Məhkəmə qərarları › İş №1(074)-59/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-59/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-59/2023 01.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 30 iyul 1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 4 uşaq atası, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə, saat 11:05 radələrində Şamaxı şəhəri, X7 küçəsində yerləşən “mərkəzi bazar”-da olarkən Zərərçəkmiş şəxs əynindəki boz rəngli jaketin cibində cib dəsmalında pul olmasını görərək oğurlamaq qərarına gəlib bazarda kənar şəxslərin onun hərəkətini görmədiyindən istifadə edərək sonuncuya yaxınlaşıb əynindəki boz rəngli jaketin sol yan cibindən içərisində 110 (yüz on) manat məbləğində pul vəsaiti olan cib dəsmalını hiss etdirmədən çıxarmaqla oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus özgənin əmlakını cibindən çıxarmaqla gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, 2007-ci ildən ağır formada xəstəliklə mübarizə aparır, yəni o, SPİD və onkoloji xəstədir. 13 may 2023-cü il tarixdə, saat 09:30 radələrində yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki evindən çıxaraq şəhər daxili marşrutla Şamaxı rayonu Mərkəzi Bazarına gedib çuğundur almaq istəmişdir. Artıq saat 11 radələrində bazara çatdıqdan sonra bazarda pomidor satılan yerə yaxınlaşmış, 1 kiloqram pomidor almışdır. Həmin vaxt onun yanında əvvəllər tanımadığı 55-60 yaşlı bir qadının əyilmiş formada dayanıb nəyisə aldığını görmüşdür. Həmin vaxt o, həmin qadının ayaqlarının yanında yerdə pul olduğunu görüb həmin pulu götürərək oradan yavaş-yavaş uzaqlaşmışdır ki, onu görən olmasın. Daha sonra kənarda o, həmin pulun 01 ədəd 100 manatlıq, 01 ədəd 5 manatlıq və 05 ədəd 1 manatlıq pul əskinazları, yəni ümumillikdə 110 manat pul olmasını görmüş, həmin puldan 85 (səksən beş) manat pulu xərcləmiş, yəni həmin pula ərzaq məhsulları, içmək üçün su və siqaret almışdır. Daha sonra evlərinə getmiş, qısa bir vaxtdan sonra onu polis şöbəsinə dəvət etmişlər və o, polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsində ona həmin hadisə ilə əlaqədar suallar vermişlər. Həmin vaxt müstəntiq ona suallar verərək çaşdırdığından o, həmin pulu qadının cibindən götürdüyünü etiraf etmiş və 25 (iyirmi beş) manat pulu polis əməkdaşlarına təhvil vermişdir. Rayon polis şöbəsində ona məlum olmuşdur ki, Şamaxı şəhər sakini olan Zərərçəkmiş şəxs pulu yerə düşmüş və o, həmin pulu götürmüşdür. Həmin hadisə zamanı o, tək olmuş, yanında başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir formada münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. Buna görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərmişdir ki, 13 may 2023-cü il tarixdə, saat 09:30 radələrində yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsindəki evindən çıxaraq şəhər daxili marşrutla Şamaxı rayonu Mərkəzi Bazarına gedib çuğundur almaq istəmişdir. Artıq saat 11 radələrində bazara çatdıqdan sonra bazarda pomidor satılan yerə yaxınlaşmış, 1 kiloqram pomidor almışdır. Həmin vaxt onun yanında əvvəllər tanımadığı 55-60 yaşlı bir qadının əyilmiş formada dayanıb nəyisə aldığını görmüşdür. Həmin vaxt o, həmin qadının əynindəki boz jaketinin cibində cib dəsmalını görüb düşünmüşdür ki, həmin cib dəsmalının içərisində pul olar. Buna görə də həmin cib dəsmalını sakit formada götürərək oradan yavaş-yavaş uzaqlaşmışdır ki, onu görən olmasın. Daha sonra kənarda o, həmin cib dəsmalını açaraq içərisində olan 01 ədəd 100 manatlıq, 01 ədəd 5 manatlıq və 05 ədəd 1 manatlıq pul əskinazlarını, yəni ümumillikdə 110 manat pulu götürərək həmin puldan 85 (səksən beş) manat pulu xərcləmiş, yəni həmin pula ərzaq məhsulları, içmək üçün su və siqaret almışdır. Daha sonra evlərinə getmiş, qısa bir vaxtdan sonra onu polis şöbəsinə dəvət etmişlər və o, polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsində ona həmin hadisə ilə əlaqədar suallar vermişlər və o, törətdiyi cinayəti etiraf etmiş və üzərində oğurladığı həmin 110 manat puldan qalan 25 (iyirmi beş) manat pulu polis əməkdaşlarına təhvil vermişdir. Rayon polis şöbəsində ona məlum olmuşdur ki, Şamaxı şəhər sakini olan, yəni cibindən pulu oğurladığı Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi vermişdir. O, ehtiyaca görə həmin əməli törətmişdir. Törətdiyi əməldən də peşimandır. Həmin hadisədən başqa heç bir hadisə törətməmişdir. Həmin hadisə zamanı o, tək olmuş, yanında başqa heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir formada münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 13 may 2023-cü il tarixdə, saat 10:45 radələrində həyat yoldaşı Şahid4 ilə birlikdə yaşadığı evdən çıxaraq Şamaxı rayonu ərazisində yerləşən Mərkəzi Bazara gedib evləri üçün alış-veriş etmək qərarına gəlmişlər. Həmin tarixdə, saat 11:05 radələrində alışveriş etməyə başlayan zaman aldığı ərzaqın pulunu vermək istəyərkən əynimdəki boz rəngli jaketin cibində olan cib dəsmalının içərisində olan 110 manat pulu götürmək istəyərkən pulunun cibində olmadığını aşkar etmişdir. O, dərhal digər ciblərinə baxmış, lakin pulun heç bir cibində olmadığını aşkar etmiş və dərhal onunla birlikdə bazarda olan həyat yoldaşı Şahid4 demişdir. Onlar düşünmüşlər ki, ola bilsin ki, pul cibindən yerə düşüb, bu səbəbdən də yeri axtarmağa başlamışlar, lakin tapa bilməmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, onun cibində olan 110 manat pulu naməlum şəxs və ya şəxslər götürərək ona qarşı soyğunçuluq ediblər. Bundan sonra o, Şamaxı rayon polis şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. Onun əynindəki boz rəngli jaketin cibində olan cib dəsmalının içərisindəki 110 manat pul 01 ədəd 100 manatlıq, 01 ədəd 5 manatlıq və 05 ədəd 1 manatlıq pul əskinazları olmuşdur. Həmin 110 manat puldan başqa onun üzərində heç bir məbləğdə pul və ya başqa əşya olmamışdır. Həmin vaxt onun yanında həyat yoldaşı Şahid4 başqa heç kim olmamışdır. O, məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın, yəni 110 (yüz on) manatın tam həcmdə ödənildiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, 13 may 2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə ev üçün rayonun Mərkəzi Bazarından alış-veriş etmək getmişlər. Artıq saat 11:05 radələrində bazara çatıb alış-veriş etməyə başlayan zaman həyat yoldaşı Arifə aldığı ərzağın pulunu vermək üçün əynindəki boz rəngli jaketin cibində olan cib dəsmalının içərisindən pul götürmək istəyərkən pulunun cibində olmadığını aşkar edib ona bu barədə demişdir. Həmin vaxt o, yerdə həmin pulu, həyat yoldaşı Arifə isə həm əynindəki paltarın digər ciblərindən həmdə ki yerdən axtarmağa başlamış lakin pulu tapa bilməmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, həyat yoldaşı Arifə Xanalıyevanın cibində olan 110 manat pulunu naməlum şəxs və ya şəxslər götürərək ona qarşı soyğunçuluq ediblər. Bundan sonra onlar Şamaxı rayon polis şöbəsinə gəlmiş, həyat yoldaşı Arifə baş vermiş hadisə ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. O, həmin vaxt başı qarışıq olmuş və pulu götürən şəxsi görməmişdir. Lakin Təqsirləndirilən şəxs həmin vaxt onların yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Oğlu Təqsirləndirilən şəxs bir neçə ay bundan əvvəl həbsdən çıxıb və evlərində olmuş, yəni heç bir yerdə işləməmiş, əlilliyə görə təqaüd alıb ailə uşağını çətinliklə dolandırmışdır. 13 may 2023-cü il tarixdə, o, işdə olmuşdur. Belə ki, o, X2 təmizlik işləri görür. Raminin polis tərəfindən aparıldığını ona gəlini desədə ondan bunun səbəbini soruşmamış, sonradan polisdən öyrənmişdir ki, Ramin Şamaxı rayonu Mərkəzi bazarda olan zaman tanımadığı bir qadının cibindən cib yaylığını görüb götürüb və cib yaylığının içərisində olan 110 manat pulu götürmüşdür. Daha sonra onlar ziyanı ödəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs bir neçə ay bundan əvvəl həbsdən çıxıb və evlərində olmuş, yəni heç bir yerdə işləməmiş, əlilliyə görə təqaüd alıb ailəsini dolandırmışdır. 13 may 2023-cü il tarixdə, saat 13 radələrində Ramin evlərinə gəlmiş və əlində olan sellofanda bir qədər pomidor və göyərti olmuşdur. Həmin vaxt o və evdəkilər Ramindən pomidoru və göyərtini haradan və hansı pulla aldığını soruşduqda Ramin pulu yerdən taparaq həmin pomidoru və göyərtini aldığını bildirmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşları onların yaşadıqları Şamaxı rayonu Şəhriyar qəsəbəsinə gələrək Ramini polis şöbəsinə aparmışlar. Daha sonra onlar ziyanı ödəmişlər. Məhkəmə iclasında şahid qismində Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cm-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqıqnda” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Şamaxı rayonu ərazisində yerləşən Mərkəzi Bazarında yerləşir, hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 110 (yüz on) manat pulu təqdim edilmiş həmin ərazidə cibindən çıxarılmaqla oğurluq hadisəsini törədən şəxs naməlum istiqamətə getmişdir, hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet, eləcə də əl-iz nümunələri aşkar edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 21 iyul 2005-ci təvəllüdlü, 12 noyabr 2006cı il təvəllüdlü, 29 yanvar 2015-ci il təvllüdlü və 06 mart 2020-ci il təvəllüdlü 4 uşağı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Xəzər zona Tibbi Sosial Ekspert Komissiyasının TSEK-də müayinə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən 2-ci qrup müddətsiz əlildir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 may 2023-cü il tarixli qərardan görünür ki, Soltanov X1 Respubliakı CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Götürmənin aparılması barədə” 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində yerləşən Mərkəzi Bazarda və ya bazar ətrafında gəzdiyi zaman rayonun təhlükəsizlik kameralarında görünmüşdür. Həmin təhlükəsizlik şəhər kameralarında aşkar olunan görüntü istintaqa təqdim edildiyindən təqdim edilmiş 01 ədəd görüntü olan disk götürülmüşdür. “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15 may 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsə hadisə yerini göstərməsi təklif edilmiş, o, 13 may 2023-cü il tarixdə, saat 09:30 radələrində yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsindəki evindən çıxaraq şəhər daxili marşrutla Şamaxı rayonu Mərkəzi Bazarına gedib çuğundur almaq istədiyini, artıq saat 11 radələrində bazara çatdıqdan sonra bazarda pomidor satılan yerə yaxınlaşdığını, 1 kiloqram pomidor aldığını, həmin vaxt onun yanında əvvəllər tanımadığı 55-60 yaşlı bir qadının əyilmiş formada dayanıb nəisə aldığını gördüyünü, həmin vaxt həmin qadının əynindəki boz jaketinin cibində cib dəsmalını görüb həmin cib dəsmalının içərisində pulun olmasını düşündüyünü, buna görə də həmin cib dəsmalını sakit formada götürərək oradan yavaş-yavaş uzaqlaşdığını, daha sonra kənarda o, həmin cib dəsmalını açaraq içərisində olan 01 ədəd 100 manatlıq, 01 ədəd 5 manatlıq və 05 ədəd 1 manatlıq pul əskinazlarını, yəni ümumillikdə 110 manat pulu götürərək həmin puldan 85 (səksən beş) manat pulu xərcləmiş, yəni həmin pula ərzaq məhsulları, içmək üçün su və siqaret aldığını göstərməklə təsdiq etmişdir. “Maddi sübut kimi tanıma haqqında” 15 may 2023-cü il tarixli qərardan görünür ki, oğurluğun predmeti olan 01 ədəd 20 manatlıq və 01 ədəd beş manatlıq pul əskinazları cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şahid1 təhvil verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 4(074)-32/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 may 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il 09 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.3-cü maddəsinə tövsif edilərək cəzası 5 ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza 4 il 6 aya endirilmiş, həbsdə olduğu 02 ay 23 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti 04 il 03 ay 07 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatından çıxarılmışdır. Ağsu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarın 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 27 may 2009-cu il tarixli, 1(004)- 221/2009 saylı hökmünün surətindən görünür ki, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.8-ci bəndi tətbiq edilməklə, Soltanov X6 şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Şamaxı RİHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 iyun 2023-cü il tarilxi 5-75-15/2-209/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. Şamaxı RİHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilməsə də, onun tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində törətmiş olduğu cinayət tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 177.2.5-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələri, xüsusən təqsirləndirilən şəxsin həm ilkin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, xüsusilə təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında videoçəkiliş, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talaması tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmamasını və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqlarının olmasını, İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 13 may 2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Maddi sübut 25 manat pulun Şahid1 verilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut 25 manat pulun Şahid1 verilməsi nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar