Məhkəmə qərarları › İş №1(074)-56/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-56/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-56/2025 06.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1992-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan şəhəri, H.Əliyev prospekti 20 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılmış X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə şahid qismində ibtidai istintaq orqanına verdiyi ifadəsində Məfkurə adlı qadını 2021-ci ilin sonlarından tanıdığını, Məfkurənin qadınları fahişəliyə cəlb etməsini eşitdiyini, Məfkurənin evində tanımadığı qadınla cinsi əlaqədə olmasını, buna görə Məfkurəyə 30 manat pul verməsini, bundan sonra da 3-4 dəfə Məfkurənin təqdim etdiyi qadınlarla Məfkurənin evində cinsi əlaqədə olmasını, hər dəfə də pulu Məfkurəyə verməsini göstərmiş və həmin xüsusatlar öz təsdiqini tapdığından, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(074)-20/2024 nömrəli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinərək, məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(105)-871/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin şikayəti təmin edilmədən, həmin hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, bununla belə, şahid Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə 15:15-dən 15:30-a kimi keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməsinə, bu barədə yazılı iltizama imza etməsinə və şahid andı içməsinə baxmayaraq, həmin iclasda şahid qismində verdiyi ifadəsində iş üzrə mühüm əhəmiyyətə malik halları təhrif etməklə, təqsirləndirilən şəxs Məfkurə Mustafayevanı tanımadığını, birinci dəfə olaraq məhkəmə iclasında gördüyünü, qadınla görüşmək üçün dost tanışdan ***-***-**-** saylı telefon nömrəsini alıb həmin nömrə ilə əlaqə saxlasa da, danışdığı telefon sahibi ilə görüşmədiyini, 2 dəfə eyni, 1 dəfə isə başqa qızla görüşdüyünü 20-30 manat pulu da görüşdüyü qadınlara verdiyini, qadınla görüşdüyü zaman evdə onlardan başqa heç kimin olmadığını bildirməklə, bilə-bilə, qəsdən və vahid niyyətlə məhkəmədə yalan ifadə verməklə, ədalət mühakiməsininin ədalətlilik və qanunçuluq prinsiplərinin pozulmasına yönəlmiş hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin yaz aylarında yaşadığı Qobustan şəhərindəki ünvana Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məktub gəlmiş və həmin məktubda şahid qismində dindirilməyi üçün idarəyə dəvət edilməsi yazılmışdır. Məktubda göstərilən tarixdə həmin idarəyə getmiş, qeyd edilən idarədə müstəntiq ona Şamaxı şəhər sakini X4 barəsində fahişəliyə cəlb etmə maddəsi ilə cinayət işinin istintaq edilməsi və onun istifadəsində olan mobil nömrədən Məfkurə adlı qadının istifadəsində olan mobil nömrəyə zənglər edilməsi barədə məlumat verilmişdir. Müstəntiqə tanışlarından Məfkurənin pul müqabilində cinsi əlaqədə olmaq üçün qadınlar təşkil etdiyini eşitdiyi üçün, cinsi əlaqədə olmağı üçün qadın təşkil etməsindən ötrü tanışlarından Məfkurənin mobil telefon nömrəsini götürərərək, həmin nömrə ilə əlaqə saxlayıb, qadın təşkil etməsini demişdir. Məfkurə ilə telefonla danışdıqdan sonra, Məfkurə onu evinə dəvət etmiş, Məfkurənin Şamaxı şəhərində yerləşən evinə gedib orada təxminən 3-4 dəfə 30 manat pul müqabilində müxtəlif qadınlarla görüşüb, cinsi əlaqədə olmuşdur. Qadınlarla cinsi əlqədə olmamışdan əvvəl pulu Məfkurəyə vermiş, daha sonra isə Məfkurənin evində olan qadınlarla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə 2022-ci ilin payız aylarında yenə də, Məfkurə ilə telefonla danışdıqdan sonra, Məfkurənin yaşadığı evə gedib, onun təqdim etdiyi qadınla cinsi əlaqədə olmuşdur. 2024-cü ilin oktyabr ayında yaşadığı ünvana Şamaxı Rayon Məhkəməsindən məktub daxil olmuş və həmin məktubda X2 işi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə dəvət olunması yazılmışdır. Qeyd olunan gün məhkəməyə getmiş, məhkəmədə hakim ona məhkəmə iclas zalında olan yaşlı bir qadını göstərib, onu tanıyıb-tanımadığını soruşmuş, tanımadığını deyəcəyi təqdirdə, Məfkurəyə məhkəmə tərəfindən az cəza veriləcəyini düşünüb, qadına köməklik etmək məqsədilə, həmin qadını tanımadığını bildirmişdir. Daha sonra 3-4 qadın cinsli şəxslərin əks olunduğu fotoşəkillər ona nümayiş etdirilmiş, həmin fotoşəkillərdə əks olunmuş qadınların heç birini tanımadığını, pul müqabilində Məfkurə tərəfindən cinsi əlaqədə olmaq üçün təqdim edilən qadınlar olmadığını bildirmişdir. Bundan sonra hakim ondan X3 haradan tanıdığını, onun mobil nömrəsinin onda haradan olunduğunu, onun evinin harada olunduğunu, həmin evdə pul müqabilində qadınlarla cinsi əlaqədə olub-olmadığı barədə suallar vermiş və o, cavab olaraq X3 şəxsən tanımadığını, nömrəsini tanışlarından almasını, Məfkurənin Şamaxı şəhərində yerləşən fərdi yaşayış evində 3 dəfə olduğunu və hər dəfə müxtəlif qadınlarla pul müqabilində cinsi əlaqədə olduğunu demişdir. Həmçinin o, bildirmişdir ki, iki dəfə onu eyni qadın, bir dəfə isə başqa görüşdüyü qadın qarşılamış, pulu da, hər dəfə görüşdüyü qadınlara vermişdir. Hakim ona ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyət olmasını bildirsə də, yenə də, yalan danışaraq, hakimə ibtidai istintaq zamanı da hazırki, məhkəmə prosesində bildirdiklərini müstəntiqə bildirməsini, lakin ifadəsinin müstəntiq tərəfindən səhv yazılmasını bildirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni məhkəmə istintaqı zamanı dəyişdirməyi üçün ona hər hansı bir şəxs tərəfindən təsir edilməmiş, sadəcə Məfkurə Abdullayevaya yaxşılıq etmək məqsədilə, ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli, yalan ifadə vermişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(074)-20/2024 nömrəli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə 3500 manat cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə 3500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X2 üzərində qəti olaraq 6500 manat cərimə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-50/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməklə, o, qəti olaraq 6500 (altı min beş yüz) manat cərimə və 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-871/2024 nömrəli qərarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)-20/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi tərəfindən tərtib olunmuş Şahidin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə istintaq zamanı ifadəsində Məfkurə adlı qadını təxminən 2021-ci ilin sonlarından tanıdığını, tanışlarından Məfkurənin qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu eşitdiyini, daha sonra həmin tanışlarından Məfkurənin mobil telefon nömrəsini götürdüyünü, Məfkurənin istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxladığını, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istədiyini, Məfkurə də onu evinə dəvət etdiyini, Məfkurənin evinin Şamaxı şəhərində Meşə idarəsinin arxa hissəsində yerləşdiyini, həmin evə getdikdə, Məfkurənin onu qarşıladığını, həmin zaman evdə Məfkurədən başqa bir nəfər qadının da olduğunu, həmin qadınla Məfkurənin evində cinsi əlaqədə olduğunu, bunun müqabilində Məfkurəyə 30 manat pul verdiyini, bundan sonra 3-4 dəfə eyni qaydada Məfkurənin evinə gedib, orada təqdim etdiyi qadınlarla görüşüb cinsi əlaqədə olduğunu, hər dəfəsində Məfkurənin qarşılayıb, pulu da, Məfkurənin aldığını, hər dəfəsində Məfkurəyə 30 manat pul verdiyini, Məfkurəyə pul verdikdən sonra, evdə olan qadınla Məfkurənin evində görüşüb cinsi əlaqədə olduğunu, sonuncu dəfə təxminən 2022-ci ilin payız aylarında Məfkurənin evində gedib, orada təqdim etdiyi qadınla cinsi əlaqədə olduğunu göstərmişdir. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli məhkəmə iclasının protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı ifadəsində Məfkurə adlı qadını tanımadığını, birinci dəfə gördüyünü, qadınla görüşmək üçün dost-tanışdan mobil telefon nömrəsini alıb, həmin nömrə ilə əlaqə saxlayıb, görüş vaxtının danışdığını, üç dəfə görüşdüyü qadınlarla həyət evi olan evdə görüşdüyünü, onu iki dəfə eyni, bir dəfə isə fərqli qadın qarşıladığını, 20-30 manat pulu görüşdüyü qadına verdiyini, qadınla görüşdüyü vaxt həmin evdə onlardan başqa heç kimin olmadığını, istintaqda verdiyi ifadəsinin yadında qalmadığını, arxada əyləşən qadın tərəfindən ona qarşı hər hansı bir təziq olmadığını, birinci dəfədir ki, məhkəmə zalında gördüyünü, onu görüşdüyü qadının qarşıladığını, pulu da görüşdüyü qadına verdiyini, telefonla danışan zaman kimlə danışdığını bilmədiyini göstərmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin “Törədilmiş cinayət barədə məlumat verilməsinə dair” xx.xx.2024-cü il tarixli 1(074)-20/2024 nömrəli qərarında qeyd olunur ki, şahid Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə bağlı məhkəməyədək icraat zamanı həqiqi, obyektiv və işin faktiki hallarına uyğun ifadə versə də, sonradan məhkəmə istintaqı zamanı o, təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş, işin faktiki hallarına uyğun olmayan ifadə verdiyindən və bilərəkdən, qəsdən işin əsl mahiyyətini gizlətməklə, təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalmasına yönəlmiş ifadələr verdiyindən, Təqsirləndirilən şəxs əməlində bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin əlamətlərinin olduğu aşkar görünür. Bu səbəbdən, törədilmiş cinayət barədə məlumatın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018, xx.xx.2019, xx.xx.2022 və xx.xx.2023-cü il təvəllüdlü dörd uşağı vardır. İş materiallarında olan Qobustan RİHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar