Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-54/2025 18.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Xocalı rayonu, Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olan və Goranboy rayonu, Ağcakənd qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 25 noyabr 2024-cü il tarixində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:40-da Şamaxı rayonu, Kür-Araz qəsəbəsində özünə məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı “Hyundai İ30” markalı avtomobili idarə edərkən saxlanılaraq, həmin yerdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən videogörüntüyə çəkilməklə üzərinə və avtomobilinə baxış keçirilən zaman avtomobilində olan qara rəngli gödəkçənin sol iç cibindən dörd ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda çəkiləri 5,12 (beş tam yüzdə on iki) qram, 5,97 (beş tam yüzdə doxsan yeddi) qram, 4,79 (dörd tam yüzdə yetmiş doqquz) qram və 5,05 (beş tam yüzdə beş) qram olmaqla xeyli miqdarda, təmiz çəkisi 20,93 (iyirmi tam yüzdə doxsan üç) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, özünü narkotik vasitələrdən istifadə etməkdə təqsirli bilir. Belə ki, narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. Onun Şamaxı rayonu, Çağan kəndində gizlətdiyi narkotik vasitənin çəkisini dəqiq bilmir. Lakin istintaqın aşkar etdiyi 8 kiloqram olan narkotik vasitə ona məxsus olmamışdır. Onun gizlətdiyi narkotik vasitə qara sellofanda olmuş, orada başqa heç nə olmamışdır. Lakin polislər onunla həmin yerə gedəndə elə oradan həmin narkotik vasitə çıxmış və çəkiləndə 8 kiloqram olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitədən başqa onun gizlətdiyi narkotik vasitə həmin vaxt orada olmamışdır. O, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni gizlətməkdə də məqsədi özünə lazım olanda gəlib oradan götürüb istifadə etmək olmuşdur. Onun kiməsə narkotik vasitə satmasına dair heç bir sübut tapılmamışdır. O, tutulandan sonra səhhəti pisləşmiş və onu müalicə müəssisəsinə aparmışlar. Polis şöbəsində ona fiziki və psixi təsirlər edildiyindən digər narkotik vasitənin də özünə məxsus olduğunu bildirmişdir. Bir daha bildirir ki, heç kimə narkotik vasitə satmamışdır. Qohumlarının onun narkotik vasitə istifadəçisi olmasından xəbərlərinin olub-olmamasını bilmir. Narkotok vasitəni qohumlarına verməmişdir. Elşən Zaqarov bacanağıdır. O, narkotok vasitəni Elşənə satmamış və verməmişdir. Elşən narkotik vasitə istifadə etmir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat dövründə verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, özü Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir. Təxminən 15 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. Əvvəllər narkotik vasitəni Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşlarından bir kibrit qutusunu 50-60 manata alırmış və həmin kibrit qutusunda olan narkotik vasitəsini iki üç gün ərzində istifadə edirmiş. Onun maddi vəziyyəti yaxşı olmadığından və bir qədər borcu olduğundan hər dəfəsində aldığı narkotik vasitələrin tumlarını özündə saxlamağa başlamışdır. Təxminən 75-76 ədəd narkotik tumu yığdıqdan sonra Şamaxı rayonu Qaladərəsi kəndi ərazisində əkməyə qərar vermişdir. O, tez-tez Şamaxı rayonuna gəldiyindən, yəni ata və anası əvvəllər heyvandarlıqla məşqul olduğu üçün Şamaxı rayonunda əvvəllər heyvan saxladıqlarından, o, Şamaxı rayonu ərazisini yaxşı tanımış və tanıdığı üçün də Qaladərəsi kəndində dağlıq olan ərazidə narkotik vasitə əkmək və əldə edəcəyi narkotik vasitəni satmaq qərarına gəlmişdir. 2024cü ilin iyun ayında Qaladərəsi kəndinə gedərək orada avtomobilini saxlamış və piyada olaraq dağlıq əraziyə qalxıb orada heç kimin görmədiyi meşəlik olan ərazidə narkotik vasitə olan marixuana əkməyə başlamışdır. O, iki gün ərzində həmin ərazidə təxminən 73 yer qazaraq həmin yerlərə narkotik vasitənin tumlarını basdırmış və su gələn ərazidən də oraya şlanq vasitəsi ilə su çəkmişdir. 10-15 gündən bir gedib həmin əraziyə baxış keçirdərək əkdiyi əkin yerlərinə qulluq etmişdir. 2024-cü ilin oktyabr ayının əvvəllərində həmin əraziyə gedərək əkdiyi narkotik vasitə olan marixuananı yığmağa başlamışdır. Həmin ərazidə təxminən 70 ədəd narkotik kolu bitmişdir. O, həmin narkotik vasitəni yığdıqdan sonra onları qurutmağa başlamış və qurutduqdan sonra bir qədərini özü istifadə etmək üçün götürmüşdür. Qalan hissəsini isə qara rəngli sellofan torbaya yığaraq bağlamışdır ki, aparıb saxlasın. Şamaxı rayonu Çağan kəndi ərazisində onun dostuna məxsus arı saxlamaq üçün çoxlu sayda qutular olmuşdur. O, dostundan xəbərsiz olaraq əkib biçdiyi və qurutduğu narkotik vasitə olan marixuananı qara rəngli sellofan torbaya yığdıqdan sonra aparıb həmin qutunun içərisində gizlətmişdir. Çünki həmin ərazi dağlıq yer olduğundan və qutuların hər biri köhnə və boş olduğundan o bilirmiş ki, həmin qutulara kimsə baxmayacaq. O, narkotik vasitəni gizlətdikdən sonra müştəri axtarmağa çalışırmış ki, həmin narkotik vasitəni ümumi olaraq aparıb satsın və əldə etdiyi gəlir vasitəsi ilə borclarını, eyni zamanda lazım olan bütün maddi ehtiyaclarını ödəsin. Lakin o, bu müddət ərzində hər hansısa bir şəxs ilə əlaqə saxlaya bilməmiş və həmin narkotik vasitədən kiməsə satmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən 18:30 radələrində Şamaxı rayonu Kür-Araz qəsəbəsində “Hyundai İ30” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman arxadan gələn “Mercedes GL” markalı avtomobilin sürücüsü onun avtomobilinə ötmə əməliyyatı keçirmiş və dərhal avtomobilinin qarşısında saxladığından o, da ani olaraq əyləcdən istifadə edərək avtomobili saxlamışdır. Bu zaman “Chevrolet Niva” markalı avtomobil də onun avtomobilinin arxasında saxlamış və iki nəfər mülki geyimdə olan şəxs “Mercedes GL” markalı avtomobildən enərək qaçaraq ona yaxınlaşmışlar və avtomobilinin qapısını açıb onu avtomobildən endirmişlər. Həmin şəxslərdən biri ona özünü təqdim edərək RPŞ-nin baş əməliyyat müvəkkili olduğunu bildirib xidməti vəsiqəsini göstərən zaman o, artıq başa düşmüşdür ki, polis əməkdaşlarının onun narkotik vasitə gəzdirməyindən məlumatları olmuşdur. Həmin şəxslər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bu səbəbdən də saxlanıldığını bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərində və avtomobilində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, artıq məsuliyyətini başa düşdüyü üçün etiraz etməyib və avtomobilində saxladığı gödəkçənin sol iç cibində olan 4 ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuanaları çıxardıb təqdim etmişdir. Bundan sonra həmin şəxslər ona həmin narkotik vasitəni haradan əldə etdiyini söylədikdə o, narkotik vasitəni Qala dərəsində əkdiyini və hazırda özündə bir qədər olduğu üçün gizlətdiyini bildirmişdir. Bundan sonra Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən gödəkçənin sol iç cibindən aşkar olunaraq götürülmüş 4 kibrit qutusundakı narkotik vasitə olan marixuana kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-nin 73 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra onu Şamaxı RPŞ-yə gətirmişlər. Şamaxı RPŞ-yə gəldikdən sonra müvafiq sənədləşmə aparılmış və o, Qala dərəsi ərazisində əkmiş olduğu narkotik vasitəni yığdığını və Çağan kəndi ərazisində dostu Böyükbəy adlı şəxsə məxsus yerdə gizlin şəkildə arı saxlamaq üçün nəzərdə tutulmuş qutunun içərisində gizlətdiyini bildirmişdir. Bu səbəbdən də o, Şamaxı RPŞ-nin əməkdaşları ilə birlikdə həmin əraziyə getmiş və İkinci Çağan kəndi ərazisində Böyükbəyə məxsus saxlanc yerinə onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı ona həmin narkotik vasitəni harada gizlətməyini təqdim etməyi bildirilmişdir. O, arı saxlamaq üçün nəzərdə tutulmuş köhnə qutunun içərisindən qara rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin sellofan torba açılaraq içərisinə baxıldıqda sellofan torbanın içərisindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bundan sonra həmin narkotik vasitə tərəzi vasitəsi ilə çəkilmiş və 8500 qram ümumi çəkisi gəlmişdir. Daha sonra sellofan torbada olan narkotik vasitə mohürlənərək müvafiq sənədləşmə aparılmış və imza etmişdir. Onun məqsədi həmin narkotik vasitəni əkib daha sonra isə satmaq və əldə etdiyi pul vasitəsi ilə borclarını ödəmək olmuşdur. Onun Şamaxı rayonu Qaladərəsi kəndi ərazisində əkmiş olduğu narkotik vasitədən kimlərinsə məlumatı olmamışdır. Böyükbəy adlı şəxs onun uşaqlıq dostudur. Böyükbəy ümumiyyətlə narkotik vasitə istifadə etmir. Böyükbəyin ikinci Çağan kəndində köhnə arı saxlamaq üçün nəzərdə tutulmuş yeri vardır. Əvvəllər orada arı saxlasa da daha sonra həmin yer sahibsiz qalmışdır. Orada heç kim yaşamır və arı da saxlanılmır. Bu səbəbdən də köhnə arı saxlamaq üçün nəzərdə tutulmuş qutulardan birinin içərisində o həmin sellofan torbada olan narkotik vasitəni gizlətmişdir. O, həmin narkotik vasitədən heç kimə satmamışdır. Sadəcə olaraq bir qədər özü üçün götürüb üzərində saxlayırmış ki, istifadə etsin. Eyni zamanda kimisə tapdığı təqdirdə razılaşıb ümumi hamısını satsın. O, Şamaxı rayonu Qala dərəsi kəndi ərazisində əkdiyi əraziyə təxminən 10 gündən bir gedib nəzarət etmişdir. O, Qala dərəsi ərazisində nə qədər narkotik vasitə əkdiyini dəqiq bilmir, ancaq orada 70 ədəd narkotik kolu bitmişdir və həmin kolları yığmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirdi ki, 25 noyabr 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrindən başlayaraq Şamaxı rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və rayon Polis Şöbəsinin KTQ-nin köməkçisi, polis serjantı Elton Vahidoğlu ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat qrupu ilə birlikdə Şamaxı şəhəri, Kür- Araz qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə saat 18:40da Şamaxı rayonu Kür-Araz qəsəbəsində özünə məxsus “Hyundai İ30” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman saxlanılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmiş və Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, o cümlədən tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmetin, əşyanın olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üzərini saxlanıldığı yerdə yoxlamağa başlamışlar. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobildə olan özünə məxsus qara rəngli gödəkçəni götürərək əlini gödəkçənin sol iç cibinə salaraq cibində ağ rəngli sellofan torbanın içərisinə qoyulmuş 4 kibrit qustusunu təqdim etmişdir. Kibrit qutuları açılaraq içərisinə baxıldıqda hər bir kibrit qutusunun içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildə olan özünə məxsus qara rəngli gödəkçənin sol iç cibindən aşkar olumuş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, həmin narkotik vasitəni Şamaxı rayonu, Qaladərəsi kəndində sahədə əkdiyini, şəxsi istifadə üçün üzərində gəzdirdiyini, üzərində dövriyyəsi qadağan olunmuş başqa hər hansı bir əşya olmadığını, gödəkçənin içərisindən aşkar olunaraq götürülmüş narkotik vasitədən əlavədə ona məxsus narkotik vasitə olduğunu və həmin narkotik vasitəni gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri və avtomobili yoxlanılmış və dövriyyəsi qadağan olunmuş başqa hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və kibrit qutuları ilə birlikdə çəkisi 33.40 (otuz üç tam yüzdə qırx) qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi müstəntiq, polis kapitanı Elvin Nəbiyevə tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitənin bir hissəsini gizlətdiyini bildirdiyindən həmin şəxsə narkotik vasitəni harada gizlətməsini və həmin yeri təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs isə həmin yeri təqdim edə biləcəyini söylədiyindən onun söylədiyi Şamaxı rayonu İkinci Çağan kəndi ərazisinə gəlmişlər. Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik vasitəni harada gizlətməsini və həmin yeri söyləməsini bildirdikdən sonra sonuncu İkinci Çağan kəndi ərazisində dostuna məxsus olan ərazidə arı saxlamaq üçün hazırlanmış köhnə qutunu təqdim edərək həmin qutunun açıb içərisindən qara rəngli sellofan torbanı çıxartmışdır. Həmin sellofan torba açılaraq baxış keçirilən zaman sellofan torbanın içərisindən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Daha sonra sellofan torbada olan narkotik vasitəyə oxşar kütlə tərəzi vasitəsi ilə çəkilmiş və 8500 (səkkiz min beş yüz) qram çəkidə olması müəyyən edilmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə hamısı qablaşdırılmış, "73" saylı möhürlə möhürlənib müstəntiq Elvin Nəbiyev tərəfindən götürülməklə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən üzərindən aşkar edilmiş narkotik vasitəyə və Şamaxı rayonu İkinci Çağan kəndində dostuna məxsus olan ərazidə arı saxlamaq üçün hazırlanmış köhnə qutudan aşkar edilərək götürülmüş sellofan torbaya baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin və sellofan torbanın özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin narkotik vasitələr yenidən qablaşdırılmış və möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Şamaxı rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid4 şahid Şamaxı rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1/1422 nömrəli araşdırma materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparaılması üçün icraata götürülmüşdür. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli üzərinə və avtomobilinə baxış keçirilməsi, əşyaların götürülməsi haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 25 noyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, 25 noyabr 2024-cü il tarixdə saat 18:40-dan başlayaraq Şamaxı rayonu Kür-Araz qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İ30” markalı **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobilində olan gödəkçənin sol iç cibindən ağ rəngli sellofan torbanın içərisinə qoyulmuş 4 kibrit qustusu aşkar edilmiş, həmin kibrit qutuları açılaraq içərisinə baxıldıqda, hər birinin içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq idarə etdiyi avtomobildə olan özünə məxsus qara rəngli gödəkçənin sol iç cibindən aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. “Baxış və götürmə haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 25 noyabr 2024-cü il tarixdə saat 18:40-da Şamaxı rayonu Kür-Araz qəsəbəsi ərazisində avtomobil ilə hərəkətdə olan zaman saxlanılmış Təqsirləndirilən şəxs narkotik vasitənin bir hissəsini gizlətdiyini və həmin yeri təqdim etdiyini bildiridiyindən onun təqdim etdiyi Şamaxı rayonu İkinci Çağan kəndi ərazisində dostuna məxsus olan ərazidə arı saxlamaq üçün hazırlanmış köhnə qutunu təqdim edərək, həmin qutunu açıb içərisindən qara rəngli sellofan torbanı çıxardı. Həmin sellofan torba açılaraq içərisinə baxış keçirilən zaman sellofan torbanın içərisindən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunmuş və tərəzi ilə çəkilən zaman 8500 qram çəkidə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin marixuanaya oxşar kütlə qablaşdırılmaqla möhürlənmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə saat 21:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 25 noyabr 2024-cü il saat 18:40 hesab edilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şamaxı rayonu Kür-Araz qəsəbəsində idarə etdiyi “Hyundai İ30” markalı avtomobili ilə hərəkətdə olan zaman saxlanılaraq avtomobilinə baxış keçirilərkən avtomobilində olan qara rəngli gödəkçənin sol iç cibindən 04 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və necə əldə etməsi soruşulduqda, o, narkotik vasitə olan marixuananı Şamaxı rayonu Qaladərəsi kəndində əkdiyini, daha sonra narkotik vasitəni biçdikdən sonra Şamaxı rayonu ikinci Çağan kəndi razisində saxladığını bildirdiyindən onun qeyd etdiyi əraziyə baxış keçirilmiş, baxış keçirilən zaman həmin şəxsin söylədiyi yerdə arı saxlamaq üçün nəzərdə tutulmuş köhnə boş qutunun içərisindən bir ədəd qara rəngli sellofan torba aşkar olunaraq götürülmüş, həmin sellofan torba açılaraq içərisinə baxıldıqda içərisindən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütə elektron tərəzi vasitəsi ilə çəkildi və 8610 (səkkiz min altı yüz on) qram çəkidə olmağı müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Redmi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir xüsusat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2024-cü il tarixli 3-16-xx-xx/1927 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketin içərisində 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 5,12 qram; 5,97 qram; 4,79 qram; 5,05 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 20,93 qramdır. Tədqiqata 0,2 qram sərf edildi, qalıq-20.73 qramdır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2024-cü il tarixli 3-16-xx-xx/1928 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində“...Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı və imzalar olan qara rəngli poİietilen torbadakı 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi-8125 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 8125 qramdır. Tədqiqata 0,2 qram sərf edildi, qalıq - 8124,8 qramdır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 4(074)-58/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2025-ci il tarixli 3-16-16-2-7/27 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş obyektlərin eyni tərkibli olub-olmamasını müəyyən etmək üçün xromatoqrafik (nazik təbəqəli xromotoqrafiya (NTX) tədqiqatı aparıldı. Xromatoqrammada alınmış ləkələrin tündlüyünə və ölçülərinə görə tədqiq olunmuş 1-4 nömrəli və 5 nömrəli obyektlər eynidirlər. Marixuananın ümumi çəkisi – 8145,53 qram, tədqiqatdan sonra qalıq-8145,28 qramdır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 fevral 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Xocalı rayon İcra Hakimiyyəti Başçısının Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan və xasiyyətnamədən örünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla, məcburi köçkün kimi Goranboy rayonu, Börü qəsəbəsində məskunlaşmışdır. Ailəli tərkibi 1981-ci il təvəllüdlü arvadı X1, qızları 2009-cu il təvəllüdlü X5 və 2011-ci il təvəllüdlü X6, oğlu 2013cü il təvəllüdlü X2 ibarətdir. Təqsirləndirilən şəxs ədalətli, təmkinli davranışı ilə həmişə nümunə göstərilmişdir. Təqsirləndirilən şəxs bu vaxta qədər hərəkətlərində heç bir qanun pozuntusuna yol verməmiş, həmişə qanunlara hörmətlə yanaşmışdır. Şamaxı Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 4(074)-16/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3 ay olmaqla, ümumilikdə 7 ayadək, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. “DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinin təqdim etdiyi DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 ədəd DVD diskin yaddaşında – “Zəng statistika” “SMS statistika” və “Hadisə-TN” adlı 03 ədəd fayl vardır. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsindəki “Zəng Statistika” adlı fayl açıldıqda, iş üzrə əhəmiyyət kəsb edən hər hansısa bir zəng müəyyən edilmədi. Ona məxsus ***-***-**-** nömrəsindəki “SMS statistika” adlı fayl açıldıqda, hadisə ilə əlaqədar iş üzrə əhəmiyyət kəsb edəcək hər hansısa bir məlumat müəyyən edilmədi. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə aid “Hadisə-TN” adlı fayl açıldıqda, içərisində səhifələr və anten dairələri müəyyən edildiyindən, sonuncu olaraq xx.xx.2024-cü il tarixli anten dairələrinə baxış keçirən zaman aşağıdakı ünvanlar əks edilmişdir: - “xx.xx.2024 15:30:14”– Abşeron rayonu Bakı-Şamaxı yolu 44-cu km - “xx.xx.2024 15:34:10” - Qobustan rayonu Cəngi kəndi - “xx.xx.2024 15:36:47”- Qobustan rayonu Cəngi kəndi - “xx.xx.2024 15:38:45” - Qobustan rayonu Şıxzəhirli kənd yolu - “xx.xx.2024 16:28:46” - Şamaxı rayonu Sabir qəsəbəsi - “xx.xx.2024 16:32:45” - Şamaxı rayonu Sabir qəsəbəsi - “xx.xx.2024 17:12:46”- Şamaxı Bakı yolu Şamaxi rayonu - “xx.xx.2024 17:32:21”- Şamaxı rayonu Şəhriyar qəsəbəsi - “xx.xx.2024 17:37:23”- Şamaxı- Bakı yolu, Şamaxi rayonu - “xx.xx.2024 17:52:48”- Şamaxı- Bakı yolu, Şamaxi rayonu - “xx.xx.2024 18:02:48”- Şamaxı- Bakı yolu, Şamaxi rayonu - “xx.xx.2024 18:12:48”- Şamaxı- Bakı yolu, Şamaxi rayonu - “xx.xx.2024 18:32:48” – Şamaxı rayonu Şəhriyar qəsəbəsi - “xx.xx.2024 18:42:48” - Şamaxı rayonu Şəhriyar qəsəbəsi - “xx.xx.2024 18:52:48” - Şamaxı rayonu Şəhriyar qəsəbəsi - “xx.xx.2024 19:12:48” - Şamaxi rayonu Şamaxı şəhəri Nəsrəddin Tusi küçəsi 38 - “xx.xx.2024 19:15:59” - Şamaxi rayonu Şamaxı şəhəri Nəsrəddin Tusi küçəsi 38 - “xx.xx.2024 19:26:17” - Şamaxi rayonu Şamaxı şəhəri Nəsrəddin Tusi küçəsi 38 Bundan başqa Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə aid “Hadisə-TN” adlı fayldakı anten dairələrinə baxan zaman xx.xx.2024-cü il tarixdə saat 19:26:17-dən xx.xx.2025-ci il saat 20:39:49-dək “Şamaxı səhəri, X9 rayonu Şamaxı şəhəri Nəsrəddin Tusi küçəsi 38” ünvanında anten dairələri əks edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 fevral 2025-ci il tarixli, 669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli 377 nömrəli rəyindən görünür ki, “Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs qeyd olunan hadisədən sonra hər hansı psixi xəstəliyi qeyd olunmamışdır. Təqsirləndirilən şəxs 25 noyabr 2025-ci il tarixdə öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və özündən uydurmağa meyllilik aşkar edilmədi. Həmçinin Təqsirləndirilən şəxs ilə Məhkəmə Psixatrik Ekspertiza Mərkəzində şifahi sorğu aparılan zaman o, zərərli vərdişlərdən siqaret çəkdiyini, narkotik vasitə olan marixuana istifadə etdiyini, üzərində şəxsi istifadəsi üçün saxladığı marixuananın polis əməkdaşları tərəfindən saxlanılan zaman aşkarlandığını etiraf etmişdir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə” 09 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra könüllü şəkildə 8125 (səkkiz min yüz iyirmi beş) qram narkotik vasitə olan marixuananı təhvil verməsi CM-nin 234-cü maddəsinin 1-ci bəndinə görə könüllü təhvil vermə kimi qiymətləndirilmiş və Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəyə görə cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilməklə, ona Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür, ona görə ki, o, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid2 və Şahid1 və da həm ibtidai istintaq zamanı verdikləri ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ilkin əməliyyat məlumatlarının Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və narkkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı olması, lakin bir sıra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən alması və kimə satmaq üçün saxlamasının müəyyən edilmədiyini bildirmişlər. Bundan başqa, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, onun həmin maddələri satmaq niyyəti ilə əldə edib saxlaması barədə məlumat daxil olmamışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən yeganə sübut kimi Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olmasına istinad etmişdir. Hansı ki, müstəntiq daha sonra cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə 09 iyun 2025-ci il tarixli qərarında həmin hissədə cinayət işinə xitam vermişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materialları ilə həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin satışı ilə bağlı əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Bundan başqa cinayət işi üzrə 7 aya yaxın müddətdə istinataq aparılsa da Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı əkdiyini dediyi sahəyə baxış keçirilməmişdir. Müstəntiq iki dəfə (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli) arayış yazaraq həmin yerə baxılmasının hava şəraiti ilə və avtomobil ilə getməyin mümkün olmamasını qeyd etmişdir. Halbuki qeyd edildiyi kimi cinayət işi 7 aya yaxın istintaq aparılmışdır. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış keçirilmiş və onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, daşıması və saxlamasına dair heç bir məlumat aşkar edilməmişdir Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işi üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8145,28 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 234 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 23 saat hüquqi yardım göstərməsinə görə 253 (iki yüz əlli üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8145,28 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 234 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 23 saat hüquqi yardım göstərməsinə görə 253 (iki yüz əlli üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-54/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-54/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver