Məhkəmə qərarları › İş №1(074)-60/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-60/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-60/2025 11.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1992-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Şamaxı şəhəri ərazisində yerləşən “Dostluq” restoranındakı kabinetlərin birində əyləşib yemək yedikdən sonra, Zərərçəkmiş şəxs hesabı ödəmək üçün vermiş olduğu 100 (bir yüz) manat pulu gizlətdiyindən, sonuncu ilə aralarında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsini əsas götürərək, bundan qəzəblənib, masanın üzərində olan külqabını götürərək, Zərərçəkmiş şəxs burun nahiyəsindən vurmaqla, sonuncuya tənəffüsün pozulması ilə müşahidə olunan, burun kökünün yerini dəyişmiş sınığı, sol göz altı nahiyyənin qançırı ilə nəticələnən, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs adlı şəxs onun tanışıdır. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında o, tanışları Şahin və Kamil ilə birlikdə Şamaxı rayonunun Qızmeydan kəndində olduğu zaman, Nazim Şahinə zəng edərək, onu Şamaxı şəhərində yerləşən “Dostluq” restoranında yemək yeməyə dəvət etmişdir. Şahin tək olmadığını, özü ilə Elşən və Kamilin də olduğunu bildirdikdə, Nazim onlarla birlikdə gəlməsini və gələrkən, özləri ilə spirtli içki olan araq alıb gətirmələrini demişdir. Bundan sonra, o, Şahin və Kamil ilə birlikdə Şamaxı şəhərinə getmişdir. Restorana daxil olduqları zaman, Nazim və Fuad adlı şəxslərin restoranda qapalı məkanda əyləşərək, yemək yediklərini və artıq bir qədər spirtli içki qəbul etdiklərini görmüşdürlər. Onlar həmin şəxslərlə əyləşərək, kabab sifariş etmiş, yemək yeyərək, spirtli içki qəbul etmişdirlər. Bir qədər sonra Nazim ona demişdir ki, ondan aldığı bir baş iri buynuzlu heyvan xəstə olmuşdur. Bu səbəbdən, Nazim ilə aralarında mübahisə baş vermişdir. Həmin vaxt Nazim onu nalayiq ifadələrlə təhqir etmiş və başının sol nahiyyəsindən yumruqla vurmuşdur. O isə, Nazimin ona yenidən vurmaq istədiyi anda imkan verməyərək, Nazimin burun nahiyyəsindən yumruqla vurmuşdur. Orada olan şəxslər onları aralamış və mübahisənin davam etməməsi üçün, o və onunla gəlmiş şəxslər otağı tərk etmişdirlər. Həmin vaxt Nazimin burun nahiyəsindən qan gəlməyə başlamışdır. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs xəsarət yetirdiyinə görə, əməlindən peşman olduğunu bildirərək, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarının tətbiq olunmasını və cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında dostu Fuad ilə birlikdə Şamaxı şəhərində yerləşən “Dostluq” restoranına getmişdir. Restoranda olduqları müddətdə yemək yeyərək, bir qədər spirtli içki qəbul etmişdirlər. Həmin vaxt Elşən adlı tanışı ona zəng edərək, hal-əhval tutmuş və Şahin ilə birlikdə olduğunu söyləmişdir. Daha sonra o, Şahinə zəng edərək, onunla danışmış və ona “Dostluq” restoranında dostu ilə birlikdə yemək yediyini bildirmişdir. O, Şahini birlikdə yemək yeməyə dəvət etmiş və onlara demişdir ki, gələndə özləri ilə birlikdə araq da gətirsinlər. Bir qədər sonra, Elşən, Şahin və Kamil adlı şəxslər “Dostluq” restoranına gəlmişdirlər. Yeni gələnlər də, yemək yeyərək, spirtli içki qəbul etmişdirlər. Yeməkdən sonra, o, ofisiantı çağıraraq, hesabı istəmişdir. Ofisiant da hesabın 96 manat olduğunu söyləmişdir. O da, cibindən çıxardığı 100 manat pulu masanın üzərinə qoyaraq, otaqdan çıxmışdır. Bir qədər sonra, ofisiant ona yaxınlaşaraq, hesabın ödənilmədiyini bildirmiş, o isə, pulu masanın üzərinə qoyduğunu demişdir. Ofisiant isə masanın üzərində pulun olmadığını demişdir. O, otaqda olan şəxslərə pulu masanın üzərinə qoyduğunu bildirmiş və həmin pulun kim tərəfindən götürüldüyünü soruşmuşdur. Bu zaman, Fuad adlı şəxs Elşənin telefonunu qaldıraraq, pulun telefonun altında olduğunu göstərmişdir. Həmin vaxt Elşənlə aralarında mübahisə baş vermiş və Elşən onun burnundan vurmuşdur. Nəticədə onun burnundan qan axmağa başlamışdır. Orada olan şəxslər onları sakitləşdirmiş, lakin əsəbləşdiyi üçün o, DİN-in 102 xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra o, xəstəxanaya getmiş və orada müayinə olunarkən, burnunun sındığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Elşən və Nazim adlı şəxslərlə onun yaxın münasibətləri olmuş, həmin şəxslərlə münasibətləri hər zaman normal olmuş, aralarında heç bir mübahisə yaşanmamışdır. xx.xx.2025-ci il tarixdə dostu Elşən ilə birlikdə Şamaxı rayonu, Qızmeydan kəndində olarkən, Nazim ona zəng edərək, onu Şamaxı şəhərində yerləşən “Dostluq” restoranında yeyib-içməyə dəvət etmişdir. O da, dostu Elşən ilə birlikdə həmin restorana getmişdirlər. Nazim onlara demişdir ki, gələndə özləri ilə araq da gətirsinlər. Onlar spirtli içki içəcəklərini nəzərə alıb, həmkəndliləri Kamil adlı şəxsi sürücü kimi özü ilə aparmışdır. Restorana daxil olduqda, Nazim ilə Fuadın restoranın kabinetində oturub, yemək yediklərini görmüş və onlara qoşularaq, əlavə kabab sifariş edib, yemək yeyərək, spirtli içki qəbul etmişdirlər. Orada Kamildən başqa hər kəs spirtli içki qəbul etmişdir. Yeməkdən sonra o, ayaqyoluna getmiş və geri qayıtdıqda, Elşən ilə Nazimin mübahisə etdiklərini görmüşdür. O, otaqda olan digər şəxslərlə birlikdə onları sakitləşdirmişdir. O, hadisə zamanı ayaqyolunda olduğundan, Elşən və Nazim arasında nəyin üstündə mübahisə düşdüyü barədə məlumatı olmamışdır. Elşənin Nazimi vurmasını görməmiş, lakin Nazimin burnunda olan xəsarətin Elşən tərəfindən yetirildiyini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Şahin və Elşən ilə birlikdə Şamaxı rayonu, Qızmeydan kəndində olduqları zaman, Nazim adlı şəxs Şahinə zəng edərək, onu yeməyə dəvət etmişdir. Şahin də onlarla birlikdə getməsini təklif etmiş və onlar Şamaxı şəhərində yerləşən “Dostluq” restoranına getmişdirlər. Restorana çatmazdan əvvəl avtomobili Şamaxı şəhərində olan marketlərdən birinin qarşısında saxlamış və oradan bir ədəd araq almışdırlar. Daha sonra, restorana daxil olub, orada Nazim və Fuad ilə birlikdə oturaraq, yemək yemişdirlər. Həmin vaxt, Nazim ilə Elşən heyvan alqı-satqısı ilə bağlı söhbət etmiş, lakin həmin söhbət zamanı onlar arasında heç bir mübahisə baş verməmişdir. Yeməkdən sonra, Nazim hesabın pulunu masanın üzərinə qoymuşdur ki, ofisiant pulu götürsün. Lakin, Nazim çölə çıxmaq istədikdə, ofisiant ona yaxınlaşaraq, hesabın ödənilmədiyini bildirmişdir. Nazim otağa daxil olub, pulun kim tərəfindən götürüldüyünü soruşmuş və həmin zaman, Fuad Elşənin telefonunu yuxarı qaldırmış və telefonun altında 100 manat pulun olduğunu göstərmişdir. Lakin o, Elşənin həmin pulu nə vaxt götürdüyünü görməmişdir. Bundan sonra Nazim əsəbiləşmiş və Elşənə qarşı nalayiq ifadələr işlədərək, ona bir neçə sillə vurmuşdur. Elşən isə, Nazimi burnundan vurmuşdur. Sonradan otaqda olan şəxslər hər iki tərəfi sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında o, tanışı Nazim ilə birlikdə Şamaxı şəhərində yerləşən “Dostluq” restoranında oturub yemək yemişdir. Onlar yemək yeyən zaman, Nazim Şahin adlı şəxsə zəng edərək, yemək yeməyə dəvət etmişdir. Bir qədər sonra Elşən, Şahin və Kamil birlikdə onların olduğu restorana gəlmiş və onlar yenidən bir qədər yemək sifariş edib, spirtli içki qəbul etmişdirlər. Onlar yemək yeyib qutardıqdan sonra, Nazim hesabı istəmiş və ofisiant gələrək, 96 manat hesablarının olmasını onlara bildirmişdir. Nazim 100 manat pulu masanın üzərinə qoyub, otaqdan şıxmış və daha sonra ofisiant gələn zaman, hesabın ödənilmədiyini bildirmişdir. Onlar pulu axtaranda, o, anidən Elşənin telefonunu qaldırmış və pulun Elşənin telefonunun altında olduğunu görmüşdür. Bu zaman, Nazimlə Elşən mübahisə etməyə başlamış və Elşən Nazimin burun nahiyyəsindən vurmuşdur. X2 ayırmağa çalışmış və daha sonra həmin şəxslər sakitləşmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 42 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - tənəffüsün pozulması ilə müşahidə olunan, burun kökünün yerini dəyişmiş sınığı, sol göz altı nahiyyənin qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı 100 manat pulu oğurlamaq niyyəti olmadığından, eyni zamanda, həmin pulun gizlədilməsi ilə bağlı oğurluq cinayətinin tərkib əlamətləri yaranmadığından, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmədən gizləndiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla, «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2026-cı il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən, cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə, cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəzadan onu azad etməklə, ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, amnistiya tətbiq edilməklə, cinayət təqibinə xitam verilməsinə razılığı olduğundan, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 209 (iki yüz doqquz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 209 (iki yüz doqquz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar