Məhkəmə qərarları › İş №1(074)-54/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-54/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-54/2021 30.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Xaçmaz rayonu Bostançı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçamaz rayonu, Bostançı kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, 01 fevral 2021-ci il tarixdə, saat 01:10 radələrində Şamaxı rayonu ərazisində yerləşən Avtovağzalın yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 01:50-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 250.0 (iki yüz əlli) qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 29 yanvar 2021-ci il tarixdə, təxminən saat 14:00 radələrində Xaçmaz rayonunda olan zaman avtovağzalın yaxınlığında yerdən bir ədəd selofana bükülü büküm tapmış, həmin bükümü götürüb açaraq içərisinə baxmış, içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüşdür. Bundan sonra içərisində qurudulmuş marixuananı istifadə etmək üçün tünd göy rəngli idman gödəkçəsinin sol yan cibinə qoymuşdur. O, 29 yanvar 2021-ci il tarixdən üzərində aşkarlanan vaxta kimi kibrit qutusunu üzərimdə gəzdirmişdir. 31 yanvar 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Şamaxı şəhərinə gəlmişdir. O, yaşadığı ünvandan gec çıxdığı üçün Şamaxı şəhərinə gec gəlib çatmışdır. 01 fevral 2021-ci il tarixdə, saat 01:10 radələrində Şamaxı şəhərində avtovağzalın yaxınlığında avtomobildən düşmüş, bu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Daha sonra həmin şəxslər polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmiş, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki tünd göy rəngli idman gödəkçəsinin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd selofan büküm aşkar olunmuşdur. Polis əməldaşları həmin selofan bükümü açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən aşkar edilərək götürdükləri, içərisində narkotik vasitə olan, qurudulmuş marixuana olan selofan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkili və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, üzərində olan qurudulmuş marixuananı yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, onun başqa heç bir məqsədi olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və oğlunun ikinci Qarabağ müharibəsində iştirak etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Şamaxı rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2021-ci il tarixdə Xaçmaz rayonu Bostançı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də 01 fevral 2021-ci il tarixdə, saat 01 radələrində Şamaxı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə Şamaxı şəhərində avtovağzalın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki tünd göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana büküm aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2021-ci il tarixdə saat 01:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin sellofan açıldıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümün içərisində olan kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və ona məxsusdur. Baxış keçirmə prosesi video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2021-ci il tarixli 7/134 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada təmiz çəkisi 250,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi–250,0 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq 249,9 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 02 fevral 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi-249,9 qram olan qurudulmuş marixuana saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 fevral 2021-ci il tarixli 347 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.03.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Tibbi Ərazi Bölmələrini X9 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 03 mart 2021-ci il tarixli 248 nömrəli arayışından görünür ki, 1979-cu il təvəllüdlü Xaçmaz rayonu, Bostançı kənd sakini Təqsirləndirilən şəxs Xaçmaz MRX-nin həkim narkoloqun qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Dədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı formada nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin ambulator kartdan arayışından görünür ki, Təqsirləndirilən şəxs dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi mərhələ İ diaqnozu ilə müalicə olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 12.03.2002-ci il tarixdə Xaçmaz rayonu, Bostançı kəndində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin 20 iyun 2021-ci il tarixli 47 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu 12.03.2002-ci il tarixli X7 həqiqətən 13.07.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli sərəncamının surətindən görünür ki, X1 rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və oğlu X3 İİ Qarabağ müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını, nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə tərbiyələndirmə habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı Xaçmaz rayonunun ərazi hüdudlarını cəza çəkdiyi müdət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanan əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 01.02.2021-ci il tarixdən-02.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanımalı, cəza çəkmə müddətinin başanğcı onun cəzanı icra edən orqanda qeydiyyata alıdığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanımalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınan–Şamaxı rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi-249,9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 78,72 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01.02.2021-ci il tarixdən 02.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut–Şamaxı rayon Polis Şöbəsində saxlanılan təmiz xalis çəkisi 249,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar