Məhkəmə qərarları › İş №1(074)-61/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-61/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-61/2025 04.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1996-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i : İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində idarə etdiyi **-YK-*** dövlət qeydiyyat nişanlı “VAZ 2121” markalı avtomobil ilə hərəkətdə olan zaman, həmin avtomobilin sağ-ön oturacağında sərnişin qismində əyləşmiş tanışı Zərərçəkmiş şəxs Mayıs oğlu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs ona avtomobildən enmək istədiyini deyib, avtomobili saxlamasını tələb etsə də, o, avtomobili idarə etməyə davam etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs avtomobilin aşağı sürətlə hərəkətdə olduğunu görüb, avtomobildən enmək qərarına gəlmiş və avtomobilin ön-sağ qapısını açaraq, onun ünvanına nalayiq sözlər işlədib yerə enmək istəyərkən, avtomobildən yıxılmış, daha sonra, o, avtomobili saxlayıb yerə düşərək, Zərərçəkmiş şəxs yaxınlaşdıqda, sonuncunun yerdə uzanıqlı vəziyyətdə əlində bıçaq saxladığını və həmin bıçağı ona tərəf yellədiyini görüb, ətrafdakı evlərin birinin dam örtüyünün üzərindən götürdüyü əlamətləri istintaqa məlum olmayan taxta parçası ilə Zərərçəkmiş şəxs başının sağ nahiyəsindən qəsdən bir dəfə zərbə vurmaqla, sonuncuya sağ təpə nahiyyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs yaşadığı qəsəbə sakini kimi tanıyır. Həmin şəxslə münasibəti normal olmuş, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə o, Raqib və digər tanışı Şahid1 qərara gəlmişdirlər ki, “onlayn” şəkildə kazino oyunu oynasınlar və pul qazansınlar. Bu səbəbdən də, Zərərçəkmiş şəxs bir nəfər şəxsdən 100 manat borc pul götürmüşdür. Onların arasında olan razılaşma belə olmuşdur ki, əgər həmin kazino oyunundan pul udsalar, udduqları puldan Raqibin aldığı borcu qaytaracaqdırlar. Əgər uduzsalar, həmin 100 manatı üçü birgə qaytaracaqdır. Bundan sonra o, həmin pulu kazino oyununda qeydiyyatdan keçdiyi hesaba yükləmiş və birlikdə hər oyunu 50 qəpikdən oynamağa başlamışdırlar. O, bir qədər oynadıqdan sonra 150 manat udmuş, daha sonra bir qədərdə oynamış və ümumilikdə 270 manat pul udmuşdur. Onun balansında olan öz pulu ilə ümumilikdə hesabda olan pul 370 manat olmuşdur. Onlar qərara gəlmişdirlər ki, həmin pulu hesabdan çıxartsınlar və Raqibin götürdüyü borcu qaytardıqdan sonra, qalan pulu da, aralarında bölüşdürsünlər. Buna görə də o, hesabdan çıxarış vurmuşdur. Lakin, pul onun kartına köçməmiş və bildirilmişdir ki, 24 saat ərzində pul hesaba köçürüləcəkdir. Təxminən bir saat keçmişdir ki, o, hesaba baxan zaman görmüşdür ki, hesabı bloklanıb və onun öz telefonu ilə bir neçə profil açıldığı üçün, hesabı bloklanıb və həmin udduqları pul da, onlara ödənilməyəcəkdir. O, bunu Namikə zəng edərək söyləmiş və demişdir ki, Raqib buna inanmayacaq və onun payına düşən pulu o ödəyəcəkdir. Namik isə nə üçün inanmayacağını bildirib, ona söyləmişdir ki, “əgər mən inanıramsa o, da inanmalıdır”. Bundan sonra o, Namiklə birlikdə Şəhriyar qəsəbəsində Raqiblə görüşmüş və ona bu barədə bildirib, profili də ona göstərmişdir. Lakin, Raqib ona inanmadığını bildirərək, onu aldatdığını söyləmişdir. O, söyüş də söyərək, onu aldatmadığını, profilin bloklandığını bildirmişdir. Buna görə də, onların arasında mübahisə yaranmış və o, orada Raqibi vurmaq istəmişdir. Lakin, Namik buna imkan verməmiş və onlar aralanaraq, evlərinə getmişdirlər. Növbəti gün o, eşitmişdir ki, Raqib söyləyib ki, guya o, yalan yerə söyüş söyüb onu aldatmışdır. O, bunu eşitdikdən sonra qəzəblənmiş və Raqibə zəng etməyə başlamışdır. Lakin, Raqib onun zənglərinə cavab verməmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 17 radələrində Namik ona söyləmişdir ki, onun maşını lazımdır, Ağsu rayonuna gedəcəkdir. O, “VAZ 2121” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, Namiki evlərindən götürmüşdür. Onlar avtomobil ilə hərəkətdə olan zaman, Şəhriyar qəsəbəsində küçədə Raqibi görmüşdürlər. Həmin vaxt Namik onun avtomobilində arxada əyləşmişdir. O, Raqibi görüb, onun yanında saxlamış və maşına oturmasını bildirmişdir. Raqib də maşına oturmuşdur. O, düşünmüşdür ki, Namiki aparıb evlərinə düşürdər və Raqibi sakit bir yerə apararaq, orada onunla söhbət edər. Həmin vaxt Namik arxada, Raqib isə sağ ön oturacaqda oturmuşdur. O, avtomobili idarə edərək, sakit şəkildə Raqibə söyləmişdir ki, “eşitdim mənim arxamca demisən ki, Pərviz yalan yerə söyüş söyüb və məni aldadıb, mənim yalan söyüş söydüyümü harada görmüsən?” Raqib isə, bunun yalan olduğunu və belə bir söz söyləmədiyini qeyd etmişdir. Həmin vaxt Raqib avtomobili saxlamağını tələb etmiş, o isə, avtomobili saxlamayaraq, ona səbrli olmasını və avtomobili saxlayacağını bildirmişdir. Bundan sonra, Raqib qapını açaraq, ona kobud şəkildə var-yox söyüşü söyərək, özünü avtomobildən yerə atmışdır. Həmin vaxt avtomobili təxminən 10-20 km sürətlə idarə etmişdir. O isə, avtomobili saxlayıb avtomobildən enərək, Raqibə tərəf yaxınlaşmışdır. Həmin vaxt Raqib yerdə uzanıqlı vəziyyətdə olmuş və başı yerdəki daşa dəymiş, başının sol tərəfində xəsarət əmələ gəlmişdir. Yaxınlaşarkən, Raqibin sağ əlində bıçaq olduğunu görmüşdür. Raqib bıçağı ona tərəf tutmuş və ayağa qalxmaq istəmişdir. Raqibin onu bıçaqla vura biləcəyindən ehtiyat edib, ətrafdakı evlərin birinin damında taxta gördüyündən, həmin taxta parçasını özünü müdafiə etmək üçün götürmüşdür. Həmin taxta parçası ilə Raqibin qolundan, əlindən vurmaq istəmişdir ki, bıçaq əlindən yerə düşsün. Lakin, zərbə Raqibin qolundan deyil, sağ tərəfdən başına dəymişdir. Onun əvvəldən fikri Raqibi vurmaq olmamış və əlində bıçaq olduğunu gördüyü üçün, onu vurmuşdur. Daha sonra o, həmin taxta parçası ilə Raqibin əlindən vurmuş və bıçaq onun əlindən yerə düşmüşdür. Elə bu zaman, oraya bir neçə qadın gəlmiş, həmin qadınlarda hay-küy salaraq, polis çağıracaqlarını söyləmişdirlər. O da, buna görə avtomobilə minmiş və Namik ondan nə olduğunu soruşduqda o, bildirmişdir ki, Raqib onun üzərinə bıçaq çıxartmış və o da, damın üstündən götürdüyü taxta ilə Raqibin qoluna vurmaq istədikdə, taxta onun başına dəymişdir. Bundan sonra, o, avtomobili sürərək, oradan uzaqlaşmış, daha sonra isə yolda avtomobildən enərək, avtomobili Namikə vermiş və özü taksiyə oturaraq, Bakı şəhərinə getmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs xəsarət yetirdiyinə görə, əməlindən peşman olduğunu bildirərək, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarının tətbiq olunmasını və cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Mayıs oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 yaşadığı Şəhriyar qəsəbəsindən uzun illərdir ki, tanıyır. Həmin şəxslərlə onun əvvəllər münasibətləri daima normal olmuş, aralarında hər hansı bir ədavət olmamışdır. xx.xx.2025-ci il tarixində o, Pərviz və Namik qərara gəlmişdirlər ki, birlikdə pul qazanmaq üçün “onlayn” şəkildə kazino oyunu oynasınlar. Bu səbəbdən də, o, bir nəfər tanışı ilə danışaraq, ona bank kartına 100 manat borc göndərməsini söyləmişdir. Tanışı da, bu səbəbdən onun bank kartına 100 manat pul göndərmişdir. Onların Namik və Pərviz ilə aralarında olan razılaşma belə olmuşdur ki, əgər oyunda uduzsalar, həmin pulu onlar üçü birlikdə ödəyəcəyikdir. Yox əgər, oynadıqları oyundan pul udsalar həmin udduqları puldan borcu qaytaracaqdırlar. Həmin gün 100 manat pulu Pərvizin oyunda açmış olduğu hesaba yükləmiş və Pərviz onların yanında oynamağa başlamışdır. İlk əvvəl Pərviz 150 manat udmuş, bir qədərdə oynadıqdan sonra, onlar həmin uduşu 270 manata qaldırmışdırlar. Yəni, onların öz pulu ilə birlikdə ümumi hesablarında olan pul 370 manat olmuşdur. Daha sonra, onlar çıxarış vurmuşdur ki, həmin udduqları pul onların kart hesabına otursun. Lakin, pulun hesaba oturması gecikmişdir. Buna görə də o, evə getmiş və təxminən 1 saat sonra Pərviz ona zəng edərək söyləmişdir ki, “bizim profili və hesabı bloklayıblar və pulu çıxartmaq mümkün deyil”. Buna görə də, onlar küçədə görüşmüş və həmin məsələni müzakirə etməyə başlamışdırlar. Daha sonra, oraya Namik gəlmişdir. O, Pərvizə inanmadığını, yalan danışdığını demişdir. Pərviz ona söyüş söyərək bildirmişdir ki, 100 manatı qaytaracaqdır. xx.xx.2025-ci il tarixdə, o, küçədə olan zaman, anası ona zəng edərək bildirmişdir ki, dayısı onlara gəlmiş və buna görə də, marketdən xiyar və pomidor alıb gətirsin. Bu zaman, Pərviz idarə etdiyi ağ rəngli “VAZ 2121” markalı avtomobil ilə gəlib onun yanında saxlamış və ona avtomobilə əyləşməsini demişdir. Avtomobilə əyləşən zaman, Namikin arxada oturduğunu görmüşdür. Pərviz avtomobili idarə etməyə başlamışdır. O, Pərvizdən onunla nə işi olmasını soruşsa da, sonuncu cavab verməmişdir. Buna görə də, Pərvizə avtomobili saxlamasını demişdir. Lakin, Pərviz avtomobili saxlamamış və “gedək rahat yerdə söhbətimizi edib, məsələni aydınlaşdıraq” demişdir. Pərviz avtomobili saxlamadığı üçün, o, əsəbiləşib avtomobildən enmək qərarına gəlmişdir. Çünki, avtomobilin sürəti aşağı olmuş və düşünmüşdür ki, avtomobildən düşə bilər. Buna görə də, avtomobilin qapısını açaraq, Pərvizin ünvanına nalayiq ifadə işlədib, avtomobil hərəkətdə ola-ola yerə düşmək üçün addım atmış və bu zaman, yerə möhkəm çırpılmış və yer daşlıq olduğundan, başı yerdəki daşlardan birinə dəymiş, avtomobilin sağ arxa təkəri isə onun sol ayağının üzərindən keçmişdir. Başı daşa möhkəm dəydiyindən o, özünü itirmiş və yerdə hərəkətsiz qalmışdır. Bu vaxt Pərviz avtomobili saxlayıb yerə düşmüş və üzərinə doğru gəlmişdir. Onun cibində açılıb-bağlanan bıçaq olmuşdur. Pərviz onun üzərinə gəldiyindən o, hesab etmişdir ki, onu vuracaqdır. Bu səbəbdən də, özünü müdafiə etmək üçün cibindən bıçağı çıxartmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olan zaman, Pərviz onun üzərinə gələrkən, əlindəki bıçağı ona tərəf yelləmişdir ki, uzaqlaşsın. Həmin vaxt huşu tam özündə olmamışdır. Onun bıçaq çıxartdığını görən Pərviz haradansa taxta götürüb üzərinə yenidən gəlməyə başlamışdır. Bundan sonra, o, özündən getmiş və daha sonra eşitdiyinə görə bir qədər keçmiş, onun əmisi oğlu Sadiq qardaşı Xamisə zəng edərək, onu avtomobilin vurmasını və küçədə qaldığını söyləmişdir. Bu səbəbdən də qardaşı gələrək, onu idarə etdiyi avtomobilə əyləşdirib, ilk əvvəl Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparmış, orada onun ayağı rentgen olunaraq, ilkin tibbi yardım göstərildikdən sonra, həkimlər qardaşına söyləmişdir ki, onu təcili Bakı şəhərinə aparsın. Buna görə də, qardaşı onu Bakı şəhərində “Mərcan” klinikasına aparmışdır. Həmin klinikaya onlar daxil olduqdan sonra, müayinədən keçərkən, başını MRT vasitəsi ilə aparata salmışlar və başının yarılmasını gördüklərindən, onlara söyləmişdirlər ki, təcili olaraq onun başından əməliyyat etməlidilər. Buna görə də, qardaşı onu “Semaşko” xəstəxanasına aparmış və orada onu əməliyyat etmişdirlər. Hadisə zamanı o, Pərvizin əlində taxta parçası görsədə Pərvizin həmin taxta ilə onun baş nahiyəsindən vurub-vurmamasını xatırlamır. Çünki o, yerə yıxılan zaman, başı daşa dəydiyindən, huşu tam olaraq başında olmamışdır. O, əlindəki bıçağı Pərvizə doğru yelləyərkən, Pərviz bıçağı görüb hardansa taxta parçası götürmüşdür. O, üzərində gəzdirdiyi bıçağı təxminən 5-6 il əvvəl maqazindən almışdır. Üzərində gəzdirməkdə məqsədidə özünü müdafiə etmək olmuşdur. Xəstəxanada olduğu vaxt bilmişdir ki, hərəkətdə olan avtomobildən enərkən, başının daşa dəyməsi nəticəsində başının sol tərəfində sümük sınmış və həmin vaxt avtomobil ayağından keçdiyindən, sol ayağı da sınmışdır. Sol ayağında və başının sol tərəfində olan xəsarətləri hərəkətdə olan avtomobildən aşağıya enməyə çalışarkən yıxılmağı nəticəsində başının daşa dəyməsi və avtomobilin sağ arxa təkərinin sol ayağının üzərindən keçməsi nəticəsində almış, başının sağ tərəfindəki xəsarəti isə Pərviz taxta ilə başına vurması nəticəsində yetirmişdir. Göstərilənlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mayıs oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2025-ci il tarixdə ona zəng olunaraq bildirilib ki, qardaşı Zərərçəkmiş şəxs xəsarət almış və Şəhriyar qəsəbəsindəki ara küçələrdən birində yerdə oturaqlı vəziyyətdə qalıbdır. O da, dərhal deyilən ünvana yollanmış və qardaşının vəziyyətinin ağır olduğunu gördükdə, ondan nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona bildirib ki, onu avtomobil vurubdur. Bundan sonra, o, qardaşını avtomobilə yerləşdirərək, ilkin olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş, lakin müayinə zamanı baş nahiyəsindən də, xəsarət aldığı müəyyən edildiyindən, təcili olaraq Bakı şəhərinə getməli olmuşdurlar. O, bundan sonra qardaşını Bakı şəhərində yerləşən “Mərcan” klinikasına aparmışdır. Klinika daxilində Raqib MRT müayinəsindən keçmiş və baş nahiyəsində yarılma aşkar olunduğu üçün, dərhal əməliyyat olunmasının vacibliyi bildirilibdir. Bu səbəbdən o, qardaşını daha sonra, “Semaşko” xəstəxanasına aparmış və orada Raqib başından əməliyyat olunmuşdur. Əvvəlcə Raqib baş verən hadisə barədə dəqiq məlumat verməmişdir. Lakin, sonradan bildirib ki, xx.xx.2025-ci il tarixdə Pərviz adlı şəxsin avtomobili ilə ara küçədə hərəkət edərkən, onunla mübahisə etmiş, avtomobilin qapısını açaraq özünü maşından atmışdır. Bildirdiyinə görə, yerə düşərkən, ayağı avtomobilin təkərinin altında qalmışdır. Daha sonra, Pərviz adlı şəxs avtomobili saxlayaraq, geri dönmüş və taxta parçası ilə onun baş nahiyəsinə zərbə endirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 63 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs Mayıs oğlunun almış olduğu xəsarət - sağ təpə nahiyyəsində dərialtı hematoma küt əşya təsirindən (ola bilsin taxta parçası) kənar şəxs tərəfindən yetirilməklə, xx.xx.2025-ci il tarixdə törənmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən, cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə, cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəzadan onu azad etməklə, ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, amnistiya tətbiq edilməklə, cinayət təqibinə xitam verilməsinə razılığı olduğundan, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 231 (iki yüz otuz bir) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 231 (iki yüz otuz bir) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar