuşdur. Həmin gün, axşam saatlarında Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranının yaxınlığında mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim etmişdirlər. Həmin şəxslər ona üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu demişdirlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və orada onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt üzərindən sellofanın içərisində olan psixotrop maddə aşkar edilmişdir. Bundan sonra, büküm kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş və o, həmin zərfin üzərini və protokolu imzalamışdır. Aşkar olunmuş maddəni o, yalnız istifadə etmək üçün üzərində gəzdirmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq üzərində psixotrop maddə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı, həmin gün saat 19 radələrində Şamaxı Rayon Polis X8 Xidməti Bölüyünün polis nəfəri Şahid2 Ayət oğlu ilə birlikdə Şamaxı şəhərində yerləşən “Şamaxı” restoranının yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi müəyyən edib yaxınlaşaraq, özlərini təqdim etmişdirlər. Onlar həmin şəxsə üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu deyib, Şamaxı RPŞ-nə dəvət etmişdirlər. Polis şöbəsinin binasında həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin cibindən ağ sellofan aşkar edilmişdir. Həmin sellofan açıldıqda, içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə müəyyən edilmişdir. Bundan sonra, aşkar edilib götürülən sellofan büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə zərfə qablaşdırılaraq möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis X8 Xidməti Bölüyünün polis nəfəri Şahid2 Ayət oğlu Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə baxış keçirilməsi üçün onu Şamaxı RPŞ-nin inzibati binasına dəvət etmişdirlər. Həmin şəxsin üzərinə baxış keçirilən zaman, əynindəki tünd yaşıl rəngli gödəkçəsinin cibindən ağ sellofan aşkar edilmişdir. Aşkar edilmiş həmin sellofan açıldıqda, içərisindən tanımadığı maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən sellofan baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq, möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu baxışda iştirak edən şəxslər imzalamışdırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd ağ sellofan aşkar olunmuşdur. Aşkar olunmuş sellofan açılaraq, içərisinə baxıldıqda, ağ rəngli, spesifik qoxuya malik psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş sellofanın içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olmasını, özünə məxsus olmasını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1472 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №73 dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 1,355 qram ağ rəngli kristallardan ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqatdan sonra qalıq - 1,255 qramdır. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1724 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş metamfetamin və X4 üzərindən aşkar edilərək, götürülmüş metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İş materiallarından görünür ki, 1,255 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2483 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, onun barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərinin ərazisində tutularaq, Şamaxı rayonuna gətirilib, Şamaxı Rayon Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yenidən məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1,255 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 97 (doxsan yeddi) gün həbsdə saxlanıldığı müddət 194 (bir yüz doxsan dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şamaxı rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1,255 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar