Məhkəmə qərarları › İş №1(074)-58/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-58/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-58/2021 30.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə İsmayıllı rayonu Ruşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əmək fəailiyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonu Ruşan kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 08 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu Muğanlı kəndi ərazisində tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 16:20 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirilən zaman əlindəki göy rəngli sellofan torbanın içərisində 03 (üç) ədəd iç-içə olan göy rəngli polietilen torbada təmiz çəkisi 390,0 (üç yüz doxsan) qram və bir ədəd şüşə qabda təmiz çəkisi 28,244 (iyirmi səkkiz tam mində iki yüz qırx dörd) qram ümumilikdə təmiz çəkisi 418,244 (dörd yüz on səkkiz tam mində iki yüz qırx dörd) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özü bir neçə ildir ki, narkotik vasitə marixuananın isifadəsi ilə məşğul olur. 08.12.2021-ci il tarixdə öz şəxsi işi ilə bağlı olaraq Şamaxı rayonuna gələrkən Muğanlı kəndi ərazisində təbii ehtiyacını ödəmək üçün kolluq bir yerə keçəndə orada göy rəngli sellofan paket və bir ədəd şüşə banka tapmış, bankadakı və sellofan paketdəki bitki qurumuşunun marixuana olmasını bilmişdir. Özü marixuana istifadəçisi olduğundan həmin narkotik vasitəni götürüb bir yerdə gizlətmək və İsmayıllı rayonuna evinə qayıdanda özü ilə aparmağı qərarlaşdırmışdır. Bu məqsədlə bir ədəd bankanı və içərisində bir büküm narkotik olan sellofan paketi götürüb yolun kənarı ilə gəzə-gəzə gedərək həmin narkotikləri gizlətməyə münasib bir yer axtardığı vaxtı təqribən 15-16 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Şamaxı RPŞ-in polis əməkdaşları olmalarını bildirmişlər. Üzərində narkotik vasitənin olub-olmamasını soruşduqda, özü etiraz etməyib üzərində narkotk vasitənin olduğunu polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət edib, dəvət edilmiş vəkilin və iki nəfər hal şahidinin iştirakı ilə hüquq vəzifələri izah olunduqdan sonra əlində gəzdirdiyi narkotik vasitə olan bankaya və sellofan paketə baxış keçirmişlər. Baxış vaxtı özü narkotik vasitəni Şamaxı rayonu ərazisindən tapdığını və özünün istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra iştirakı ilə narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşları qablaşdırıb möhürləmişlər və narkotik vasitənin aşkar edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib olunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələri Muğanlı kəndi ərazisindən tapmış, həmin narkotik vasitələri kəndə gedəndə özü istifadə etmək məqsədi ilə özündə saxlamış, indi və əvvəllər heç bir şəxsə narkotik vasitə satmadığını, tapdığı narkotik vasitələri də satmaq fikrində olmadığını, X8 adlı şəxsi ümumiyyətlə tanımadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və oğlunun ikinci Qarabağ müharibəsində iştirak etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Şamaxı RPŞ-də CM-in 234.1-ci maddəsi ilə X5 məxsus narkotik vasitə olan marixuananın mənbəyinin müəyyən edilməsi ilə bağlı istintaq olunan cinayət işi üzrə əməliyyat tapşırığı verilmişdir. Həmin tapşırıq əsasında 08.12.2020-ci il tarixdə saat 16 radələrində Şamaxı RŞ-in NMQ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə tərəflərindən əməliyyat tədbiri keçirilməklə təqsirləndirilən şəxs Anar Babayevə narkotik vasitə satmasında şübhəli olması ehtimal olunan İsmayıllı rayonu Ruşan kənd sakini Əzizov X14 rayonu ərazisində saxlanmaqla əlindəki bükümlərlə birlikdə Şamaxı RPŞ gətirilmişdir. İstintaq bölməsi tərəfindən dəvət edilmiş müdafiəçinin və tərəflərindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya varsa özü könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan sellofan paketi və bir ədəd şüşə bankanı təqdim etməklə bildirmişdir ki, elə həmin gün Şamaxı rayonuna gələrkən Muğanlı kəndi ərazisində təbii ehtiyacını ödəmək üçün kolluq fason bir yerə keçəndə orada göy rəngli sellofan paket və bir ədəd şüşə banka tapmış, bankadakı və sellofan paketdəki bitki qurumuşunun marixuana olmasını görmüşdür. Özü marixuana istifadəçisi olduğu üçün həmin narkotiki İsmayıllı rayonuna evinə qayıdanda özü ilə aparıb az-az istifadə edəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə və bankadakı maddəyə baxış keçirildikdə içərisində qurudulmuş halda spesfik iyə malik marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin narkotik vasitələr hal şahidlərinin və müdafiəçinin iştirakları ilə qablaşdırılmaqla möhürlənmişdir. Daha sonra narkotik vasitənin aşkar edilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılar protokolla tanış olduqdan sonra iştirak edənlər tərəfindən imzalanmışdır. Eyni zamanda şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs hər hansı bir şəxsə xüsusəndə X5 narkotik vasitə satıb-satmaması soruşulmuş o, belə bir şəxsi tanımadığını və ümumiyyətlə hər hansı bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs X5 narkotik vasitə satması ilə bağlı dəqiq əməliyyat məlumatı olmasada belə, sadəcə ehtimal etməklə müstəntiqin narkotik vasitənin mənbəsi ilə bağlı vermiş olduğu əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs saxlanmış və onun özünün üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 08.12.2021-ci il tarixdə saat 16 radələrində öz şəxsi işi ilə bağlı olaraq Şamaxı rayonu mərkəzində olduğu vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis şöbəsinə gətirilmiş bir nəfər şəxsin üzərinə baxış keçirilməsində iştirak etməyini təklif etmişlər. Əməkdaşların tələbi əsasında birlikdə polis şöbəsinə gəlmiş, dəvət edilmiş başqa bir hal şahidi də olmaqla onlara hüquq vəzifələri izah olunmuşdur. Saxlanılan şəxsin hüquqlarını müdafiə etmək üçün polis şöbəsinə vəkildə dəvət olunmuşdur. Daha sonra İsmayıllı rayon Ruşan kənd sakini kimi özünü təqdim edən Təqsirləndirilən şəxs adlı şəxsə hüquq-vəzifələri izah olunduqdan sonra üzərində və əlində saxladığı hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs Muğanlı kəndi ərazisində təbii ehtiyacını ödəmək üçün kolluq fason bir yerə keçəndə orada göy rəngli sellofan paket və bir ədəd şüşə banka tapdığını və onların içərisində narkotik vasitə marixuana olduğunu bildirib həmin əşyaları təqdim etmişdir. Baxış vaxtı sellofan paketdə bir büküm içərisində qurudulmuş ota bənzər spesfik iyi olan maddə həmçinin bankanın içərisindən də eyni ilə spesfik iyə malik otabənzər maddələr aşkar olunmuşdur. Nazim adlı həmin şəxs paketdəki və bankadakı otabənzər maddənin narkotik vasitə marixuana olmaqla Şamaxı rayonu ərazisindən tapdığını, özünün istifadə edəcəyi məqsədi ilə üzərində saxladığını demidir. İştirakları ilə narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Daha sonra narkotik vasitənin aşkar edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib olunmaqla iştirakçılar protokolla tanış olduqdan sonra imzalanmışdır. Saxlanılan şəxs ondan aşkar edilən narkotik vasitəni tapdığını, gələcəkdə özünün istifadəsi məqsədi ilə saxladığını və satmaq niyyətinin olmamasını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 07 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ayrılmaqla icraata qəbul olunmaqla istintaqı aparılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 08 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2020-ci il tarixdə saat 16:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2020-ci il tarixli 7/849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş göy rəngli torbada üç ədəd iç-içə olan göy rəngli polietilen torbada təmiz çəkisi 390 qram və bir ədəd şüşə bankada təmiz çəkisi 28,244 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 418,244 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 418,144 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,0 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 10 dekabr 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 17.01.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 yanvar 2021-ci il tarixli 250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Ruşan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs, arvadı X6, oğlları X11 və X7 ibarət ailə üzvləri ilə İsmayıllı rayonu Ruşan kəndində yaşayır. Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Ruşan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs hazırda İsmayıllı rayon Ruşan kəndində yaşayır, fərdi təsərrüfatla məşğul olur. Ailəlidir 3 övladı var. Xasiyyətcə mülayim, insanlarla daha tez ünsiyyət quran, kənd sakinlərinin hörmətini qazanan layiqli vətəndaş kimi özünü təsdiqləmişdir. Kənd rəhbərliyinin verdiyi tapşırıqlara məsuliyyətlə yanaşıb, ona verilən tapşırıqları dərhal həll etmək bacarığına malikdir. Onun adı heç bir mübahisədə hallanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli 7/211 nömrəli rəyindən görünür ki, X3 məxsus avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə yazılar və imzalar olan sarı rəngli kağız paketdəki bir ədəd bənövşəyi rəngli polietilen torbada 7 (yeddi) ədəd kibrit qututsunda olan marixuanalarla mərkəzə məxsus 2 nömrəli qəhvəyi rəngli kağız paketdə ağ kağız üzərində Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan aşkar olunaraq götürülmüş sözlər yazılmış göy rəngli torbada üç ədəd iç-içə olan göy rəngli polietilen torbadakı və bir ədəd şüşə bankadakı marixuanalar bir birindən fərqlənir. Marixuananın təmiz çəkisi – 418,144 qram, tədqiqata sərf edildi cəmi - 0,18 qram (hər obyektdən-0,02 qram), qalıq 418,104 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 manatdır. “Maddi sübut kimi tanınma haqqında” 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi-418,104 qram olan qurudulmuş marixuana saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. X12 məxsus hərbi biletin surətindən görünür ki, o, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. Fəxri fərmanın surətindən görünür ki, əsgər X1 və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdyinə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin 21 iyun 2021-ci il tarixli 507 saylı arayışdan görünür ki, 1997-ci il təvəllüdlü X15 həqiqətən 12.10.2017-ci il tarixdən 01.04.2019-cu il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və 30.09.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qismən səfərbərliklə həqiqi hərbi xidmət keçmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və oğlu X9 Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını, nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə tərbiyələndirmə habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı İsmayıllı rayonunun ərazi hüdudlarını cəza çəkdiyi müdət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanan əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 08.12.2020-ci il tarixdən-10.12.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanımalı, cəza çəkmə müddətinin başanğcı onun cəzanı icra edən orqanda qeydiyyata alıdığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanımalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınan–Şamaxı rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi-418,104 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 155,46 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08.12.2020-ci il tarixdən 10.12.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı İsmayıllı rayonunun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut–Şamaxı rayon Polis Şöbəsində saxlanılan təmiz xalis çəkisi 418,104 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 155,46 (yüz əlli beş manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar