Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-62/2022 09.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 78A, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 18 oktyabr 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şamaxı şəhəri, Yolkalıq massivi adlanan ərazidə yerləşən fərdi yaşayış evinin həyətinə daxil olaraq evin birinci mərtəbəsinin pəncərəsini qırıb yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra evin qonaq otağında olan 300 (üç yüz) manat dəyərində 132 diaqonallı, «SAMSUNG» markalı bir ədəd televizoru, mətbəxdə olan 250 (iki yüz əlli) manat dəyərində 108 diaqonallı, «KTV» markalı bir ədəd televizoru, evin ikinci mərtəbəsinə qalxan pilləkənin alt hissəsindəki hər birinin qiyməti 250 (iki yüz əlli) manat olan 02 (iki) ədəd mis materialdan samovarları, evin birinci mərtəbəsində müxtəlif yerlərdə olan, 2,4 (iki manat 40 qəpik) manat dəyərində məişət əşyalarını, yəni uzun müddətli istifadə olunmuş qaşıqları, aş süzəni və məcməyini, birinci və ikinci mərtəbədə yerləşən sanitar qovşaqlardakı 50 (əlli) manat dəyərində su kranlarını, həmçinin, evin həyətindəki «Shimge» markalı, 2800 kilovatlıq 90 (doxsan) manat dəyərində 01 (bir) ədəd su nasosunu oğurlayıb aparmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1192,4 (min yüz doxsan iki manat 40 qəpik) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən 10 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində yerləşən ət mağazasının plastik materialdan olan qalınlığı 5 millimetr, hündürlüyü 180 santimetr, eni 90 santimetr ölçülü 01 (bir) ədəd 120 (bir yüz iyirmi) manat dəyərində qapını və plastik materialdan olan qalınlığı 5 millimetr, eni 4 metr, uzunluğu isə 190 santimetr ölçülü 01 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində pəncərəni oğurlayıb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 570 (beş yüz yetmiş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 15 oktyabr 2021-ci il tarixdə atası Aydın xəstəliyi ilə əlaqədar Bakı şəhərində yerləşən ankoloji xəstəxanaya yerləşdirilmiş və bir ayağı kəsilərək amputasiya olunmuşdur. Atası xəstəxanada qaldığı üçün həmin xəstəxanaya pul köçürülməli olmuş, onun isə həmin xəstəxanaya ödəmək üçün maddi imkanı olmamışdır. Bu səbəbdən də o, oğurluq etmək qərarına gəlmişdir. 18 oktyabr 2021-ci il tarixdə, saat 23 radələrində o, Şamaxı şəhəri, Yolkalıq massivində yerləşən Zərərçəkmiş şəxs1 evinə arxa tərəfdən, meşəlik olan hissədən daxil olmuşdur. Həyətə daxil olduqdan sonra yerdə olan dəmir parçası ilə evin birinci mərtəbəsində olan balaca pəncərəni açaraq içəri daxil olmuş, sonra evin birinci mərtəbəsində qonaq otağında olan bir ədəd televizoru, mətbəxtdə olan bir ədəd televizoru, evin ikinci mərtəbəsinə qalxan pilləkənin alt hissəsində bir ədəd mis samovarı, evin birinci mərtəbəsində müxtəlif yerlərdə yerləşən məişət əşyalarını, yəni qaşıqları, aşsüzəni və padnosu, birinci və ikinci mərtəbədə yerləşən hamam və ayaq yolunun kranlarını götürərək həmin pəncərədən bir-bir çölə, yəni evin həyətinə çıxarmışdır. Evin həyətinə çıxardıb yığdıqdan sonra evin həyətində olan bir ədəd su nasosunu da götürərək hamısını həmin vaxt evin yaxınlığında yerləşən meşəlik əraziyə yığmışdır ki, sonra gəlib hamısını birlikdə götürüb satar. Bu zaman o, oradan uzaqlaşmış və tanımadığı bir avtomaşının yolun kənarında dayandığını görmüşdür. Həmin vaxt o, fikirləşmişdir ki, başqa zaman onun imkanı olmayacaq, həmin tanımadığı taksi sürücüsünə yaxınlaşmış və ona bildirmişdir ki, «evimizin əşyalarını Bakı-Şamaxı-Yevlax yolunda yerləşən çaxır zavodunun yanına neçəyə apararsan». Həmin şəxs də ona bildirmişdir ki, «5 (beş) manat verərsən, məişət əşyalarını apararam». O, da onunla razılaşmış və Sevdagilin evlərindən götürdüyü məişət əşyalarını, yəni aş süzəni və padnosu, samovarı, televizorları və su nasosunu həmin markası yadında qalmayan avtomobilə yükləmişdir. Oradan tərpənən zaman o, tanımadığı sürücüyə bildirmişdir ki, «ilk olaraq Şamaxı şəhəri, N.Nərimonov küçəsinə sür orada televizorun birini digər evimizə qoyacam». Həmin adını bilmədiyi sürücü avtomaşını yaşadığı məhəllənin girişinə sürmüşdür. Məhəlləyə girişdə o, sürücüyə dayanmağını bildirib yerə düşmüş, avtomaşında olan bir ədəd televizoru götürüb bir az kənara çəkilərək məhəllələrində olan işləməyən ayaq yoluna qoymuşdur ki, sonra götürüb satar. Daha sonra o, geri avtomaşına qayıtmış və sürücü onu Bakı-Şamaxı-Yevlax yolunda yerləşən çaxır zavodunun yanına aparmış, orada tanımadığı taksi sürücüsünə 5 (beş) manat pul vermiş və avtomaşında olan əşyaları götürərək yolun kənarına yığmış, onu oraya gətirən tanımadığı taksi sürücüsü oradan çıxıb getmişdir. Artıq 19 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində tanımadığı və nömrəsi yadında qalmayan «Ravon» markalı yük avtomobili onun yanında saxlamış və ondan hara getməyini soruşmuşdur. O, isə bildirmişdir ki, «Bakı şəhəri Dərnəgül adlanan yerə gedəcək, onun cibində cəmi 15 (on beş) manat pulu var, onu neçəyə aparar». O, isə bildirmişdir ki, problem yoxdur, gəl səni on beş manata apararam. O, da razılaşmış və yerdə olan əşyaları avtomaşına yığaraq Bakı şəhəri Dərnəgül adlanan yerə aparmışdır. Artıq saat 05 radələrində onlar Bakı şəhəri Dərnəgül adlanan yerə çatmışlar, orada o, məişət əşyalarını, yəni aşsüzəni və padnosu, televizoru, samovarı və su nasosunu yerə düşürtmüş və Dərnəgül bazarının açılmağını gözləmişdir. Həmin tarixdə, saat 08 radələrində Dərnəgül bazarı açılmış, o, oğurladığı əşyaları orada tanımadığı fərqli şəxslərə ümumillikdə 200 (iki yüz) manat pulun müqabilində satmışdır. Həmin tarixdə, yəni 19 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində o, artıq yaşadığı Şamaxı rayonuna gəlmişdir. Həmin vaxtdan iki-üç gün sonra dəqiq tarixi yadında deyil o, artıq 4-5 ildir ki, tanıdığı Ağsu şəhər sakini Elvin adlı şəxslə əlaqə saxlamış və ona bildirmişdir ki, «maddi imkanım zəifdir, atamın da ayaqlarını kəsiblər mənim bir televizorum var onu satmaq istəyirəm, ya sən özün al, yada ki, başqa kim varsa de sataq». Həmin vaxt Elvin ona bildirmişdir ki, onun özünə də televizor lazımdır, lakin almağa pulu yoxdur, pulu olsaydı özü alardı, amma maraqlanar, kim istəsə deyərəm gətirərsən satarıq. O, isə ona bildirmişdir ki, «sənin özünə lazımdırsa sən başqa adam deyilsən, bir maşın tap Şamaxıya gələndə gəl götür televizoru, sonra nə vaxt pulun olsa verərsən». Elvin də onunla razılaşmışdır. Elvin onların danışığından 4-5 saat keçdikdən sonra ona zəng vurmuş və bildirmişdir ki, Şamaxıdadır. O, da ona demişdir ki, «Şamaxı rayonu ərazisində yerləşən Ağsu dairəsi adlanan əraziyə gəl mən televizoru oraya gətirirəm, sən bir daha əziyyət çəkib bizim evə gəlmə, onsuz da bizim evi tanımırsan». O, Şamaxı rayonu ərazisində yerləşən Ağsu dairəsi adlanan yerdə Elvinlə ona görə görüşmək qərarına gəlmişdir ki, Elvin televizorun oğurluq olduğunu bilməsin, çünki televizor evlərində deyil, məhəllələrindəki işləməyən ayaq yolunda olmuşdur. Onlar Şamaxı rayonu ərazisində yerləşən Ağsu dairəsi adlanan yerdə Elvinlə görüşmüşlər, o, televizoru vermiş və Elvin geri Ağsu rayonuna qayıtmışdır. O, isə öz evlərinə getmişdir. O, həmin oğurluğu tək etmiş, onun yanında başqa heç kim olmamışdır, həmin oğurluqla əlaqədar heç kimin məlumatı olmamışdır. Ağsu rayonunda yaşayan Talehin oğlu Elvin adlı şəxsin həmin ona verdiyi bir ədəd televizorun oğurluq olmasından heç bir məlumatı olmamış, ona demişdir ki, atasının müalicəsi üçün maddi imkanı zəif olduğundan həmin televizoru satır. Onun həmin vaxt pulu olmadığından və özünə televizor almaq istədiyindən ona televizoru vermişdir ki, sonra nə vaxt pulu olar, pulunu verər. Bakı şəhəri, Dərnəgül adlanan ərazidə məişət əşyalarını, yəni qaşıqları, aşsüzəni və padnosu, televizoru, su nasosunu və samovarı satdığı şəxslərin də həmin əşyaların oğurluq olmasından heç bir məlumatları olmamışdır. O, Zərərçəkmiş şəxs1 evindən oğurladığı məişət əşyalarını, yəni qaşıqları, aşsüzəni və padnosu, televizoru, su nasosunu və samovarı ümumillikdə 200 (iki yüz) manata satmış, bir ədəd televizoru isə Ağsu rayonunda yaşayan Talehin oğlu Elvin adlı şəxsə pulsuz vermişdir ki, pulu olanda pulunu verər. Bundan başqa o, 10 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi QAZ-24 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qobustan rayonundan yaşadığı Şamaxı rayonuna qayıdan zaman yolun sol tərəfində işləməyən ət mağazasının yaxınlığında, həmçinin mağazaya söykənilmiş vəziyyətdə olan aliminium materialdan hazırlanmış plastik qapı və pəncərələrin olduğunu görmüşdür. Həmin vaxt o, bir qədər qarşı tərəfdən, yəni Qobustan rayonu Təklə kəndinə gedən yolun yaxınlığından geri dönüb həmin ət mağazasının yaxınlığına getmişdir. Həmin vaxt o, idarə etdiyi Qaz-24 markalı, avtomobili həmin ət mağazasına bir qədər yaxınlıqda saxlamış və avtomobildən düşərək mağazaya tərəf getmişdir. Həmin vaxt bir daha görmüşdür ki, aliminium materialdan hazırlanmış plastik qapı və pəncərələr ət mağazasına söykənilmiş vəziyyətdə qalıb, bir pəncərə isə yarı sökülü vəziyyətdədir. Həmin vaxt ətrafa baxıb heç kimin olmadığına əmin olub həmin plastik qapı və pəncərələri idarə etdiyi QAZ-24 markalı avtomobilin ban hissəsində olan yük yerinə yükləmiş və oradan Şamaxı rayonunun girişində yerləşən Avtovağzal dairəsinin yaxınlığına getmişdir. Həmin vaxt o, Fərid adlı aliminium alışı ilə məşğul olan şəxslə əlaqə saxlamış və ona bildirmişdir ki, onda aliminium qapı və pəncərə var, onu neçəyə alar. Həmin vaxt Fərid ona bildirmişdir ki, aliminiumdan olan materialların kiloqramını 2 manata alır. Onunla razılaşmış və onlar Şamaxı rayonunun girişində yerləşən Avtovağzal dairəsində görüşdükləri vaxt Fərid ona 100 manat pulu verib oğurladığı aliminium materialdan hazırlanmış plastik qapı və pəncərələri alaraq çıxıb getmiş, o, isə öz evinə qayıtmışdır. Həmin oğurluğu tək etmiş, yanında başqa heç kim olmamış, həmin oğurluğu ilə əlaqədar heç kimin məlumatı olmamışdır. Oğurladığı aliminium materialdan hazırlanmış plastik qapı və pəncərələri Şamaxı şəhərində aliminium alışı ilə məşğul olan Fərid adlı şəxsə 100 manat pulun müqabilində satmış, Fərid adlı şəxs həmin qapı və pəncərələri ondan alarkən oğurluq olub- olmamasını soruşanda həmin qapı və pəncərələrin oğurluq olmadığını demiş, Fərid adlı şəxs də həmin qapı və pəncərələrin oğurluq olmasını bilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ailə vəziyyətini və zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilərək onlarla barışması nəzərə alınaraq, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, onun özünə məxsus Bakı- Şamaxı-Yevlax yolunun 107-ci kilometrliyində ət mağazası var, lakin həmin ət mağazası artıq 3 ildir ki, fəaliyət göstərmir. Həmin ət mağazasının qapı və pəncərəsi aliminium materialından düzəldilmişdir. Həmin ət mağazası fəaliyyət göstərməsə də mütəmadi olaraq həmin mağazaya gedib nəzarətini edir. Son günlərdə xəstələndiyindən səhhəti ilə əlaqədar olaraq həmin mağazaya gedib nəzarət edə bilməmişdir. 30 yanvar 2022-ci il tarixdə, saat 12 radələrində özünə məxsus ət mağazasının yaxınlığına gedən zaman mağazanın plastikdən olan qapı və pəncərələrinin yerində olmadığını aşkar etmişdir. O, ətrafa baxsa da hər hansısa bir iz tapmadığından dərhal həmin hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Qısa bir vaxtdan sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə edib fotoşəkillər çəkmişlər. Həmin oğurluq nəticəsində ona 1000 (min) manat dəyərində maddi ziyan dəymişdir. O, hər gün gedib ət mağazasına baxmış, 2-3 gün xəstə olduğundan gedib mağazaya baxa bilməmiş, sonuncu dəfə 27 yanvar 2022-ci il tarixdə həmin mağazaya getmiş, hər şey normal olmuş, hər hansısa bir oğurluq olmamışdır. Oğurluq nəticəsində ona 1000 (min) manat dəyərində maddi ziyan dəymişdir. Həmin ət mağazasından bundan əvvəl heç bir oğurluq hadisəsi olmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindan ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, ailəsinə məxsus Şamaxı şəhəri, Yolkalıq massivində fərdi yaşayış evləri vardır. Şamaxı rayonunda qohumlarının yas mərasimində iştirak etmək üçün 10 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində onlar Şamaxı şəhərinə gəlmişlər. Yas mərasimində iştirak etdikdən sonra, artıq saat 16 radələrində onlar yas mərasimindən çıxıb Şamaxı şəhəri Yolkalıq massivində yerləşən fərdi yaşayış evlərinə gəlmişlər. Həmin vaxt o, avtomaşında oturmuş həyat yoldaşını gözləmiş, həyal yoldaşı Alış isə evə getmişdir. Təxminən 25-30 dəqiqə sonra həyat yoldaşı Alış avtomaşına gələrək ona bildirmişdir ki, «evlərində olan su nasosu yerində deyil, gedək baxaq görək haradadır». O, da avtomaşından düşdüb həyat yoldaşı Alışla birlikdə evə getmişdir. Evin içərisinə və həyətinə baxdıqda onlara məlum olmuşdur ki, evlərinə naməlum şəxs və ya şəxslər daxil olaraq evin birinci mərtəbəsində olan qonaq otağındakı qiyməti 500 (beş yüz) manat dəyərində bir ədəd televizoru, mətbəxtdə olan qiyməti 450 (dörd yüz əlli) manat dəyərində bir ədəd televizoru, evin ikinci mərtəbəsinə qalxan pilləkənin alt hissəsində hər birinin qiyməti 500 (beş yüz) manat olan 02 ədəd mis samovarları, evin birinci mərtəbəsində müxtəlif yerlərdə yerləşən, ümumi dəyəri 150 manat olan məişət əşyaları, yəni qaşıqlar, aş süzən və padnos, birinci və ikinci mərtəbədə yerləşən hamam və ayaq yolunun 50 manat dəyərində krantlarını, həmçinin evin həyətində olan dəyəri 90 manat qiymətində bir ədəd su nasosunu oğurlamışlar. Bununla da evlərindən oğurluq olması nəticəsində onlara ümumillikdə 2240 (iki min iki yüz qırx) manat dəyərində maddi ziyan dəymişdir. Şamaxı şəhəri Yolkalıq massivində yerləşən fərdi yaşayış evlərinə 2021-ci ilin iyun ayının 8-də ailə üzvləri, yəni o, həyat yoldaşı Şahid2, qızları X4 və X5 ilə birlikdə gəlib 2021-ci ilin sentyabr ayının 3-nə qədər olan müddət ərzində qalıb istirahət etdikdən sonra geri Bakı şəhərinə qayıtmışlar, yəni sonuncu dəfə həmin evdə 03 sentyabr 2021-ci il tarixdə olmuşlar. Bundan əvvəl onların evlərindən heç bir oğurluq hadisəsi olmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənilmiş və onunla barışmışlar, ondan şikayət və tələbləri olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, onların ailəsinə məxsus Şamaxı şəhəri, Yolkalıq massivində fərdi yaşayış evləri var. Onlar həmin evə ailə üzvləri ilə birlikdə il ərzində bir dəfə gəlib 2-3 ay istirahət etdikdən sonra Bakı şəhərinə qayıdırlar. 2021-ci ilin iyun ayının 8-də onlar, yəni o, həyat yoldaşı Zərərçəkmiş şəxs1, qızları X4 və X5 ilə birlikdə gəlib 2021-ci ilin sentyabr ayının 3-nə qədər olan müddət ərzində qalıb istirahət etdikdən sonra geri Bakı şəhərinə qayıtmışlar. Şamaxı rayonunda qohumlarının yas mərasimində iştirak etmək üçün 10 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində o və həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə Şamaxı şəhərinə gəlmişlər. Yas mərasimində iştirak etdikdən sonra, artıq saat 16 radələrində onlar yas mərasimindən çıxıb Şamaxı şəhəri Yolkalıq massivində yerləşən fərdi yaşayış evlərinə gəlmişlər. Həmin vaxt həyat yoldaşı Sevda avtomaşında oturmuş, o, isə evin su qabına (çəninə) su vurmaq məqsədi ilə evlərinə getmişdir. Həmin vaxt o, suyun zəif gəldiyini görüb düşünmüşdür ki, su nasosu ilə suyu vursun. Bu zaman o, su nasosunu nə qədər axtarsa da tapa bilmədiyindən düşünmüşdür ki, həyat yoldaşı bəlkə su nasosunu harasa yerləşdirib. Bu səbəbdən də o, avtomaşına geri qayıdıb həyat yoldaşına demişdir ki, gəlsin su nasosunun yerini ona desin. Təxminən 25-30 dəqiqə sonra həyat yoldaşı Sevdanı çağırmış və bildirmişdir ki, «su nasosu yerində deyil, gedək baxaq görək haradadır». Onlar evin içərisinə və həyətinə baxdıqda onlara məlum olmuşdur ki, evlərinə naməlum şəxs və ya şəxslər daxil olaraq evin birinci mərtəbəsində olan qonaq otağındakı qiyməti 500 (beş yüz) manat dəyərində bir ədəd televizoru, mətbəxtdə olan qiyməti 450 (dörd yüz əlli) manat dəyərində bir ədəd televizoru, evin ikinci mərtəbəsinə qalxan pilləkənin alt hissəsində hər birinin qiyməti 500 (beş yüz) manat olan 02 ədəd mis samovarları, evin birinci mərtəbəsində müxtəlif yerlərdə yerləşən, ümumi dəyəri 150 manat olan məişət əşyaları, yəni qaşıqlar, aşsüzən və padnosu, birinci və ikinci mərtəbədə yerləşən hamam və ayaq yolunun 50 manat dəyərində krantlarını, həmçinin evlərinin həyətində olan dəyəri 90 manat qiymətində bir ədəd su nasosunu oğurlamışlar. Bununla da evlərindən oğurluq olması nəticəsində onlara ümumillikdə 2240 (iki min iki yüz qırx) manat dəyərində maddi ziyan dəymişdir. Bundan əvvəl onların evlərindən heç bir oğurluq hadisəsi olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs artıq 4-5 ildir ki, tanıyır, onların qonşularının qohumudur, onunla və ailəsi ilə münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 23 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində tanışı Vüsal ona zəng vuraraq bildirmişdir ki, «maddi imkanım zəifdir, atamın da ayaqlarını kəsiblər mənim bir televizorum var onu satmaq istəyirəm, ya sən özün al ya da ki, başqa kim varsa de sataq». Həmin vaxt o, Vüsala bildirmişdir ki, «mənim özümə də televizor lazımdır, pulum olsaydı özüm alardım, amma ki, maraqlanaram, almaq istəyən olsa deyərəm satarıq». Bu zaman Vüsal ona demişdir ki, «sənin özünə lazımdırsa sən başqa adam deyilsən, bir maşın tap Şamaxıya gələndə gəl götür televizoru, sonra nə vaxt pulun olsa verərsən». O, da Vüsalla razılaşmış, həmin vaxtdan təxminən 4-5 saat keçdikdən sonra tanımadığı bir taksi ilə Şamaxıya gəlmişdir. Şamaxı şəhərinə çatdıqdan sonra Vüsala zəng vuraraq bildirmişdir ki, «Şamaxıdayam». Vüsal ona bildirmişdir ki, «Şamaxı rayonu ərazisində yerləşən Ağsu dairəsi adlanan əraziyə gəl mən televizoru oraya gətirirəm, sən bir daha əziyyət çəkib bizim evə gəlmə, onsuz da bizim evi tanımırsan». Onlar Şamaxı rayonu ərazisində yerləşən Ağsu dairəsi adlanan yerdə Təqsirləndirilən şəxslə görüşmüşlər, Vüsal ona televizoru vermiş və o, geri yaşadığı Ağsu rayonu Ərəbsarvan kəndinə qayıtmışdır. O, həmin televizorun oğurluq olduğunu bilməmişdir. Vüsalın atasının xəstə olduğunu və ayaqlarının kəsildiyini bildiyindən düşünmüşdür ki, Vüsal evlərindəki televizoru satıb atasını müalicə etmək istəyir. Həmin vaxt da Vüsal pulunun olmadığını və atasının xəstəxanada olduğunu və ayaqlarının kəsildiyini ona bildirmişdir. O, əgər həmin televizorun oğurluq olduğunu bilsəydi həmin televizoru almazdı və dərhal bu barədə hüquq mühafizə orqanlarına məlumat verərdi. O. hal-hazırda həmin televizoru rayon polis şöbəsinə təhvil vermişdir. Həmin televizoru 300 manat pula alar, yəni pulu olanda 300 manat pulu Vüsala verər. Televizoru götürəndə Vüsala pul verməmişdir. O, Vüsaldan sadəcə olaraq bir ədəd televizor götürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, özü də dəmirlərin alqı-satqısı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs dəmirlərin alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, onunla yaxın münasibəti olmamış, həmçinin aralarında ədavət və düşmənçiliyin də olmadığını bildirmişdir. Belə ki, 10 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış və ona Şamaxı rayonunun girişində yerləşən Avtovağzal dairəsinin yaxınlığında onu gözlədiyini, bir qədər aliminium materilaından olan qapı və pəncərələrin olduğunu, onları satmaq istədiyini bildirmişdir. O, Vüsal adlı şəxslə razılaşmış və ona aliminiumdan olan materialların kiloqramını 2 manata aldığını bildirmişdir. Vüsal da onunla razılaşdıqdan sonra o, tanımadığı taksi ilə Şamaxı rayonunun girişində yerləşən Avtovağzal dairəsinin yaxınlığına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi QAZ-24 markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə orada dayanmış, həmin vaxt o, Təqsirləndirilən şəxs gətirdiyi qapı və pəncərələrə baxmışdır. O, Təqsirləndirilən şəxs həmin qapı və pəncərələrin oğurluq olub-olmamasını soruşan zaman Vüsal ona bildirmişdir ki, qapı və pəncərələr onun özünə məxsusdur, atası xəstə olduğundan pula ehtiyacı var, bu səbəbdən də həmin aliminiumdan olan qapı və pəncərələri satır. O, Təqsirləndirilən şəxslə razılaşmış və Vüsalın gətirdiyi aliminium materialından olan qapı və pəncərələrə ümumillikdə 100 manat pulu verib həmin qapı və pəncərələri oraya gəldiyi taksiyə yükləmiş və evlərinin həyətinə aparmışdır. O, həmin qapı və pəncərələrin əgər oğurluq olmasını bilsəydi dərhal bu barədə polisə məlumat verərdi. O, 10 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə Avtovağzal dairəsinin yanında görüşən zaman Təqsirləndirilən şəxs tək olmuş, yanında başqa heç kimin olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı-Şamaxı- Yevlax yolunun 107-ci kilometrliyində yerləşən ət mağazasına baxış keçirilmişdir. Baxış zamanı Eldəniz Baxşıyevə məxsus ət mağazasında mağazanın aliminum materialdan olan qapı və pəncərələri, yəni 03 ədəd qapı və 04 ədəd pəncərə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin ət mağazası bir mərtəbəli 3 giriş qapısından ibarətdir. Hadisə yerindən heç bir əşya və ya predmet götürülməməklə bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdə saat 21:55-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Cinayət işinin digər cinayət işi ilə bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şamaxı RPŞ-nin İB-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və iş üzrə əməl Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilərək ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 15 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə saat 17:15-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, istintaq təqdim edilmiş, cinayətin predmeti olan 01 ədəd “KTV” model televizor cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Qəbzdən görünür ki, 01 ədəd “KTV” model televizoru, 01 ədəd somavarı, 01 ədə su nasosunu və qaşıqları Zərərçəkmiş şəxs1 təhvil almışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28 dekabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 11 ay, 26 gün azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 4 ay. 13 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 20 dekabr 2021-ci il tarixli, 21/707R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X1 və Zərərçəkmiş şəxs1 daktiloskopik kartlarının surətləri müqayisəli tədqiqat üçün yararlıdır. 03 sentyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixə qədər olan müddətdə Şamaxı şəhəri Yolkalıq Masivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd ovuc izi xx.xx.1995-ci ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əlbarmaq izi ilə DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri arasında eynilik müəyyən edilməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Şamaxı rayon X3 Hüquqi Şəxsin 06 yanvar 2022-ci il tarixli 05 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 01 ədəd 108 diaqonallıq “KTV” modeli olan televora 450 manat, 01 ədəd 132 diaqonallıq “SAMSUNG” modeli olan televizora 500 manat, 02 ədəd 10 litrlik mis samovarlara hər birinə 500 manat, 12 ədəd uzun müddətli istifadə olunmuş dəmir materialdan olan qaşıqlara, 01 ədəd 7 litrlik aş süzənə və 01 ədəd padnosa ümumi 150 manat, 04 ədəd istismara yararlı krantlara ümumi 50 manat və “Shimge” markalı 2800 kilovatlıq su nasosuna 90 manat olmaqla ümumilkdə 2240 (iki min iki yüz qırx) manat dəyərində müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, ondan heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilərək, Zərərçəkmiş şəxs1 ilə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, məhkəmə məhkumluğu ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı ümumilikdə 6(altı) ay 12(on iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaq zamanı göstərdiyi 8 saat hüquqi yardıma görə 48 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 ay 12 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 24 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 8 saat hüquqi yardıma görə 48 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-62/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-62/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver