Məhkəmə qərarları › İş №1(074)-64/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-64/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-64/2023 01.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs - Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızının, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 25 may 1987-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, himayəsində iki azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2013-cü il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi üzrə təqsirli bilinərək 06 il müdddətinə azadlıqdan məhrum etmə cazasına və Şamaxı RM-nin 15 fevral 2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, Şəhriyar küçəsi, ev 27-də qeydiyyatda olan, PX-in 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, barəsində qətimkan tədbiri seçilməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 24 dekabr 2019-cu il tarixdən hesablanmaqla 29 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-149/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 3(074)-375/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 30 dekabr 2021-ci il, 15 mart 2022-ci il və 25 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 23 fevral 2023-cü il tarixinə kimi 3800,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X1 maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızı ilə təxminən 2007-ci il tarixdə el adəti ilə ailə qurmuşlar, evlilikərini 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Evliliklərindən 29 iyul 2008-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra onlar Şamaxı şəhərində kirayə yaşamışlar. Həmin vaxtlar fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Rübabə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Rübabə himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-149/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən ondan 24 dekabr 2019-cu il tarixdən hesablanmaqla 29 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutularaq Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Kifayət qədər imkanı olmadığından və səhlənkarlıq etdiyindən alimenti ödəməmişdir. Alimenti tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Şamaxı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli inzibati qərarına əsasən isə 10 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Məşğulluq Mərkəzində qeydiyyatda durmamış, təklif olunan işlərin əmək haqqları onu qane etməmişdir. Şamaxı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək 02 il, 08 ay müdddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilmiş və hazırda PX-in 11 saylı cəzaçəkmə müəssisəsində cazasını çəkir. Yenidən ailə qurmuş və himayəsində 29 aprel 2020-ci il və 19 iyul 2022-ci il təvəllüdlü iki övladı vardır. Təqdimat verilən günə, yəni 23 fevral 2023-cü il tarixə kimi Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızına ödənməmiş aliment borcu 3800,00 manat təşkil etmişdir. Təqdimat verilən gündən sonra aliment borcundan ödəniş etməmişdir. Sonda təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, hesablanmış aliment borcunu tam ödədiyindən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur və belə münasibətləri yaranmışdır. Təxminən 2007-ci il tarixdə el adəti ilə ailə qurmuşlar, evliliklərini 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Həmin evlilikdən 29 iyul 2008-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Şamaxı şəhərində kirayə yaşamışalar. Həmin vaxtlar Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər Anar ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2013-cü ildə cinayət əməli törətdikdən sonra uşağı ilə maraqlanmadığından ayrılmışlar və övladı onun himayəsində qalmışdır. Övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə 2020-ci il tarixdə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-149/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2019-cu il tarixdən hesablanmaqla 29 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Şamaxı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 11 noyabr 2021-ci il tarixli inzibati qərarına əsasən isə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni 23 fevral 2023-cü il tarixə ödənməmiş aliment borcu 3800,00 manat təşkil etmişdir. Sonda zərərçəkmiş şəxs Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızı ərizə ilə məhkəməyə müraciət edərək, aliment borcunun Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onunla barışdığını və ondan şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(074)-149/2020 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 24 dekabr 2019-cu il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 29 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızına verilməlidir. Göstərilən icra vərəqəsi 10 fevral 2020-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Borcun ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs adına hər-hansı daşınar və daşınmaz əmlakın olub-olmamasını müəyyən etmək üçün aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun adına hər-hansı daşınar və daşınmaz əmlakın qeydə alınması müəyyən edilməmişdir. Aparılan icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda ünvan 2yış yeri məlum olmadığından barəsində müvafiq qərar əsasında Şamaxı Rayon Polis şöbəsində axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Şamaxı rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 3(074)-375/2021 saylı qərarına əsasən o, 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 8(074)- 167/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs “ölkədən getmək hüququ müvəqqəti” olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq Mərkəzinə müraciət edilməsi təklif olunsada o, həmin təklifdən imtina edərək özünün fərdi əməklə məşğul olduğunu işə ehtiyacı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixə borcu 3800 manat təşkil etmişdir. Bununla da, Təqsirləndirilən şəxs borcunun məcburi ödənilməsi barədə şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə, izahatları alınmasına, onun qüvvədə olan məhkəmə qərarını qərəzli olaraq icra etməməsi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti izah olunmasına baxmayaraq, o borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq idarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilən Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Şamaxı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(074)-149/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 24 dekabr 2019-cu il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 29 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızına verilməlidir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 10 fevral 2020-ci il tarixli qərardan görünür ki, Şamaxı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(074)-149/2020 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 10 fevral 2020-ci il tarixli bildirişin surətindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şamaxı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(074)-149/2020 saylı icra sənədində göstərilən tələbin icrasının dərhal təmin edilməsi təklif olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 3(074)-375/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10(on) gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 8(074)-167/2021 saylı qərardadı ilə borclu 25 may 1987-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verimiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 10 ay 8 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və 14 fevral 2019-cu ildə cəza müddəti başa çatdığından qeydiyyatından çıxarılmışdır. Bundan başqa Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmiş, onunla barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbacan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-149/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə təqsirləndirilir. Azərbacan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin "Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Mirzəyeva (Nəsirova) Rübabə Mehrab qızı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmiş, onunla barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən, cinayət işi balana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 39.1.11 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırda Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən cəza çəkməsi nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar