Məhkəmə qərarları › İş №1(074)-63/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-63/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-63/2022 21.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 27 dekabr 1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə saat 18:30 radələrində şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında ictimai yer hesab olunan Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsinin “Rabitəbank ASC”-nin inzibati binasının qarşısından keçən hissəsində cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə nümayişkaranə formada nəqliyyat vasitələrinin sıxlıq təşkil etdiyi avtomobil yolunun hərəkət hissəsində yolun ortası ilə piyada gəzərək avtomobillərin hərəkətinə mane olmuş, «Mitsibushi L200» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün siqnal verib ondan hərəkət üçün yol istəməsindən əsəbiləşərək həmin avtomobilə yaxınlaşıb sürücü Zərərçəkmiş şəxs2 və sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək təxminən 20 dəqiqə müddət ərzində ucadan ünvanlarına nalayiq ifadələr işlətmiş, yolda hərəkətin dayanmasına, tıxac yaranmasını və ətrafa xeyli sayda insanın toplaşmasına səbəb olmuş, münaqişə zamanı yumruq və təpiklə sonuncuların bədənlərinin müxtəlif nahiyələrindən vuraraq Zərərçəkmiş şəxs1 alın nahiyəsinin, döş və bel fəqərələrinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs2 onurğa nahiyəsinin və sağ diz qapağının ön səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və Zərərçəkmiş şəxs3 sol almacıq nahiyəsinin və sağ əlin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verib göstərdi ki, 2-ci vətən müharibəsi iştirakçısıdır. Vətən müharibəsində xəsarət aldığı üçün 3-cü qrup qazi adını almışdır. Bu səbəbdəndə onda psixi gərginlik yaranmış və yaddaşında narahatçılıqlar yaranmışdır. O, səhhəti ilə əlaqədar olaraq dərman qəbul edir. xx.xx.2022-ci il tarixdə o, öz avtomobili ilə bir qədər gəzdikdən sonra pivə alıb içmiş və yoldan keçən bir ədəd VAZ 2106 markalı avtomobilə əl edərək saxlatdırıb Rabitəbank ASC-nin qarşısına onu aparmasını söyləmişdir. Həmin şəxs onu Rabitəbankın qarşısında endirmiş və o, öz yolu ilə gedərkən bir ədəd markasını xatırlamadığı avtomobil sürücüsü ona siqnal vermiş və bu səbəbdəndə aralarında mübahisə yaranmışdır. O, səhhətində narahatçılıq olduğu üçün hadisəni tam olaraq xatırlamır. Lakin bildiyi qədəri ilə həmin avtomobilin sürücüsü və yanda oturan şəxs ilə onun arasında mübahisə yaranmış və aralarında dava olmuş, daha sonra isə polis işçiləri gələrək onları Şamaxı RPŞ-nə gətirmişlər. Məhkəmədən müharibə veteranı olmasını, 3-cü dərəcəli əlil olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, Şamaxı rayonu Qaleybuğurd kəndində yaşayır, özü də “VORPLACE” şirkətində işləyir. 09 mart 2022-ci il tarixdə, saat 18 radələrində işlədiyi “VORPLACE” şirkətinin müdir müavini olan Zərərçəkmiş şəxs2 ilə birlikdə Asimin idarə etdiyi şirkətə məxsus Mitsubishi L200 markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayonu ərazisində olan zaman rayon ərazisində yerləşən polis şöbəsinin yaxınlığındakı işıqforda dayanıb daha sonra hərəkətə başlayan zaman yaxınlıqda yerləşən aptekin qarşısından keçərkən yolu sağdan sola keçən tanımadığı şəxsin yolun ortasında dayandığını görmüş, həmin vaxt onların olduğu avtomobilin arxa hissəsində çox sayda avtomobil dayandığından iş yoldaşı Asim həmin yolun ortasında dayanan şəxsə siqnal verərək əli ilə işarə etmişdir ki, yoldan çəkilsin. Həmin vaxt tanımadığı şəxs ucadan onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu zaman o, avtomobilin şüşəsini aşağı endirmək istəyərkən həmin tanımadığı şəxs onun tərəfdən avtomobilə yaxınlaşaraq yumruq ilə avtomobilin şüşəsinə bir dəfə vurmuşdur. O, həmin vaxt avtomobildən yerə düşdükdən sonra həmin şəxs onun yaxasından tutaraq bir daha onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış və bir dəfə yumruğu ilə onun sifət nahiyyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs onu vurduqdan sonra iş yoldaşı Asimə yaxınlaşan zaman kənardan 3-4 nəfər tanımadığı şəxslər həmin yerə gələrək iş yoldaşı Asimi yerə yıxıb döyməyə başlamış, bu zaman o, həmin şəxslərə yaxınlaşıb Asimi onların əlindən almaq istəyərkən digər iş yoldaşları Ruslan, Babahəsən, Nahid və Səbuhi adlı şəxslər onların yanına gəlmiş, İş yoldaşları onların yanına gəldikdən sonra tanımadığı şəxslər onların üzərinə hücum edərək onları vurmağa başlamış və onların ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə gətirmişlər. Həmin hadisə zamanı o, sifət nahiyyəsindən xəsarət almışdır. Hazırda təqsirləndirlən şəxslə barışdığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Çuxuryurd kəndində iqamətgahda inşaat mühəndisi işləyir. İşi ilə əlaqədar olaraq işlədiyi iş yoldaşları ilə birlikdə Şamaxı şəhərində kirayə mənzil tutaraq orada yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində onlar işdən çıxaraq idarə etdiyi Mitsubishi L200 markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobil ilə iş yoldaşı layihə rəhbəri Samir adlı şəxsi evinə düşürdüb digər şəxsləri mənzillərinə aparmaq məqsədi ilə Şamaxı şəhəri N.Nərimanov küçəsində Rabitəbankın qarşısında sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs yolun tam ortasında dayandığını görmüş, o, ilk əvvəl avtomobili saxlamışdır ki, həmin şəxs yolu keçsin, lakin Təqsirləndirilən şəxs, yolun ortasında dayanaraq avtomobilinin hərəkətinə maneçilik törətmişdir. O, yenə də siqnal verməyərək onun yolu keçməsini gözləmiş, lakin həmin vaxt Eşqin adlı şəxs geriyə çevrilərək ona nalayiq söyüşlər söyüb “görmürsən yolu keçirəm” deyə qışqıraraq yenidən nalayiq ifadələr işlətmiş və ona yaxınlaşıb idarə etdiyi avtomobili yumruqla vurmağa başlamışdır. Sərnişin qismində əyləşən iş yoldaşı Etibar adlı şəxs avtomobilin qapısını açaraq avtomobildən enmək istədikdə Təqsirləndirilən şəxs avtomobilin qapısını tutub əli ilə pəncərəni və qapını vurmağa başlamışdır. Bu zaman iş yoldaşı avtomobildən enmiş və o, süni tıxac yaranmaması üçün avtomobili kənarda saxlayıb avtomobildən enən zaman Təqsirləndirilən şəxs iş yoldaşı Etibar adlı şəxs ilə dartışdığını və ona əl qol ataraq vurmaqa cəhd etdiyini görmüş, o, həmin şəxsə yaxınlaşan zaman onu sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs onu təhqir edərək onunla dartışmağa başlamışdır. Bu zaman kənardan bir neçə şəxs gələrək onlara köməklik edib onları sakitləşdirərək təhqir etməyə və onları vurmağa başlamış, həmin vaxtı iş yoldaşı Səbuhi adlı şəxsdə oraya gəlmiş və avtomobildən enərək onlara yaxınlaşıb sakitləşdirmək istəyən zaman həmin şəxslər hər biri yenidən onları nalayiq söyüşlərlə söyüb təhqir edərək onları vurub xəsarət yetirmişlər. Sadəcə olaraq o və iş yoldaşları onlara qarşı hər hansısa bir qanunsuz hərəkət etməmək üçün onlar ilə dava etməmiş, dava olan zaman onun qollarından, bədənindən və ayaq nahiyyəsindən yumruq və təpiklə vurmağa başlamışlar. Onlar hər biri başqa-başqa istiqamətlərdən onu vurduqlarından o, yerə yıxılmış, bu zaman polis işçiləri gəlmiş və onlardan bir neçəsi oradan qaçmışlar. Həmin vaxtı iki nəfər isə polislər tərəfindən RPŞ-nə aparılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, “VORPLACE” şirkətində işləyir. 09 mart 2022-ci il tarixdə, saat 18 radələrində işlədiyi “VORPLACE” şirkətində işləyən iş yoldaşları Babahəsən və Səbuhi ilə birlikdə Şamaxı rayonu ərazisində olan zaman rayonun ərazisində yerləşən polis şöbəsinin yaxınlığındakı Aptekinin qarşısından keçən zaman digər iş yoldaşları Etibar və Asimin mübahisə etdiklərini görmüşlər, həmin vaxt onlara yaxınlaşarkən 5-6 nəfər tanımadıqları şəxslərin onları döydüklərini və ünvanlarına nalayiq ifadələr işlətdiklərini görmüşdürlər. Həmin vaxt onları sakitləşdirmək istəyən zaman onlar hücum edərək Ruslan və yanında olan şəxsləri döyüb ünvanlarına nalayiq ifadələr işlətməyə başlamışlar. Bu zaman hadisə yerinə polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə gətirmşlər. Hazırda təqsirləndirilən şəxslə barışdığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindriilmiş X3 ifadə verib göstərdi ki, Çuxuryurd kəndində iqamətgahda fəhlə işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində onlar işdən çıxmış və iş yoldaşı Şahid4 idarə etdiyi Ford Transit markalı avtomobil ilə onları evinə aparırdı. Həmin vaxtı Şamaxı şəhəri N.Nərimanov küçəsində Rabitəbankın qarşısında gedən zaman onunla işləyən Etibar adlı şəxs ilə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs küçədə dartışdığını görmüşlər. Səbuhi dərhal avtomobili saxlatmış və onlar avtomobildən enərək onların yanına gəlmişlər. Bu zaman kənarda olan bir neçə tanımadığı şəxslərdə oraya gəlmişlər, Şahid4 dərhal Təqsirləndirilən şəxs tutub kənarlaşdıraraq sakitləşdirmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs sakitləşmək əvəzinə onların ünvanına nalayiq ifadələr işlətməyə və iş yoldaşları Şahid4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 vurmağa başlamışdır. Həmin vaxtı oraya uzun saçlı şəxsiyyəti onlara məlum olmayan bir nəfər şəxs gəlmiş və nalayiq söyüşlər söyərək iş yoldaşlarını vurmağa başlamışdır. O və orada olan iş yoldaşları onları sakitləşdirməyə cəhd etsə də onlar öz qanunsuz hərəkətlərinə davam etmişlər. Sadəcə olaraq o və iş yoldaşları onlara qarşı hər hansısa bir qanunsuz hərəkət etməmək üçün onlar ilə dava etməmişlər. Dava olan zaman onlar iş yoldaşlarına xəsarət yetirsələrdə iş yoldaşları sadəcə özlərini müdafiə edib onları sakitləşdirmək istəmişdir. Hadisə vaxtı əraziyə polis işçiləri gəlmiş və onlardan bir neçəsi oradan qaçmışlar, iki nəfər isə polislər tərəfindən RPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Çuxuryurd kəndində iqamətgahda briqadir işləyir. xx.xx.2022-ci il təxminən saat 18:00 radələrində onlar işdən çıxmış və iş yoldaşı Şahid4 idarə etdiyi Ford Transit markalı avtomobil ilə onları evinə aparırdı. Lakin o qardaşları ilə birlikdə Şamaxı şəhərinə gəlmişdir ki birlikdə getsinlər. Həmin vaxtı Şamaxı şəhəri N.Nərimanov küçəsində Rabitəbankın qarşısında gedən zaman onunla işləyən Etibar adlı şəxs ilə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs küçədə dartışdığını görmüşlər. Səbuhi dərhal avtomobili saxlamış və onlar avtomobildən enərək onların yanına gəlmişlər. Bu zaman kənarda olan bir neçə tanımadığı şəxslərdə oraya gəlmişlər.Şahid4 dərhal Təqsirləndirilən şəxs tutub kənarlaşdıraraq sakitləşdirmək istəmişdi. Lakin Təqsirləndirilən şəxs sakitləşmək əvəzinə onların ünvanına nalayiq ifadələr işlətməyə və iş yoldaşları Şahid4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 vurmağa başlamışdır. Həmin vaxtı oraya uzun saçlı şəxsiyyəti onlara məlum olmayan bir nəfər şəxs gəlmiş və nalayiq söyüşlər söyərək iş yoldaşlarını vurmağa başlamışdır. O və orada olan iş yoldaşları onları sakitləşdirməyə cəhd etsədə onlar öz qanunsuz hərəkətlərinə davam edirdilər. Sadəcə olaraq o və iş yoldaşları onlara qarşı hər hansısa bir qanunsuz hərəkət etməmək üçün onlar ilə dava etməmişlər. Dava olan zaman onlar iş yoldaşlarına xəsarət yetirsələrdə iş yoldaşları sadəcə özlərini müdafiə edib onları sakitləşdirmək istəmişdir. Hadisə vaxtı əraziyə polis işçiləri gəlmiş və onlardan bir neçəsi oradan qaçmışlar, iki nəfər isə polislər tərəfindən RPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, xx.xx.2022-ci il təxminən saat 18:00 radələrində işdən çıxmışlar və iş yoldaşı Şahid4 idarə etdiyi Ford Transit markalı avtomobil ilə onları evinə aparırdı. Lakin o, qardaşı ilə birlikdə avtomobildə əyləşib Şamaxı şəhərinə bərabər gəlmişlər. Həmin vaxtı Şamaxı şəhəri N.Nərimanov küçəsində Rabitəbankın qarşısında gedən zaman onunla işləyən Etibar adlı şəxs ilə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs küçədə dartışdığını görmüşlər. Səbuhi dərhal avtomobili saxlamış və onlar avtomobildən enərək onların yanına gəlmişlər. Bu zaman kənarda olan bir neçə tanımadığı şəxslərdə oraya gəlmişdir. Şahid4 dərhal Təqsirləndirilən şəxs tutub kənarlaşdıraraq sakitləşdirmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs sakitləşmək əvəzinə onların ünvanına nalayiq ifadələr işlətməyə və iş yoldaşları Şahid4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 vurmağa başlamışdır. Həmin vaxtı oraya uzun saçlı şəxsiyyəti onlara məlum olmayan bir nəfər şəxs gəlmiş və nalayiq söyüşlər söyərək iş yoldaşlarını vurmağa başlamışdır. O və orada olan iş yoldaşları onları sakitləşdirməyə cəhd etsədə onlar öz qanunsuz hərəkətlərinə davam edirdilər. Sadəcə olaraq o və iş yoldaşları onlara qarşı hər hansısa bir qanunsuz hərəkət etməmək üçün onlar ilə dava etməmişlər. Dava olan zaman onlar iş yoldaşlarına xəsarət yetirsələrdə iş yoldaşları sadəcə özlərini müdafiə edib onları sakitləşdirmək istəmişdir. Hadisə vaxtı əraziyə polis işçiləri gəlmiş və onlardan bir neçəsi oradan qaçmışlar, iki nəfər isə polislər tərəfindən RPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Çuxuryurd kəndində iqamətgahda menecer işləyir. İşilə əlaqədar olaraq işlədiyi iş yoldaşları ilə birlikdə Şamaxı şəhərində kirayə mənzil tutaraq orada yaşayır. xx.xx.2022-ci il təxminən saat 18:00 radələrində onlar işdən çıxmış və idarə etdiyi Ford Transit markalı avtomobil ilə iş yoldaşlarını evinə düşürdüb digər şəxsləri mənzillərinə aparmaq məqsədi ilə Şamaxı şəhəri N.Nərimanov küçəsində Rabitəbankın qarşısında gedən zaman onunla bir şirkətdə işləyən Etibar adlı şəxs ilə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs küçədə dartışdığını görmüşdür.O, dərhal avtomobili saxlamışdır. Bu zaman kənarda olan bir neçə tanımadığı şəxslərdə oraya gəlmişdir. O iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə avtomobildən enərək onları sakitləşdirən zaman Təqsirləndirilən şəxs tanışları onları nalayiq söyüşlərlə söyüb təhqir etməyə və vurmaqa başlamışlar. Onları sakitləşdirmək istəsə də onların hər biri kənardan biri onu vurmaqa başlamışdır. Sadəcə olaraq o və iş yoldaşları onlara qarşı hər hansısa bir qanunsuz hərəkət etməmək üçün onlar ilə dava etməmişlər. Dava olan zaman onlar onun qollarından, bədənindən və ayaq nahiyyəsindən yumruq və təpiklə vurmağa başlamışlar. Bu zaman polis işçiləri gəlmiş və onlardan bir neçəsi oradan qaçmışçlar, iki nəfər isə polislər tərəfindən RPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, o digər polis əməkdaşı Əli ilə birlikdə Şamaxı şəhəri N.Nərimanov küçəsində xidmət aparan zaman Rabitəhank ASC-nin qarşısında vətəndaşların toplaşdığını və yolun hərəkət hissəsinin məhdudlaşdığını, bir neçə şəxsin mübahisə edərək dava etdiyini göstərərək dərhal həmin əraziyə gəlmiş və ərazidə olan zaman Təqsirləndirilən şəxs orada olan bəzi şəxslərlə mübahisə edərək dava etdiyini, nalayiq söyüşlər söydüyünü görmüşlər. Onlar həmin şəxsləri sakitləşdirmək istədikdə orada Təqsirləndirilən şəxs başqa bir nəfər uzun saçlı adı onlara məlum olmayan şəxsin ictimai qaydanı pozaraq orada olan şəxslər üzərində zor tətbiq edərək bəzi şəxslərə yumruq və təpik vurduğunu gördüyündən onları sakitləşdirməyə başlamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs saxlayaraq avtomobilə əyləşdirən zaman Xəyal Quliyevdə onun yanında olduğundan onlar onu da RPŞ-nə gətirmək qərarına gəlmişlər. Onlar hər iki şəxsi avtomobilə əyləşdirən zaman adı onlara məlum olmayan uzun saçlı bir nəfər şəxs, Təqsirləndirilən şəxs avtomobilə əyləşdirdiyini görüb hadisə yerindən qaçmışdır. Onlar həmin vaxtı iki nəfər olduğu üçün və Təqsirləndirilən şəxs ilə Xəyal Quliyevin avtomobildən qaçmaması üçün hadisə yerindən qaçan şəxslərin saxlanmasına nail ola bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, PPXB- nin manqa komandiri polis baş serjantı Şahid5 ilə birlikdə Şamaxı şəhəri N.Nərimanov küçəsində xidmətdə olan zaman Rabitəbank ASC-nin qarşısında vətəndaşların toplaşdığını və yolun hərəkət hissəsinin məhdudlaşdığını, bir neçə şəxsin mübahisə edərək dava etdiyini görərək dərhal həmin əraziyə gəlmişlər və ərazidə olan zaman Təqsirləndirilən şəxs orada olan bəzi şəxslərlə mübahisə edərək dava etdiyini, nalayiq söyüşlər söydüyünü görmüşlər.Onlar həmin şəxsləri sakitləşdirmək istədikdə orada Təqsirləndirilən şəxs başqa bir nəfər uzun saçlı adı onlara məlum olmayan şəxsin ictimai qaydanı pozaraq orada olan şəxslər üzərində zor tətbiq edərək bəzi şəxslərə yumruq və təpik vurduğunu gördüklərindən onları sakitləşdirməyə başlamışldr. Həmin vaxtı Təqsirləndirilən şəxs saxlayaraq avtomobilə əyləşdirən zaman Xəyal Quliyevdə onun yanında olduğundan onuda RPŞ-nə gətirmək qərarına gəlmişlər.Onlar hər iki şəxsi avtomobilə əyləşdirən zaman adı onlara məlum olmayan uzun saçlı bir nəfər şəxs, Təqsirləndirilən şəxs avtomobilə əyləşdirdilərini görüb hadisə yerindən qaçmışdır. Onlar həmin vaxtı iki nəfər olduğu üçün və Təqsirləndirilən şəxs ilə Xəyal Quliyevin avtomobildən qaçmaması üçün hadisə yerindən qaçan şəxslərin saxlanmasına nail ola bilməmişlər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə saat 19:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 4(074)- 34/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu andan yəni, 09 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan tibbi-sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs pasttravmatik stress pozgunluğu, nevroyabənzər sindrom, eşitmənin konduktiv və neyrosemzor itirilməsi, soltərəfli xroniki konlear nevrit soltərəfli İİİ dərəcə nerosemsor ağıreşitmə dioqnozu ilə üçüncü dərəcəli əlildir. İş materiallarında olan 84352 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyinin üzvüdür, 3-cü qrup müharibə əlilidir. İş materiallarında olan 1-19825 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Zərbaliyev X1 azad olunmasına görə medalı ilə təltif edilmişdir. İş materiallarında olan 1-22727 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Zərbaliyev X2 azad olunmasına görə medalı ilə təltif edilmişdir. İş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin tərkibində Xocavənd və Cəbrayıl rayonlarının azad edilməsində döyüşlərdə iştirak edib. İş maeriallarında olan məhkəmə-tibbi ekspertizasının 10 mart 2022-ci il tarixli, 63 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı sol almacıq nahiyyəsinin və sağ əlin arxa səthinin qançırları küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsinə uyğun gəlir. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertiza üzrə 10 mart 2022-ci il tarixli, 64 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onurğa nahiyyəsinin və sağ diz qapağının ön səthinin qançırları küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə , yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsinə uyğun gəlir. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertiza üzrə 10 mart 2022-ci il tarixli, 66 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı alın nahiyyəsinin, döş və bel fəqərələrinin qançırları küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsinə uyğun gəlir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Mərkəzinin ekspertləri tərəfindən xx.xx.2022-ci il tarixli 1633 nömrəli məktubla göndərilmiş “kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası” üzrə tərtib edilən xx.xx.2022-ci il tarixli 1105 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edimişdir ki, məhkəmə-psixatrik ekspertizası üzrə: -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil pozuntusu müəyyən edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyri psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Üzvi emosional-ləbil pozuntusu ilə əlaqədar törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İdarəsindən alınmış 04 may 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanaraq barəsində Şamaxı rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş lakin xx.xx.2017-ci il tarixdə Şamaxı RPŞ-nin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilərək azad olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 may 2022-ci il tarixli 1257 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin mənzildə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 4(074)- 49/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 4(074)-34/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində seçilmiş 3 ay müddətinə həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. İş naterialaarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 16 may 2022-ci il tarilxi qərarda göstərilir ki, aparılmış istintaq zamanı cinayət əməli törədən həmin şəxslərdən heç birinin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən polis əməkdaşlarına hər hansı müqavimət göstərməsi ilə bağlı sübutlar toplanmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında xüliqanlıq cinayətini törətmiş şəxs(lər)in şəxsiyyətinin müəyyən edilməsinin zərurliyini nəzərə alaraq hazırda istinad edilən cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası Cm-nin 221.2.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış və həmin cinayət işinə ********* nömrəli verilməklə icraata qəbul edilib həmin nömrə altında istintaqı aparılmışdır. İş materiallarında olan cinayət işi materialalrından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyi və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsinə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, əməlindən peşman olmasını, Vətən müharibəsində iştirak etməsini, dövlət tərəfindən Xocavəndin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunmasını, 3-cü dərəcəli əlil olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 mart 2022-ci il tarixdən 21 iyun 2022-ci il həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 12 gün müddət 1 il 1 ay 18 gün islah işləri cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 2(iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 mart 2022-ci il tarixdən 21 iyun 2022-ci il həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 12 gün müddət 1 il 1 ay 18 gün islah işləri cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla, 11(on bir) ay 12(on iki) gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar