Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-55/2023 05.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 və X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: X8 və X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, cəzalandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Esmira Xasıyeva adlı tanımadığı bir şəxs 26 iyun 2021-ci il tarixdən internetdə açdığı səhifəsində onun və ailə üzvlərinin, hətta, dünyasını çoxdan dəyişmiş yaxınlarının ünvanına nalayiq, təhqiramiz, qadına yaraşmayan tərbiyəsiz sözlər yazırdı. O, özünə yaxın olan digər şəxsləri də (hətta, özünə yaxın olan məktəb şagirdlərini) öz yazdıqlarına həmrəy olan şərhlər yazmağa cəlb edirdi. Həmin şəxsin kimliyinin araşdırılması üçün xx.xx.2022-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə müraciət etmişdir. Onun yazdığı ərizə araşdırılmaq üçün DTX-dan Daxili İşlər Nazirliyinə göndərilmişdir. Daxili İşlər Nazirliyi isə araşdırmaq üçün onun ərizəsi Şamaxı rayon Polis Şöbəsinə göndərilmişdir. Şamaxı rayon Polis Şöbəsinin apardığı araşdırma nəticəsində məlum olmuş ki, Esmira Xasıyeva adlı həmin şəxs Şamaxı rayonu İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin keçmiş təşkilatçı müavini, hal-hazırda isə onu dəstəkləyənlərin sayəsində direktor vəzifəsini icra edən X1. Araşdırma nəticəsində həm də məlum olmuşdur ki, Gülmirə Əlsöhbətovanın internet saytlarında yazdığı nalayiq sözlərə (sözlə deyiləsi mümkün olmayan) həmrəy şərhlər yazan saxta profilli digər şəxslərdən biri də, hazırda həmin məktəbdə təşkilatçı müavin vəzifəsində işləyən X3. O, xx.xx.2023-cü il tarixdə Şamaxı rayon Məhkəməsinə gələrək X5 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata qəbul etməyi və Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyası həddində cəzalandırmanığı xahiş etmişdir. Ərizəsinə Şamaxı rayon Polis Şöbəsinin 07 aprel 2023-cü il tarixli HK-1/239 nömrəli araşdırmasının nəticəsini və X7 Xasıyeva adlı saxta profilindən götürdüyü bəzi tərbiyəsiz və nalayiq sözlərini də şəkil formasında ərizəsinə əlavə etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayətin əsassız olduğunu bildirərək icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxt və yeri barədə məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxslər X8 və X6 məhkəməyə gəlmədiyindən məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X8 və X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və xüsusi ittiham qaydasında şikayət verən şəxslər X8 və X6 məhkəmənin hazırlıq iclasına gəlmədiyindən iclas xx.xx.2023-ci il tarixə saat 16:30-a təxirə salınmışdır. Buna baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxslər X8 və X6 heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.6 və 293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir vəşikayəti vermiş şəxs imzalayır. Şikayətin məzmunundan görünür ki, X8 və X6 xüsusi ittiham qaydasında şikayət verən şəxslər kimi qeyd edilsələrdə onlar şikayətdə onların doğulduğu il, məşğuliyyət növləri və vəzifələri və şikayətin verildiyi yer göstərilməmişdir. Bundan əlavə şikayət yalnız X8 tərəfindən imzlanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxslər X8 və X6 heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlmədiklərindən və xüsusi ittiham qaydasında şikayət bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 və X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-55/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-55/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver