Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-63/2021 23.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şamaxı şəhəri, Dədə Qorqud küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1984-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi sürücüsü işləyən, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, X20 küçəsi, ev 40da qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 23 yanvar 2021-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai yer hesab olunan Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Əllimənzilli" adlanan çoxmənzilli yaşayış kompleksində kirayənişin olaraq yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilin giriş qapısının qarşısında, daha sonra isə mənzilin daxilində cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək təxminən 15-20 dəqiqə müddət ərzində səs-küyə ətrafa toplaşmış xeyli sayda insanların gözləri qarşısında Zərərçəkmiş şəxs ünvanına yüksək səslə ucadan nalayiq ifadələr işlətmiş, yumruqla və təpiklə sonuncunu vuraraq ona sol gözaltının qançırları, sol əlin arxa səthinin sıyrıqları, sağ budun aşağı 1/3-nin sıyrılmış yarası, sol diz qapağının aşağı ön bayır səthinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 23 yanvar 2021-ci il tarixdə saat təxminən 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai yer hesab olunan Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Əllimənzilli" adlanan çoxmənzilli yaşayış kompleksində kirayənişin olaraq yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilin giriş qapısının qarşısında, daha sonra isə mənzilin daxilində cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək təxminən 15-20 dəqiqə müddət ərzində səs-küyə ətrafa toplaşmış xeyli sayda insanların gözləri qarşısında Zərərçəkmiş şəxs ünvanına yüksək səslə ucadan nalayiq ifadələr işlətmiş, yumruqla və təpiklə sonuncunu vuraraq ona sol gözaltının qançırları, sol əlin arxa səthinin sıyrıqları, sağ budun aşağı 1/3-nin sıyrılmış yarası, sol diz qapağının aşağı ön bayır səthinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Şamaxı şəhəri, M.Hadi küçəsi, bina 19, mənzil 14-də qardaşı İntiqam Şıxalıyevə məxsus evləri var. Həmin evi anası Zərərçəkmiş şəxs kirayə vermişdir. 23.01.2021-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı evdə olan zaman ev telefonuna zəng gəlmişdir. Həyat yoldaşı telefona cavab vermiş və danışıb bitirdikdən sonra ona bildirmişdir ki, qonşular zəng vurub “Zərərçəkmiş şəxs buranı pozğunxana edib, gəlin bura baxın” deyə qeyd etmişdir. Həmin vaxt dayısı oğlu Təqsirləndirilən şəxs2 da onlarda olmuş və o, Təqsirləndirilən şəxs2 ilə evdən çıxmış taksi ilə Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən evə gəlmişdir. Qapını döymüş və Zərərçəkmiş şəxs qapını açan zaman o, ondan evdə kimin olduğunu soruşmuşdur. Bilal isə cavabında 3 nəfər qız olduğunu dedikdə, o, onun sifət nahiyəsinə 2 dəfə sillə ilə vumuş, bu zaman Bilal onun ayağından tutub onu yerə yıxmışdır. O, yenidən ayağa durmuş, otağa daxil olmuş və həmin vaxt evdə 3 nəfər qızın olduğunu görmüşdür. Qızlar onları görən zaman ağlamağa başlamışlar. O, qızlara “ağlamayın, keçin o birisi otağa” deyə bildirmişdir. Həmin vaxt qızlar başqa otağa keçmiş və o, dostu Səidin mobil telefonuna zəng vuraraq həmin ünvana çağırmışdır. Təxminən 10 dəqiqə sonra Alim, Səid və Tural həmin ünvana gəlmişlər. O, Alim, Səid və Turala evi yığışdırmaq üçün köməklik etmələrini bildirmiş və özü mətbəxə keçmiş, mətbəxin bulaşıq olduğunu görmüş, Bilalı çağımış onu danlamışdır. Mətbəxdən çıxan zaman qızların hansı otaqda olmalarını soruşmuş, Bilal qızların öz evlərinə getdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə söhbət edərək, Şamaxı şəhəri “Küraraz” adlanan əraziyə getmişdir. Zərərçəkmiş şəxs evdə qalması üçün ondan evin açarlarını istəmişdir. O, isə ona bildirmişdir ki, evin kirayə pulunu və kommunal xərcləri üçün 300 manat ödəsin, açarları ona versin. Zərərçəkmiş şəxs isə pulu olmadığını dedikdə, o, Bilala evin açarlarını verməyəcəyini demişdir. Daha sonra o, öz evinə getmişdir. Hadisə 23.01.2021-ci il tarixində Şamaxı şəhəri, M.Hadi küçəsi, bina 19, mənzil 14-də baş vermişdir. Həmin hadisə təxminən 15 dəqiqə çəkmişdir. Hadisə zamanı orada o, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Alim, Tural, Səid və 3 nəfər qız olmaqla başqa heç kim olmamışdır. O, həmin vaxt spirtli içki qəbul etməmiş, üzərində bıçaq olmamış və Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxarmamışdır. Lakin onun sifət nahiyəsinə iki dəfə sillə ilə vurmuşdur. O, Zərərçəkmiş şəxs cibindən 20 manat pul və bir qutu siqaret götürməmişdir. Həmin vaxt orada olan 3 nəfər qızdan mobil telefon və pul tələb etməmiş, sadəcə Bilalın evlərində əxlaqsızlıq hərəkətləri etdiyi üçün onun evdən çıxmasını tələb etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, özünə məxsus “VAZ-2107” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, Zərərçəkmiş şəxs rayon sakini kimi tanıyır, atası Elşənlə münasibəti vardır. Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. İmranın anası X11 şəhəri, M.Hadi küçəsində yerləşən «Əllimənzilli» adlanan ünvandakı bina 19, mənzil 14 ünvanını 2020-ci ilin dekabr ayının əvvəlində Bilala kirayə vermişdir. 23.01.2021-ci il tarixdə, saat 20 radələrində o, bibisi Gülnazın evində olan zaman onlara kimsə zəng etmişdir. Bibisinin gəlini, həm də bacısı olan Gülnarə Şıxaliyeva telefona cavab verdikdə, Bilalın kirayə qaldığı mənzildə yaşayan qonşulardan kimsə bacısına bildirmişdir ki, Bilal evə gətirdiyi qızlarla səhərə kimi onları səs-küylə narahat etmişdir. Bu söhbəti həmin vaxt İmran da eşitmiş, hər ikisi Bilalın kirayə qaldığı İmrangilə aid evə getmişlər. Qapını döydükdə Bilal qapını açmış, İmran içəri girmək istəyəndə Bilal əli ilə onu çölə itələmişdir. Bu vaxt o, mənzildə 3 nəfər qızın olmasını görmüşdür. Bilal daha sonra bildirmişdir ki, qızlardan biri onun həyat yoldaşı, digərləri isə rəfiqələridir. O, qızları və mənzilin dağınıq olmasını gördükdə başa düşmüşdür ki, qonşular haqlı yerə İmranın evinə zəng edib narazılıq etmişlər. Onlar artıq başa düşmüşlər ki, Bilal həqiqətən mənzili əxlaqsız yuvası etmişdir. Bilal evə daxil olmalarına imkan vermədiyi üçün İmran əsəbiləşib onun sifətinə yumruqla vurmuş və mübahisə zamanı Bilal tərəfindən təhqir olunduğundan o, da İmranla eyni anda Bilalın başına əli ilə vurmuşdur. Bundan sonra onlar evə daxil olduqda evin dağınıq halda olmasını, aboyların cırılmasını, döşəmənin bir hissəsinin yanmasını, evin hər tərəfinə zibil atılmasını görmüşlər. Onlar Bilaldan əşyalarını yığıb evi tərk etməsini tələb etdikdə, o, buna əməl etmədiyi üçün İmran məcbur olub 4-5 nəfər tanışına zəng edib çağırmaqla evin yığışdırılmasında kömək etmələrini xahiş etmişdir. Artıq mübahisə qızışan ərəfədə evdə olan qızlar çıxıb getmişlər. İmranın zəng edib çağırdığı tanışları gəlsələr də, onlar evin açarını tapıb qapısını bağlayıb çıxmışlar ki, ertəsi günü evi təhvil alarlar. Həmçinin Bilalı da özləri ilə aparıb Şamaxı rayonu ərazisində İsmayıllı rayonuna getməsi üçün düşürmüşlər. Həmin hadisə 23.01.2021-ci il tarixində Şamaxı şəhəri, M.Hadi küçəsi, bina 19, mənzil 14–də baş vermişdir. Hadisə təxminən 15 dəqiqə ərzində davam etmişdir. Həmin hadisə zamanı orada o, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Alim, Tural, Səid və 3 nəfər qız olmaqla başqa heç kim olmamışdır. O, həmin vaxt spirtli içki qəbul etməmiş, üzərində bıçaq olmamış və o, Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxarmamışdır. Lakin onu yumruqla vurmuşdur. O, Zərərçəkmiş şəxs cibindən 20 manat pul və bir qutu siqaret götürməmiş, ümumiyyətlə heç kim tərəfindən götürülməmişdir. Həmin vaxt o və İmran orada olan 3 nəfər qızdan mobil telefon və pul tələb etməmiş, sadəcə Bilalın onlara məxsus evdə əxlaqsızlıq hərəkətləri etdiyi üçün onun evdən çıxmasını tələb etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, Şahid2 ilə təqribən iki ildən çox bir müddətdir ki, qeyri-rəsmi olaraq bir yerdə yaşayırlar. Təqribən 2020-ci ilin noyabr ayında Şamaxı rayonunda qalmaq üçün kirayə ev tutmuşlar. Həmin evin sahibi Şirinbala adlı bir kişi olsa da, onlar evi kirayə üçün onun arvadından 150 manat kirayə haqqı ödəməklə götürmüşlər. Noyabr ayından da hərdən Nərmin ilə birgə gəlib getməklə həmin evdə qalmışlar. 23 yanvar 2021-ci il tarixdə Bakı şəhərindən o, Nərminin bacısı 16 yaşlı Nəzrin Vəliyeva və rəfiqəsi Məhbubə Bədəlova olmaqla Şamaxı şəhərinə gəzməyə gəlmişlər. Gəzdikdən sonra kirayə tutduqları evə gəlmişlər. Onlar həmin evə gələndə saat 17-18 radələri olmuşdur. Onların kirayə qaldıqları ev beşmərtəbəli binanın beşinci mərtəbəsi olmuşdur. Evdə olduqları vaxt, saat təxminən 21 radələrində qapını döymüşlər və o, qapını açmağa getmişdir. Qapını açan zaman İmran və Elnur onun üstünə qışqıraraq “bura əxlaqsızlıq yeridir sən qızlarını gətirmisən bura” deyə bildirmişlər. O, onlara qızların Şamaxı şəhərinə gəzmək məqsədi ilə gəlmələrini və qonaq olduqlarını demişdir. Bu zaman İmran və Elnur onu vurmağa başlamışlar. Həmin vaxt qızlar digər otaqda oturmuşlar. Birdən hay-küy qışqırıq səslərinə Nərmin çıxaraq həmin şəxslərə yalvarmışdır ki, evdə balaca uşaq var və onlar özləri isə xanımlardırlar, belə hərəkətlərə yol verməsinlər. İmran adlı şəxs Nərminə bildirmişdir ki, “siz girin otağa qapını bağlayın”. Bu zaman İmran telefon vasitəsi ilə kiməsə zəng vurub həmin evə çağırmışdır. Təxminən 5 dəqiqə sonra üzdən tanıdığı Səid və tanımadığı 2-3 nəfər şəxs gəlmişdir. Sonra İmran və Elnur mənzilin qonaq otağına daxil olmaqla “bu evi niyə bu gündə saxlayırsınız” deyə qışqırmışlar. Həmin vaxt onlar, yəni İmran və Elnur onu nalayiq ifadələrlə söyüb təhqir edib vuran zaman Səid və digər şəxslər kənardan durub baxmışlar. Daha sonra Nərmin bacısı Nəzrini və rəfiqəsi Məhbubəni götürərək həmin evdən çıxıb getmişlər. İmran və Elnur onu evdən çıxarmışlar. Onlar söhbət edərək “Küraraz” adlanan əraziyə getmişlər və orada o, evin açarını istəyərək evə qayıtmaq istədiyini bildirmişdir. İmran isə cavabında “istəyirsənsə evə qayıdasan, evin kommunal xərclərinə və kirayə puluna görə 300 manat pul ver” deyə bildirmişdir. O da üstündə pul olmadığını, sonra verə biləcəyini bildirmişdir. Lakin o, evin açarını ona qaytarmamışdır. Sonra o, oradan uzaqlaşaraq ona qarşı edilən bu hərəkətlərə görə polisə müraciət etmişdir. Həmin vaxt İmran və Elnur onun pulunu, telefonunu və siqaretini götürməmişlər. İmran və Elnur onu döyərək evdən çıxardıqlarına görə əsəbləşdiyi üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş və Şamaxı rayon polis şöbəsində ifadə verən zaman belə demişdir. Həmin hadisə 23 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən “Əllimənzilli” adlanan binanın beşinci mərtəbəsində baş vermiş, 15 dəqiqə ərzində davam etmişdir. Həmin hadisə zamanı hadisə yerində İmran, Elnur, sonradan gələn Səid, tanımadığı 2-3 nəfər şəxs, Nərmin, bacısı Nəzrin, rəfiqəsi Məhbubə və o, olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə zamanı İmran və Elnur adlı şəxslər onu söyüb təhqir edərək döysələr də, onlar qızlara qarşı heç bir qərəzli hərəkət etməmişlər. Eyni zamanda Səid və digər şəxslər ona və oradakı qızlara qarşı heç bir qərəzli hərəkət etməmişlər, onları döyməmiş və təhqir etməmişlər. Həmin hadisə zamanı İmran və Elnur adlı şəxslərin əlində bıçaq və ya hər hansı bir alət olmamışdır. İlkin ifadə verən zaman İmran və Elnur onu döyərək evdən çıxardıqlarına görə əsəbləşdiyi üçün belə bir məlumat vermişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdıqlarını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, İsmayıllı rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində anasıgillə birlikdə kirayədə yaşayır. O, Zərərçəkmiş şəxs ilə təqribən iki ildən çox bir müddətdir ki, qeyri-rəsmi olaraq bir yerdə yaşayır. Təqribən 2020-ci ilin noyabr ayında Şamaxı rayonunda kirayədə qalmaq üçün kirayə ev tutmuşlar. Həmin evin sahibi Şirinbala adlı bir kişi olsa da, onlar evi kirayə üçün onun arvadından 150 manat kirayə haqqı ödəməklə götürmüşdürlər. Noyabr ayından da hərdən Bilalla birgə həmin evə gəlib getmişlər, hərdən də qalmışlar. 23 yanvar 2021-ci il tarixdə Bakı şəhərindən o, bacısı 16 yaşlı Nəzrin Vəliyeva, rəfiqəsi Məhbubə Bədəlova və Bilal olmaqla Şamaxı şəhərinə gəzməyə gəlmiş, gəzdikdən sonra kirayə tutduqları evə gəlmişlər. Kirayə qaldıqları ev beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşmişdir. Onlar həmin evə gələndə saat 17-18 radələri olmuşdur. Evdə olduqları vaxtı iki nəfər tanımadığı şəxs kirayədə qaldıqları evə gəlib qapını döymüşlər. Bilal qapını açmağa getmişdir. Həmin vaxt qızlar digər otaqda oturmuşlar. Hay-küy qışqırıq səsləri eşitdikdə, o, evin dəhlizinə çıxmış, baxdıqda iki nəfər şəxsin Bilalı evin dəhlizində yerə yıxıb onu vuraraq onun ünvanına nalayiq söyüşlər işlətmələrini görmüşdür. Həmin şəxslər Bilalın ünvanına təhqiramiz sözlər işlətməklə “bura əxlaqsızlıq yeri deyil, sən bura qadınlar gətirmisən” demişlər. Həmin şəxslər Bilalı döyərkən səs-küyə qonşuları da çıxmışdır. Sonra adını sonradan bildiyi İmran adlı şəxs kiməsə zəng vuraraq həmin ünvana gəlmələrini bildirmişdir. Təxminən 5 dəqiqə sonra tanımadığı 2-3 nəfər şəxs gəlmiş, lakin sonradan gələn həmin şəxslər Bilala qarşı heç bir hərəkət etməmiş və kənardan durub baxmışlar. O, bunu gördükdə İmran və Elnur adlı şəxslərə yalvarmışdır ki, evdə balaca uşaq var və xanımdırlar, belə hərəkətlərə yol verməsinlər. Bunu dedikdə İmran və Elnur mənzilin qonaq otağına daxil olmuş, “bu evi niyə bu gündə saxlayırsınız” deyəndə, o, artıq başa düşmüşdür ki, həmin şəxslər ev sahibinin övladlarıdır. İmran adlı şəxs ona “siz girin otağa, qapını bağlayın” demişdir. Daha sonra onlar öz aralarında mübahisə etmişlər. O, bacısı Nəzrini və rəfiqəsi Məhbubəni götürüb həmin evdən çıxaraq həyətə dümüş, taksiyə minib İsmayıllı rayonuna getmişlər. Başqa olanlardan onun heç bir məlumatı olmamışdır. Əlavə olaraq bildirdi ki, İmran, Elnur və orada olan digər şəxslər Bilalın pulunu və siqaretini götürməmiş, Bilaldan və onlardan pul və mobil telefon tələb etməmiş və Bilalı İmran və Elnurdan başqa heç kim döyməmişdir. Həmin hadisə 23 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən “Əllimənzilli” adlanan binanın beşinci mərtəbəsində baş vermiş, 15 dəqiqə ərzində davam etmişdir. Həmin hadisə zamanı orada Zərərçəkmiş şəxs, adını sonradan bildiyi İmran, Elnur sonradan gələn tanımadığı 2-3 nəfər şəxs, bacısı Nəzrin, rəfiqəsi Məhbubə və o, olmuş başqa heç kim olmamışdır. Həmin hadisə zamanı İmran və Elnur adlı şəxslər ona, bacısı Nəzrinə və rəfiqəsi Məhbubəyə qarşı heç bir qərəzli hərəkət etməmişlər, onları döyməmiş, təhqir etməmişlər. Həmin hadisə zamanı İmran və Elnur adlı şəxslərin əlində bıçaq və ya hər hansı bir alət olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlməmiş və teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, yazdığı izahatını təsdiq etdiyini bildirmişdir. Buna görə onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla əvvəllər münasibətləri yaxşı olmuşdur. 23.01.2021-ci il tarixdə dostu İmran ona zəng vuraraq, onu Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən “Əllimənzilli” adlanan binaya çağırmışdır. Bu zaman o, Şahid4 və Alim Abızərov ilə birlikdə həmin ünvana getmişdir. Onlar ora çatan zaman orada İmran və Elnurun Zərərçəkmiş şəxslə mübahisə etdiklərini görmüşlər. Bu zaman həmin evdə 3 nəfər qızın da olduğunu görmüşlər. Daha sonra İmran həmin evin mətbəxinə keçərək “bu evi niyə bu günə salmısınız” deyərək Bilalın üstünə qışqırmışdır. Qızlar otaqdan çıxaraq aşağı düşmüşlər. Bir qədər sonra onlar hamısı evin qapısını bağlayaraq aşağı düşmüşlər. Onlar orada bir qədər söhbət etdikdən sonra ona evdən zəng gəlmiş və o, Alim Abızərov ilə oradan çıxaraq öz evlərinə getmişdir. Həmin hadisə 23.01.2021-ci il tarixində Şamaxı şəhəri, M.Hadi küçəsi, bina 19, mənzil 14–də baş vermişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində baş vermişdir. Həmin hadisə zamanı orada o, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Alim Abızərov, Şahid4 və 3 nəfər qız olmaqla başqa heç kim olmamışdır. O, həmin vaxt spirtli içki qəbul etmişdir. Həmin hadisə zamanı o, Bialal Abdullayevin üzərinə bıçaq çıxarmamış və onu vurmamışdır. Zərərçəkmiş şəxs üzərinə heç kim bıçaq çıxarmamışdır. O, Zərərçəkmiş şəxs cibindən 20 manat pul və bir qutu siqaret götürməmiş və heç nə görməmişdir. Zərərçəkmiş şəxs dedikləri hamısı yalan məlumatdır. Həmin vaxt o, orada olan 3 nəfər qızdan mobil telefon və pul tələb etməmişdir. O, yuxarıda olan zaman İmran Zərərçəkmiş şəxs vurmamış və o, onu vurmasını görməmişdir. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs onlara qarşı heç bir hərəkət etməmişdir. Bilal Abadullayev evdə olan qızlardan birinin azyaşlı olduğunu bildiyi üçün bu hadisə baş vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid4 və X12 məhkəməyə gəlmədiklərindən onların ibtidai istintaqda verdikləri ifadələri elan olunmuş, onlar məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq ibtidai istintaqı aparılmışdır. “Baxış keçirilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı təqdim edilən hadisə yeri Şamaxı şəhəri, M.Hadi küçəsi “əllimənzilli” adlanan bina 19, mənzil 14-də yerləşir. Ev binan 5-ci mərtəbəsində yerləşir. Ev 2 otaqlıdır. Zərərçəkmiş şəxs evin girəcəyini, yəni blokunu göstərib ona qarşı həmin yerdə cinayət əməlinin törədildiyini bildirdi. Təqdim edilən yer ictimai yer kimi qiymətləndirilir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya müəyyən edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 24 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2021-ci il tarixdə saat 01:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 24 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 yanvar 2021-ci il tarixdə saat 02:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 25 yanvar 2021-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol göz altı nahiyənin qançırı, sol əlin arxa səthinin sıyrıqları, sol budun aşağı 1/3-nin səthi yarası, sol diz qapağının qançırı küt əşya təsirindən törənməklə 23.01.2021-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümümilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 182.2.1 və 221.2.1-ci maddələrinə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 4(074)-10/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 4(074)-9/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 31.01.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 31.01.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Şamaxı Rayon Məhkəməsinin 15.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.08.2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Moskva şəhər İzmaylov rayon məhkəməsinin 24.07.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.05.2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Moskva şəhər Ostankinsk rayon məhkəməsinin 01.12.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 2-ci hissəsinin “A, V” bəndləri ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.07.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Moskva şəhər Basman rayon 388 nömrəli sahə sülh məhkəməsinin 10.05.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 1-ci hissəsi, 69-cu maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12.07.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Moskva şəhər Meşansk rayon məhkəməsinin 05.03.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 2 hissəsinin “V” bəndi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Dövlət Dumasının 24.04.2015-ci il tarixli amnistiya qərarı ilə 08.06.2015-ci il tarixdə cəza çəkməkdən azad olunmuşdur. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 182.2.1 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihama dəyişiklik edilərək və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 4(074)-15/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 fevral 2021-ci il tarixli 56 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı RMX-nin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs1 Şamaxı RMX-nin Ruhiəsəb kabinetində qeydiyyatda yoxdur, Narkolji kabinetdə qetdiyyatdadır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 2021-ci il tarixli 1023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2, X7, X9 və X3 ibarət ailə üzvləri ilə birlikdə Şamaxı şəhəri, Xətai küçəsi 40 saylı evdə yaşayır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumatlar daxil olmamışdır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 2021-ci il tarixli 1026 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1, X1, X4 və X2 ibarət ailə üzvləri ilə birlikdə Şamaxı şəhəri, D.Qorqud küçəsi 3 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumatlar daxil olmamışdır. Nikah haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 30.05.2005-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 13 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihama dəyişiklik edilərək və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirlən şəxslərlə barışmış, ona dəymiş ziyan ödənilmiş və onlardan heç bir şikayəti və tələbi yoxdur. Şamaxı rayon Polis Şöbəsinin 23 iyun 2021-ci il tarixli, 188-9443-1221 saylı məktubundan görünür ki, Şamaxı şəhəri A.Məmmədağa küçəsi ev 32-də yaşayan Şahid1 Şamaxı rayon məhkəməsinin binasında təxirə salınmış məhkəmə iclasında iştirakı təmin edilsə də, Şamaxı şəhəri Xətai küçəsi ev 8, D1-də qeydiyyatda olan X12 və Şahid4 həmin ünvanda yaşamadıqlarından onların məcburi qaydada gətirilməsini təmin etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmələri tamamilə sübuta yetirildi. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özlərini ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt binada yaşayan şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşlar. Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələdirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə məhkumluğu ödənilmiş olsa belə, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, onun cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 24.01.2021-ci il tarixdən 23.06.2021-ci il tarixədək tutma altında və ev dustaqlığında, Təqsirləndirilən şəxs1 isə 24.01.2021-ci il tarixdən 23.06.2021-ci il tarixədək tutma altında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 24.01.2021-ci il tarixdən 23.06.2021-ci il tarixədək tutuma altında və ev dustaqlığında və Təqsirləndirilən şəxs1 isə 24.01.2021-ci il tarixdən 23.06.2021-ci il tarixədək tutma altında saxlanıldığı 4 ay 29 gün müddət müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barələrində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 24.01.2021-ci il tarixdən 23.06.2021-ci il tarixədək tutulma altında saxlanıldığı 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 24.01.2021-ci il tarixdən 23.06.2021-ci il tarixədək tutulma altında və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-63/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-63/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver