Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-59/2024 13.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 06 may 2024-cü il tarixində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 00:05-də Şamaxı şəhəri, X7 küçəsində yerləşən Cümə Məscidinin yaxınlığında saxlanılaraq, Şamaxı Rayon Polis Şöbəsinə gətirilməklə, saat 01:05-dən etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara kağıza bükülmüş bükümdə xeyli miqdarda, təmiz çəkisi 6,595 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid3 adlı şəxs Şamaxı rayon sakinidir, onunla münasibəti yaxşı olmuşdur. Ramini o, narkotik vasitə istifadə edən şəxs kimi tanımış və özü də, narkotik vasitə istifadə etdiyi üçün, 05 may 2024-cü il tarixdə Şamaxı şəhərində “Univermaq” tərəfdən çıxıb “meşə idarəsi” adlanan tərəfə doğru getmişdir ki, oradan keçib evinə getsin. Həmin vaxt o, Şahid3 küçədə dayandığını görmüş, onunla salamlaşıb narkotik vasitə olubolmadığını soruşmuşdur. Şahid3 da, ona üzərində narkotik vasitə olduğunu bildirmişdir. O, Ramində xahiş etmişdir ki, həmin narkotik maddəni ona versin ki, məclisə gedib-gələndən sonra, yolda istifadə etsin. Bundan sonra, Şahid3 ona bir bükümdə narkotik vasitə olan marixuana vermişdir. Həmin narkotik vasitə bir ədəd qara rəngdə olan siqaret kağızına bükülü olan bükümün içərisində olmuşdur. Şahid3 ona nisyə olaraq bir ədəd 17 manata ayaqqabı satdığı üçün onun Raminə borcu olduğundan o, həmin vaxtı ondan borcunu istədiyindən o, da cibindən 10 manat pul çıxardıb, Şahid3 vermiş, daha sonra isə ondan götürdüyü narkotiki də, əynində olan gödəkçənin cibinə qoyub gizlətmişdir ki, sonra istifadə etsin. Belə ki, 05 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixə keçən gecə Şamaxı şəhərində, Cümə Məscidin yaxınlığında olan zaman, mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış və həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişdirlər. Lakin o, etiraz edərək, üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, o, həmin şəxslər birlikdə Şamaxı Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsinin binasında dəvət edilmiş vəkilin iştirakı ilə, üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış keçirilərkən, əynindəki gödəkçənin cibində saxladığı siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Daha sonra polis əməkdaşları həmin bükümü kağız zərfdə qablaşdırılaraq, üzərini möhürləmişdirlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. O, əvvəllər bir neçə dəfə Raminlə birlikdə narkotik vasitə istifadə etmiş, lakin Şahid3 pul müqabilində narkotik vasitə almamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şamaxı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 may 2024-cü il tarixdə Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə RPŞ-nə məlumat daxil olmuş və əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə, həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. 05 may 2024cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə baş əməliyyat müvəkkili Şahid2 ilə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində Cümə Məscidinin arxa hissəsində ara küçədə Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin piyada getdiyini görüb, həmin şəxsə yaxınlaşmışlar və ilk əvvəl özlərini ona təqdim edib, sonra həmin şəxsə üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşdurlar. Həmin şəxs Təqsirləndirilən şəxs isə onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin, şübhə yarandığından, həmin şəxsi RPŞ-nə dəvət etmişdirlər. Polis şöbəsində həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğu müəyyən olunduqdan sonra, dəvət edilmiş vəkilin iştirakı ilə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngdə olan siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açılaraq, içərisinə baxıldıqda, qəhvəyi rəngli narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə narkotik vasitə olan marixuanadır, ona məxsusdur və həmin vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirak edən şəxslər tərəfindən imza edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş büküm təqdim etmişdir. Təqdim edilmiş bükümün içərisinə baxıldıqda, yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin vasitənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/701 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X2 üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki 01 (bir) ədəd ağ-qara kağız kəsiyi bükümündə təmiz çəkisi 6,595 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq – 6,545 qramdır. İş materiallarından görünür ki, 6,595 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3582 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olubdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il və xx.xx.2019-cu il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 2 gün həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 6,545 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 6,545 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-59/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-59/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver