Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-54/2022 14.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin dəmir materialdan olan giriş qapısını dəmir parçası ilə qıraraq yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra evin otaqlarını axtarsa da, qiymətli əşya və pul tapa bilmədiyi üçün hamam otağına daxil olub orada olan 900 (doqquz yüz) manat dəyərində kombi aparatını və 120 (yüz iyirmi) manat dəyərində işıq tənzimləyicisini söküb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1020 (min iyirmi) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, yaşadığı Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində daşımış, 09 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 13:05-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,461 (sıfır tam mində dörd yüz altmış bir) qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 15 yanvar 2022ci il tarixdə, saat 20 radələrində Şamaxı şəhəri, N.Nəcəfov küçəsi ilə gedən zaman həmin küçədə yerləşən evlərdən birinin işıqlarının yanmadığını görmüş, həmin vaxt onun pulu olmadığından belə bir qərara gəlmişdir ki, həmin evə daxil olub, evin içərisində satılası nəsə varsa oğurlayıb aparıb satsın. Bu səbəbdən də o, ətrafa baxmış və ətrafda heç kimin olmadığına tam əmin olub və havanın qaranlıq olduğundan istifadə edərək həmin evin giriş qapısının üstündən tullanaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra sağ tərəfdə evin dəmirdən olan qapısını yerdə olan dəmir parçası ilə qıraraq otağa daxil olmuş, həmin otağın içərisini nə qədər axtarsa da heç bir şey tapa bilməmişdir. Bundan sonra o, digər otağa dəmir qapını qırmaqla daxil olmuş, həmin otaqda da heç bir şey tapmamışdır. Daha sonra o, evin üçüncü qapısını qıraraq içəri daxil olmuş, içəridə olan hamam otağına baxan zaman orada divara asılmış vəziyyətdə olan kombi aparatını və bir ədəd stablizatoru götürmüşdür. Bundan sonra o, astadan böyük darvazanı içəridən açaraq çölə çıxmış və darvazını çöl tərəfdən bağlamışdır. O, həmin kombi aparatını həmin günün səhəri tanımadığı şəxsə ümumillikdə 50 manat pulun müqabilində satmışdır. 06 fevral 2022-ci il tarixində, təxminən saat 11:00 radələrində iş tapmaq məqsədi ilə Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsində yerləşən evindən çıxıb Şamaxı şəhərinə getmiş, bir neçə yerə fəhlə kimi işləmək üçün müraciət etsə də, iş tapa bilmədiyi üçün həmin tarixdə saat 13 radələrində evə qayıtmaq üçün Şamaxı şəhəri, N.Nərimanov küçəsi ilə S.Ə.Şirvani küçəsinin kəsişməsində yerləşən avtobus dayanacağına gedib avtobus gözləmişdir. Dayanacaqda olan zaman yerdə bir ədəd siqaret qutusu görmüş, həmin siqaret qutusunda siqaret ola biləcəyini düşünüb götürmüş və içərisini açıb baxdıqda, siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm görmüşdür. Həmin büküm marağına səbəb olduğu üçün götürüb açaraq içərisinə baxdıqda, içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin olduğunu görmüşdür. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin istifadə etdiyi üçün həmin kütlənin heroin olduğunu bilmiş və istifadə etmək məqsədi ilə bükümü siqaret qutusunun içərəsindən götürüb qara rəngli şalvarın sağ yan cibinə qoymuş, həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi siqaretin qızıl rəngli kağızına bükülmüş bir ədəd bükümü üzərində gəzdirmişdir. 09 fevral 2022-ci il tarixdə təxminən saat 12 radələrində siqaret çəkmək üçün küçəyə çıxmış, həmin vaxtı mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefon ilə görüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmiş, üzərinə baxış keçirərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan heroin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, oğurluq hadisəsini tək etmişdir, oğurluq etməyindən heç kimin məlumatı olmamışdır. Oğurluq zamanı o, Şamaxı şəhəri, N.Nəcəfov küçəsində yerləşən yaşayış olmayan evin hamam otağından 01 ədəd kombi aparatını və 01 ədəd stablizatoru oğurlamış, başqa heç bir əşya oğurlamamışdır. Kombi aparatını satan zaman tanımadığı şəxsə kombi aparatının oğurluq olmasını söyləməmişdir. Yerdən tapdığı heroini isə yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, onun özünə məxsus Şamaxı şəhəri, N.Nəcəfov küçəsində yaşayış olmayan bağ evi vardır. O, özü də həmin evə yay aylarında gəlib qalır. Sonuncu dəfə həmin evə 2021-ci ilin sentyabr ayında gəlib baxıb getmiş, evə baxan zaman evdə hər şey qaydasında olmuşdur. 30 yanvar 2022-ci il tarixdə qonşuları ona zəng vuraraq bildirmişdir ki, “evinizin qapıları açıqdır, deyəsən evinizə oğrular daxil olublar”. O da həmin vaxt dərhal həmin hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. O, özü hal-hazırda Bakı şəhərində yaşadığı üçün Bakı şəhərindən çıxaraq Şamaxı rayonuna gəlib bir daha əmin olmuşdur ki, Şamaxı şəhəri, N.Nəcəfov küçəsində yerləşən evindən 900 (doqquz yüz) manat dəyərində 01 ədəd kombi aparatı və 120 (yüz iyirmi) manat dəyərində işıq tənzimləyicisi (stablizator) naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin vaxt Şamaxı rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş və hadisə yerinin fotoşəkillərini çəkmişdirlər. O, həmin oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnməmişdir. Bundan əvvəl evində heç bir oğurluq hadisəsi olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də, təqsirləndirilən şəxsdən dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, uzun müddətdir ki, dəmir alqı-satqısı ilə məşğul olur. Yəni vətəndaşlardan köhnə dəmir və aliminiumlar, həmçinin mis alıb bir qədər topladıqdan sonra Bakı şəhərinə apararaq satır. 16 yanvar 2022-ci il tarixdə iş yerində olan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onun yanına gələrək əlində dəmir və mis olduğunu bildirmiş, o da həmin dəmirlərin haradan sökülməsi, oğurluq olub-olmamasını ondan soruşduqda, Təqsirləndirilən şəxs ona həmin dəmir parçalarını evində olan köhnə kombi aparatından və stabilizatordan sökərək gətirdiyini bildirmişdir. Həmin dəmirlərin içərisində aliminium və mislər olduğundan o, Təqsirləndirilən şəxs gətirdiyi aliminium, dəmir və misləri tərəzidə çəkdikdən sonra həmin dəmir, aliminium və mislərin ümumilikdə 50 (əlli) manat dəyərinin olduğunu ona bildirmiş, Təqsirləndirilən şəxs da onunla razılaşdığı üçün o, Təqsirləndirilən şəxs pulu verdikdən sonra o çıxıb getmişdir. Bundan bir neçə gün sonra həmin dəmir, aliminium və misləri digər dəmir parçaları ilə birlikdə Bakı şəhərinə apararaq satmışdır. Təqsirləndirilən şəxs ona sadəcə olaraq bir dəfə aliminium və dəmir parçası gətirərək satmış, bundan sonra o, həmin şəxsi görməmişdir. Həmin dəmirlərin çəkisi təxminən 50-55 kq, mis parçası isə 2 kq olmuşdur. Stablizatorun içərisindən çıxanlar yumru formada bükülü vəziyyətdə sarı rəngli olduğundan o, həmin aliminiumları dəmir kimi qəbul etmişdir. O, Təqsirləndirilən şəxs dəmirin 1 kiloqramını 42 qəpiyə, mis parçasının 1 kiloqramını 12 manata, aliminiumun isə 1 kiloqramını 2 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib göstərdi ki, 09 fevral 2022-ci il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 09 fevral 2022 tarixdə səhər saatlarında Şamaxı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Şamaxı rayonu, Sabir qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını söylədiyindən, həmin vaxt onlar Çingizi Şamaxı RPŞ-nə dəvət etmiş və o da etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibində əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda, içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən içərisində narkotik vasitə olan heroin baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CABnin baş əməliyyat müvəkkili Şahid2 şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi və götürmə haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir, ona məxsusdur. Baxış keçirmə prosesi videogörüntü ilə çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 10 fevral 2022-ci il tarixli 6/814 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №73” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, adlar və imzalara qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi – 0,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,461 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,411 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 manatdır. Cinayət işinin icraata qəbul edilərək digər cinayət işi ilə bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ilə icraatda olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istitaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. İş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1ci maddələri ilə tövsif edilərək ********* nömrəsi saxlanılmaqla ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. “Baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs məxsus Şamaxı şəhəri, N.Nəcəfov küçəsindəki evə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus evin hamamından 01 ədəd kombi aparatı və 01 ədəd stabilzator oğurlanmış, hadisə yerində maddi sübut kimi götürüləcək hər hansısa bir əşya qalmamışdır. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində bildirdiklərini hadisə yerində bir daha göstərməklə təsdiq etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 4(074)-19/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni 09 fevral 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 02 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə qazancının 15%-i dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum olunmuş, Şamaxı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay hissəsi 02 ay 05 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixində cəzasını çəkib qurtardığı üçün Şamaxı RPŞ-də qeydiyyatından çıxarılmışdır. Sorğuya əsasən alınmış cinayət işi üzrə icraata xitam verilməsi haqqında 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin əlamətləri olmadığından Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə və Təqsirləndirilən şəxs kimi iştirakına xitam verilmişdir. Şamaxı RİHB-nın Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 mart 2022-ci il tarixli 201 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X5 ilə Şamaxı rayonu, Sabir qəsəbəsində yaşayır. Şamaxı RİHB-nın Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayənədliyi tərəfindən 15 mart 2022-ci ildə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, özünü qəsəbədə ləyaqətli aparmışdır, barəsində nümayəndəliyə məlumat daxil olmamışdır. Maddi sübut kimi tanınma haqqında 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə üzərindən götürülmüş 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş narkotik vasitə olan heroinin ümumi qalıq çəkisi 0,411 qram heroin saxlanması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli 1360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli 35 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, bir ədəd kombi aparatının qiyməti 900 (doqquz yüz) manat, bir ədəd işıq tənzimləyicisinin (stabilzatorun) qiyməti 120 (yüz iyirmi) manat olmaqla, yekun olaraq əşyaların 1020 (min iyirmi) manat dəyərində qiyməti müəyyən edilmişdir. Götürmə aparılması haqqında 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi qaz açarı sübut əhəmiyyətə malik olduğu üçün götürülmüşdür. Maddi sübut kimi tanınma haqqında 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə istintaqa təqdim etdiyi uzunluğu 25 sm qara rəngli qaz açarı qablaşdırlaraq möhürlənib saxlanması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, yəni oğurlaması və eləcə də qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə bir dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edilməsi hallarının olması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,411 qram narkotik vasitə olan heroin və 1 ədəd qaz açarı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri –110,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 saat hüquqi yardıma görə 54 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,411 qram narkotik vasitə olan heroin və 1 ədəd qaz açarı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri–110,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülsün. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 saat hüquqi yardıma görə 54 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-54/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-54/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver